Vaqif İbrahimoğlunun son müsahibəsi

Vaqif İbrahimoğlunun son müsahibəsi
13 may 2011
# 12:54
Dünən axşam saatlarında görkəmli rejissor Vaqif İbrahimoğlu öz evində dünyasını dəyişib. Kulis.az-ın məlumatına görə, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru olan Vaqif İbrahimoğlu uzun sürən xəstəlikdən sonra vəfat etdi.
V. İbrahimoğlu ilə vida mərasimi bu gün Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.

Dosye: 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıb). Vəfat edənə qədər “Yuğ” Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosenti idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.

Vaqif İbrahimoğlu “Yuğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.

Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası olub.


Rejissor son müsahibəsini Kulis.az-a vermişdi. Vaqif İbrahimoğlu müsahibəsində xəstəliyindən, yeni ideyalarından danışmışdı, “Vaqif İbrahimoğlu mərkəzi” yaratmaq istədiyini açıqlamışdı.
Vaqif İbrahimoğlu dünya ilə vidalaşdı. Ondan geriyə “Yuğ” və bu ideyaları qaldı...

Prezident təqaüdçüsü Vaqif İbrahimoğlunun Kulis.az-a müsahibəsi

Ötən ilin oktyabr ayından səhhətində problem yaranan əməkdar incəsənət xadimi, Dövlət “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu özünü qismən yaxşı hiss edir. Əvvəl Bakıda, sonra Türkiyədə, indi təkrarən Bakıdakı xəstəxanalardan birində müalicə kursu keçən rejissor bu günlərdə prezident təqaüdünə layiq görüldü. Onu müalicə aldığı xəstəxanada ziyarətə gələnlər palataya növbə ilə iki-iki buraxılır. Çalışdığı “Yuğ” teatrı da belə idi, ondan məsləhət almağa, nə isə öyrənməyə gələnlər ya müəyyən saat danışıb gəlirdilər, ya da belə öz növbələrini gözləyirdilər.

Həmin funksiyanı xəstə yatdığı palatada belə yerinə yetirir. Onun yanına getməkdə məqsədim müsahibə almaq deyildi, sadəcə görmək, söhbət etmək istəyirdim. Söhbət əsnasında təklif etdim ki, bəlkə bunları yazaq? Razılaşdı...

- Təqaüd almağınız münasibəti ilə təbrik edirəm, Vaqif müəllim...

- Sağ ol, səhər heç bilmirəm kim verdi o xəbəri mənə, amma özüm bilirdim ki, mənə verəcəklər. Sağ olsun dövlət, var olsun Mədəniyyət və Turizm nazirliyi onsuz da bütün müalicə xərcimi ödəyirlər. Söhbət 30-50-100 min manatlardan gedir, mən o maliyyəni yüz il qala tapa bilməzdim. Türkiyədə müalicə alan vaxt çox ağır dönəmlər yaşadım, o dünyanı görüb gəldim.

Bu məqamda “Yuğ”un aktrisası gəlir- Sona Mikayılova. Vaqif İbrahimoğlu ilə görüşüb bir-birilərini prezident təqaüdünə düşdüklərinə görə təbrik edirlər. Vaqif İbrahimoğlu “təzada baxın”-deyir: “xəstəxanada məni təbrik edirlər.”
Sonra da Vidadi Həsənov gəlir. Fikir bir az yayınır. Sonra yenə söhbətinə davam edir:

- Nə qədər mükafat var mənə verilib. Bunlar bir sənətkar, bir şəxsiyyət kimi mənə lazım deyil, amma bir sosial varlıq kimi lazımdır. Ona görə də Sona Mikayılovaya, Məmməd Səfaya dövlət tərəfindən mükafat verildi. Onların buna ehtiyacı var. Mən teatrdan siyahı göndərəndə fəxri adlardan çox bu siyahıya üstünlük verirəm ki, aktyorun sosial vəziyyəti yaxşılaşsın. Sağ olsunlar, verdilər. Bu, hökumətin həm də bizə mesajıdır. Biz də o mesajı qəbul edirik. Açması yoxdur.

Yetirmələrim sözünü sevmirəm, onlar mənim cocuqlarımdır, bilirsən neçə dəfə baba olmuşam, özüm sayını itirmişəm artıq. Bayaq Mikayıl Mikayılov Novosibirskdən zəng edib ki, baba olmusunuz, bu mənim üçün böyük fərəhdir. Hər biri məni o xəbərlə sevindirir. İndiki halımda gəlirlər-gedirlər, əziyyət çəkmişəm, itirmirlər.

- Bayaq o dünyanı görüb gəldim deyəndə fikriniz yayındı, nə isə demək istəyirdiniz...

- Bir strateji ideyam var, onu eləyəcəm inşallah, sağlıq olsun. Nədən ibarətdir o strateji ideya? Bir Vaqif İbrahimoğlu mərkəzi yaradacam. Tamam fərqli, qeyri-kommersiya xarakterli. Sadəcə, cüzi ödənişlə ki, yer haqqını ödəyə bilək. Bunu “Yuğ”un kiçik məkanında eləmək olmaz. Elə bir yer olsun ki, gəncləri yığ başına, kim nədə çətinlik çəkir, kim hansı istiqamətdə daha istedadlıdır, yönləndir.

Cocuqlardan imkansızlar orda qala da bilərlər, bir müddət. Bunu yaratmaqda öncə dostların köməyinə arxalanarıq, sonra da yavaş-yavaş borcumuzdan çıxarıq.

Bunun üçün də sağlam can, fiziki qüvvə lazımdır, düzəlim, işə başlayacam. Yubanmadan, çünki vaxt itirmək olmaz. Həmişə Tofiq Kazımovu qınayardım ki, ay ustad, niyə sağlığında bir mərkəz yaradıb gəncləri öz ətrafına yığmadın? Onsuz da nə gərək idisə, hamısını edirdin gənclər üçün. Türkiyədə ölüm-dilim mübarizəsindən sonra, yenidən həyata gələndə özümə dedim ki, indi bu vəzifə sənin boynuna düşür, Vaqif. Mənim Türkiyədə də, burda da müalicəmin xərcini Mədəniyyət və Turizm Nazirliyi çəkir. Üstəgəl, Kamal Abdulla, İsrafil İsrafilov, sağ olsunlar. Bu haqqı ödəmək üçün yaşamalıyam. Ondan başqa beş-altı planım var, onları da həyata keçirməliyəm.

- Nə planlardır?

- Onlar artıq yaradıcılıqla bağlıdır. İş görülər, sonra danışılar. O dünya ilə bu dünyanın arasında bir məqamı anladım. Anladım ki, Vaqif İbrahimoğlu iqtidarın da dostudur, müxalifətin də. Hamı eyni dərəcədə can yandırdı mənə. Deməli, istisna hallar var. Deməli, yaşamalıyam, yaşamalıyam ki, yeni ideyalarımı, planlarımı həyata keçirim. Mənə ehtiyac var. Türkiyədə Anar, Siyavuş Kərimi, Fərhad Bədəlbəyli gəldilər yanıma, təşəkkür edirəm. Kim Türkiyədən keçirdisə, Vaqif İbrahimoğluna baş çəkirdi. Həmin mərkəzdə məşqlər də qeyri-standart olacaq. Artıq bu haqqı da almışam, bu vaxtdan sonra mənə filan saatdan məşqə başla, filan tamaşanı qoy deyilməyəcək. Mən də yavaş-yavaş haqqımı verəcəm.

Ramilə Qurbanlı

Kulis.az-dan: Ötən dəfə Ramilə Qurbanlı bu müsahibədə imzasından öncə ”Tanrıdan Vaqif müəllimə şəfa diləyi ilə” yazmışdı... Biz onu çıxartdıq, təəssüf hissi ilə...

# 1991 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #