Norveç səfirliyinin saldığı qəsəbə - Orxan Həsəni yazır...

Norveç səfirliyinin saldığı qəsəbə - Orxan Həsəni yazır...
20 avqust 2020
# 17:08

Kulis.az Orxan Həsəninin "Norveç səfirliyinin saldığı qəsəbə" adlı yazısını təqdim edir.

– Dədə, bu çomaq hansı ağacındı?

– Zoğaldı .

Nazik, uzun çomağını bir əl havada yelləyib toppuzunu yerə vurdu. Bərkliyini yoxlamaq üçün dirsəyini ağacın kürəyinə verib basdı. Ağac soyulub, qurudulub bərkimişdisə də, dədəmin dirsəyi ilə bir az da əyilib, təzədən düzəldi. Bu ağacın keyfiyyətindən xəbər verirdi.

– Başqa nə ağacın var? – həvəsini körüklədiyimi görüb nazik qaşlarını qaldırdı, məmnuncasına gülümsünərkən al yanaqları almalanmışdı.

– Canım sənə desin, Mındarçadı, Yemişəndi. Çoxundan düzəltmək olur. Ən qeyrətlisi Zoğaldı. Ha bu gördüyün... – yenə söykəndiyi nazik, daz çomağı qaldırıb havada bir-iki əl yellədi, yenə dirsəyini çomağın kürəyinə verib basdı, çomaq bu dəfə liflərinəcən ağrıyla doldu, yəni gücəndi və xəfif bir cırıltı səsi duyanda dədəm əlini çomağın yaxasından boşaltdı.

– Bu söylədiyin ağaclar harda bitir ki, adını birinci dəfə eşidirəm – mən dedim.

– Elə şeylər dağ yerində bitir, sən görməzsən. Kübragilə gedərik, Murad əminə deyərəm, göstərər sənə.

– Murad əmimə qalsa, gərək bütün gün evdə oturam ki, birdən düz yolda yıxılaram, ürəyim gedər.

– Narahat olma. Özüm tapşıracam hamısın göstərsin sənə.

Kübra Dədəmin ögey anasıydı. Babam ( Dədəmin atası) iki dəfə evlənmişdi. İlk həyat yoldaşından, yəni dədəmin anasından düz səkkiz övlad becərib həyatının geri qalanını tut arağı içərək keçirmişdi. İlk həyat yoldaşı Zərnişan nənəmdi. Onu 1982-ci ilin 20 Aqvust günü Ağdamın Muradbəyi yolunda maşın vurmuşdu.

***

Dədəmi hamıdan çox istəyirəm. Vaxt onun çal saçlarına elə ələnib ki, elə bil, qardı yağır, isti, soyuq bilmir, səsini içinə çəkib daz çomağına söykənir, alaqapıda özü üçün qiyamət bir kreslo hazırlayıb, darıxdığından dəqiqəni saat, saatı gün, günü həftə eləyib gözləyir orda, gəlib gedənə baxır.

Qəsəbəmiz elə böyük deyil. Dindirsən, hamı uzaqdan uzağa qohum düşür. Bilmirəm, bu həqiqi qohumluqdandı, yoxsa köçkünlük dövründə qəribçilik görən adamlar, doğrudan da, qohum qədri bilirlər, hamı dədəmə ”qohum” deyib çağırır və bunu deyərkən sinələrin elə qabağa verirlər, elə şəstlə qırıldayırlar, elə bil, dünyada bundan o tərəfə doğmalıq yoxdu. Bu “öl desən, ölərəm” intonasiyasını ta uşaqlığımdan qulağımda sırğa edib bu günə daşısam da, hələ də mənə qəribə gəlir. Qohum. Bu axı əmi deyil, dayı deyil, heç baba da deyil ki, biləsən, kim kimə hardan calaqdı. Ancaq məni qəribçilik o yerdə yaxalamışdı ki, daha babamla qohum olmayanlar da onu “qohum” deyib yanlamağa başlamışdılar. “Qohum, vəziyyət necədi?”, “Qohum, ağrıyan yerin yoxdu ki, rayona təzə doxtur gəlib, göstərək səni”, “Qohum, maldan, qoyundan nəyin var, yoxdusa, bələdiyə ilə danışaq adına bir erkək yazsınlar, “padarka” eləyib qapına qoysunlar” və s.

O, hamı üçün “qohum” olsa da, bizimçün “dədə” idi.

Atam geniş ailənin ilk nəvəsiymiş. Gözünü açıb dədə deyib deyə ondan sonrakı nəvələrin hamsı atamın ağzına baxıb dədə çağırıblar. Dədəmin qardaşı uşaqları, bacısı uşaqları, qardaşı nəvələri, bacısı nəvələri də bu cür çağırırlar. Elə qohumlarım var, elə bilir, dədəmin adı, eləcə Dədədir.

Gözümü açıb həyatı köçkünlüyün yıxıb süpürlədiyi, asta-asta yardım paylarından, “Qırmızı xaçın” verdiyi çadırlardan, bələdiyyənin bağışladığı şoran torpaqlardan, Norveç səfirliyinin bina elədiyi tək göz evdən və ən əsası xam bir ümiddən yapışa-yapışa dikəlməyə çalışan adamların arasında tanımışam. Onları ehtiyacın üzlərinə saldığı sümükdən tanıyardım tanımağına, ancaq nədənsə, babamın gözlərində həyat həmişə məğrur görünürdü.

Dədəmin iki ayağı da düz-əməlli işləmir. Birini mil kimi düz atsa da, o birini arxasınca sürüyür. 1982-ci ilin qızmar 20 Avqust günü Ağdamın Muradbəyli yolunda qəzaya düşüb həyatla arasındakı söhbətə nöqtə qoyan Zərnişan nənəm gəncliyində qoçaq insanmış. İlıq keçən dağ səhərləri qızamar günortalar doğarmış. Babamı çiyninə şəlləyib əlində kərtman alaq vuranda təri çiynindən süzülərmiş süzülməyinə, ancaq yayın istisi qışın şaxtası ilə müqayisəyə gəlməzmiş. Yenə qış günlərinin birində (1960-cı ilin 4 Fevralı.) Göy üzünü ağzına alan buludların canında bir qucaq ayaz varmış. Hava küləkliymiş. Məlumatın həqiqliyini yoxlamaq üçün köhnə qəzetlərdən 4 Fevral 1960-cı ilin hava məlumatlarına baxa bilərsiniz) dədəmi çiyninə şelləyən nənəm qar basmış dərə ilə evə yollananda birdən ayaqlarından ağrı tutub. Revmatizmin uşaq dəcəlliyi. Qarı eşib bir daş tapıb, əyləşib ki, ayaqları güc alsın. Bu vaxt şirin gülüşləri qar kimi bəyaz körpə şəlin boşluğunu darta-darta çıxıb, çiynindəki rahat tərpənişi duyan Zərnişan düyünü açıb körpəni qucağında almaq istəyib və ehtiyatsızlıqdanmı, ya nədənmi körpə qarın içinə düşüb, dərə aşağı yumalanıb. Ayağını maroz vurub. Dədəm həyatı boyu 4 Fevral 1960-ci ilin sərt şaxtasını ayağında sürüyə daşıyıb.

Gallery

Köçkünlük dövrünün bir hissəsinin Haramı düzündə keçirən ailə sonradan Beyləqanın Aşıqlı kəndinə köçüb. Daha doğrusu kəndin kənarında sıx bir meşəlik varmış, meşəni yarıb kərpicdən bir-iki daxma tikib o yerə yığışıblar. Haramıdan Beyləqana necə gəldiniz sualına dədəmin bircə cavabı vardı:

– Necə olacaq, pay-piyada.

– Uzun yoldu, neçə günə gəlmisiz?

– Bircə günə mal-qoyun qabağımıza qatıb gətirdik. Rayonun içiylə keçə bilmədik, qırağından kəsə gəldik. Tez çatdıq.

Kərpic evlərin içi təzə xəbərin ətriylə dolanda əvvəl babam razı olmur, dədəm də babama görə geri durur. “Bu boyda heyvanı orda harda saxlayacağıq?” – babam bunu deyəndə hamı bir ağızdan razılaşır, ancaq gəlib gedənlərin ayağı kəsilmir. “Gəlin. Gün görün. Dövlət sizlər üçün əziyyətə girib. Ev tikib, bəsdi çəkdiyiniz, sizin də bir damınız olsun, qapınız, bacanız olsun” – deyib durublar. Getmək həvəsindən yox, qapıya gələnlərin əlindən bezib köçlərin salıblar indi yaşadığımız, iyirmi birinci əsrin ilk ilində Norveç səfirliyi tərəfindən bina olunan qəsəbəyə.

Babamgil gəlib, əlləri ağızlarında qalıb. Noveç səfirliyinin bina elədiyi evlərin heç çəpəri də yoxmuş. Çılpaq evlər dəstələnib cərgəylə sıralanıbmış. Qəsəbənin bu başındakı pəncərədən baxsan, o başındakı pəncərəni görmək olurmuş. Mənim uşaqlığımın keçdiyi həmin qəsəbə tələbəlik və hərbi illərimdə dostum Bart demiş, fərdi mifologiyamın bir parçasına çevrilməyə təzə-təzə qədəm qoyurdu. Ehtiyac və məhrumiyyətlər o vaxtların dadlarına, xatirələrinə olan nostalji hissimi kəsib doğraya bilmir. Həyatı orda tanımışdım. İlk dəfə orda sevmiş, ilk dəfə bu qəsəbənin küçələrində yıxılıb ağlamışdım, Dostoyevskini o səs-küylü tək göz evdə oxumuşdum, Raskolnikovun taleyinə acıyanda öz taleyimi unutmuşdum, siqareti ilk dəfə xəlvət-xəlvət o bir göz evin arxasında çəkmişdim. Tale məni sürükləyib o bir göz evə yığmışdı.

Noveç səfirliyinin bina elədiyi qəsəbənin kənarında boş sahəlik boyu sıralanan fermalar vardı. Dədəm tezcənə danışıb malı-heyvanı qatıb o fermalardan qəsəbəyə ən yaxın olanına. Özü də o fermaya qoruqçu keçib ki, kənar fermaların heyvanı əraziyə girib xam torpaqları ayaq altı eləməsinlər. Ayda cəmi iyirmi manata.

Xozeyn dədəmə bir telefon bağışlayıb, bir də cins it. Afçarkaymış. Adını “Bobik” qoyub dədəm...

Günlərin bir günündə qanlı-qadalı Beyləqan cavanları keflərini köklədib iti qaçırıb satmaq fikrinə düşüblər. O vaxt babam yaxınlıqdakı alaçıqda yuxuya gedibmiş. Günotanın istisi elə qorabişirən imiş ki, kölgədə də qan-tər içində qalırsanmış. Yaxınlıqdakı hərbi hissənin zibilliyindən artıqları eşələməyə gedən iti cavanlar qəfil yaxalayıb basıblar maşının yük yerinə. Babam oyanıb bir ağız “Bobik” çağırıb. İt gəlməyib. Sonra bir ağız da çağırıb. Görüb cavab yoxdu. Hərbi hissənin yaxınlığında əsgərlərə şirniyyatdan, şirin sudan satıb əsgərlikdəki nəvəsinə bağlama yollayan Əminə arvadı yanlayıb. Əminə arvad əvvəl deyib görməmişəm. Dədəm çox üstünə düşüb, deyib səni tutduracam, düzünü de, it hanı? Arvad “tutduracam” sözünü eşidən vaxt düyün olub açılıb, dənliyində hər nə var qusub. Axırda da deyib ki, mənim adımı vermə, o uşaqlar adam öldürürlər.

Dədəm bu sözdən sonra lap qızışıb, deyib, bu topal yerişlə heç məni erməni öldürə bilmədi. İndi dərinizə saman təpərəm!

Gəlib yenə alaçıqda yerini rahatlayıb, üzünə su çırpıb sərinləyib, zəng edib xozeynə. Xozeyn yaxşıya yaxşı, pisə pis adammış. Bir üz xoş ol, min dəfə yaxşılıq edər ki, minnətindən çıxsın. Yox, pis oldun, qanın batdı! Varı-dövləti başından aşır, sənə elə bir oyun qurar ki, özün öz qazdığın quyuya düşərsən, özün özünü torpaqlayarsan, xəbərin də olmaz. Əlqərəz babam çiynini hara söykədiyini bilirdi.

İki günə iti tapıb gətirirlər qapıya. Yenə eyni maşında, ancaq xozeyn və qardaşı qabaqda oturub, cavanlar da suları süzülə-süzülə arxada sıxlaşıblar. Düşürlər, demə minnətə gəliblər, gələn kimi də “dayı başına dönüm, dayı qurban olum” deyib yıxılırlar dədəmin ayağına ki, bir qələtdi eləmişik, bir də eləmərik, dərsimizi aldıq, cavanıq, cavanlığımıza bağışla. Xozeyn dədəmə baxıb bic-bic gülür. Dədəm bu gülüşdən çox şeyi başa düşür. Ancaq dədəm də az aşın duzu deyil. Çox ciddi görkəm alır, daz çomağının gövdəsini baş barmağı ilə ovxalaya-ovxalaya deyir:

– İti gətirdiniz, ölənlərinizə rəhmət, bəs mənim iki qoyunum hanı? Aparmısınız, onu da gətirin!

– Ay dayı, qoyun nə olan şeydi, biz qoyun görməmişik! – cavanların naləsi ərşə yüksəlir.

– Mən bilmirəm, qoyunumu gətirin. Yoxsa sizi tutduracam!

Cavanlar “tutdurmaq” felini eşidəndə az qala havalanalar. Çevrilib o üzdə, o sifətdə xozeynə baxırlar. Bu baxışla demək istəyirlər ki, “biz belə danışmamışdıq axı!”. Babam dediyi sözdən dönmür. Deyir gedin, qoyunu gətirin, vəssalam. Xozeyn də babamın sözünə təpər verir. Deyir:

– Qaçqın adamdı, “invalid” adamdı, ermənidən zülm gördü, gəldi burda da sizdən görəcək, ə qodux sürüsü? Durun rədd olun, kişinin qoyunun gətirin!

Cavanlar kor-peşman gəldikləri maşın yolunu piyada və yenə kor-peşman geri qayıdırlar. Saat saatı qovur, gün-günü. Bir axşamüstü kimsə alaqapıdan dədəmi haylayır. Bir ağbircək arvaddı. Gəlib oturur həyətdə dədəmə ağız açır:

– Uşaqdılar, bir səhvdi eləyiblər, gəl sən bunları bağışla, qoyun söhbəti şərdi, bilirəm, elə eləyirsən ki, səhvlərinin cəzasını çəksinlər, ancaq sən o – qollarını iki yana açıb baxışlarını göyə milləndirir – Həzrəti Abbasın cəddi, bax zəmanətini mən verirəm, onlar çəkdiklərin çəkdilər, gəl bu işdən qol götüür.

Dədəm yenə daz çomağının gövdəsini baş barmağı ilə ovxalaya-ovxalaya deyir:

– Qoyunumu gətirsinlər, bağışlayıram. Vəssalam.

Arvad “sən çətin adamsan” deyib suyu süzülə-süzülə gedir.

Arada bir nənəm dədəmlə tutaşır. Deyir:

– Şər olma, xeyir ol. Şər olmaq sənin hansı yaşına yaraşır?

Sonra atam üstü örtülü söz vurur:

– Rayonda adam içinə çıxammırıq. Deyirlər, bunlar şərçidi.

Sonra əmim yenə üstü örtülü deyir:

– Hamı bu söhbəti soruşur, cavab verəmmirəm.

Sonra bibim söhbətə qoşulur:

– O gün qonşudan duz istədim, vermədi.

Sonra babam haamısına birdən cavab verir:

– Şərçilik oğruluqdan yaxşıdır.

Bütün kənd dəstələnib dədəmin ayağına gəlirlər ki, iki qoyun o adamlar üçün iki vur ikidir, ancaq sən düz eləmirsən, cavandılar, səhvlərin qandılar. Ağbirçək arvadı qapıdan başı aşağı yola salmaq nədi? Hamıyla düşmənmi olmaq istəyirsən? Dədəm bu eşitdiklərindən sonra elə bil dərin bir yuxudan oyanır. Bir vaxt adamların ona söylədiklərinin indi fərqinə varır. Ancaq heç bilmirəm, bu aralıqda nə hadisə olub. Çünki, onu fikrinin birdən belə qəti dəyişməyində nəsə cəncəl iş olduğu sezilirdi. Tərs adamdı, belə asan soyuyası deyildi. Hərçənd hamı bilirdi, elə onun özü də bilirdi ki, dərd o iki qoyun dərdi deyil. Bəlkə də, cavanların onu axsaq görüb şikarın asan şikar olduğunu sanmaları ona toxunmuşdu. Başqalarının gözündə özünü zəif görmək onu tərsin birinə çevirmişdi. Bəlkə də, bu qədər dirəşirdi ki, qoy adamlar onun ayağına gəlsin, qoy gəlib ondan xahiş eləsinlər, minnətli olsunlar, heç kim onu zəif görməsin, bir də heç kim bu axsaq adamın varını-mülkünü asan şikar bilib talamasın.

Dədəm zəng eləyib Xozeynə deyir:

– O uşaqlara deyərsən, iki baş qoyun halal xoşları olsun. İstəmirəm!

– Bəs nə oldu? Nə tez qol götürdün? – Xozeyn də cavanlardan yanıqlı qalmışdı.

– Ahları tutar. Ahdan qorxuram.

Babam qorxuram sözünü hələm-hələm işlətməzdi. Xozeyn Babamın dilindən bu söz eşidəndə hiss eləmişdi ki, kişi qocalır. Dədəm doğrudan da, qocalırdı.

***

Yaxın günlərdə Şimala səfər elədim. Hərbidən sonrakı ruhi yorğunluğumu, canıma çəkilən sərt Ceyrançöl havasını ilıq dağ küləyində sıxıb yox eləmək idi niyyətim. On gün dağ-daş demədim, gəzdim, əyləndim, həyatı unutdum və xatirələrin sarı, it düyünündən qısa müddətlik də olsa, xilas ola bildim. Gələcək qayğıları, işsizlik, yaradıcı narahatlıqlar hamısı əriyib bir ovuc su oldu. Axır gündə yolumu Murad əmigildən saldım.

Murad əmi Kübra nənəmin əriydi. Babam vəfat edəndən sonra Kübra nənəm çox qalmamış, Mingəçevirə – qardaşıgilə köçmüşdü. Altı aydan sonra da Tarix müəllimi olan Murad əmiylə evlənib Şəkinin Acınohur koridoruna düşən Qaratorpaq kəndinə yığışmışdı.

Onları mehriban gördüm. Həyatlarının son günlərini xoş iynələmələrlə (sən müəllim adamsan, uşağın yanında elə şeylər demə), adi həyat dərdləri ilə (ağaclara su vermək lazımdır, yağış yağsaydı, əkinlər su içərdi, nəvələr bu yay da gəlmədi, qarpız satanın səsini necə olub eşitməmisən, deyirlər su qiymətinə satırmış) yelə verirdilər.

Son gün Murad əmiylə yaxşıca içdik. Keçmiş günləri xatırladıq. Üç il əvvəl bizə gəlməyindən, babamla bəs deyincə içməyindən danışdı. Mən o vaxt Bakıda imişəm, yoxsa nəyi də unutsam, çəkilmə arağın dadını unutmazmışam. Sonra əntiqə Zoğal ağacını göstərdi. Dedi dədənin hədiyyəsidir, sanballı şeydi. Sonra bir az da içdik və keçmişin qatı dumanı üstümüzü örtü.

– Bəlkə, sənin yadına düşməz, dədənin itin oğurlayıblar, kişi də acığa düşüb oğruları şərləyib ki, iti gətirdiniz, sağ olun, bəs mənim iki qoyunum hanı? Oğrular çaş-baş qalıblar. Qanların qaşığa töküblər, deyiblər, qələt eləyərik, bir də sənin kimi tərs addama ilişərik. Dəhşət adamdı.

İkimiz də bir xeyli güldük. Sonra Murad əmim birdəncə tövrünü dəyişdi. Ağır, tüklü qollarını masadan götürüb alaqapıya çıxdı. Siqaret yandırdı. Siqaretin qatı dumanı qaranlığa qarışıb üzünü örtəndə hiss elədim ki, kövrəlib. Kübra nənəm mətbəxdə nəsə iş görürdü. Onun yoxluğunu fürsət bilib mən də kövrəldim.

# 5452 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #