Fahişələr səlib müharibələrində də iştirak etmişdi - ARAŞDIRMA

Fahişələr səlib müharibələrində də iştirak etmişdi - ARAŞDIRMA
19 may 2011
# 09:45
Dünyanın ən qədim peşəsi olduğu söylənilən fahişəlik, əlbəttə, peşələrin ən qədimi deyil. Hətta onun peşə olması belə ciddi mübahisə mövzusudur.

Fahişəlik əkinçilik və oturaq icmaların formalaşmasından sonra yaranıb və yarandığı gündən də “müqəddəs şər” adlandırılıb.

“Tarixin atası” Herodotun yazdığına görə, “müqəddəs fahişəliy”in kökləri Mesopotamiya mədəniyyətinə qədər uzanır. Ehtimala əsasən, bu peşə Avropada ilk dəfə e.ə. 6-cı əsrdə qədim Yunanıstanda məhsuldarlıq məbədlərində ortaya çıxıb. Belə ki, kişi və qadın kahinlər əmək məhsuldarlığını artırmaq üçün cinsi birləşməyə məcbur idilər. Həm də bu icraatı tezləşdirmək lazım idi. Tanrılara qurban vermək adəti nağd ödənişlərə çevrildiyindən, “müqəddəs fahişəlik” də dini qurumlara gəlir gətirən ən əsas sahəsinə çevrildi. Fəqət bu zaman yavaş-yavaş dindənkənar fahişəlik də formalaşmaqda idi.

“Müqəddəs vəzifə”

“Müqəddəs fahişəliy”ə antik dünyanın bütün əkinçilik mədəniyyətlərində rast gəlinir. Məsələn, hind tarixçiləri e.ə. 6-cı əsrdən etibarən öz qeydlərində bu peşədən söz açıblar. Və hind torpaqlarında onlara “Tanrının qulluqçusu” deyilib.

“Tanrı qulluqçuları” mənsub olduqları məbəd üçün cinsi əlaqəyə girir və hərəkətlərini müqəddəs ayin hesab edirdilər. Bu cinsi əlaqə ilə onlar insanların, heyvanların və torpağın məhsuldarlığının artırdığını iddia edir və buna özləri də inanırdılar. Ən əhəmiyyətli məqam isə “Tanrı qulluqçuları”nın “müqəddəs vəzifə”ni pul qarşılığı etməsi və əldə olunan gəlirin məbədin xəzinəsinə ödənməsi idi.

Zaman keçdikcə onların sayı durmadan artırdı. Məsələn, 1026-cı ildə Sultan Mahmud Samanta məbədini dağıdanda orada 350 “Tanrı qulluqçusu” vardı. Çinli səyyah Çao-Ju-Kua 1226-cı ildə Hindistanın Qudcarat əyalətinin 4 min məbədində 20 min “qulluqçu”nun olduğunu bildirir, Marko Polo da bu faktı təsdiq edirdi.

Büdcənin sabit gəlir yeri

“Müqəddəs fahişəlik” qısa müddət sonra dindən kənar fahişəliyin yaranmasına zəmin oldu. Məsələn, qədim Yunanıstanda e.ə. 6-cı əsrdə ortaya çıxan qadın bədəninin ticarəti qısa vaxt kəsimində elə bir səviyyəyə çatdı ki, məşhur Afinalı qanunverici Solon (e.ə. 640-558) ilk fahişəxanaları açmaq məcburiyyətində qaldı. “Dikterion” adlanan bu evlərin sahibi şəhər-dövlət idi. Hər evdə işlərə bir məmur qrupu nəzarət edirdi. Qazancdan “porniketos” adlı vergi tutulur və vəsait tam şəkildə dövlət büdcəsinə keçirdi.

Fahişələr, eynilə cəmiyyətin özü kimi, zaman içində təbəqələşməyə məruz qalırdı. Ən aşağı təbəqə “dikteriades” adlanırdı. Bu qrupa mənsub qadınlar uniformaya bənzər paltar geyər, günəş batmadan küçəyə çıxa və icazə almadan şəhəri tərk edə bilməzdilər. Həmin qadınlar cəmiyyətin ən alt qatından kişilərə xitab edərdilər.

Orta sinif fahişələr “auletrides”, yuxarı təbəqənin təmsil edən fahişələr isə “dost” mənasını daşıyan “hetaires” adlanırdı. Onların arasında Firene, Korintoslu Lais və ya sonralar məşhur Periklesin arvadı olan Aspasya kimi bəzi məşhur tarixi simalar da vardı.

İlk iki təbəqədən olan fahişələri dəllallar işlədirdi. Qədim yunan hüququna görə, fahişələr dəllalların malı hesab edilirdi.

“Dikteriades”ləri adətən, ailəsi tərəfindən atılan və ya quldurlar tərəfindən qaçırılaraq Aralıq dənizi yaxınlığındakı bazarlarda satılan uşaqlar arasından seçərək yetişdirirdilər. Qanuna görə, kasıb qızlar, tərk edilmiş qadınlar, kimsəsiz dullar da bu ticarəti inkişaf etdirməli idilər. Lidya, Kartaca və Kiprdə gəlinlik yaşına çatmış qızlar da cehizlərini toplamaq üçün fahişəlik etmək haqqına sahib idilər.

“Dişi qurd”un qurbanları

Romalılar fahişəyə “meretrix” (“bədənindən pul qazanan”) deyirdilər. Bu qadınların çoxu qul sahibi olan və bundan əlavə fahişə dəllallığı edən “leno”nun mülkiyyətində idi.

Bu şəhərdə də fahişələr təbəqələrə bölünmüşdülər. Ən aşağı qatdakılar dar və murdar küçələrdəki lojalarda vəzifələrini icra edirdi. Vezuvinin püskürməsindən viran qalmış Pompeydə də eyni qaydalar hakim idi. Lojalarda bir çarpayı və müştəri gələndə pəncərəni örtmək üçün xüsusi pərdə vardı. Bu evlərə “lupanar” (latın dilindən tərcümədə “dişi qurd evi” mənasını verir) deyilirdi. Çünki dişi qurd yırtıcı, murdar qoxulu və iyrəncdir. Dişi qurd (lupa) ovunu “lupanar”a aparırdı.

Örtük qadağası

Fahişəliyin ortaya çıxdığı qədim dövrdən bəri bu peşə sahibləri paradoksal bir rola sahib olublar. Bir tərəfdən, onlar marjinallaşdırılıb və cəmiyyətdən təcrid ediliblər. Digər tərəfdən, onlar kişilərin qızaraq evli qadınlara və gənc qızlara hücum etməsinin qarşısını alıb və ehtiraslarını söndürüblər. Bununla da fahişələr ailə ləyaqətini və cəmiyyəti qoruyublar. Amma yenə də dözülmələri vacib olan lazımsız zümrə sayılıblar.

Cəmiyyət və ailə üçün bu qədər əhəmiyyətli olmalarına baxmayaraq, fahişələr barmaqla göstərilir, hər zaman hər yerdən qovulur, haradasa ev dustağı olurdular.

O, namuslu bir qadın kimi görünməmək məcburiyyətində idi. Qanunvericilik fahişənin yalnız namuslu kişilərə zövq verməsinə icazə verirdi. Ailə qurmaq və uşaq doğmaq hüququ yalnız nikahlı qadınlara şamil idi. “Hörmətli qadın”larla qarışdırılmasın deyə fahişəyə xüsusi bir paltar geyindirərdilər. Romada fahişələrin analar, vətəndaşların qanuni arvadları kimi uzun don geymələri qadağan idi. Onlar üzlərini boz rəngli örtük ilə örtməli və sarı parik taxmalı idilər. Lakin Mesopotamiyada namuslu qadına zəruri olan örtük fahişələrə qadağan idi.

“Murdar qoxulu” səlibçilər

Qədim Qalliyada (Fransa) rejimində fahişələri dağlayaraq damğalayırdılar. Fransız dilindəki “pute”, “putain” (fahişə) sözü latın dilindəki “putidusdan” (“murdar qoxulu”, “çürümüş”) sözündən yaranıb.

Orta əsr Avropasında bir dövr fahişəlik “böhran keçirdi”. Amma şəhər kənarında, çay boyunca tikilən evlərdə fahişəlik yaşayırdı. Bu evlərə “bordereau” deyilib ki, bu da fransız dilində “bordel”, ingilis dilində isə “brothel” fahişəxana mənasını verirdi.

Fahişələr orta əsrlərin bütün müharibələrində, o cümlədən səlib yürüşlərinin birincisindən sonuncusunadək hamısında iştirak ediblər. Fransa kralı Müqəddəs Luinin başladığı xaç müharibəsində Krallıq Maliyyə İdarəsi “ordu təqibçiləri” adı altında kral əsgərlərini “müqəddəs savaş”a cəsarətləndirmək üçün 13 min fahişəyə maaş ödəmişdi.

Vüqar Qurdqanlı
# 1628 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #