Kulis.az bu gün 62 yaşını qeyd edən tənqidçi-ədəbiyyatşünas, professor Cavanşir Yusifli ilə ad günü söhbətini təqdim edir.
- Ad gününüzü təbrik edirik
- Sağ olun, təşşəkkürlər!
- Ad günü sizin üçün nəyi ifadə edir?
- Doğulduğum, dünyaya gəldiyim günü. Biz ölənə qədər o işin, hadisənin mənasını anlamağa çalışırıq, arada anlasaq da unuduruq, həyat ona görə kədərlidir.
- Ümumiyyətlə, yaradıcı insan və yubiley nə dərəcədə bir-birinə bağlı məslədir?
- Yaradıcı insan yubileyinə görə nəsə istəyirsə, demək lazımdı ki, bazar olsun!, elə et, səni Allah da unutsun.
- Sovet dönəmində çox önəmli fakt sayılan ad günləri təntənəli qeyd olunurdu. Müstəqillik dövründən sonra sizcə təntənəli keçirilməlidirmi?
- İndi başqa dərdlər var, məncə, olanını ölçsək, təntənə qədərindən çoxdur, lap şitlik dərəcəsində çoxdur. Səsli-səssiz müharibələr gedir, insanların əsəbləri dara çəkilib, onların içindəki yanğına dözmək olmur. İndi həyat çox gərgindir, hər günü ümidlə açırsan, günün sonunda iztirabın şəklini görürsən hər yerdə.
Bəzən bir toplumun, millətin bir şeyə ehtiyacı olur, tənhalıqdan qurtulsun, doğulduğu torpağa tapşırılsın. Ümidli günlər qabaqdadır. O külək mütləq əsəcək!
- 62 yaş sizə daha çox kimi və nəyi xatırladır?
- Mən yaş məsələsini anlamıram. Hiss etdiyimi deyim. Bayaq qardaşım zəng eləmişdi. Düşündüm, insan həmişə uşaqlıq illərindən bir-iki fraqmenti xatırlayır, yaddaş sökülə-sökülə gedir, səndən dünyada qalan o ağ-qara əksdir, uşaqlıq, bir təndirin başında, ananın yanında, yaxud atanla hardasa, yaxud evinizin həyəti, çəmənlik, şeh, anamın kələğayısı, insanın içində ən gözəl şeyləri o fraqmentlər yaradır, onlar bizi aşiq edir, həyata bağlayır, onlardan qopmaq çox çətindir. Sonrakı illərdə nə qazansan da, orden-medal, ev-eşik ola bilər, gözəl heç nə olmaz.
Uşaqlıqda gördüyün yuxularla böyüyürsən, yaş keçdimi, gördüyün yuxular da əzab verir, insan öz içində hər şeyi bilir, bəzən ən əsas, ən dərin şeylərə sadəcə işarə edir, yaza bilmir, ancaq bu – yaza bilməmək də yaşamaq şansıdır. Tanıdığın o uşağın gözüylə baxıb yazmalısan.
- Ümumiyyətlə, ad günlərində, doğum günlərində ən çox nə barədə düşünürsünüz?
- Evimizi, içindəki insan səslərini...
- Çoxu deyir ki, ad günlərinə hesabat kimi baxır...
- İnsanın bir güzgüsü olmalıdır. Özünə hər şeyi etiraf etmək üçün. Daxili bir şey. Hesabat boş şeydir. Dünyadakı bütün hesabatlar yalandır.
- Qarşıdan gələn 65 yaşınız üçün özünüzə nə hədiyyə edib, nə arzulayardınız?
- Özüm üçün indiyə qədər nəsə arzulamamışam, nə olubsa olub, mən plansız yaşayıram.
- Ad günlərində hədiyyə verənlər olurmu sizə?
- İş yerimdə xeyli xəncər var, bir də Eyfel qülləsi, sonra açarlı kitab şəklində pul seyfi kimi bir şey. Dostlar verib.
- O seyf boş olur, ya dolu?
- Boş... Həyat kimi...
- Bu gün özünüzü hansı yaşda hiss edirsiniz?
- Bəzən çox gənc, bəzən çox qoca, insan ikisinin arasındadır.
- Unutmadığınız ad gününüz hansı olub?
- Mən bəzən rəqəmləri unuduram, ad günlərini təqribi bilirəm. Doğulduğun il, gün sənəddə yazılır, hərdən özündən soruşursan: sən nə vaxt gəldin, nə vaxt doğuldun? Bəzən, elə adamlar çıxır qarşına həmən gün dərhal yadına düşür, təbəssüm şəklində, insan bəzən bilmədiyi şeylərə görə yaşayır.