Müfəttişi öldürən kefcil Məhəmməd - Şahmarın hekayəsi

Müfəttişi öldürən kefcil Məhəmməd - Şahmarın hekayəsi
12 may 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Kefcil Məhəmməd”dir.

Həddən artıq kök, eniylə-uzunu bir, camaatın daqqa dedikləri müfəttiş Əlyar, dünyanın dərdini-qəmini çox da vecinə almayan, kefcil, gülərüz, cəsarətli, cəsarətindən özünün də xoşu gələn, sözü adamın üzünə şax deməyi bacaran Məhəmmədin satıcı işlədiyi dükanı yoxlamağa gəldi. Məhəmməd Əlyar kişini yaxşı qarşıladı, kef-əhval soruşdu, tələsik soyuq “Badamlı” açdı, diqqətlə, həm də gizlicə Əlyarın üzündəki ifadəni öyrənə-öyrənə dedi:

- Əlyar dayı, balalarımın əziz canı üçün, mağazada hər şey yerli-yerindədi. Nə artığım var, nə əskiyim. Allaha şükür, sən özün bilirsən ki, altı ildən çoxdu bu kənddə dükançı işləyirəm (Özü başqa kənddə yaşayırdı). Hələm indiyə kimi, bir nəfər ağzını açıb deməyib ki, Məhəmməd, sən məni çəkidə alladıbsan, ya filan şeyi əskik veribsən. Deyə də bilməz. Çünki, rəhmətlik atam – allah sizinkinə də rəhmət eləsin – həmişə deyərdi, oğul, bu dünyada bacar yaxşılıq elə, pisdiyin axırı yoxdu.

- Nə yaxşılıq eləyibsən ki, sən? – Əlyar kişi elə-belə, yorğun-arğın, xala xətrin qalmasın soruşdu.

- Əlyar dayı, bıy başına dönüm sənin, yaxşılıq adam-zad döyül ki, əli-ayağı olsun. Yaxşılıq elə yaxşılıqdı, dana. Uzağa niyə gedək, bax, o göy daşdı evi görürsən? Orda Tamam adlı bir arvad yaşayır. Düz səkkiz uşağı var. Əri də çobandı. Bir də görürsən həmən o arvad, əlimyandıda gəldi ki, ay Məhəmməd, ayaqlarının altında ölüm, uşaqlarımın çörəyi qurtarıb, bir kisə un ver. Pulunu da deyir, kişi bu gün-sabah dağdan gələndə gətirər. Qanunnan mən gərək o unu verməyim eləmi? Çünki bu tərəfdən unu verrəm, sən də o biri tərəfdən çıxıb deyərsən ki, bağla dükanı, yoxlayıram. Guppultuyla gedərəmmi mən onda fələyin xərcinə? Gedərəm. Amma, Əlyar dayı, biləm ki, o gün, o saat məni damlayacaqlar ha, yenə bax, o işıq haqqı, mən o unu verməliyəm. Çünki mənim vicdanım yol verməz ki, o uşaqlar ac qalsın, o arvad əliboş, ümidsiz getsin burdan.

Əlyar kişi yaxşı qulaq asmırdı. Deyəsən yuxusu gəlirdi.

- Əlyar dayı, birdən elə bilərsən bu sözləri iz azdırmaq üçün deyirəm. Yox, dədəmin yatdığı torpaq haqqı yox! Prosto sənin xasiyyətini, ürəyini, ürəyinin təmizliyini bildiyim üçün deyirəm. Bu mağaza, bu da sən. İstəyirsən yoxla, Əlyar dayı. Vallah hə. Amma bu istidə, bürküdə həlak olacağıq. O qədər xırım-xırda şey var ki, üç-dörd gün gərək eşələnək.

Əlyar kişi darıxmış kimi köksünü ötürdü.

Məhəmməd ürəyində “məqamıdı” dedi. Bayaqdan hazırladığı iki dənə şax yüzlüyü cəld Əlyar kişinin yay pencəyinin cibinə basdı.

- Halal xoşun olsun, Əlyar dayı.

Əlyar kişi bərkdən, uzun-uzadı əsnədi, yuxulu gözlərini yumub açdı, sağ ayağındakı təzə ayaqqabıya baxa-baxa:

- Ayağımı sıxır – dedi və gözlərini qaldırmadan, başını çöndərmədən əlavə elədi. – Üçüncü rəfdəki yun corabların, sex ayaqqabılarının, ikinci rəfdəki uşaq svitirlərinin üstündə qiymət yoxdu. Sonra qırx dörd, qırx altı ölçülü qadın kombinasiyalarının, xarici britvələrin, küncdəki yun adyalların qiyməti düz deyil.

Axırda da tapşırdı:

- Belə şey eləmə.

Məhəmməd heyrət elədi ki, yəqin bu köpəyoğlunun boynunun dalında da gözləri var. Amma özünü o yerə qoymadı. “Baş üstə” deyə-deyə əlüstü düz olmayan qiymətləri düzəltdi, “itmişləri” də tapıb yerinə qoydu. Sonra ərklə, ehtiramla baxaraq və səsində də bu keyfiyyətlər duyula-duyula dedi ki, Əlyar dayı, dur gedək Dəmirin kababxanasına. Canımızı çöldən tapmamışıq ha. Sərin araqla kabab, üstündən də buz kimi doğramac. Nə var e oturmuşuq bu istidə. Dur, sən mənim canım, dur...

...Yarım saatdan sonra onlar alabəzək pavilyondan aralı, hündür, kölgəli bir qovağın altında oturmuşdular. Ağ köynəkli, cavan bir oğlan əlindəki padnosda kabab, göyərti, çörək, duz, pendir, sərin araq daşıyırdı ora. Oğlanın yerişi qıvraqdı. Üz-gözü gülür, hərəkətlərində həvəs və istək duyulurdu. Çünki kabab doğurdan da dadlıydı, göyərti təzəydi, pendir yeməliydi, duz ağappaqdı, çörək pambıq kimi yumşaqdı.

Onlar ayağa duranda gecə saat on ikidən keçmişdi. İkisi də bərk kefliydi. Köhnə divarın dibində bir-iki dəqiqə dayanıb, çiyinləri əsə-əsə balaca yüngülləşəndən sonra, şalvarlarının qabaq düymələrini də güclə tapıb düymələdilər. Daim kefi kök olan Məhəmmədin indi kefi lap yuxarıydı. Özündən yaşlı Əlyar işiylə açıq-saçıq danışır, bərkdən gülürdü. Görünür o, sərin arağın, dadlı yeməyin ləzzətini duyduğu kimi, bu ulduzlu, sərin gecənin ləzzətini də ürəkdən duyurdu.

Məhəmməd dedi ki, Əlyar dayı, indi səni mataskletlə aparacağam öz evimizə. Yaxşı-yaxşı yatıb yuxunu alacaqsan, səhər də sağ-salamat gedəcəksən evinə.

Lakin Əlyar kişi motosikletin beşiyinə sığışmadı. Məhəmməd: - Gəl onda arxa oturacaqda otur – dedi. – Amma Əlyar dayı, tutacaqdan möhkəm yapış, amanın bir günüdü, yıxılıb eləyərsən, peşmanlıq olar, deyərlər Məhəmməd qəsdən eləyib, ha-ha-ha-ha...

Motosiklet asta-asta asfalt yola çıxdı, titrək işıq sala-sala ərik bağının yanından ötüb, tıqqıltıyla dəmir yolunu keçdi və sağa, Məhəmmədin yaşadığı kəndə tərəf buruldu.

Hər çökəyinə, dikinə bələd olduğu bu yolu Məhəmməd motosikletlə kefli-kefli çox gedib-gəlmişdi. İndi də o, yarıyumulu gözləriylə qabağa baxa-baxa sürətli instinktlə artırıb azaldır, Əlyar kişini də yaddan çıxartmırdı.

- Möhkəm tut, Əlyar dayı yatma, uzağı bir saata evdəyik, yatma başına dönüm, yatma.

Bu da dikdir. Motosiklet yüngülcə atılıb düşdü, yırğalandı və üzürmüş kimi sakit və səssiz getməyə başladı. İndi yol düz körpüyə kimi enişdi. Təkərlərin altında qum xışıldayır və bu xışıltı adama mürgü gətirirdi.

Məhəmməd başının, göz qapaqlarının ağırlığını aydın hiss edir, yuxunun doğrudan da əvəzsiz, şirin şey olduğunu düşünürdü.

Qabaqda yol sağa dönürdü. “Bah atannan, bu ki, körpüdü. Nə tez çatdım, balam”. O, başa düşdü ki, döngəyə qədər motosikleti qeyri-şüuri sürüb, sən deyən ağlı üstündə olmayıb, bəlkə də yatıb. Sevindi. Motosiklet yaxşı ki, yoldan çıxmayıb.

Körpüdən o tərəfə yoxuş başlanırdı.

- Möhkəm yapış, Əlyar dayı. – Məhəmməd canlandı, sürəti artırdı, motosiklet guruldadı və sürətlə yoxuşu qalxmağa başladı.

- Ha gözünə dönüm, ha! – Məhəmməd qızışır, çiynini qısıb, başını irəli verirdi.

Yoxuş qurtardı. Yenə düz yol, yenə onu heydən salan mürgü, əllərinin, qollarının boşalması...

Kəndə az qalırdı. Ulduzlu səmanın fonunda ağacların, evlərin qaraltıları seçilirdi. Birdən Məhəmmədin yadına dostu Şakirin danışdığı lətifə düşdü. Güldü. Gülən kimi hiss elədi ki, yuxusunu dağıtmaq üçün lətifəni Əlyar kişiyə danışmalıdı.

- Əlyar dayı, deyir bir gün biri Molla Nəsrəddindən soruşur ki, Molla əmi, ölü aparanda qabaqda getmək yaxşıdı, yoxsa dalda. Molla gözünə döndüyüm qayıdıb deyir ki, istəyirsən qabaqda get, istəyirsən dalda, fərqi yoxdu, təkcə tabutun içində getmə.

Bu lətifədə Məhəmmədin ürəyindən xəbər verən nəsə vardı. Ona görə bu dəfə lap ürəkdən güldü və heyrət elədi ki, Əlyar kişidən niyə səs-səmir çıxmadı. Başını döndərəndə gördü ki, bıyy, Əlyar kişi oturacaqda yoxdu.

Motosikleti saxladı, ürəyinə dolan qəfil qorxudan tükləri biz-biz oldu, tüz çevrilib bir də baxdı. Oturacaq boşdu. Elə bil Əlyar kişi heç yerli-dibli oturmayıbmış burda.

- Əlyar dayı, ay Əlyar dayı – O, qorxa-qorxa, səsi əsə-əsə çağırdı, hay verən yoxdu.

Kəndin başında tək-tük it hürüşməsi, uzaqda, lap uzaqda bostan qarovulçusunun harayı...

O, geriyə, gəldiyi yolla düz yoxuşa qədər qaranəfəs qaçdı. Yoxuşun başında ayaq saxladı. Nə bir qaraltı görsənir, nə bir inilti gəlirdi. Adamı üzən bir sakitlik vardı. Onu dəhşət bürüdü. Əlyar kişi yoxa çıxmışdı. Bir az bundan qabaq vardı, indi yoxdu. Adam inana bilmirdi. Şübhəsiz kişinin başından xata əskik deyildi və bu xatanı da yüz faiz Məhəmməddən görəcəkdilər. “Sən eləmisən, sən..sən..” O, başını itirmiş halda dönüb yenə motosikletə tərəf qaçmağa başladı. Yola dörd gözlə baxır, həm də tez-tez pıçıldayırdı: “Əlyar dayı, Əlyar dayı”.

Motosiklet yolun qırağında hənirsiz dayanmışdı. Məhəmməd ixtiyarısz əliylə bayaq Əlyar kişinin əyləşdiyi oturacağa toxundu. Oturacaq soyuqdu. Əti ürpəşdi. “Ay ana, qurban olum, bu nə işdi başıma gəldi”.

Düşündü ki, motosikleti minib geri qayıdım, yolu yaxşı-yaxşı axtarım. Bəlkə Əlyar kişi dikdirdə düşüb? Yox, ola bilməz, hələ körpüyə çatmamış Əlyar kişinin yuxulu başı iki-üç dəfə onun kürəyinə dəymişdi.

Birdən maşın səsi eşitdi. Özü də maşın yoxuşu qalxırdı. Çünki gücə düşmüş təkin tırıldayırdı. Məhəmməd boylandı. Ancaq bu nədi? Maşın yoxuşu qalxdı, sürəti dəyişdi, tırpıltı uğultuya çevrildi. Bə işıq? İşıq yox idi. İşıq olmalıydı. Mütləq olmalıydı. Yaxınlaşan qaraltını Məhəmməd qəfildən gördü və göz açıb yumunca, qaraltı maşına dönüb, vıyıltıyla onun yanından keçdi. İşıqsız-zadsız. Güllə kimi. Onun ürəyi düşdü. Son ümid, Əlyar kişini qayıdıb yolda tapmaq ümidi yoxa çıxdı. O, anladı ki, əgər Əlyar kişi yolda yıxılıbsa, deməli maşın onun üstündən keçib. Yəqin şofer görüb, amma yuxulu olub, başa düşəndə, ayılanda isə artıq keçmiş. İşığı söndürdü ki, onu görməsinlər, qaçsın, canını qurtarsın.

Məhəmməd inildəyib yolun qırağına çökdü. Otlarda nəmlik vardı, bir azdan şeh düşəcəkdi.

Sabah onu tutacaqdılar. Deyəcəkdilər Əlyar kişini sən öldürmüsən, qəsdən, bilə-bilə, əskiyin çıxdığı üçün, heç nəyi sübut edə bilməyəcək. Arvadı ağlayacaq, qohumları bir-birinə deyəcək, anası dəli olacaq. Onu aparacaqlar, sonra da... Sonra da güllələyəcəklər. Məhkəməyə qədər onun başı ağaracaq, qocalacaq və ən pisi, dəhşətlisi buydu ki, o, heç nəyi başa sala bilməyəcək, heç kəsi inandıra bilməyəcək. Uşaqları yetim qalacaq. Qızları Sevinc, Bənövşə, yeddi yaşlı oğlu İlqar. “İlqar, gözümün işığı, ağıllı balam”. O, bir yeri ağrıyırmış təkin ufuldayıb başını yellədi. “Ay ana, kim qarqadı bizə, kimin qarğışı tutdu bizi?”. Anası ona dəfələrlə demişdi. “Qadan alım, kim olursan ol, bircə qarğış yiyəsi olma”. “Bəlkə?..” O, diksindi. “Ola bilməz”. Beş-on saniyə o, gözlərini bərəldib, gərgin-gərin qaranlığa baxdı və birdən özünü doğurdan da qarğış yiyəsi sandı.

...Keçən həftənin beşinci günüydü. Özü də axşama yaxındı. Məhəmməd, bir də onun üç dostu, mağazanın küncündə, piştaxtanın üstündə süfrə açıb, araq içirdilər. Biri göy kostyum geymiş uzun Rəhmandı, bir də əldən zirək, gödəkboy Mənsurdu. Üçüncü də çox danışan, xeyri də, şəri də istədiyi kimi yozan, dolubədənli, yekəbığ Şakirdi. Piştaxtanın üstündə dörd piti küpəsi, boşqablar, araq, stəkanlar, iri-iri doğranmış pomidor və təndir çörəyi. Arağı Mənsur süzürdü. Dəqiq süzdüyünə görə ona “Menzurka Mənsur” deyirdilər. Onların həftədə iki-üç dəfə beləcə, axşam tərəfi mağazaya yığışıb vurmaqları vardı. Belə içki məclisləri onları yaxınlaşdırır, mehribanlaşdırır, Şakir demişkən, həyatlarını daha mənalı edirdi. Sağlıqları da ümumi idi. Özlərinin, uşaqlıqlarının valideynlərinin, yaxşı adamların və “ən pis günümüz elə belə keçsin” cümləsinin... Haqq-hesabda da artıq-əskiyə yol verməzdilər. Hərdən bir Məhəmməd kefi istəyəndə bir araq əlavə edərdi. Hə, deməli üçüncü gündü, Mənsur arağı açıb, hərəyə yüz-yüz süzürdü ki, mağazaya balaca, saçları pırtlaşıq, ürkəkyerişli bir qız uşağı girdi. Onun əlində nəsə vardı. Çünki hələ gələ-gələ əlini irəli uzatmışdı. Məhəmməd dostlarından ayrılıb qıza yaxınlaşdı və əyilib xəbər aldı:

- Nədi, a bıcı?

Qız başını qaldırıb saf, köməksiz baxışlarla ona baxdı. Dərindən nəfəs alıb udqundu və yavaşdan:

- Qənd! – dedi.

Onun balaca ovucunda əzik, köhnə bir onluq vardı. Məhəmməd onluğu aldı, hələ sayılıb çinlənməmiş pulların üstünə atdı və düz bir kilo qənd çəkdi, yaxşı-yaxşı bükdü və qıza uzadıb soruşdu:

- Apara bilərsənmi?

Qəndi alanda qız sevincdən güldü. Bunu görən Məhəmməd ona saçaqlı bir konfet də verdi. Dedi ki, “ayağının altına yaxşı bax, yıxılarsan”.

İndi ondan soruşan olsaydı ki, əyə, a Məhəmməd, a vicdansız, hələ ağlı bir şey kəsməyən qızın pulunu niyə qaytarmadın, ə. And-aman eləyərdi ki, vallah yadımdan çıxdı.

Üçüncü arağı içirdilər ki, köhnə don geyinmiş, qolu yamaqlı, sifəti gündən qapqara yanmış bir arvad həmən qızla içəri girdi. Qızın gözləri böyümüşdü, həyəcanla baxır, elə bil qorxulu bir şey gözləyirdi. Həm də o, elə hey istəyirdi ki, altdan-yuxarı anasının gözlərinə baxsın.

Məhəmmədi araq tutmuşdu. O, hər şeyə, deyilən sözə, yöndəmsiz qənd kisələrinə, rəflərə baxıb gülmək istəyirdi. Ancaq arvadı görəndə özünü yığışdırdı, köynəyinin açılmış yaxasını düymələdi.

- Nə lazımdı, Kübra xala?

Arvadın gözlərində ağrı və ümdisizlik vardı. Birdən bu ümidsizlik, ağrı yox oldu və onun gözləri işıqlandı.

- Qadan alım, ay Məhəmməd, başına dönüm sənin, bayaq bu partdaşa on manat verdim ki, get bir kilo qənd al gətir. Qənd gətirib, amma pul yoxdu. Deyirəm həlbət sən özün verməyibsən ki, uşaqdı, yolda itirib eliyər.

Məhəmməd gərək fikirləşəydi, bir dəqiqə, yarım dəqiqə, heç olmasa beş saniyə. Məhəmməd fikirləşdi, qayıdıb dedi ki, bu nə sözdü, ay Kübra xala, pulu qaytarıb verdim uşağa, hələm dedim ki, bərk-bərk tut itirərsən. Pulu verdim, verdimmi, a bıcı?

Qız donunun ətəyini bura-bura Məhəmmədə baxdı, bir az bundan qabaq ona konfet vermiş bu mehriban, şirindil əmiyə gülümsündü və utana-utana anasının böyrünə qısılıb “hı” elədi.

Arvadın gözlərindəki işıq yox oldu, üzündə qırışlar çoxalıb dərinləşdi. Əli hər yerdən üzülmüş halda, ümidsiz-ümidsiz dilləndi:

- Mən əlləri qurumuş çörək yapırdım, yapmasaydım özüm gələrdim. Dedim birdən dükanı bağlayarsan, qəndsiz qalarıq. Ay Məhəmməd, ay qardaş, ay oğul, ay başına dönüm, bu biçarə pul itirən olsaydı, elə gələndə itirərdi dana.

“Arvadın bicliyinə bax. Əvvəl nə deyirdi, indi nə deyir. Deməli, məndən görür”. Bu fikir Məhəmmədin ürəyində, beynində qəti bir qərar, məşum bir sakitlik, arxayınlıq yaratdı. O, əl atıb bir xışma qənd götürdü və açıq pəncərədən hamsını çölə atdı.

- Bu qənd haqqı o pulu qaytarmışam, ay arvad. İkidən-birdən mən heç heylə iş görmüşəm? Uşaq öz dilinnən deyir ki, pulu alıbdı.

Bir şey də yadındaydı. Sözünü deyəndən sonra dönüb soğruyla dostlarına baxanda – yəni nə deyir ə, bu arvad, nə istəyir məndən? Onlar da baxışlarıyla, üzlərinin ifadəsiylə, görkəmləriylə deməliydilər ki, doğrudan da bu arvad nə istəyir, ə səndən? – Gördü ki, uzundraz Rəhman təəccüblə balaca qıza baxır. Elə də diqqətlə, ciddi, yanımcıl baxırdı ki, özündən xəbərsiz alt dodağı aralanıb sallanmışıdı da. O da yadındaydı ki, Rəhmanın belə baxmağı Məhəmmədin xoşuna gəlmədi. Ürəyində and içdi. “Yaxşı, Rəhman, bu baxşın hayfını səndən çıxmasam, köpəyoğluyam”.

Arvad daha heç nə demədi. Əyilib qızı döyməyə başladı. Sol əliylə onun qolundan tutub, sağ əliylə vururdu. Başına, üzünə, çiyninə, kürəyinə... Hər zərbədən sonra qız bərkdən qışqırır, boynunu əyib dartınır, birdən ağrıdan donuxur və donuxanda da anasının gözlərinə baxmağa çalışırdı. Sonra çılğınlıqdan özünü itirmiş arvad qızı sürüyə-sürüyə apardı.

Eşikdən onun səsi gəlirdi:

- Görüm – deyirdi, - yetim çörəyinə göz dikənin gözləri tökülsün. Heç çörək tapıb, halal xoşluqla yeməsin. Görüm balaları zəlil qalsın...

Ağı deyib ağlayırdı elə bil çərhaya oğlunun qızı.

Məhəmməd pəncərədən görürdü. Görürdü ki, arvad yenə qızın başına, boynuna, üzünə vurur, qız daha arvadın gözlərinə baxmağa çalışmır, qorunmaq üçün balaca əllərini gah başına, gah üzünə qaldırır və hər dəfə də gecikirdi.

Məhəmməd uşaqlarını nadir hallarda döyərdi, döyəndə də yüngülcə yambızına bir-iki dəfə çəkərdi, vəssalam. Anası dönə-dönə ona demişdi ki, uşağı döymə, döyəndə də başına, üzünə vurma, uşaq gözü qıpıq böyüyər.

O da yadındaydı ki, arvad qızı aparandan sonra Rəhman dedi:

- Nə həyasız arvaddı ə, on manatdan ötrü özünü cırır lap.

Bu sözlərdən sonra Məhəmməd, Rəhmanın bayaq o cür baxmağını bağışlamış, ortaya öz hesabına iki araq qoyaraq düşünmüşdü. “Doğurdan on mçanat nə puldu ki?”.

Şeh düşdü. Məhəmmədin açıq boynu, qulaqlarının ucu üşüdü. Qəfil ağlına gəlmiş bir fikir onun ürəyini yavaşca, için-için ağrıtdı. O, hiss etdi ki, qənd almağa gələn o balaca, körpə qızın qarşısında günahkardı. İşdi, sabah Məhəmməd o qızla üz-üzə gəlsə, onun gözlərinə baxa bilməcəyək, üzünə gülə bilməyəcək, gülsə də yalandan, elə-belə güləcək. Onu da anlayıb başa düşdü ki, əgər bu gecə Əlyar kişiylə bağlı bu hal-qəziyyə olmasaydı, o qız yadına düşməyəcəkdi. Bu fikir onu lap dilxor elədi.

Bir saatdan sonra o, motosikletlə geri qayıdıb, Əlyar kişini sağ-salamat körpünün üstündə, yatdığı yerdə tapanda da sevinmədi. Çünki hələ də o qız yadındaydı.

# 3879 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #