"Yazı sənəti laboratoriyası" təqdim edir: Kərarın stolu

"Yazı sənəti laboratoriyası" təqdim edir: Kərarın stolu
7 oktyabr 2021
# 17:01

Kulis.az Zərif Bəkirova “Kərarın stolu” hekayəsini təqdim edir.

Bu stol bizə Kərardan qalıb.

Kərar anamın nənəsinin qardaşıdır. O öləndən sonra evi anama qaldı. Əslində, onun daha yaxın varisi, ilk evliliyindən qızı var idi - Ramizə Kərarovna Rastsvetaeva. Kərarın birinci arvadı rus idi. Onlar bir yerdə çox az yaşamışdı və böyüyəndə qızı anasının familiyasını götürməyə qərar vermişdi. Atası ilə tam münasibətini kəsməsə də, o qədər də səmimi deyildi. Ramizə Kərarovna Rastsvetaeva sonradan erməniyə ərə getmiş və məlum səbəblərə görə 90-cı illərdə Bakıdan köçməli olmuşdu.

Onun taleyi haqqında çox məlumatım yoxdur. Bircə bunu bilirdim ki, peşəkar geoloq idi. Rusiyada Elmlər Akademiyasında işləyirdi. Üç dəfə ərə getmişdi və hər ərindən bir uşağı var idi. Sonuncu əri ilə də iş yerində tanış olmuşdu. Kişi şöbələrində təzə rəhbər təyin olunmuşdu. Bir dəfə nənəm Ramizə Rastsvetayeva ilə Moskvada görüşmüşdü və Ramizə gileylənmişdi ki, onlara təzə rəhbər təyin olunub və o qorxur ki, indi onu işində yüksəltməyəcəklər. Nənəm də ona dedi ki, sən ona ərə get. O da nənəmin dediyini elədi.

Atası öləndə də o, Azərbaycana gəlmədi. Gələ bilərdi. Erməni soyadı yox idi, ölkəyə gəlişi problem olmazdı, amma yəqin özü istəmədi. Ya da başqa bir səbəbi var idi. Əlaqələr kəsilmişdi. Heç kim bilmirdi.

Kərar öləndən sonra onun Murtuza Muxtarov 15 ünvanında yerləşən mənzilindən bəzi əşyaları bu yaşadığımız evə gətirmişdik və o evi satmışdıq. Gətirdiyimiz əşyalara biz Kərarın əşyaları deyirdik. Bu stol da onların arasında idi - Kərarın stolu.

Stolun olduqca maraqlı quruluşu var: o, dar və hündürdür. Gözəyarı deyərəm ki, eni hardasa 60 sm, uzunluğu 40 sm, hündürlüyü isə 75 sm-dir. Bu stol bizim evdə uzun müddət nərdivanı əvəz edib. Nərdivan almamışdan qabaq lampa dəyişdirəndə, ya da hündür dolabda nə isə götürəndə, bu masanı ayağımızın altına qoyardıq. Bu proses həmişə uzun çəkərdi. Üç-dörd gün dəhlizdəki lampa yanmayandan və atam bunu heç vecinə almayandan sonra anam dözməyib, qışqırardı: “Ay Vaqif, bu lampanı dəyişdir”. O da qonaq otağından yorğun səslə deyərdi: “Yaxşı, onda stolu gətirin”.

Sonra yataq otağından Kərarın stolu gətirilirdi. Gətirməzdən qabaq anam deyinə-deyinə masanın üstündəki bütün əşyaları boşaldırdı. Ağır olduğuna görə, masanın ayaqlarından yapışmaq lazım gəlirdi. Çox da hündürboy olmayan atam lampanın “patron”una çatmaq üçün pəncələri üstə qalxır və güc-bəla bu lampanı yerinə taxırdı. Mən də atamın ayaqlarından tuturdum ki, yıxılmasın. Sonra yenə masanı sürüyə-sürüyə yerinə qaytarırdıq. Beləliklə, lampa dəyişdirmək əməliyyatı başa çatırdı. Sonda anam dözmədi və özü nərdivan aldı.

Stol qəhvəyi rəngdədir. Bizim evə gələndən bir müddət sonra üstündəki rəngi soldu, lakı qopdu. Buna görə də, anam rəngli yapışqan kağız alıb, onun üzərinə yapışdırdı. Açıq rəngli bu kağız adama parket döşəməsini xatırladırdı. Kağızın uzunluğu masanın üstünü örtməyə yetməmişdi. Buna görə də anam qalan yeri qalıq kağızlarla örtmüşdü.

Kərarın stolu olduqca möhkəmdir. O qədər bərkdir, üstünə on nəfər də çıxsa, heç nə olmaz. Ən azı 60 yaşı olar. O, bizim və Kərarın ailəsində neçə nəslin dəyişməsinə şahid olub. Çox güman, hardasa Almaniya Demokratik Respublikası və ya başqa sosialist respublikalarda hazırlanıb. Keyfiyyətinə də söz ola bilməz. Doğru deyirlər, o vaxt nəyi necə etməyi yaxşı bilirdilər.

Stolun alt rəfi var. Ora çox vaxt anam işdən çıxmamışdan əvvəl not kitablarını qoyardı. Yuxarıda isə iki balaca gözü var. Stolun çox rahat olduğunu demək olmaz, xüsusilə də, qarşısında oturub yazı yazmaq üçün heç uyğun deyil. Çünki başqa yazı masalarına görə daha hündürdür. Buna baxmayaraq, əminəm ki, bu stolun arxasında vərəq-vərəq yazı yazılıb. Özüm elə nə qədərini yazmışam. Mənə elə gəlir, insan bu stolun arxasında oturanda, işinə çox yaxşı fokuslana bilir. Qəribə bir ovqatı var bu stolun.

Valideynlərim rəhmətə gedəndən sonra xaricə köçməyi qərara aldım. Artıq məni bu ölkədə heç nə saxlamırdı. On il əvvəl xaricdə təhsil alıb, vətənə qayıdanda böyük xəyallarla gəlmişdim. Azərbaycanın teatr sahəsinə yeniliklər gətirəcəyimə, yeni nəfəs qatacağına inanırdım. Amma bürokratik əngəllərlə üzləşdim - ixtisasım yanlış idi, bakalavr və magistr uyğun gəlmirdi, ABŞ diplomunu Azərbaycanda tanıtmaq üçün yüz dənə sənəd tələb olunurdu və s.

Təbiətcə döyüşkən ruhlu olmadığıma görə, bu işin başını buraxdım. Bir gün tanınmış teatrların birinə gedib, Sovet dövründəki kimi direktor daxil olanda bütün işçilərin ayağa qalxmalı olduğunu gördüm. Bu ölkədə bu sahə ilə məşğul olmaq istəyindən tam soyudum. Ürəyimdə dedim, ən azı Sovet dövründəki kimi keyfiyyətli tamaşalar qoyulsa idi, dərd yarı idi. Amma biz Sovetin də pisini götürüb, yaxşısını saxlayanlardanıq.

Sonradan əvvəllər də gördüyüm gənclər sektorunda işə qayıtdım. Bu iş xoşuma gəlirdi. Həm insanlarla ünsiyyətdə olurdum, həm də cəmiyyətə fayda verdiyimi düşünürdüm. Amma yenə də, öz yaradıcı potensialımı reallaşdırmadığımı düşünür və heyfsilənirdim. Ona görə də, bütün əşyalarımı satıb, uzaqlara, xəyalların gerçək olduğu yerlərə getmək istəyirdim.

Yavaş-yavaş mebelləri satış üçün internet saytlarına qoymağa başladım. Bilirdim ki, çox pul əldə etməyəcəm. İşlənmiş köhnə mebellər idi. Amma beş-on manat da qazansam pul idi. Kərarın stolunu da qoydum satışa. Onu qoyanda rəfiqəm mənə dedi:

“Bunun az qala yüz yaşı var, kimə lazımdı?”.

Düzü, mən də elə düşünürdüm. Amma müştəri çıxdı. Köhnə şeylər həvəskarı idi. 50 manat verməyə hazır idi. Son anda mən vaz keçdim. Fikirləşdim, xatirədir. O, bizə kimdənsə qalıb, mən də getsəm, onu qohumlarımızdan kiməsə verərəm.

Di gəl, Azərbaycanda artıq çox qohum qalmamışdı, hamı köçüb getmişdi...

Köçməklə bağlı işlər o qədər də asan getmirdi. Stoldan fərqli olaraq evi satmağa müştəri tapa bilmirdim. Xaricə getməkdə də çətinliklər var idi. Kanadaya emiqrasiya üçün yaşım çox idi, Avropada böhran vardı, teatr sahəsində iş tapmaq çox çətin idi. Yaxınlarım deyirdi ki, əşi, hamısının başını burax, get, orada özünə bir şey taparsan.

Amma mən artıq belə cəsarətli və dəlisov deyildim. Əslində, heç vaxt da olmamışdım. Doktorantura etmək ən real fikrə oxşayırdı, onun üçün də araşdırma aparmaq, universitetlərə işləyəcəyim sahə ilə bağlı təkliflər göndərmək lazım idi.

Hər şey vaxt və enerji tələb edirdi. Mənim də motivasiyam artıq tükənməkdəydi. Elə bu vaxt, əvvəllər işlədiyim layihəyə yeni donor tapdılar və mənə iş təklifi etdilər. Fikirləşdim, bir-iki il də işləyib, pul yığaram, sonra gedərəm. Özüm isə yaxşı başa düşürdüm, mənə təkan verə bilən çox ciddi bir səbəb olmasa, heç yerə gedən deyiləm. Bunu anlayaraq, gedib evimə təzə mebellər aldım. İndi köhnə əşyalardan evimdə yalnız Kərarın stolu qalırdı. Mən də onu ən qiymətli əşya kimi qonaq otağının ortasına qoydum.

Bir gün evdə, stolun qarşısında oturub, yenə işləyirdim. Qapı döyüldü. Qapını dərhal açmayıb, arxasındakının kim olduğunu soruşdum. O biri tərəfdə bir kişi səsi eşitdim, amma onun dediyini heç tuta bilmədim.

“Bərkdən danışın, sizi eşitmirəm” - deyə səsləndim.

Çox sərt ləhcəylə deyilən “Mən, Kərar, nəvə...” sözlərini eşitdim. Heç nə anlamadım. Düşündüm, bəlkə nəsə satırlar. “İstəmirəm. Mənə maraqlı deyil. Çox sağ olun.” – dedim. Qapının arxasındakı səs susmurdu, “mən”, “Kərar”, “nəvə” deyə-deyə qalmışdı.

Fikirləşdim ki, həyatımda təkcə bir Kərar tanıyırdım, o da 30 ildir rəhmətə gedib. Bu kim ola bilər axı?

Kişi səsi yenə də nə isə deyirdi, amma mən heç nə başa düşmürdüm. Nəhayət, ağlıma gəldi ki, qapının gözlüyündən baxım. Baxanda, gördüm, qapının arxasında çox gənc, ucaboy, sarışın, bığlı bir oğlan dayanıb. Nədənsə düşündüm ki, ondan mənə zərər gəlməz və qapını açdım.

Oğlanla bir müddət bir-birimizə baxdıq. Mən çaşqın vəziyyətdə, o nəyə görəsə sevinclə gülümsəyərək baxırdıq. Oğlan qırıq Azərbaycan dilində nə isə izah etməyə başladı – “Mən, Kərar, nəvə...”

Gördü mən yenə heç nə anlamıram və yalnız çaşqınlıqla baxıram, dözməyib soruşdu:

“Do you speak English?”

Məndən “yes” cavabını alanda nəfəsini dərdi.

Onu içəri dəvət etdim. Oğlan çox həyəcanlı idi. Ona çay gətirdim. Kim olduğunu bilməsəm də, allah qonağı idi, biz də azərbaycanlıyıq, evimizə gələn adama bir stəkan çay vermək borcumuzdur. Stola çərəz, mürəbbə və şokolad qoydum. Daha artığını etmədiyimə görə, qonaqdan üzr istədim. O isə dəyəsən, üzr istəməyimin səbəbini anlamadı. Ona armudu stəkanda kəklikotulu Zaqatala çayı gətirdim. Oğlan çayı bəh-bəhlə içdi. Birini də təklif etdim, onu da içdi və elə bil, bir az rahatladı.

Məlum oldu ki, gəncin adı Aleksandrdır və o, Kərarın nəticəsidir. Onun qızı Ramizə Rastsvetaevanın erməni ərindən Adel adlı qızı olmuşdu, o qız sonra fransıza ərə gedərək, Fransaya köçmüşdü. Bu oğlan isə onun övladı idi. Aleksandr musiqi ilə məşğul olurdu. Bir il əvvəl Azərbaycan muğamını eşidib, ona valeh olmuşdu və bu musiqini öyrənməyə qərar vermişdi. Maraqlananda anasından öyrənmişdi ki, onun da Azərbaycanlı kökləri var və öz köklərini axtarmağa başlamışdı. Kərarın köhnə mənzilinin ünvanı onlarda hələ də dururdu. Oğlan həmin ünvana gedib, kimdənsə bizim barəmizdə öyrənmiş və bura gəlib, çıxmışdı.

Aleksandr çox həvəsli görünürdü. Deyirdi, hələ Fransada olanda, Azərbaycan dilini öyrənməyə başlayıb, mətbəxini çox sevir. Az qala Azərbaycanın vurğunu idi. Qərbli görünməsinə baxmayaraq o, özünü şərqli kimi hiss edir. Buralar ona daha yaxındır, insanları da çox istiqanlıdır. Möhtəşəm planları var - Azərbaycan və Fransız musiqisinin vəhdətini yaratmaq, albom buraxmaq, musiqimizi daha müasir janrda tanıtmaq istəyirdi. Hətta saz musiqisini texnoinkişaf etdirmək...

O danışarkən, mən səssizcə izləyirdim və təxminən on il əvvəl xaricdən yeni qayıtmış özümü xatırlayırdım. O vaxt mən də ideyalarla dolu idim. Görəsən, Aleksandrın həvəsi nə qədər çəkəcəkdi?

Məndən Kərarın dəfn olunduğu yeri soruşdu. Bunu bilmirdim, kimdən soruşacağımı da bilmirdim. Oğlana bunu deyəndə, bir az məyus oldu. Məndən ulu babasından hansısa bir xatirə qalıb-qalmadığı ilə maraqlandı. Məndə Kərarın heç şəkli də yox idi, nənəmin albomunda nə isə var idi, amma o da deyəsən, xalamgildə idi. Sonda gözlərimin içinə yaxından baxaraq soruşdu:

“Heç nə yoxdur?”

Bu vaxt stola baxdım.

Sözün açığı, bu stolu ona vermək heç ürəyimcə deyildi. Amma verməyə də bilməzdim. Aleksandr bu stolu görüb, çox sevindi.

- Mənim babam! O, yəqin bu stolun arxasında çoxlu elmi işlər yazıb. Bildiyimə görə, hidromühəndis idi. – dedi.

Mən Aleksandra yük maşınını çağırmağa kömək etdim. O, bu yaxınlarda yaxşı bir mənzil kirayə tutmuşdu. Qiyməti də münasib idi. O vaxt bir az təəccübləndim, amma buna çox da əhəmiyyət vermədim. Biz stoldan yapışaraq, onu yük maşınına doğru apardıq. Oğlan stolu əvvəl tək aparmaq istəyirdi, amma mən ona başa saldım ki, bu stolu tək adam apara bilməz. Sağollaşdıq, mən ona nömrəmi verdim, dedim, nə lazım olsa, müraciət etsin və uğurlar dilədim. O da məni qucaqladı və hətta “bacı” dedi.

Aleksandrla sağollaşandan sonra evimə qayıtdım, qonaq otağına daxil oldum və hiss etdim ki, nəsə çatışmır. Kərarın stolu yeni mebellərin arasında çox yersiz görünürdü, amma indi onun boş yeri o dəqiqə gözə çarpırdı. Qəribə idi, sanki evimin, uşaqlığımın, xatirələrimin bir parçası getmişdi. Evə girəndə, birinci gördüyüm əşya idi bu stol. Yeni şeylərimin arasında valideynlərimi - hətta babamı, nənəmi görən yeganə mebel parçası... İllərdən sonra onun narahatlığına da alışmışdım. Hətta o biri stollar arxasında özümü belə rahat hiss etmirdim.

Bu hadisədən iki həftə sonra tanımadığım nömrədən mənə zəng gəldi. Zəng edənə nömrəni Aleksandr vermişdi. O, Aleksandrın kirayə tutduğu evin sahibidir. Aleksandr Parisə köçüb, evdə də bir əmanət qoyub, istəsəm, onu gedib götürə bilərəm. Çox təəccübləndim. Azərbaycandan belə tez bezəcəyini heç mən də gözləmirdim.

Deyilən ünvana getdim və məlum oldu ki, Aleksandra verilmiş ev artıq satılıb. Ev sahibi kirayənişinə evdən köçməyə iki həftə vaxt vermişdi. Kirayənişin isə bu fürsətdən istifadə edərək, evi Aleksandra kirayə vermiş və üç ayın pulunu da əvvəldən almışdı. Bu hadisə Aleksandra o qədər təsir etmişdi ki, o, düşünmədən Parisə qayıtmağa qərar vermişdi. “Çox moşennik adam idi o kirayənişin, həm son ayda bizim pulumuzu verməmişdi, həm də bu bədbəxti dolamışdı” - evin sahibi gileyləndi. Ev sahibinə məsləhət verdim ki, onu polisə versin. Amma o “hə” desə də, səs tonundan anladım ki, bunu eləyən deyil. Bu işə çox baş qoşmağa həvəsi yoxdur.

“O oğlanın bir əmanəti qalıb burada. Götürmək istəyirsiniz? Təmir eləyirəm buranı, tullayacaqdım, sonra dedim, sizə lazım olar”.

Dedim: “Hə, göstərin.”

Ev sahibi məni digər otağa apardı. Tamamilə boş, divar kağızları qopmuş, parketi çıxarılmış otağın ortasında Kərarın dim-dik dayanmış stolunu gördüm. Elə sevindim, elə bil, çoxdan itirdiyim bir tanışı görürdüm. Kişi stolu aparıb-aparmayacağımı soruşdu. “Əlbəttə” dedim, amma kömək lazımdır. Kişi ilə köməkləşib, stolu yük maşınına doğru apardıq.

Stolu öz köhnə yerinə qoydum. Aleksandr stolun üstünə qara markerlə “Sağ ol, baba” yazmışdı. Əvvəl bu yazını pozmaq istədim, yaş əsgi ilə silməyə başladım, amma vaz keçdim. Dedim, bu sözlər də ondan xatirə qalsın. Getdim, özümə gözəl bir çay süzdüm, armudu stəkanda, kəklikotulu Zaqatala çayı. Oturdum stolun arxasında, baxdım və dedim, bundan sonra Kərarın hansısa bir nəvəsi, nəticəsi, kötücəsi, Manuili, Danili - kimi gəlir-gəlsin bu stolu heç birinə verən deyiləm. Kərarın stolu ancaq burada kök salmağı bacaranlar üçündür...

Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb

# 3283 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #