Məcid Məcidi: Oskar nominantı olmuş ilk azərbaycanlı - CİZGİLƏR

Məcid Məcidi: Oskar nominantı olmuş ilk azərbaycanlı - CİZGİLƏR
13 iyul 2011
# 06:00
Məcid Məcidi də “Oskar” mükafatçısıı ola bilərdi. 1998-ci ildə ən yaxşı əcnəbi film nominasiyasına iddialı “Cənnətin uşaqları” filmi ilə.


Doğrunu deyən oğru


… Zəhranın ayaqqabısı itir. Yoxsul ailədə 6 yaşlı qızcığaza ikinci dəfə ayaqqabı almaq imkanı yoxdur. Bacı və qardaş itkini valideynlərdən gizli saxlayırlar. Dərsə növbəylə gedən Əli və Zəhra eyni ayaqqabıda küçəyə çıxmalı olurlar. Bu səbəbdən çalışqan, əlaçı Əli daim məktəbə gec gəlir və hər gün danlanır.

Günlərin bir günü bacı və qardaş ayaqqabı oğrusunun izinə düşürlər. Lakin sonda, oğrunun kor atasını görəndə onlar ifşa əməlindən vaz keçirlər.

Nəhayət, qaçış yarışında yeni ayaqqabı əldəetmə imkanı yaranır. İkinci yerin qalibi idman ketası ilə mükafatlandırılmalıdır. Finişə birinci gələn Əli xətti keçməyə tərəddüd edir, ona kubok yox, məhz ayaqqabı lazımdır. Məşqçisi və tamaşaçılar isə heyrətdədir. Arxada qalmış yaşıd rəqiblər artıq finişə çatmaqdadır. Əli onu baş mükafatdan ayıran xətti ya adlamalı, ya da…

…Məcid Məcidini yanlış olaraq İtaliya neorealizminin təqlidçisi adlandırırlar. Doğrudur, həmin dalğanın təmsilçisi olan Da Sikanın “Velosiped oğruları” adlı filminin süjeti haradasa “Cənnət uşaqları”nı xatırladır. “Velosiped oğruları”nda işləmək üçün mütləq nəqliyyata ehtiyacı olan bir adamın velosipedi oğurlanır. Axtarışlar əhəmiyyət vermədikdə kinoqərəman özgə velosipedini oğurlamağa məcbur olur…


Sosrealizmin təmsilçisi


Bağışlayın, bir dəqiqə, məncə, söhbəti kəsib Məcid Məcidini tanıtmağın əsl məqamıdır. Öz sözləri ilə: “1959-da Tehranda doğuldum. Şəhərin cənubunda yaşayan ortabab bir ailədə böyüdüm. Dörd qardaşım var. İslam İnqilabından bir il əvvəl dram sənəti fakültəsinə daxil oldum. Teatrı çox sevirdim və hələ orta məktəb illərində həvəskar tamaşalarda iştirak etmişdim. İnqilab illərində universitet tələbəsiydim, nümayişlərə qatılırdım. O illərdə inqilabi məzmunlu bir çox əsəri səhnələşdirdm. 1979-dan sonra “mədəni inqilab” universitetlərin bir çoxunu qapatdı. Bu arada kinoya marağım yarandı. Möhsin Məhməlbaf və Rəsul Molaqalipurla birlikdə çalışdım. Mənim kinoya girişim aktyorluqla başladı. İlk dəfə Məhməlbafın filmlərində yer aldım. Aktyorluq mənim üçün bir köprü idi. Bu arada beş qısametrajlı film çəkdim”.

Hə, gerisini öz sözlərimizlə çatdıraq: İran kinomatoqrafiyasında 2005-ci ildən 80-ə qədər film çəkilir. Məcid Məcidi kimi müstəqil kinomatoqrafların bu istehsalda payı 10%-dir. Semir Nadiri, Cəfər Pənahi, Bəhram Beyzayi və Abbas Kiyarüstəminin qəhrəmanları uşaq olan filmləri çox uğurlu olub. İran kinosunun önəmli isimləri olan Möhsin Məhməlbaf, Dəryuş Mehrcuyi, Rəhşan Bəni Etimad, Kamal Təbrizi, Təhminə Milani və Reza Mirkerimi isə “uşaq filmləri” çəkməyiblər. Hər iki tərəflə çalışmış Məcid Məcidi ortaq mövqedədir: sosial realizmi təmsil edən rejisor-ssenarist-aktyorun əsərlərində fəqirlik dərəcəsində olan ailələr, yoxsul məhəllələri, çirkab və zibil qalaqları ilə dolu küçələr və böyüklərin köməyinə tələsən uşaqları görmək mümkündür.

1990-da Məcid Məcidi ilk tammetrajlı filmi olan “Beduk”u çəkir. İran-Pakistan-Əfqanıstan sərhədində çəkdiyi bu film 1992-ci ildə Kann film festivalinda göstərildi. “Beduk”u 1992-də “Ata” izlədi. Üçüncü film – “Cənnət uşaqları” 1996-da hazır oldu. Bu, əcnəbi film kimi “Oskar”a namizəd olan ilk İran filmidir. “Cənnət uşaqları” beynəlxalq festivallarda bir çox mükafatlar aldı. Dördüncü film – “İlahi rəng” – 1999, beşincisi – “Yağış” – 2000-ci ilin istehsalıdır.

2000-də çəkilən “Yağış”da əfqan mühacirlərin həyatı, ilk məhəbbət əsas motiv idi. Gənc qız kişi paltarı geyinərək inşaat meydanında işləyir və bir iranlı gənc bundan xəbər tutur...

Əfqanlar “Usamə” adlı filmdə (2002) Məcidini təqlid etdilər, o isə rejissor Sadiq Bərməki plagiatda suçladı.

2002 – “Ayaqyalın Herata qədər” peyda oldu – 65 dəqiqəlik sənədli lent ABŞ-ın Əfqanıstana təcavüzündən 17 gün sonra çəkilmişdi.

2003-də “Düşərgədə olimpiada” filmi ekrana çıxdı.

Nəhayət, 2005 – “Söyüd ağacı”.

“Söyüd ağacında” 7 yaşından kor olan 38 yaşlı kor Yusif hər gün “Məsnəvi”ni oxuyaraq dua edir və Allahdan nur istəyir. Bu peşəkarların çəkildiyi yeganə filmdir. Digər filmlərdə çəkilən şəxslər əksərən qeyri-peşəkarlardır. Məcid Məcidini İtaliya neorealistləri ilə eyniləşdirən cəhətlərdən biri də budur.


Böyüklərə nümunə olan uşaqlar


Məcid Məcidi deyir: “Uşaqların dünyası böyüklərin dünyasından daha təmizdir”.

“İlahi rəng”də bunun sübutu var: oğlunu öldürməklə də olsa belə məqsədinə yetişmək istəyən mənfəətrpərəst ata və maddi dünyanı görməyən və qəlbi bir dünya eşq, məsumluq, mərhəmətlə dolu kor oğul.

“Ata” filmində isə oğul atalığını heç cür qəbul etmir, amma darda olduğu zaman onun köməyinə qaçır.

“Sərçələrin nəğməsi”ndə ailə ehtiyaclarına qatqı vermək üçün ağır zəhmətə qatılan uşaqlar…

Məcid Məcidi uşaq mövsusunu indi də davam etdirir. Büdcəsi 30 mln. $ olaraq düşünülən filmin bu gün-sabah hazır olması xəbərinin intizarında olan tamaşaçını hələlik sevindirmək mümkün olmayıb. Lakin kinoəsərin 2011-in ekrana çıxması gözlənilir.

Son illərin ən iddialı və bahalı filmi 3 hissəli olmalıdır. Hz. Məhəmmədin (s.) uşaqlığına və Allah nəbisi olmadan əvvəl yaşadıqlarına aid filmin ssenarisini Məcid Məcidi 3 ilə yazıb.


Gözlə görünməyən cizgilər


Onun filmlərində gözlə görülməyəcək bir mərhəmlik hiss olunur. Məsələn, “İlahi rəng”dəki kənd həyatı, təbiət adama o qədər isti gəlir ki, az qalır deyəsən: “Bu bizm kənddir, bu bizim həyətdir, bu mənim nənəmdir...”

Məcid Məcidinin özü də filmlərində avtobioqrafik səhnələrdən yayınmır. “Cənnətin uşaqları”ndakı məhəllə elə onun doğulduğu məkandır. Bu filmdə bizə, Azərbaycan tamaşaçısına çatdırılan ismarıclar da az deyil. Tutalım, “Sərçələrin nəğməsin”də heç vaxt unudulmayacaq bir kadr var: qarşılaşdığı ədalətsizliklərdən sosial qayğı yükünü qaldırmaqda aciz olan atanın səlis azəri türkcəsində dediyi bayatı, yaxud şeir: “Aman dünya, zalım dünya...”


Əziz RZAZADƏ
# 1755 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #