300 qızıldan imtina və mollanın təəccübü

300 qızıldan imtina və mollanın təəccübü
30 iyul 2012
# 04:00
Elnarə Əlosmanqızı


Artıq İran vətəndaşı idim. Bu o demək idi ki, nikahımı qeydiyyata aldıra bilərdim. Amma bunun üçün ilk cəhddə bizə bildirdilər ki, qeydiyyata alınmadan söhbət gedə bilməz, ancaq yeni evlənənlər kimi nikah bağlamalıyıq. Bunun çətin olacağını düşünmürdüm, hər halda Xarici İşlər Nazirliyindəki o söhbətlərdən, anket doldurmalardan sonra nikah mərasimi gözümü qorxutmurdu. Yəqin ki, heç nə XİN dəhlizlərində oturub növbə gözləməkdən çətin olmazdı. Amma nikah bağlamaq üçün “məhzər” dedikləri, mollanını oturub qarşısındakının fikrini soruşub dəftərdə azı 30-40 yeri imzalatdığı məkana gedəndə ilk öyrəndiyimiz şey o oldu ki, nikah bağlamaq üçün tibbi müayinədən keçməsək evliliyi İran qaydasında rəsmiləşdirməkdən söhbət gedə bilməz. Hamilə qadının, üstəlik də həm dini, həm də rəsmi nikahı ölkəsində bütün qayda-qanunlara əsasən kəsilən bir xanımın yenidən tibbi müayinədən keçməsi mənə qəribə görünürdü.

Ona görə də bacardığım qədər qarşı çıxdım. Nikah kağızlarını tərcümə etdirdik, hamiləlik haqqında həkimdən arayış aldıq. Amma heç bir faydası olmadı. Qəti şəkildə dedilər ki, qanun hamı üçündür, tibbi müayinə yoxdursa, nikah da yoxdur. Sonunda razılaşmalı olduq. Tibbi müayinədən keçmək ona görə lazımmış ki, gələcəkdə dünyaya gələcək uşaqların səhhətində problem olub-olmayacağını əvvəlcədən müəyyənləşdirmək olsun. Amma bu bizə aid deyildi, çünki bir neçə ay sonra “varis” doğulacaqdı. Üstəlik dünyaya gələcək körpənin sağlamlığı ilə bağlı heç bir narahatlığın olmadığının təminatını Təbrizin tanınmış genekoloq-cərrahı Sürurbəxşdən almışdıq. Üçüncüsü də əgər uşaqda hansısa bir problem olsayda belə hamiləliyin pozulmasını qanunla qadağan edilən bir ölkədə çarə tapmaq çətin ki, mümkün olardı. Yəni bi tibbi müayinə söhbəti bütün tərəflərdən bizim üçün deyildi, elə həkimlər özləri də dediklərimizi təkrarlayırdılar, amma ardınca onu da əlavə edirdilər ki, nikah bağlanması üçün mütləq müayinə haqqında kağıza ehtiyac var. Çıxış yolu həkimlərlə “danışıqdan” keçirdi. Hamilə qadının çoxsaylı analizlər verməyə məcbur edilməsinin nə qədər təhlükəli olduğu fikri ilə razılaşan həkim xanım bizə kömək edəcəyini bildirdi və sözünün üstündə durdu. Bircə şərtlə ki, yeni evlənəcəklər üçün nəzərdə tutulan maarıfləndirmə proqramına mütləq qatılmalıyıq. Bu proqramın nə olduğu barədə təsəvvürüm yox idi, başqasından soruşmaq da yaxşı düşməzdı. Həm maraq, hə də məcburiyyət qarşısında qalıb proqrama qatıldıq, təbii ki, ayrı-ayrılıqda. Xanımlar üçün ayrı, kişilər üçün də ayrı otaqlarda film nümayiş etdirildi.

Bu adi filmlərdən deyildi, birgə həyatın bəzi məqamlarının tibbi dillə anlatıldığı el-sənədli film idi. Sözləri başa düşmürdüm, fars dili ilə heç bir tanışlığım yoxdu, ona görə də bu tibbi biliklər mənə heç bir fayda verə bilmədi. Sadəcə hərdənbir “mənim burda işim nədir” deyə düşünməkdən başqa. Beləcə film mərhələsini arxada qoyduq, yəni “maariflənib” nikah üçün hazırlaşdıq. Əlimizdə bütün sənədlərı əksiksiz olaraq mollaya təqdim edəndə o qədər xoşbəxt görünürdük ki. Nikah bağlayacağımız üçün yox, biz bu mərhələni aylar əvvəl keçmişdik, rəsmi prosedurdan canımızı qurtaracağımız üçün.

Molla bütün kağızları diqqətlə incələdi, eynəyinin altındakı gözlər sanki mütləq bir nöqsan axtarırmış kimi parıldayırdı, ya da mənə elə gəlirdi. Hər halda sonunda hər şeyin tamam olduğunu bildirib nəhayət ki, bizi İran dövlətinin nəzərində ər-arvad kimi təqdim etməyə hazırlaşdı. Elə əsl həngamə də bundan sonra başladı. Molla dedi ki, nikahıma razılıq vermək üçün mütləq atam, yaxud onun vəkalət verdiyi biri burda olmalıdır. Yaman yerdə axşamladıq. Azərbaycandan atamı ya da qardaşımı İrana gətirmək lazım idi ki, evliliyimə razılıq sözü versin.

Rəsmi nikahla birgə bir dəfə Şəkidə, bir dəfə də Bakıda dini kəbini kəsilmiş qızının yenidən nikah mərasimində iştirak etmək hansi ataya xoş olardı? Bu barədə danışmaq belə olmazdı, ona görə də əlac məsələni “xoşluqla” yoluna qoymaqdan keçirdi. Yoldaşım elə belə də etdi. Mənim əslində Azərbaycan vətəndaşı olduğumu, nikahlı olduğumuzu, sadəcə nikahı İran qaydasına uyğun rəsmiləşdirməyə ehtiyacımızın olduğunu söylədi.

Diplomatik dillə başa saldı ki, bizi çox çək-çevirə salmasın. Molla da sağ olsun, yaxşı adam imiş, bizi başa düşdü, 2 şahidlə kəbinimizi kəsməyə razı oldu. Bir şərtlə ki, “evlilik tarixçəmizi” əks etdirən bütün sənədlər “qovluqda” ona təhvil verilsin. Görünür mollamız bu yolla özünü gələcək təhlükələrdən sığortalamaq istəyirdi. Dəhlizdən iki şahid tapıldı, hərəsi 10 min tümən müqabilində bizə şahidlik etməyə sevinclə razılaşdılar. Hər şey yolunda gedirdi, ta ki, İranda qanun şəklinı almış toy adətlərindən biri olan “kəbin”, yəni bəyin gəlinə hədiyyəsi ortaya çıxana qədər. Bu ölkədə bəy gəlinə nikah zamanı hədiyyə verir və bu hədiyyə dediyimiz şey heç də düşündüyünüz kimi, kiçik olmur. Əsasən sayı yüzlərlə hesablanan qızıl sikkələr kəbinə yazdırılır. Bu, bizə tanış olan başlıq və ya süd pulu deyil.

Bəyin birbaşa gəlinə hədiyyəsidir və gəlin istədiyi an bu hədiyyəni bəydən
tələb edə bilər. Başqa sözlə gəlinin təminatıdır. Zaman keçdikcə “kəbin” də bahalaşıb və bəylər gəlinə məcburi olaraq verməli olduqları hədiyyələri ödəmək imkanında olmurlar. Amma heç kəs başqasından geri qalmaq istəmir və kəbinə azı 300 sikkə yazılır. Bundan sonrası qalır gəlinin insafına.

Çünki kəbin hədiyyəsini həm evli olduqları dönəmdə, həm də əgər ayrılarlarsa bəydən tələb edib almaq hüququ var. Dünya dəyişıb, artıq gəlinlər kəbin hədiyyəsini almaq üçün boşanmağı gözləmirlər. Bir də gördün ki, elə evliliyin ən xoş zamanlarında xanım hədiyyəsini tələb edir və verməyəcəyi təqdirdə rahatlıqla məhkəməyə üz tuta bilər. Amma belə hallar, yəni evli olarkən kəbini almaq kimi ailə həyatının təməlini sarsıdan hallara çox rastlanmır. Əvəzində həbsxanalar boşandığı xanımına kəbinini verə bilməyən ərlərlə dolanda hökumət məsələyə müdaxilə etmək məcburiyyətində qaldı. Çarəni də kəbin hədiyyəsinin xanıma hissə-hissə ödəmək imkanı yaratmaqla tapdı. İndi artıq bunun üçün həbsxanaya düşmürlər, amma yenə də nəzərə alsaq ki, bir tam sikkənin qiyməti ən azı 500-600 dollardır, onda evləndiyi zaman heç nəyi olmayan birinin 300 sikkə kəbin hədiyyəsini ödəyə bilmək üçün nə qədər işləməli olduğunu təsəvvür etmək çətin deyil. Qaydaya çevrilmış adət və dəb arxasınca sürünməyin belə çətinlikləri var.

Bunları təbii ki, sonradan öyrəndim, əsasən də kimlərinsə boşanma barədə söhbətləri yayılan zaman. Hələlik isə mollanın qarşısında oturmuşduq və molla mənə kəbin hədiyyəsi kimi nə istədiyimi soruşurdu. Özü də təcrübəsizliyimi görüb “ağandan (bəyi belə adlandirirlar-E) ev, qızıl nə istəsən tələb edə bilərsən” sözləri ilə istiqamət verən mollanı yəqin o vaxta qədər mənim kimi təəccübləndirən olmamışdı. Mollaya deyəndə ki, mənim qiymətim yoxdur, bunu “Şurəvi”nin (keçmiş SSRİ-ni İranda belə adlandırırlar) qadınlarla bağlı yanlış təbliğatının təsiri adlandırıb məni xeyli danladı. Və dedi ki, kəbin hədiyyəsi qadının təminatıdır, ona görə də indiyə qədər onun təcrübəsində kimsə qızılla ölçülən bu təminatdan öz xoşu ilə əl çəkməyib.

Çox mübahisədən sonra mollanı kəbin hədiyyəsi istəmədiyimə inandıra bildik. Doğrudur, bir ara molla mənim azı 300 sikkədən imtinamı tərcüməçilik edən yoldaşımın təsiri hesab edib mənimlə özü danışmaq fikrınə düşdü. Türk dilinin qol-qabırğasını sındıra-sındıra danışdı, bir-birimizi başa düşdük, bəlkə hələ axtarsan özü də türk çıxardı. Sonda bunun “təsir” olmadığını yəqin edıb məni ürəyində yəqin ki, “ağılsız” adlandırdı və dedi ki, kəbin kağızında mütləq bəyin gəlinə bir hədiyyəsi yazılmalıdır:

-Bunsuz olmaz.
Biz də toy hədiyyəsi kimi bir dəstə qızıl gül və bir cild “Qurani-kərim” yazdırdıq və burada yoldaşım “Quranın qiyməti yoxdur” deyıb heç olmasa gül dəstəsini qızıldan olmasını israr edən mollanı susdura bildi.

Beləcə toy mərasimi necə deyərlər “dillərə dastan” olan bizlər tanımadığımız bir çayçı və bir xidmətçinin şahidliyi ilə bu dəfə də İran qanunlarına uyğun nikah kəsdirdik.

(Ardı olacaq)
# 1558 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #