Mənim qadınım, sən varsan deyə... -  Çağdaş ərəb şeiri

Mənim qadınım, sən varsan deyə... -  Çağdaş ərəb şeiri
21 aprel 2021
# 17:01

Kulis.az ərəb poeziyasının ən istedadlı nümayəndələrindən biri olan fələstinli şair Mahmud Dərvişin şeirlərini təqdim edir.

Mahmud Dərviş Fələstin əsilli çağdaş inqilab şairlərindəndir. Beş oğlan və üç qızdan ibarət olan ailənin üçüncü övladıdır. 1942-ci ildə dünyaya göz açıb. Mahmud Dərviş müasir ərəb şeirində mühüm rol oynayan bir şair hesab olunur. Ərəb şeirinə ilk olaraq simvolizm anlayışı gətirib. Mahmud Dərvişin şeirlərində qadına olan sevgi ilə vətən sevgisi bir-biri ilə çox gözəl ahəng təşkil edir.

Mahmud Dərviş 2008-ci ildə ABŞ-da vəfat edib

Heç nə könlümü oxşamır

“Heç nə könlümü oxşamır” - deyir avtobusda sərnişin,
Nə radio, nə sabah qəzetləri,
nə təpələrdə qalalar.
Ağlamaq istəyirəm, bəlkə dərdim azalar.

Sürücü cavab verir: gözlə, ey dərdli adam,
az qaldı duracağa,
Hələ çox vaxtın olar,
doyunca ağlamağa.

“Heç nə könlümü oxşamır” - bir başqa qadın söyləyir:
Mən özüm öz qəbrimi,
verdim oğluma nişan.
Qəbrim xoşuna gəldi,
yuxuya getdi, yatdı mənlə vidalaşmadan.

“Heç nə könlümü oxşamır” – bir tələbə dillənir:
arxeologiya oxudum, amma çata bilmədim daşdakı həqiqətə.
Anlamıram düzü mən
Mən görəsən özüməm?

Bir əsgər dillənir, mən də,
“Heç nə könlümü oxşamır”
Üstümə çökən kabusu
Hər dəfə bürüyəndə.

Əsəbi sürücü çağırır:
Budur son duracağımıza
lap azacıq vaxt qalır.
Enişə hazırlaşın!

Qışqırır hamı yerindən:
Dayanma sür! Tezdir hələ, bir stansiya daha...

Mən isə...
Onlar kimiyəm mən də,
“Heç nə könlümü oxşamır”.
Sanki bu qışqırıqda,
özümü unutmuşam...
Amma düşür məni burda!
Səfərdən yorulmuşam...

Kaş ki daş olum

Kaş ki mən bir daş olum
Bilməyim nədir həsrət
Nə dünənim getsin
Nə bu günüm olsun
Nə də sabahım gəlsin
Heç bir şey baş verməsin

Kaş ki bir daş olum,
dedim ki, mən kaş...
Suyun parıldatdığı bir daş...
Yaşıl olum, saralım.
Heykəl və ya heykəltəraşlıq işi olub,
bir otağa qoyulum.
Lazımsız boşluqlardan zərurəti doğurum.

Kaş ki mən bir daş olum
Həzin, incə daş olum...

Bu dünyada yaşamağa dəyər

Bu dünyada yaşamağa dəyər şeylər var,
Qeyri-sabit aprel ayı,
Səhər çağı isti çörəyin ətirli qoxusu,
Bir qadının kişilər haqqında düşüncələri,
Esxilin yazıları,
Sevginin ilki, əvvəli
Daş üzərində bitən otlar
Ney səsinə düzülən analar,
İşğalçıların xatirələri...

Bu dünyada yaşamağa dəyər şeylər var
Sentyabrın sonu
Bütün gözəlliyi ilə qırxını tərk edən qadın
Həbsxanada günəş saatı
Varlıqlardan şəkil biçən bulud
Ölülərinə yasəmən aparan xalqın hayqırtısı
Zalımların mahnılardan qorxusu

Bu dünyada yaşamağa dəyər şeylər var,
Yer kürəsində yerin qadını
Başlanğıcların anası
Sonluqların anası
Fələstin adlanır adı
Mənim qadınım
Sən varsan deyə mən,
yaşamağı haqq edirəm

Ərəbcədən çevirdi: Kamil Miriyev

May be an image of Kamil Miriyev

# 3273 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #