Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə

Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12 aprel 2021
# 12:14

Kulis.az Günel Natiqin "Qırmızı çəkmələr" hekayəsini təqdim edir.

Al qırmızı uzunboğaz çəkmələrini ayağına keçirdi. Güzgüdəki əksinə bir də şəstlə baxdı.

- Bu çəkmələrlə də diqqət cəlb etməsəm, özümü yandıracam.

Gülümsədi. Bu cür uğursuz zarafat etdiyinə görə özünə ən azı istehza etməliydi. Bu boy-buxuna, bu qədd-qamətə heç vaxt qıymazdı - qırx illik ömründə kişilərdən fərqli özünə heç vaxt xəyanət etməmişdi; əyər-əskiklərini də sevmişdi. Zamanla üzünün zərif, ağ dərisinə ləkələr düşəndə də, saçları kövrəkləşib cazibəsini itirəndə də, həmişə mütənasib olan bədəninin gözəçarpan dərəcədə kilo aldığını hiss edəndə də bunu faciəyə çevirməmişdi.

Hər şeyə əlac vardı: artıq ənlik-kirşanın ən keyfiyyətlisini seçir, saçlarını şux qırmızımtıl rənglərə boyayır, paltarları da bir az gen-bol alırdı. Amma yenə də küçədə-bacada əvvəlkitək baxmırdılar ona, o da altdan-altdan itkin nəzərləri öz üstündə gəzir, tapmayanda özünə belə toxtaqlıq verirdi:

“Bütün gözəl qadınlar onlara olan pərəstişin, heyranlığın bədəlini yaşlanmaqla ödəyirlər”.

Səkidə şəstlə gedirdi. Gözaltı yanından ötənlərə baxırdı. Deyəsən son vaxtlar kişilərdən çox qadınların diqqətini cəlb edirdi. Bütün görkəmiylə “heç eynimə də deyil” demək istədi, amma bacarmadı. Hiss elədi ki, qırmızı çəkməli ayaqlarını əvvəlki kimi şəstlə atmır. Xəfif titrəyiş sezdi - təkcə ayaqlarında deyil, bütün vücudunda.

- Xanım, bir dəqiqə olar?

Çevrildi. Ucaboylu kişi idi. Gicgahlarındakı tüklər ağarsa da, qədd-qamətli, kifayət qədər şux adam idi.

Qadın nazlandı. Qeyri-ixtiyari əlini saçına apardı. “Axır ki” ürəyində düşündü. Nəsə demək istəyirdi ki, kişi zərif hərəkətlə əlini saçlarına çəkib bazburutuna uyğun gəlməyən incə səslə astadan soruşdu:

- Deməzsiz, bu qırmızı çəkməni hardan almısız?

# 5166 dəfə oxunub

Oxşar xəbərlər

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

13:00 27 noyabr 2026
Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

17:27 26 noyabr 2026
"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
Tavriya - Ulucay Akifin yeni hekayəsi

Tavriya - Ulucay Akifin yeni hekayəsi

12:09 24 noyabr 2026
Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

12:00 23 noyabr 2026
İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

13:31 22 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər