50 illik ədəbiyyat kafesi: ”Monolit” – FOTO

50 illik ədəbiyyat kafesi: ”Monolit” – FOTO
12 may 2011
# 12:03
«İstiqlaliyyət» küçəsinin axırında, bahalı butik və restoranlar cərgəsinin bitdiyi yerdə keçmiş «Kommunist» küçəsinin son yadigarı yerləşir. Bura sovet Bakısının son «qalası»dır - sovet hakimiyyəti 20 ildir, dağılsa da. Bəlkə də elə adına görədir, «Monolit» olduğundan hələ də duruş gətirə bilir.

Amma deyəsən yox! Deyəsən onun da axırı çatıb. İllərin dostlarının yığışdığı, üzü üzlər görmüş «Monolit»i bağlayırlar. «Bəxt üzüyü» filmində Hüseynin dediyi yadınızdadırmı: «Mənim böyüdüyüm «detdom»u söküb yerində restoran tikiblər». Hə, «Monolit» bağlanır, yerində paltar mağazası olacaq. Orta və yaşlı nəsil bildi söhbət hardan gedir. Sabirin heykəli il üzbəüz yerləşən məşhur «Monolit»dən.

«Monolit»də Abbas Abdulla vaxtı

«Buranın yerləşdiyi bina Bakıda ilk beton bina olub. Ona görə adına «Monolit» deyilib. Elə bu kafenin də adı ordan götürülüb. Sovet vaxtı adı nə olub? Nə bilim ay, oğul, bəlkə 50 ildir ki, bura gəlib gedirəm, elə «Monolit» eşitmişəm». Bunu bizə şair İlyas Tapdıq deyir. Buranın daimi müştərilərindən biridir.

O, mən, Vaqif Nəsib və Mübariz Məsimoğlu bir stolda oturmuşuq. Bu vaxt şair Abbas Abdulla içəri daxil olur. «Saat dörd oldu, çıxım gedim» qonşu stolda oturmuş (sonradan öyrəndim ki, rəssamdır) eynəkli birisi deyir. Və məlum olur ki, Abbas müəllim hər gün düz saat 4-də «Monolit»ə gəlir. Bir dəqiqə o yan bu yanı yox, məhz saat dörddə! Və keçir kafenin direktoru Zakir Məmmədovun kabinetinə.

SSRİ-nin stolları, ventilyatoru, tərəzisi və ölmüş milçəkləri

Kabinet deyəndə ki, balaca xudmani otaqdır. Stol stulu da bəlkə sovet dönəmindən qalmadır. Amma heç bir bəlkəsiz kafenin əksər inventarlarından SSRİ-nin xoş qoxusu hələ də çəkilməyib.

İndi tavanda fırlanan ventlyatoru harda görə bilərsiniz ki? Amma «Monolit»də hələ də fırlanır. Hələ üstündəki ölmüş milçəkləri demirəm. Lap o əyyamlardakı kimi. Bir də hamının Zina çağırdığı gülərüz bufetçinin üstünə kolbasa, toyuq budu qoyub çəkdiyi kəfkirli tərəzi. «Burda bir stol var. Bax, o axırdakını deyirəm. Güzgünün altındakı. Bəlkə də yaşı səninkindən çoxdur. O stolun öz kliyentləri var. Elə adam var ki, bəlkə də 30 ildir bura gəlir, ancaq o stolda oturur. Gəlir tutaq ki, görür orda kimsə oturub, boş yer olsa da gözləyir. Bayaq Fuad da gəldi bizimlə oturmadı. Deyir, mənim yerim oradır, ordan başqa heç yerdə otura bilmirəm». Bunu isə şair Mübariz Məsimoğlu deyir. Hə, bu ki, sabiq həmkarımız Fuad Həsənoğlu imiş ki? Neçə ildir görüşmürdük. Fuad deyir ki, 15 ildən çoxdur ki, bura gəlib gedir. Özü də ancaq bu stolda oturur.

Əslində bura sözün həqiqi mənasında köhnə dostların görüş yeridir. Bura şairi yazıçısı da gəlir, sürücüsü, hətta «bomj»u da. Kafenin direktoru Zakir müəllim deyir ki, ADU-nun (indiki BDU- S.M.) jurnalistika və şərqşünaslıq fakültələri indiki İqtisadiyyat Univerisitetinin binasında yerləşirmiş. «Həm oranın uşaqları, elə müəllimləri də, həm də «narxoz»unkular bura gələrdilər. Üstəlik, Əlyazmalar institunun işçiləri də. Həmin ənənəni indi də çoxları davam etdirir. Bir də köhnə yazıçı və şairlər gəlir buraya. Yəqin SSRİ-nin nostalji hissi gətirib çıxarır, başqa nə ola bilər ki?! Gör şəhərdə ucuzlu-bahalı nə qədər kafe var?».

«Bir dəfə bir gündə 4 min butulka su satmışdıq»

Buranın əvvəli su pavilyonu olubmuş sən demə. Həm şirəli su, həm də mineral su satılırmış. Sonradan kakao və sosiska verilməyə başlayıb. Şair Vaqif Nəsib zarafatla deyir ki, mən tələbə vaxtından bura gəlirəm. Əvvəl sudan başladım, sonra pivəyə keçdim, ondan da arağa». Sudan söz düşmüşkən, Zakir müəllim maraqlı rəqəm açıqlayır. Deyir ki, bu kafe bir gündə bəlkə də bütün SSRİ-nin ən çox mineral su satılan kafesi olub.

«Yayda elə olurdu ki, bir ayda 100 min butulka mineral su satırdıq. Bir dəfə bir gündə 4 min butulka su satıldı. O vaxt insanların seçim imkanları da az idi. «Badamlı», «Vayxir», «Sirab», «İstisu»dan başqa içiləsi bir şey yox idi axı.

Zakir müəllim kafeylə bağlı başqa bir rəqəm də açıqlayır. Deyir, o vaxt qiyməti 8 qəpiyə olan kartoflu perajkinin gündə azı 2000-ni gedirdi. Ətli perajki də onun kimi. «Ayda elə olurdu ki, 8-9 min bulka satırdıq. Tələbəlr ən çox naharda gəlib bulka yeyib kakao içirdilər. Elə perojna da ucuz idi - 22 qəpiyə. Bir də buranın dondurması ələ keçməzdi. Rəhmətlik şair Qabil dondurma yeməyə həmişə bura gələrdi. Yay-qış, fərqi olmazdı. Demək olar ki, hər gün dondurma yeyirdi».

Zəlimxan Yaqub MM-də yox, çox vaxt burda nahar edirmiş

Yeri gəlmişkən, bir dəfə Vaqif Nəsibin işi məhkəməyə düşübmüş. Rəhmətlik Qabil deyib ki, «Monolit»də bir qonaqlıq ver, səni qurtarım. Qonaqlıq verilir, Qabil müəllim də dediyini edir. «Monolit»in belə-belə işləri də varmış. Hə, buranın dondurma həvəskarlarından biri də rəhmətlik Ziya Bünyadovla, general Akim Abbasov olub.

«Buranın səmimi mühitinə söz ola bilməz. Elə adamlar var ki, tələbə vaxtlarından öz stolları olub, indi də gəlib o stollarda otururlar». Bunu da Zakir müəllim deyir. Deyir Zəlimxan Yaqub hətta deputat olanda belə tez-tez bura gələrdi. Onun da öz stolu var. Gələndə orda oturur». Mərhum memar Qəzənfər Əliyev isə Zakir müəllimə deyirmiş ki, buranı təmir etsəniz də mühitini saxlayın, çalışın inventarları da dəyişməyin.

Zakir müəllimdən «nisyə dəftəri» barədə soruşuram. Deyir «bunu soruşma». Amma sonradan öyrənirik ki, əslində dəftər var, o dəftərdə isə çooox... tanınmış yaradıcı adamın adı yazılıb. Hətta birinin xalası oğlu nazir statuslu birdir.

Milyonçu qızının «Monolit»də bulka yeməkliyi

«Monolit»in daimi sakinlərindən biri də Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım olub. Bu kafedə onun xətrini çox istəyərmişlər. «Çox nəcib qadın idi. Biz ondan pul almırdıq. Gələr, bir az su içər, bir fincan kakao içər, bir bulka yeyib gedərdi.

Tez-tez Peterburqda oxuduğu “dvoryan qızları” məktəbindən danışardı. Deyirdi məni həmin məktəbə götürmürdülər. Çünki atam dvoryan nəslindən deyildi. Amma anası Sona xanım general Ərəblinskinin qızı olduğundan, necə deyərlər, o xəttlə həmin məktəbə düşə bilib. Yeri gəlmişkən, Sona xanımı məşhur aktyor Hüseyn Ərəblinski sevirmiş. Hüseynin əsil familiyası Rzayev olub. Məhz sevgilisini qəlbində həmişə yaşatmaq üçün özünə «Ərəblinski» familiyasını götürüb. Əlində də həmişə çanta olardı. Çantada da atası ilə bağlı şəkillər və sənədlər. Hərdən özü açıb baxar, amma heç kimə göstrməzdi. Özü də ona qonşulğumuzda yaşayan rəhmətlik filosof Heydər Hüseynovun qızı Sara xanım kömək edərdi» deyir Zakir müəllim.

Kafedə sanki varislik prinsipləri də hakimdir. Məsələn, burda Gözəl xanım adlı bir bufetçi işləyib. Nə az, nə çox, düz 40 il. İndi onun yerində qızı işləyir. Zakir müəllim deyir ki, bir müştərimiz vardı, düz 30 il idi ki, səhər saat səkkizdə Gözəl xala ilə birgə kafeyə gələrdi. Saat səkkizdə Gözəl xala kafeni açar, o da səhər yeməyi yeyərdi. «Düz 30 il. Bu kafenin belə sadiq müştəriləri olub».

Əbədi və əzəli müştərilər arasında Nahid Hacızadə, Abbas Abdulla, Şəmistan Nəzirli, Mövlud Süleymanlı və daha kimlər kimlər var. Hə, qoy bunu da deyim. Rəhmətlik Elçibəy Əlyazmalar İnstitunda işləyəndə «Monolit» onun sevimli yerlərindən biri imiş.

«Düşbərə istəmirsən?»

Burda bütün işçilərin öz fəaliyyət sahəsi var. Məsələn Zeynəb ancaq içki və sosiskaya baxır. Zina isə soyuq qəlyanaltılara. Zinaya yaxınlaşıb sifariş vermək istəyən kimi ofisiant qadın sizə yaxınlaşacaq. «Yaxşı düşbərə var, istəmirsiniz?». Deyəsən «Monolit»də düşbərə onun inhisarındadır.

Burda spirtili içkilər verilsə də, amma heç vaxt qışqır-bağır olmaz, dava düşməz. «Buranın havası buna imkan verməz. Mühiti qoymaz. Həm də bura qıraqdan çox nadir halda adam gələr. Əsasən daimi müştərilərdir» deyir «Monolit»in çoxdankı sakinlərindən biri.

Bir müddət əvvəl Moskvada çıxan «Bakı» jurnalında da bu kafedən yazıblar. Müəllif yazır: «Bu kafedə bir vaxtlar Moskva Dövlət Univerisitetinin, Moskva Konservatoriyasının, Lenin adına kitabxananın bufetində yediyiniz sosiskaların ətrini, kakaonun dadını duymaq mümkündür. Burda hər şey köhnə Bakını xatırladır. İnteryerindən tutmuş qiymətlərə qədər; bir pors sosiska çörəklə birgə 1 manat 50, kakao 20, 100 qram kolbasa 60 qəpiyə». Elə mənimlə eyni solda oturmuş yaşı təxminən 60-a çatan dayı da eyni şeyi deyir: «Bilmirəm nə sirrdisə, burda verilən sosiskanın, kakaonun dadı dəyişmir».

Son söz əvəzi

Hə, dəyişmir. Amma nə olsun, bir azdan «Monolit» olmayacaq. Onu söküb yerində paltar mağazası «tikəcəklər». Və Bakının simvollarından biri də yox olub gedəcək. Çətin vəziyyətə düşəndə «dostlar sağ olsun» deyirik. Dostlar sağ olacaq, sağ qalacaq. Amma köhnə dostların yığışdığı məkan daha olmayacaq.
Heyf!!!


Səbuhi MƏMMƏDLİ
# 1393 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #