“Qurşaqdan aşağı zarafatlar etmirəm”

“Qurşaqdan aşağı zarafatlar etmirəm”
9 sentyabr 2011
# 14:38
Elməddin Cəfərov Azərbaycanda yetərincə tanınan komediya aktyorudur.

Müsahibə almaq istəyimizi çox normal qəbul etdi.

Özünün baş redaktoru olduğu və baş rolunu oynadığı “Bacanaqlar” serialının ATV-nin binasında yeni qurulan pavilyonunda görüşdük.

Əvvəlcə serialın yeni dekorasiyaları ilə tanış etdi bizi.

Sonra isə söhbətimizə başladıq.



Hardan hara...


1981-ci il yanvarın 1-də Qərbi Azərbaycanda dünyaya gəlmişəm. 1988-ci ildə Gəncəyə köçmüşük. Gəncədə yaşayıb, böyümüşəm.

Orta təhsilimi də burda almışam. Gəncə Dövlət Universitetinin tarix fakültəsi filologiya ixtisasını bitirmişəm. Məktəb vaxtlarından “KVN”-də iştirak edirdim. Universitetdə ilk dəfə olaraq “KVN” komandası yaratdım.

Sonra bizim komandamızı dağıtdılar.

Bakıda yaxşı yer tutandan sonra Misir Mərdanov universitetə tərifnamə yollamışdı. Komandanı yenidən bərpa etdilər.

2001-ci ildə gənclər arasında ilin ən yaxşı aktyoru seçildim. O vaxt “ABA” kanalından təklif gəldi. Orda işə başlamağa hazırlaşanda kanal bağlandı.

Universiteti bitirəndən sonra Space TV-də “Tək səbir” proyektinə başladıq. 3 il bu verilişdə çıxış etdim, sonra “Cüt səbir” verilişini açdım.

Daha sonra Lider TV-də “Əhsən olsun” verilişi və “Qonşular” serialını çəkdik. Yeri gəlmişkən, “Qonşular” Azərbaycanda ilk ən uzun serial idi. 44 seriyasını çəkmişdik.

Nəhayət, ATV-də “Arı şou”, sonra isə “Bacanaqlar” serialını çəkdik.

“Bacanaqlar”ın 90 seriyasını çəkmişik. Bu da Azərbaycanda ən uzun serialdır.

Biz serial işinə başlayanda Türkiyə təcrübəsini öyrəndik. Amma onlar kimi keyfiyyətli iş ortaya qoya bilmədik. Çünki türklər dayanmır, günü gündən inkişaf edir. Azərbaycanda mümkün olan kamera, işıqla, məkanla ancaq belə serial çəkmək mümkündür.

Eyni zamanda maddi fərqlər də var. Türkiyədə bir seriyaya 2 milyon dollar pul ayrılırsa, bizdə 1500 manat ayrılır. Aradakı fərqə bax. Uçurumdur bu.


“Ailəmi dolandıra biləcəyim yeganə iş budur”


- İnternetdə 9-10 il əvvəlin videoların izlədim. Çox kökəlmisən. O vaxtdan bu vaxta qədər nə dəyişib?

- O vaxt səhhətimdə problem var idi. Kökələ bilmirdim. Hətta buna görə hərbi xidmətə də aparmadılar. Bir az müalicə almışdım. Elə bilirdim sağalmışam. Ancaq Qaxda çəkiliş zamanı birdən ağrılarım tutdu. Ağır vəziyyətdə Bakıya xəstəxanaya çatdırdılar. Müalicə olundum, indi sağalmışam. İndi maşallah kökəlmişəm.

- O vaxt Bakıya gələndə harda qalırdın?

- Bir ay dostumun evində qalmışam. Sonra kirayədə yaşadım.

- İndi öz evin var?

- Var. Təzə binalardan birindən ev almışam.

- Avtomobilin var?

- Həkimlər icazə vermirdi maşın sürməyə. Gözlərimdə də zəiflik var idi. Bu yaxınlarda əməliyyat olundum gözdən. Bir aydır icazə verirlər. Amma hələ öz maşınım yoxdur. Dostumun maşının sürürəm, öyrənmək üçün. Maşının nömrəsi 14-lə başlayır. Ona görə heç kim arxamca sürmür. Deyirlər, yəqin rayon adamıdır, xamdır. Ona görə rahat öyrənirəm.

- “Tək səbir”dəki uşaqlarla münasibətin necədir indi?

- Hamısı ilə yaxşıdır. Mən onlara qarşı heç vaxt haqsızlıq etməmişəm. Mən onlardan incimişdim.

- Niyə görə?

- Komanda dağıldı. Sonra Fərda, Müşfiq və digərləri ATV-də “Tam sərbəst” adlı veriliş açdılar. Təxminən bir il ərzində məni dəvət etmədilər ora. Bu mənə pis təsir etdi. Sonra özüm komanda yığdım, işləməyə başladıq. Elə oldu ki, Fərdagilin işi dayandı. Amma bizim işimiz davam edirdi. Mən də onları səmimi qəlbdən dəvət etdim bir yerdə işləməyə.

- Amma gəlmədilər?

- “Hə” dedilər. Amma gəlmədilər.


“Elədiklərimizə birinci ailəmiz baxır”


- Toylara gedirsən?

- 7-8 il getmişəm. Amma 2 ildir getmirəm. Toy adamın yaradıcılığına mane olur. İş görmək mümkün olmur. Əsas səbəb isə başqadır. Mən içki məclisindəki adamları şənləndirmək istəmirəm. Mən namaz qılıram, alınmır. Biz Allahın haram buyurduğunu götürüb içirik və deyirik ki, “Allahım, sən bəylə gəlini xoşbəxt elə”.

- Sənin üçün hansı önəmlidir: məşhurluq, sənət, yoxsa pul?

- Məşhurluq istəyi yeniyetmə vaxtlarıma aiddir. “Tək səbir”də birinci monoloqumda tanınmışdım. Tanınmağa marağım itdi. Mən bu işi sevirəm. Mənim arzum var. Azərbaycanda ilk Oskar alan aktyor olmaq istəyirəm. Mənim 2 oğlum var. Ailəmi dolandıra biləcəyim yeganə iş budur.

- Sizi kitab oxumamaqda, intellektinizin aşağı olmasına günahlandırırlar.

- Məni belə tənqid edənlər mənim qədər kitab oxuya bilməz. 9 il mədrəsə təhsili almışam. 2 il psixologiya kurslarına getmişəm. Bu dəqiqə telefonumda 10-dan çox elektron kitab var. Həm dini, həm də dünyəvi kitablar oxuyuram.

- Bədii ədəbiyyatdan nələri oxumusan axırıncı dəfə? Kimin adın çəkə bilərsən...

- “Kölgə” əsəri var, müəllifin unutmuşam. “Qan ləkəsi” əsərin oxumuşdum. Mən, adətən, internetdən oxuyuram. “Kerri bacı”nı oxumuşam. Adam bunları açıqlamaqdan utanır. Kiməsə “mənim intellektual səviyyəm səndən yuxarıdır” demək ayıbdır. Məni indiyə kimi qəbul etməyən, bəyənməyən aktyorlar var idi. Yaşar Nuri məni bəyənmirdi. Amma bu yaxınlarda bir tədbirdə dedi ki, mən xalq artistiyəm, Elməddin xalqın artistidir. Afaq Bəşirqızı bizi qəbul etmirdi. O da bu yaxınlarda təriflədi məni. Hətta teatrına dəvət etdi.

- Hələ də qəbul etməyənlər var?

- Var. Qorxmaz Əlili ilə bir yerdə çalışırıq. Görəndə qucaqlayır, öpür. Amma hardasa deyib ki, Elməddin çox istedadsızdır, peşəkar deyil, mən onunla işləyə bilmirəm.

- Özünü inkişaf etdirmək üçün nələr edirsən?

- Aktyor Paolo Villaco kumirimdir. Onu Fellini kəşf edib. Onun bütün kolleksiyasını yığmışam. İnternetdən filmlərinə baxıram. Yaşar Nuri, Firəngiz Mütəllimova ilə bir yerdə çalışıram. Onlardan öyrənirəm.

- Komediya ustalarından daha kimlərə baxırsan ?

- Türkiyədən Cem Yılmaza baxıram. Onda açıq-saçıqlıq çoxdur. Bizdə mentalitetə sığmır bu. Bizim kollektivin bir qanunu var: biz nə ediriksə, birinci ailəmiz baxır. Onlara nəyi göstərə biləriksə, xalqımıza da onu göstərməliyik. Biz qurşaqdan aşağı düşə bilmərik.

- Belə qadağalar qoymaqla sənətinizi inkişaf etdirə bilərsiniz? Sənət ailə üçün deyil axı təkcə...

- Bunsuz da insanları güldürmək olar. Beldən aşağıya ehtiyac yoxdur.

- Sizin monoloqlarınızdakı gülüş nə qədər düşündürücüdür?

- Məndə kiçik tənqidlər olurdu. Məsələn, filan yerdə işıq yanmır, filan yerdə qaz gəlmir və s. kimi sosial problemlərdən danışırdım.

- Qəzet oxuyursan?

- Bir ara özümüz qəzet buraxdıq. “Arı plyus” adında. Amma bizdə internet qəzetləri öldürüb.

- Xəbərləri internetdən oxuyursan?

- Mütləq oxuyuram. Bəzən xəstəsinə çevrilirəm bir hadisənin. Sona qədər izləyirəm. Məsələn, İsrail-Türkiyə məsələsini. Futbol və kriminal xəbərlərini də mütləq izləyirəm.


Texnologiya və internet

• Kompüterim var. İnternetdən tez-tez istifadə edirəm.
• Sosial şəbəkələrdə adımdan o qədər saxta profillər açıblar ki, girib kimisə inandırmağa çətinlik çəkirəm.
• İnternetdən əsasən elektron kitablar yükləyirəm.
• “Kazaki” oyununun xəstəsiyəm.


Yeyib – içmək

• Toyuq ətini çox sevirəm. Əsas da kənd çolpasını.
• Kababda antrikotu xoşlayıram.
• 30 yaşım var, dilimə spirtli içki dəyməyib. Siqareti isə atmaq fikrindəyəm.
• Mətbəxlə qətiyyən aram yoxdur. Acından ölsəm də, özümə nəsə bişirə bilmərəm. Küçədən dönər alıb yeməyə razıyam, yemək bişirməyə yox.

Fobiyalar

• İtlərdən.
• Gözə görünməz qüvvələrdən.

İstirahət

• İki ildir işlərimlə əlaqədar normal istirahət edə bilmirəm.



Elmin HƏSƏNLİ
# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #