Bizim sevimli nəşəxor

Bizim sevimli nəşəxor
23 oktyabr 2012
# 12:12
Layihə-“Elə bil dünən idi”

Taqımı təhvil aldığım gün otuz üç əsgərimdən yalnız biri nəşəxor idi. Yaşları iyirmi-otuz arasında olan və “könüllü” adlandırılan, əksəriyyəti vaxtilə sovet ordusunda xidmət keçmiş əsgərlərin, bir-ikisi istisna olmaqla, hamısı siqaret çəkirdi, amma anaşanı yalnız bir nəfər çəkirdi.

Mən ilk dəfə salamlaşanda onun nəşəxor olduğunu bildim. Qızarmış damarı gendən görünən gözləri daima süzülürdü, burnunda danışırdı, kefi həmişə ala buluddaydı. Adı Ceyhun idi. O, özü də nəşəxor olduğunu gizlətmirdi.

Taqımda onu çox istəyirdilər. Hamının sevimlisiydi Ceyhun. Ona “şair” deyirdilər. Çünki o, meyxana tipli şeirlər yazırdı. Daha doğrusu, onu şeir yazdığını görən olmamışdı, ancaq çarpayısında uzandığı zaman, ətrafına toplaşmış əsgərlərin əhatəsində o dövrdə məşhur olan meyxanalardan deyirdi, hərdən onların gözünə öz meyxanalarını da qatırdı.

Ceyhunun iyirmi dörd yaşı olardı. O, indiyəcən tanıdığım nəşəxorlar kimi arıq deyildi, normal bədən fiqurasına malik, hündürboy, yaraşıqlı oğlan idi. Onu tipik nəşəxorlardan fərqləndirən daha bir cəhəti də vardı: Ceyhun aqressiv deyildi, mübahisəni sevməzdi, hər şeyə gülərüz, sakit yanaşırdı.

Taqımı təhvil aldığım gün kazarmanın qarşısındakı meydanda axşam yoxlanışı zamanı mənə verilmiş siyahıda sərəncamımda olan əsgərlərin adlarını bir-bir oxuyurdum, hər kəs “mən”, yaxud da “burda” deyirdi. Ceyhunun adı gələndə səs çıxmadı, bir də təkrar etdim. Əsgərlər cavab verdilər ki, o içəridə yatır. Dedim, çağırsınlar, gəlsin. Bir əsgər onun dalınca getdi. Kazarmayla aramız 15 metr olardı. Bir-iki dəqiqədən sonra Ceyhun yuxulu gözləri ilə kazarmanın girəcəyində göründü və elə ordanca dedi:

- Komandir, mən burdayam.

Yoxlanış qurtarandan sonra, hamı sıraya düzülüb əsgər yeməkxanasına getdiyi zaman o, yavaşca mənə yaxınlaşıb dedi:

- Komandir, səndən qardaşyana bir xahişim var. Məni bu cür yoxlamalara-zada çağırma. Mən veçni öz yerimdə oluram, çağırırsız, soyuq vurur, kayfım ölür.


O, bunu o qədər səmimiyyətlə, həm də yumorla dedi ki, istər-istəməz yumşaldım və ona düzülüşlərə qatılmamaq icazəsi verdim. Heç kəs onun sırada olmamağına etiraz etmirdi, əksinə, xahiş edirdilər ki, Ceyhun sırada durmasın. Bəzən ərinib yeməyə getməyəndə yeməkxanadan ona yemək alıb aparırdılar.

Ceyhun isə öz yerində uzanıb ya mürgüləyirdi, ya meyxana deyirdi, ya da televizora baxırdı.

Televizoru və videomaqnitofonu buraya mülki geyimli bir nəfər gətirmişdi. Onun təhlükəsizlik zabiti olduğu aydın dərhal bilinirdi. 50-55 yaşlarında dəri pencəkli o kişi bir küncdə oturub guya ki, qəzet oxuyurdu, amma əsgərlərin öz aralarındakı söhbətlərə qulaq verirdi, kimin nə işlə məşğul olduğuna göz qoyurdu və heç nəyə qarışmırdı. O, Ceyhunun nəşə çəkməsinə də bir söz demirdi, əsgərlərin qumar oynamasına da.

Videomaqnitofonu qoşub əsgərlərə erotik filmlər, ya da sırf pornoqrafik lentlər göstərirdilər. Bu, güman ki, üstlərinə “könüllü” adı qoyulmuş, ancaq rayonun mərkəzindən, qəsəbə və kəndlərindən tutulub Sitalçaydakı hərbi hissəyə yığılmış əsgərlərin kazarmada başlarını qatmaq üçün nəzərdə tutulmuşdu. Bu əsgərlərin hamısı özlərinə “oblavaya düşənlər” deyirdilər. Ceyhun da onlardan biriydi. Onu yaşadığı şəhərin düz mərkəzində yaxalamışdılar və məhəllə uşaqlarının dediyinə görə, o, tutulan zaman qaçmağa cəhd göstərməmişdi, demişdi, müharibəyə aparırsız, gedək də, kazyol ermənilərin qabağından qaçmayacağıq ki.

Biz hələlik Stalçaydayıq, təlim keçirdik. Cəbhədə vəziyyət gərgin idi. Ermənilər xeyli irəliləmişdilər. Könüllü batalyonlar nəyə görəsə dağıdılmışdı, düşmənin qarşısını almaq üçün yarıkönüllü, yarıməcburi hərbi hissələr təşkil olunurdu.

Rayonların rəhbərlikləri bütün strukturları ilə sırf bu işlə məşğul idilər. Məni də Ceyhungilin rayonunda saxlayıb, orduya cəlb etmişdilər. Mən o rayondan keçib başqa rayona gedirdim, köşkdən qəzet alanda hərbi komissarlığın işçiləri yaxınlaşdılar və məni rayon sakini hesab edərək komissarlığa gətirdilər. Komissarlıqda bu rayonun sakini olmadığım aydınlaşsa da, zabit olduğuma görə dedilər ki, bizə elə sənin kimi zabitlər lazımdır, komandir olacaqsan. İkinci bir söz deməyi, etiraz etməyi ağlıma gətirmədim və razılaşdım.

Beləcə, əsgərlərimin hamısı bir rayondan idi, mən isə başqa rayondan. Amma yaxşı yola gedirdik. Taqımımız nümunəvi idi. Sözəbaxan uşaqlardı. Təlim keçirdik. Noyabrın birinci ongünlüyündə son yüz ildə bəlkə də birinci dəfə o sayaq yağan qalın qarda bizi Pirəküşkülə güllə atmağa apardılar.

Havada Sibir soyuğu vardı. Bunu sovet vaxtı Krasnoyarskda, Blaqoveşşenskdə əsgərlik çəkənlər deyirdi. Soyuq, qar Ceyhunun vecinə deyildi, o, öz kefində idi.

Ağdamın Xındırıstan kəndinə yollanmağımızdan bir neçə gün qabaq idi. Bilirdik ki, bir neçə günə cəbhə xəttinə gedəcəyik. Hamıda təbii bir qorxu vardı. İndiyədək top-tüfəng səsi eşitməmiş gənclər hələ müharibə barədə təsəvvürə malik olmasalar da, Ağdama getməyin ölümə yaxınlaşmaq olduğunu hər halda bilirdilər. Taqımımızda iki əsgər vardı, yalnız onlar özlərini cəsur göstərirdilər. Biri tez-tez deyirdi: “Bilmirəm, bizi burda niyə bəsləyirlər, niyə gedib erməninin dərsini vermirik?” O birisi qısa saçlarını gündə yüz dəfə tumarlayıb darayır, təmiz qırxılmış üzünü işıldada-işıldada vətənpərvərlikdən danışırdı. (İrəli gedərək deyim ki, Ağdama çatdığımız günün ertəsi onların ikisi də sözləşiblərmiş kimi xayalarına ülgüc çəkdilər və qələmə verməyə çalışdılar ki, guya “xaya yırtığı”ndan əziyyət çəkirlər. Amma onların bu fırıldağının üstü o saat açıldı və hər ikisini tutub haupvaxta saldılar).

Müharibədən qorxan gənclər çox sual verirdilər. Hamı narahat idi. Sıramızda yalnız bir nəfər gerçəkdən də nə müharibədən, nə ölümdən çəkinirdi. Bu, “şair” idi. O, anaşasını çəkir, hallanır, gözünü yumub meyxana deyirdi.

Ətrafındakılar isə hərdən ona “sağ ol, şair” deyə ruh verirdilər. Bir dəfə yenə müharibədən söz düşəndə Ceyhun dedi: “Qaqa canı, heç kim heç nədən qorxub eləməsin, bu çastdan güllə dəyəsi olsa, birinci mənə dəyəcək”.

Hamı gülüşdü.

Bizi avtobusa doldurub Ağdama yola salanda artıq məlum oldu ki, taqımımda üç nəşəxor var. Daha iki nəfər Ceyhuna qoşulmuşdu. Onlar “şey” dedikləri andırı haradansa tapır, doldurur, çəkirdilər. Batalyonun komandiri də, onun müavini də durumu bilirdi. Ancaq heç kəs nəşəxor əsgərlərə bir irad bildirmirdi.

Xındırıstanın orta məktəbinin ikinci mərtəbəsində taqım-taqım yerləşdik. Otaqlar soyuq idi, buşlatlı, papaqlı yatırdıq. Bir dəfə otağa girəndə məni yanmış müşəmbə iyi vurdu. Dedim: “Kim yandırıb otaqda klyonkanı?”

Gülüşmə qopdu. “Anaşa ətridir, komandir” dedilər. Hamı bir ağız gülüb kirisə də, üç nəfər qəşş edib özlərindən getmişdi, güldükcə gülür, uğunur, özlərinə gələ bilmirdilər. Onlar bir az toxtayan kimi divara, pəncərəyə baxır, yenidən qəşş edirdilər. Ceyhun yalan olmuşdu, bunlar gerçək. Bir yerdə olduğumuz iyirmi gündə Ceyhunun bu vəziyyətə düşdüyünü görməmişdim. Nəşəxorluğa yeni başlayanlar özlərini tamam itirmişdilər.

Sonradan cəbhədə can qoymuş bir dostum danışırdı ki, əsgərlərin nəşəxorluğa öyrədilməsindən, məqsədli şəkildə dadandırılmasından böyük zabitlərin, hətta bəzi nazir müavinlərinin də xəbəri olub. Onlar Masallıdan hərbi hissələrə kisə-kisə marixuana gətirilməsi barədə göstəriş veriblərmiş. Deyirmişlər, qoy çəksinlər, ölümə gedən adamlardır, yoxsa fərarilik edərlər.


Bir gün əsgərlərimdən biri səliqəli şəkildə kəkotuya oxşayan quru otu gözümün qabağındaca əzib siqaret tütünü ilə qarışdırdı, sonra ovcunda tutduğu maddəni zərgər dəqiqliyi ilə yenidən siqaret dürümünə doldurdu, ucunu burub, yandırmağa hazır hala gətirdi, hörmət naminə birinci mənə təklif etdi:

- Komandir, meylin çəkir?

Tələbə vaxtı cəmi bir ay siqaret çəkmişdim. Ancaq ondan tez iyrənmiş, hətta iki ədədin çəkdiyim dolu “Marlboro” qutusunu nümayişkaranə şəkildə ataraq bir daha siqaret çəkməməyə qərar vermişdim. Bu üzdən mənim bu durumda, təbii ki, durub otaqdan çıxmaqdan başqa yolum yox idi. Onsuz da onlar əmrə, tövsiyəyə qulaq asacaq halda deyildilər. Qapıdan çıxarkən Ceyhun astadan dedi:

- Komandir, bəlkə prob eliyəsən? Dərd-qəmi azaldan şeydir.

Taqımımdakı nəşəxorların sayı bir həftənin içində o qədər sürətlə artdı ki, bir də baxdım, məndən, üç nəfər Ahıska türkündən, dağ kəndindən olan iki əsgərdən və bir neçə sakit məcazlı uşaqdan başqa hamı nəşə çəkir – 31 nəfərdən (iki nəfər məlum səbəbdən haupvaxtda idi) ən azı 22-si.

Ceyhundan və bir-iki nəfərdən başqa əsgərlərimin hamısının mənə münasibəti dəyişmişdi. Anaşa cəmi bir həftə əvvəl mənə sevə-sevə “komandir” deyən gənclərin içindəki iblisi oyatmışdı. Onlar aqressivləşmişdilər. Sözümə baxmır, saymazlıq edir, əmr və göstərişlərimi yerinə yetirmirdilər.

Onlara təsir etmək üçün əlimdə heç bir rıçağım yox idi. Əksəriyyəti fiziki cəhətdən məndən də güclüydülər. Bir gün az qala biriylə dalaşacaqdıq. Əlbəyaxa davaya çıxmağımıza başqa taqımın komandiri mane oldu. Çəkdiyi nəşədən onun beyni elə dumanlanıb çönmüşdü ki, elə bilirdi, müharibənin başlanmasında ermənilərlə yanaşı, bizim rayonun camaatı da günahkardır. O deyirdi:

- Bizim burda nə işimiz var? Öz torpağıvızdı, özüvüz qoruyun da, ala.

Bu söhbətin ertəsi günü başqa biri yaxınlaşıb mənə güllə göstərdi:

- Bu, sənin üçündür, ilk “boy”da səni vurmasam, kişi deyiləm.

Nəyə görə? Günahım nədir? Sizə nə etmişəm? Bu kimi sualların heç birinin yeri yox idi. Anaşa, müharibə xofu, ölüm təhlükəsi, şəraitsizlik əsgərlərin beynini təmiz xarab eləmiş, onlarda cəbhə psixozu əmələ gəlmişdi. Bir gün xəbər tutdum ki, eyni vəziyyət başqa taqımlarda da var. Onlarda da digər rayondan olan iki əsgəri gecəylə götürüb qəsəbədən kənara çıxarıb öldürmək, üstlərindən maşınla keçib, qəza görüntüsü yaratmaq istəyiblər. Son anda kimsə mane olub. O, hər kim idisə batalyondakı vəziyyət barədə xüsusi idarəyə xəbər vermişdi. İdarədən gələn kapitan rütbəli əməliyyatçı sırasında mən olmaqla başqa rayondan olan əsgər və zabitləri xeyli sorğu-suala etdi. Deyəsən, barəmizdə belə bir informasiya da verilmişdi ki, biz “kadrovik” olmaya-olmaya bu batalyona diversiya üçün, qəsdən göndərilmişik, hərbi sirri ermənilərə sata bilərik. Batalyonda bu söhbətə az qala hamı inanırdı. Sonda xüsusi idarənin kapitanı bildirdi ki, bu batalyonda qalmağınız mümkün deyil, döyüşlərin birində sizi güllələyəcəklər.

Ona görə də bizi dekabr ayının əvvəlində gəldiyimiz rayonun hərbi komissarlığına qaytardılar. Taqımı təhvil verdiyim gün əsgərlərimdən cəmi 3-5-i nəşəxor deyildi.

Üstündən iki ay keçəndən sonra yenidən it-bata düşmüş sənədlərimi (sonradan məlum oldu ki, onu qəsdən itiriblər) almaq üçün o rayona gedirdim. Avtobusda köhnə əsgərlərimdən biri ilə - İlqarla rastlaşdım. O, iki daşın arasında xındırıstanlı bir qızla evlənmişdi və həyat yoldaşı ilə atası evinə gedirdi. Yolda söhbət açıldı, uşaqları, vəziyyəti xəbər aldım. O, yaralanan və şəhid olan uşaqlardan danışdı və qəfildən dedi:

- Bilirsənmi, batalyonumuzda ilk güllə kimə dəydi?

Mən təxmin etdim, amma dinmədim. İlqar əlavə etdi:

- Ceyhuna...

Yazıq həmişə deyirdi axı. Elə bil, ürəyinə damıbmış. Bizim gülərüz, sevimli nəşəxorumuz yaxşı oğlan idi.

Xalid Kazımlı
# 1554 dəfə oxunub

Oxşar xəbərlər

Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev

12:00 26 oktyabr 2024
"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

15:00 25 oktyabr 2024
Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

12:00 25 oktyabr 2024
Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

Müsəlman daşa baş qoyur, fəqət dirənir ki, daş büt deyil! - Rahid Ulusel

15:00 24 oktyabr 2024
"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

"Onun mövzularının heç biri Azərbaycanla bağlı deyil..." - Hüseyn Cavidə hücum edənlər kim idi?

09:00 24 oktyabr 2024
# # #