Dua et batmasın “Titanik” – Ən gənc şairlərimizdən ən gözəl şeirlər

Dua et batmasın “Titanik” – Ən gənc şairlərimizdən ən gözəl şeirlər
2 fevral 2021
# 17:05

Kulis.az Gənclər Günü münasibəti ilə Azərbaycan ədəbiyyatının ən gənc şairlərinin seçmə şeirlərini təqdim edir.

Ramil Əhməd. “Metamorfoz”

Ovidiyə

Dayanar yol kənarında
hər gün bir uşaq.
Bir uşaq dayanar hər gün
yol kənarında,
çəkər yolların tozunu kirpiklərinə,
yollardan soruşar atasını.

Atasının ayaqqabısını
geyinib qaçan uşaq
elə bilər ki, maşınları da ötüb keçər...
Bağlaya bilmədiyi ayaqqabının ipləri
dolaşar ayaqlarına, yıxılar üzü üstə.

Hərif hər gün ataya məktub yazar
hərfsiz bir əlifbada.
Tanrıdan, bir də mələklərdən başqa
kimsə bilməz bu əlifbanı.
Tək qalınca,
çəkilib bir küncə,
göndərər bütün parabüzənləri
atasının dalınca:
"Uç, uç, qarı nənə, mənə atamı gətir"...

Bir daşın üstünə çıxıb
əllərini yuxarıya uzadan uşaq
Allaha toxunacağını düşünər...
Qalxar hündürə, lap hündürə –
barmaqlarının ucuna!!!
Amma yenə toxuna bilməz Ona...

Və bir gün...
Bir gün hürkər –
görəndə çiynindən çıxan
ağappaq, ağappaq lələkləri!
"Ata! Ata!”, – qışqırar!
Qışqırar,
pərən salar çiynindəki mələkləri.
Atar özünü
lələklərinin ucundakı həsrətdən,
nə ölüsünü görən olar, nə dirisini –
yer üzündə bir uşaq azalar,
göy üzündə bir mələk çoxalar...

Ulucay Akif. “Sual”

Peterburqun bəyaz gecələrindən
birində yazdığım şeir

Bu sehrli gecələr,
bu bəyaz gecələr
bizə öyrədir ki,
Günəş batmır,
biz ondan üz döndəririk...
Bir paket siqaret,
bir şüşə çaxır
və mən,
Nevanın sahilindən
Sənə salam göndəririk
Ya Rəbb,
sevdiyim bütün adamlarda
Səni axtardım,
Bəs Sən məni
kimdə axtaracaqsan?

Eminquey Akif. “Məni yarsan”

məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.

məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam...

məni yarsan, görərsən ki,
içimdə milyon dilim var - anlaşılmayan...
birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan...

məni yarsan, görərsən ki,
içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım...

məni yarsan, görərsən ki,
içimdə milyon ölüm var,
sağam hələ ki...
biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi...

Rauf Ra. “Yuxu yozmaları”.

Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
aypara qaranlıq tərəfindən - yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə - suyun yuxusuna
sönən şamın son qığılcımı, xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,
beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,
çəpər gecə-gündüz dikər gözünü budaqlara
daş tutmuş yuxusunda kök atar torpaq boyu.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Tarlalar yol olar, uzanar küləyə, Vinsent,
titrəyən sünbülə cəllad olar aypara,
yaslanası divar bilər özünü ot tayası.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.

"La tristesse durera toujours”

Cahan Xanım. “Alma, alma”

- “Alma, alma!”
Çıx daha
gizləndiyin bucaqdan...
Mən uduuuzduuum,
uduuuuuzduuuuuuuum.
Qışqırıram, uzaqdan
səsim çatırmı sənə,
eşidirsənmi məni?!
Mənəm, mənəm,
Mənəm, mən!!!

Qaldır başını bir az,
Bir az endir başını.
Bax, bu sənin dənizin,
Bax bu sənin sahilin,
Bu da balaca qızın...

Dəhşətlidir, deyilmi?
əllərimdə qan izi.
Bax, yaxşı bax, yaxşı bax
Sənə tanış gəlirmi bu qan,
bu əl,
bu “günah”?!

...yalvarıram,
çıx daha!
oyunu bitirmişəm.
Gəl, su tök yu əlimi,
Özümü öldürmüşəm...

El Roman. “Quyu”

Dərin bir quyu vardı.
su içmək istəyəndə
atam ora düşmüşdü.

O gündən sonra hər gün
quyuya su tökməyə
özümə söz vermişdim.

Sonra başqa atalar
“Quyuya su tökməklə quyu dolmaz” dedilər.
Bir tökdüm, iki tökdüm,
üçüncüdə qonşular tökmək olmaz dedilər.

İki günün içində bir pişik balası da
düşdü, quyuya düşdü.
Onun da su içəndə ayaqları sürüşdü.

Həmin o gün atamdan onu qaytarsın deyə
xahiş də eləmişdim.
Atam qaytarmayanda o pişiyin adından
qarğış da eləmişdim.

Kimisə köməyimə
çağıra bilməmişdim.
Bir gün dəli qonşumuz quyuya daş atmışdı,
qırx ağıllı yığışıb
çıxara bilməmişdik.

Amma dostum, kim bilir,
Bəlkə hələ də sağdı,
bəlkə öz gözləriylə
cənnəti görüb orda?
Bəlkə pişik balası
doqquz canından birin
atama verib orda?

Bir gün dəli qonşumuz
quyuya daş atmışdı.
O daş başına düşdü
pişiyin, ya atamın?
O gün bərk tapşırmışdım
bu quyuya atamı.
O gün quyu apardı
quyu kimi adamı.

Aydan Ay. “Həkim”

Həkim, pərdələri çəkin
Pəncərədən içəri sızan günəşi görmək istəyirəm...
Həyatı birdə qoxlamaq istəyirəm doyunca...
Sevdiyimin gözlərinə hörmək istəyirəm ulduzları...
Son nəfəsimdə məsud olaram onda bəlkə.
Ömürdən ölümə yol alınca dönüb olaram yağmurun üzündə bir kölgə...
Anamı dan yerinə,
Atamı qumru ahına tapşırıb gedərəm..
Sonra göylər üzü dənizə dönər,
Qəfil gələr buludu ölüm,
Körpələrə şərqi söylər ağ ləpələr...

Bətnimdə bir körpə ömrü qürub edər...
Bilməzlər ki,
Anası şeir idi,
Atası kədər...
Nə yaşadısa, yaşadı mürəkkəbim tükənənə qədər...

Orxan Saffari. “Məni bir gün öldürər”

Məni bir gün öldürər
Bu sərsəri ağrılar.
Ani əzablarımdan
Sənə xoşbəxtlik doğar.

Məni bir gün öldürər,
Gecələr arzu tutmaq
Səhərəcən yatmayıb,
Səni də unutmamaq!

Məni bir gün öldürər,
Səni itirmək hissi
Bir də sənsiz yaşayıb,
Ölməməkdir ən pisi!

Məni bir gün öldürər,
Öldürər həyat, qızım.
Gözləri şabalıdı,
Saçları qıpqırmızım.

Məhəmməd Tanhu. “Ulduzlar və sairə”

Qaranlıqlar qaçışdı şəhərin üstə
Həvəssiz Ay göründü kiridi şəhər
Gecəyə bulaşdı yollarda nə var
adamlar, ağaclar, qart tısbağalar.
Tısbağalar əzəldən yolçu doğulmuş

Saçı uzun saray xanım, donu uzun daray xanım
Xəbərsizsən “Səma dənizinin balıqları”ndan
Günəş çıxır olursan, dənizlərin mavi mələyi
Qüruba endi döndün, sonetlərin əsmər ledisinə
Möcüzələr ölkəsində az veyillən, Alisa
Getdiyin kimi qayıt xəyal quraq ölənəcən

Tülkü qonaq çağırır evə durnanı
Üçgünlük boyat dovğanı qoyur süfrəyə
Ay işığının ayağı altda qalır qəsəbə
Dığırlanıb dörd yana dünyanı yamsılayan
Aşiq-məşuq kirpilər daha nə istər
Kirpi kirpiklərindən öpülmək istər?

Yusifin quyusunun yosunlarını
Qoxlayıb-qoxlayıb doydu ilbizim
Kimdir axı düşmənin bu ləng dünyada?
Don Kixot ilbizim, fağır ilbizim
Hamsı mifdir, əfsanədir, nağıldır, rəvayətdir
Sən də qaç sorağına qaranlıq gəlir
Qurbağalar əsgər təkin növbələşir sularda
Bir bülbül də gecikdi; oxuyar bek-vokalda

Cənub girəcəyində “Mərkəzi Park”ın
Göldə üzən ördəkləri görmüsünüz?
O göl qışda ördəksiz qaldımı?
Qu quşu yuvasının üstündən uçan
Ördək öcün aldımı?

Səhərəcən yaxasından yapışıb ağacları
TV-yə insansaq, yoracaq Xəzri.
Həyətdəki ağacla qol-boyun olub
Yaxamdan salacam yolunu qarışqaların
Qarışqalara heyvanlığın vicdanı deyəcəm

Kölgəmi yoranacan gəzəcəm küçə boyu
Köynəyimin yaxasında, qollarında qarışqa
Ritmi pozuq addımlardan xoflanacaq köpəklər
Hasarın o tayından növbəylə hürüşəcəklər
İçindəki uşağa özgələşmir böyük itlər

Kazım Kazımoviç. “Dəvət”

(Hər DƏVƏT – öz ilahmını Nuhdan alır)

Dilbəra
Bir ara;
unut hamısını,
Knut Hamsunu,
Frans Kafkanı...
İlk görüş koftanı,
yoxla gör
gəlirsə əyninə,
geyin gəl, görüşək
"Bəşir Səfəroğluda"
Boyansın qüruba
Xameleon gözlərin;
görəndə rəngimi...
Dilbəra!
Əğyara meylini salma gəl,
qalma gəl...
Dua et batmasın Titanik
Buz kimi su səpdim yollara
romantik-romantik
Toz olmaz, qorxma gəl;
Qonmadan budağa son bahar
sərçəsi...
Gəl danış... Ruhumu oxşasın
Naxçıvan ləhcəsi...
Dilbəra!
Rüzgara qoşul gəl
Uzun-incə bir yol gəl
Min dəfə tövbəni pozmuş
olursan ol, gəl
Nolursan ol, gəl.

# 3720 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #