Məşhur sovet yazıçısının hekayəsi: Atlar

Məşhur sovet yazıçısının hekayəsi: Atlar
1 may 2020
# 18:07

Kulis.az Elçin Hüseynbəylinin tərcüməsində ötən əsrin 60-cı illərinin ən populyar sovet yazıçılarından biri Vasili Belovun “Atlar” hekayəsini təqdim edir.

Volosatixa çayı gah sahilin istisiylə, gah da öz suyunun soyuqluğuyla nəfəs alır və bu nəfəsalmada nadir gecə səsləri də yoxa çıxırdı. Yaxınlıqdan ötən arabadakı bidonların danqıltısı, çoxdan kürü tökmüş qurbağaların tənbəl qurultusu, balıqların şappıltısı - bütün bunlar geridə qalmışdı, cırcıramaların cırıltısı isə sakitliyi daha çox hiss etdirirdi.

“Heç olmasa Malkanın boynuna zınqrov asmaq lazımdı, - Labutya düşündü, - onda daha da sevinəcək”.

O, şam qozaları səpələnmiş təpəyə çıxdı, Volosatixanın lap üstündə özünə yer seçdi, çır-çırpı yığdı və ocaq qaladı.

Atlar çox da uzaqda deyildilər, herik sahəsində otlayırdılar. Labutya bunu özünün xüsusi hissyyatıyla duydu və papirosunu sakitcə tüstülətdi, çır-çırpını qənaətlə ocağın üstünə atdı. Sol tərəfdə Volosatixanın dumanlı dirsəyi görünürdü. Sağ tərəfdən qumluq yol keçirdi. Deyilənlərə görə buralarda cin-şəyatin dolaşırdı. Lap çoxdan bu yerdə sərxoş bir baytar basdırıblar. Onu da deyirdilər ki, baytar buralı deyilmiş və yay gecələri torpağın altından çıxır və səhər açılana kimi çaydan su içir, amma doymur və guya ki, bütün gecə onun qurumuş boğazında çayın suyu qur-qur quruldayır.

Labutya ocağa çırpı atdı və ətrafa boylandı. Ocaq daha da gurlaşdı və qığılcımlar ətrafa sıçradı, alov gah qaranlığı yaxınlaşdırır, gah da uzaqlaşdırırdı. Çubuqların çöldə qalan nəm tərəfi cızıldayırdı. Labutya saatına baxdı. Ötən mövsüm kolxozun idarə heyəti ona cib saatı hədiyyə eləmişdi. Gecədən xeyli keçmişdi.

- Deyəsən, Seryoqa bu gün çox veyillənib, - deyə çoban öz-özünə deyindi və elə bu zaman fit səsi eşitdi.

Onu görənlər “Seryoqa, qoçum mənim, bəs hanı yolun sənin?” - deyə sataşırdılar. Seryoqa sürücüydü, sədri gəzdirirdi, axşamlar isə müəllimənin yanına gedirdi. İndi də onun yanından gəlirdi və əlindəki ağacla yolda bitən qaymaqçiçəklərini döyəcləyirdi.

- Labutya, - deyə o, hələ uzaqdan çağırdı.

- Bəri gəl, cavan oğlan, otur, bir papiros çək! – çoban sevinclə dedi. – Nəsə görükmürsən, elə bildim, harasa getmisən.

Seryoqa papirosunu ocaqdan yandırdı, çömbəldi, dodaqlarını uzatdı, qırtlağı göründü.

- Görmədin, sədr gəlməmişdi ki? – deyə oğlan xəbər aldı.

- Yox, görməmişəm. Yemək istəyirsən? Mənim balıq piroqum var, bugünküdü. – Labutya dedi və budaqdan asdığı torbanı götürdü.

Seryoqa yarım tikə piroq yedi və getdi evə, Labutya isə uzun müddət onun arxasınca baxdı və sevindi ki, Seryoqa onun piroqundan yeyib, hələ bir papiros da çəkib. “Yaxşı oğlandı, - Labutya gülümsündü, - ikinci mövsümdü ki, müəllimənin yanına gedir, yaxşı da geyinir”.

Labutya çoxdannan bir şeyi xəyal edirdi. O, Seryoqanın suyuşirin müəlliməylə evlənməyini gözləyirdi. Onda Labutya Quskanı – dir-dir dingildəyən ayğırını arabaya qoşacaq, cavanları kənd sovetinin binasına aparacaq, hamının gözü qarşısında atın quyruğuna düyünçə vuracaq və Quskanın boğazındakı zınqrovlar şaxtada zınqıldayacaqlar.

***

Labutyanın kolxozda məskunlaşmasını çox az adam xatırlayır. Hələ müharibə illərində o, bu yerlərdə gecələyirdi. Qışda bir parça çörəyə keçə çəkmələr tikir, yayda inəkləri otarırdı. Yavaş-yavaş adamlar ona öyrəşdi və özlərininki hesab etdilər. Qırx beşinci ildə kolxoz, ölmüş sonsuz bir qarının komasını ona verdi. Labutya ora köçdü və birdəfəlik bu kolxozun adamı oldu. İdarədə İvan Aleksandroviç Petrovun adına şəxsi hesab açıldı, amma kolxoz sədrindən başqa heç kim onu ad və soyadıyla çağırmadı. Eləcə Labutya deyirdilər.

Yayda o adəti üzrə çobançılıq edirdi. Enlikürək, qısaqıç, məsum göygözləri və qısa kirpikləri olan Labutya hamıya gülümsünür və istəyən kəsi siqaretə qonaq edirdi. Hansısa bir allah bəndəsi onunla danışır və siqaret çəkirdisə, sevinirdi.

Heç kim onun yaşını da bilmirdi. Düzdü, bəzən ürəyiyumşaq qarılardan kimsə onun yaşını soruşurdu, amma o, eləcə gülür və deyirdi: “Eh, ay nənə, özümün də yadımnan çıxıb”. Lakin o, elə də qoca görünmürdü, xüsusən üzünü qırxanda və hamama gedəndə. Özü də birincini nə qədər az edirdisə, ikincini bir o qədər çox edirdi. Görünür, qohum-əqrəbasından bir kimsə qalmamışdı. O, hansısa uzaq Ustrikadanıydı. Əvvəllər danışanda sirli Ustrika barədə nələrsə deyirdi, amma sonralar tamam yaddan çıxdı.

Adamlardan başqa o, heyvanları, xüsusən də atları çox sevirdi. Hər yaz o, ayaqqabılarını sahmana salır, baltasını itiləyir və ot cücərən kimi, idarəyə “işə girməyə” gedirdi, amma hamı da bilirdi ki, nə işə girmək, Labutya əməkgünü hesabına bütün yayı atları otaracaq.

Neçə il idi ki, beləydi. Bu yay da o biriləri kimi.

Briqadada nə zamansa qırxa yaxın at vardı, indi onu qalıb və iş o yerə çatıb ki, ucqar kəndlərdə adamlar meşədən odunu özləri daşıyırlar.

Labutya atın hər birini özü kimi tanıyırdı.

Əlbəttə, ən çox sevdiyi Malkaydı – qoca, şən və tərbiyəli madyan. Brabanson cinsindən olan Malka qocaldıqca balacalaşır, çiyninin və belinin sürtülmüş yerlərini boz ləkələr basır, yəhərin qoyulduğu yer göynəyir. Kim bilir, Malka bu yaşa kimi yollarda nə qədər təpik döyüb, nə qədər ot daşıyıb, yollarda nə qədər iz qoyub? İndinin özündə də, istər isti olsun, istər soyuq, o dişləyə qoşulmağa hazırdı, yüyənin və cilovun hər bir hərəkətinə həssasdı. Hərdən ona elə gəlir ki, bəlkə nəyisə düz eləmir, halbuki araba sürənlər özləri səhv edirlər. Bu yaxınlarda bir uşaq meşəyə odun gətirməyə gedib və tanımadığı bir yerə düşüb. Kəndə qədər yol uzaq, uşaq azıb, atı da başqa tərəfə dartır. Malka isə əksinə, düz yola dartır. Onda uşaq çubuq kəsir (at isə hövsələylə ağacın kəsilməsini gözləyir) və atı döyməyə başlayır, gözünə, başına, ayaqlarına. Uşağa elə gəlir ki, at onu meşəyə tərəf dartır, əslində isə Malka onu düz yola çıxarır. Uşaq qəfildən mahnı oxumağa başlayır, sakitləşir, amma hərdən atı qırmanclayır, hər dəfə çubuq Malkanın belini yandıranda dönüb arxaya baxır.

Axta Dyaçok fleqmatik, xırda, quru, amma sözə baxandı, yəhərləmək də asandı. O da dincəlmək bilmir, amma hamıdan hövsələlidi. İyulun qızmar günlərində də ona qətran, kryalin sürtməyə ehtiyac yoxdu. Gənələr və mozalanlar onun qanını soranda da, Dyaçokun lazım olmayan yerinə və burnuna qonanda da acıqlanmırdı. Dyaçoku qaraçılardan alıblar.

Labutyanın yaxşı yadındadır ki, müharibənin ilk ilində qoca qaraçı kolxoz sədriylə necə bazarlaşırdı. O, atın üstündə iki boyunduruq da satmaq istəyirdi, yəqin oğurluq idi. Onların gözlədiyinin əksinə olaraq, qaraçı vicdanlı adam çıxdı, atın nə gözündə ağ ləkə tapıldı, nə də dırnağında mismar.

Yaş baxımından onlardan sonra soba kimi enli kəhər Anisa gəlirdi. O, müharibənin əvvəlində kolxozun Qızıl Orduya bağışladığı ayğırın balasıydı. Budyonnunun verdiyi tərifnamə indi də idarənin divarından asılıb. Briqadada Anisanı Labutyadan başqa, daha bir neçə nəfər cilovlaya bilirdi, özü də səbətin köməyi ilə. Düzdü, səbəti ona boş göstərirdilər, amma qulun vaxtından səbətdən yeməyə öyrəşmiş Anisa sadəlövhcəsinə başını ona soxarkən, yalından yapışırdılar.

Ən irisümüklüsü və cüssəlisi, daim yuxulayan madyan Vereya idi. O, qoşquda olanda da, hətta cütləşmə zamanı da mürgü döyürdü: gözlərini qıyır, növbə ilə yoğun ayaqlarını boşaldırdı. Onun misə çalan dərisi daim parlayırdı. Saf atıydı. Tez-tez otun üstündə ağnayırdı və hər dəfə o tərəf-bu tərəfə aşanda hərəkətlərindən mehribanlıq yağırdı. İşsiz vaxtı mürgüləyəndə sinəsinin əzələləri pambıq kimi sallanır, qoşqunu dartanda isə əzələləri daş kimi gərilirdi. Gücünə və dözümünə görə onu traktora, təmkininə görə isə Volosatixanın köndələninə yatan çoxəsirlik qaya parçasına bənzətmək olardı, o yerdə ki, baytar basdırılıb.

Hər baxımdan Vereyanın tam əksinə olan Zorya adlı çal madyan idi. Quru, yekəqarın, nadinc at kolxoz üçün nə qədər desən doğub-törəmişdi. Zoryanın nəvəsinin özünün də nəvələri vardı, Zoryanın özü isə hər il qulunlayırdı, özü də ana tərəfə çəkmişdi, dözümlülük və nadinclikdən başqa. Zoryanı məmə deyəndən pəpə deyənədək hamı tanıyırdı. Elə bir adam olmazdı ki, onu minməsin, yəhərləməsin. Təxminən on il bundan əvvəl, atlar taxıl döyən maşını dartan vaxtlarda, Zorya dönərkən yıxılmış, quyruğu çarxa ilişmiş və çarx onun quyruğunu dibinə qədər qoparmışdı. Quyruqsuz o, gülməli görünürdü. Amma bir dəfə fermaya gələn zootexnik Zoryanı ələ salmaq istəyəndə, Labutyanın tanıdığı mehtər onun şlyapasına at peyini doldurmuşdu.

Dayçaları saymasaq, bu atlardan başqa Labutyanın ilxısında daha iki axta at vardı: Yevnux və Foka. Yevnux çox hündür at idi, dalı bir az sallağıydı, onda zavoda süd aparır və yazığı yəhərləmirdilər də. Düzdü, balaca, amma güclü Foka da az çəkmirdi. Boyunduruğun sürtdüyü yerlər heç zaman sağalmırdı. Əgər Yevnux hündür boyuna görə məşhur idisə, Foka tamam başqa məziyyətinə görə tanınırdı: içməyi çox sevirdi. Bir dəfə iki kolxozçu stansiyaya kətan toxumu aparmış, qayıdanbaş isə dörd qutu araq gətirirlərmiş. Hadisə payız vaxtı, yağışın araverməyən vədəsində olub. Çayın suyu o qədər qalxıb ki, taxta körpülərin də üstünə çıxıb. Kolxozçular mala qol çəkib götürüblər və evə yola düşüblər. Volosatixaya çatana qədər hər şey yaxşıymış. Zoryada gedən kişi körpünü rahat keçib, ikinci kişi də adlamaq istəyərkən körpünün tirləri aralanıb və Foka düşüb suya. Tapqırları və örkənləri qırana qədər, həm kişilər, həm də Foka soyuq suda yaxşıca çimiblər. Araq olan qutuları bir təhər sahilə çıxarıblar. İçib qızışmaq lazımdı, amma stansiyaya gedib gəlmək haqqı bir şüşənin puluna da çatmaz.

Kolxozçulardan biri araq şüşəsini Fokanın ağzına soxub və xırçıldada-xırçıldada burub, arağın ağzı surquç möhürlə birgə yerə düşüb, elə bil almazla kəsiblər, şüşə də sapbasağ qalıb. Onda kolxozçular bunu təkrar ediblər və məzə üçün şüşənin yarısını vedrədəki suyla qarışdırıb ata veriblər, yəni ki, iç və heç kimə demə. At da yarım vedrə suyu içib, onun da titrətməsi keçib. Kişilər boş şüşəni möhürlü-zadlı selpoya təhvil veriblər və arağı ayaqlarından sildiriblər. Foka isə həmin hadisədən sonra arağa dadanıb. O özü mağazaya gedir, kişilər gülə-gülə ona araq verir. Bütün bunlardan sonra o, ayaqları ilə yeri eşir, oynayır və başını yellədir.

Bunlar nisbətən yaşlı atlar idi. Labutyanın ilxısında erkək dayça Zeprem, onun bacısı Zamaşka da vardı, hər ikisi Zoryanın törəməsiydi. Naxırda onuncu madyan Quskaydı. Onlar üçü bir yerdə gəzirdilər. Zeprem Quskanın dalınca hərlənir və ona məxsus sevincli günün yaxınlaşdığını hiss edirdi. Onların hər üçü, Zamaşka qarışıq oynaqlaşır, kişnəyir, bir-birinin yalını gəmirir, heç nə anlamır, kişnəşir, özlərindən böyük atların bildiyini bilmirdilər.

***

Günəş çıxdı və onun ardınca şeh qurudu. Çayın üzü yavaş-yavaş göyərdi.

Labutya ayaqqabılarını dəyişdi və ocağın közlərini söndürdü. Kolluqlardan birinin dibində yatmaq olardı, amma yatmaq istəmədi. O, torbanı və yüyənləri götürdü, tələsmədən atlara doğru getdi. O, Malkaya yaxınlaşanda at təmkinlə fınxırdı və quyruğunu yellədi. Arabaya qoşanda Labutya heç zaman onun başına yüyən keçirmirdi. O, ayağını çəpərə dirəyib Malkanın belinə tullandı, atın yalından tutdu və yorğa getdi. Amma at onu elə atıb-tutdu ki, gülümsündü və yeyinlədi. Atlar təzə çıxan otu həvəssiz-həvəssiz qırpırdılar. Onlar mehriban baxışlı başlarını qaldırır, Labutyaya baxırdılar. Təkcə Zeprem çobana məhəl qoymur, Quskanın böyür-başına hərlənir, dodaqlarını sallayaraq başını qovzayırdı.

- Rədd ol, gəzəyən, indi səni!... - Labutya ona acıqlandı və atları yola tərəf qovdu. Onlar bir yerə toplaşdılar və yorğaladılar, yalnız Vereya hərdən yolun kənarındakı otlardan qırpır və tələsmirdi. Elə bu zaman xırmanın arxasından Seryoqanın “Qaz - 66”sı çıxdı. Seryoqa maşını birbaşa onların üstünə sürdü, atlar dərhal dağılışdılar, Labutya az qala Malkanın üstündən təpəsi üstə yerə gələcəkdi. Seryoqa hırıldayır və nəsə qışqırırdı:

- Labutya! – Seryoqa qəfil əyləci basdı. - Tezliklə sənin sultanlığına son qoyulacaq, gəl mənə müavin ol!

- Nə dedin?

Seryoqa:

- Deyirəm ki, nə qədər gec deyil, işini dəyiş, sənin tifaqını dağıdacaqlar! - dedi və hırıldaya-hırıldaya maşını yerindən tərpətdi, çadırını yellədərək getdi.

Labutya onun son sözlərini eşitmədi, gülümsündü və öz-özünə düşündü: “Yaxşı oğlandı ha, bu cüvəllağı!” O, yenidən qanışirin müəlliməni xatırladı və yenə də onu yadına saldı ki, qışda Quskanı arabaya necə qoşacaq, gənclərlə birgə kənd sovetinə necə gedəcək və mis zınqırovlar şaxtada necə zınqıldayacaqlar.

***

İyulda Labutyanın örüşündə ladan kolları çoxalmış, yağışlar ələməyə başlamış, şirin moruqlar qızarmışdı. Labutya meşəayrıcında ozünə koma tikmiş, üstünü budaqlarla, quru ağ mamırla örtmüşdü və səhərdən axşama kimi burdaydı və yalnız yemək üçün evə gəlirdi. Brezent yağmurluq və torba yağışdan ağarmış, Labutyanın özü isə qaralmışdı. O öz meşəsində xoşbəxt və mehriban idi. Gündə üç dəfə güllə atır və güllələrin səsi uzun müddət meşədə əks-səda verirdi. Atlar çox uzaqlara otlamağa gedirdilər, amma o, həmişə bilirdi ki, atlar hardadı. Qulağını torpağa dirəyir və atların neçə kilometr o tərəfdə otladıqlarını bilirdi, bilirdi ki, meşədə sakitlikdir.

Avqustda uzun və yağmurlu avqust ayı qaraldı. Bəzi gecələr o, ilxını kəndə qovub gətirir, onların addımlarından evlərin divarları silkələnir, lampalar yırğalanırdı. Yayda kökəldilər, hətta sür-sümüyü çıxmış Zoryanın da dalı yumrulandı, haçalandı, təkcə Zeprem hamıdan arıq idi, paçasının arasından yumruq keçərdi.

Bir dəfə gecə keçəndən sonra Labutya komada mürgüləyirdi. Minikçilər atları hələ gündüz işlərinə bölməmişdilər və atlar da qızılağac kolluqlarında mürgü döyürdülər, üçündən başqa: Yevnuxda süd aparmışdılar, Malkada səhərdən xəstəxanaya getmişdilər, Zamaşkanı isə dünəndən aqronom minmişdi və briqadaları gəzirdi.

Sergeyin sahə tərəfdən komaya yaxınlaşdığını Labutya eşitmədi. Oğlan çobanla zarafat etmək istəmiş və gizlicə komaya gəlmişdi. O, qocanın yanında yatan Vereyanı çölə qovdu, damın altındakı quru odunu çıxarıb yandırdı və təzədən yerinə qoydu. Tezliklə quru taxtalar yanmağa başladı və dam da alışdı. Alov Labutyanın olacağını bürüyəndə çoban çölə qaçdı, şalvarının od düşən yerlərini söndürməyə başladı. Seryoqa qəşş edir və gülməkdən otun üstündə qıvrılırdı. Labutya da gülür, torbanı, tüfəngi, yağmurluğu və dırmığı çölə atırdı.

- Mən də fikirləşirəm ki, görən məni dişliyən nədi, - gülə-gülə deyirdi. – Bir də baxıram ki, yanıram! Ay vələduzna, Seryoqa!

Seryoqa isə otun stündə qıvrılırdı:

- Ha-ha-ha...

Onlar yanan taxtaları birlikdə çölə atdılar və otluqda oturdular.

Vereya təəccüblə onlara baxırdı. Dyaçok uzanıqlı halda boynunu uzadıb ot qırpırdı, o biri atlar kolluqda dayanmışdılar.

- Mən də deyirəm, görən məni çalan nədi...

- Ha-ha-ha...

Taxtalar tüstülənir, bürkü onları boğurdu. Seryoqa bir neçə dəfə hırıldamaq istədi, hırıldadı da. Labutyanı isə Seryoqanın müəlliməylə nə zaman evlənəcəyi maraqlandırırdı, soruşmağa da utanırdı. Bir qədər hava barədə danışdılar. Sonra çoban ürəkləndi və soruşdu:

- Sergey, sən necə, Volosatixaya gedib-eliyirsən?

- Orda nə itim azıb? – deyə Seryoqa uzağa tüpürdü, siqaret kötüyünü də onun dalınca atdı.

- Necə yəni, nə? – Labutyanın ürəyinə nəsə damdı.

- Niyə getməliyəm ki? – oğlan güldü. – Getdim-gəldim, bəsdi də. İş başa çatdı, dükanlar da bağlandı.

- Necə yəni bağlandı?

- Elə.

- Bu necə olur? Bəs evlənmək...qız ərə getməlidi, ya yox?

- Üş-üşşş! - deyə Seryoqa fit çaldı. – Axmağam-nəyəm, ondan o qədərdi ki...

- Heç yaxşı deyil... - Labutya etiraz eləmək istədi, amma Seryoqa onun sözünü kəsdi:

- Yaxşı deyil, yaxşı deyil! Elçi-zadsan, məgər!? O, bu yay məndən sonra üçüynən gəzib. Biriynən gəzmək ona da maraqlı deyil!

Labutya tamam büzüşdü, əlindəki bükməni ora-bura fırlatdı, gözləri səyridi. Seryoqa ayağa durdu və tüfəngdən atmağa icazə istədi. Sakit meşə atəşə qəmli və ikiqat cavab verdi.

- Labutya! – Sergey gedərkən səsləndi, - sədr tapşırıb ki, sabah atları kəndə gətirəsən. Hamısını hökümətə təhvil verəcəklər!

- Atsız sən nəsən? – deyə ilxıçı onu çağırdı. – Atsız, cavan oğlan, odunsuz qalarsan, sənin maşınınla ota da gedə bilməzsən. Sən, Sergey, bu işlə zarafat eləmə!

- Nə zarafat? Dedilər ki, kəndə gətirəsən! – Seryoqa dedi və fışdırıq çala-çala getdi

Labutya bir az fikrə getdi, özünü itirdi, ətrafa baxdı. Vereyanın yumru və məhzun gözləri mehribancasına ona baxırdı, meşənin harasındasa qırğı çığırırdı, yanmış komanın taxtaları közərirdi.

***

İki gündən sonra əmr gəldi ki, atları şəhərə gətirsinlər. Labutya, yuxulu kimi, kisələri otla doldurdu, Vereyanın belindən aşırdı, özü də çıxıb oturdu. O biri uşaqlar da Anisa, Yevnux və Zoryayla eyni cür davrandılar, qalan atları isə yüyənlədilər.

Kənddən çıxanda, fermanın yanında bir neçə qadın dayanmışdı. Onlar ağlaya-ağlaya, öz baxışlarıyla atları döngəyə qədər ötürdülər.

Döngəni burulandan sonra “Qaz-69” onlara çatdı, gölməçədən keçdi, atları palçığa batırdı və uzaqlaşdı. Seryoqanın dişlərini necə ağartdığını Labutya gördü, amma nə dediyini eşitmədi.

Axşama yaxın şəhərə çatdılar. Qəbuledici çıxıb getmək istəyirdi, amma atları təhvil almağa məcbur oldu. Labutya atları qaytarmağa işıq ucu görmədiyinə görə, mağazaya gedib, iki yüz əlli qramlıq araq aldı və geri qayıtmaq üçün bazar meydanında oturub Seryoqanı gözlədi.

Arağı içdi, iki xiyarı çörəklə iştahsız yedi. Seryoqa hələ də şəhəri gəzir, sədrin tapşırqlarını yerinə yetirirdi. Labutya yoldan ötən yük və minik avtomobillərinə baxa-baxa meşədəki örüş yerini xatırlayır və qulağına kişnərti səsi gəlirdi.

Birdən o, oturduğu yerdən sıçradı. Atları sırayla bazar meydanından aparırdılar. Vereya hamıdan qabaqda gedirdi, Dyaçok onun quyruğuna bağlanmışdı, arxasında Anisaydı, sonra Foka, Zorya, Yevnux, Quska gedirdi, Quskadan sonra Zeprem və Zamaşkaydı, lap axırda isə Malka. Hündürboylu Yevnux dodaqlarını əsdirdi, Malka başını döndərib Labutyanı tanıdı, astadan kişnədi və atların hamısı dayanıb çobana baxdı.

***

Labutya uşaqlarla birgə Seryoqanın maşınında evə gəldi, axşam yatdı, səhər isə harasa yox oldu. Onun bütün sərvəti – kolxoz tüfəngi, yağmurluq, balta, torba daxmada qaldı, özü isə ilim-ilim itdi və bir daha görünmədi. Bəlkə o, təzədən veyil həyata qayıtmışdı, bəlkə də onu doğma vətəni – naməlum, uzaq Ustrika özünə çəkirdi.

# 3784 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #