Uzanmış ömür – Sənan İsmayılovun hekayəsi

Sənan İsmayılov, yazıçı

Sənan İsmayılov, yazıçı

22 mart 2022
# 12:00

Kulis.az Sənan İsmayılovun “Yazıçı. Uzanmış ömür” adlı hekayəsini təqdim edir.

– Bu yenə də sizsiniz, cənab Yazmak? Düzdür, mənə demişdilər ki, gələcəksiniz... Amma... Buyurun, əyləşin, zəhmət olmasa.

Həkim başının işarəsi ilə stulu göstərdi. İçəri girən seyrəksaçlı, alt dodağı sallaq kişi parça oyuncağın qolları kimi sallanan əllərini yelləyə-yelləyə qeyri-təbii addımlarla stula yaxınlaşdı. Amma əyləşmədi.

– Üzr istəyirəm, lap unutmuşdum... Axı siz oturmağa çətinlik çəkirdiniz... Dizlərinizdəki protezin elektron detalları bəzən siqnalları yaxşı qəbul edə bilmir, – həkim ayağa qalxdı və əyləşmək üçün kişiyə kömək etdi. – Buyurun, sizi dinləyirəm... Hərçənd söhbətin nədən gedəcəyini təxmin edirəm.

– Mən bir neçə gün çalışdım ki, heç bir şey haqqında düşünməyim. – Danışarkən kişinin dodaqları, demək olar ki, tərpənmirdi. Monoton səsi isə sanki borunun içindən gəlirdi. Danışığında heç bir emosiya hiss olunmurdu.

– Çalışdım ki, heç nə etməyim. Sizinlə danışa bilmək üçün bütün qüvvəmi toplamaq istədim. Çünki çox vacib söhbətdir... Hətta xahiş etdim ki, beyinə ötürülən bəzi siqnalları bir qədər gücləndirsinlər ki, sizinlə görüşdə öz fikirlərimi dəqiq ifadə edə bilim.

Həkim ayağını ayağının üstünə aşıraraq yüngülcə gülümsədi və qocanın üzünə baxdı:

– Vacib söhbətdir... Amma hər zamankı məsələ haqqında.

– Mən hər ay yanınıza gəlirəm. Yəqin ki, artıq gəlişimə adət etmisiniz. Ola bilsin, hətta sizin zəhlənizi də tökmüşəm. Amma özünüz də görürsünüz ki, sizin pasientiniz olduğum zamandan bəri vəziyyətimdə heç bir dəyişiklik yoxdur. Yəni yaxşılığa doğru... Düzdür, pisləşmirəm də...

– Sizin yaşınızdakı bir insan üçün bu, çox yaxşı haldır. Əsas odur ki, vəziyyətiniz dəyişməz qalsın. Daha dəqiq desəm, pisləşməsin, – həkim dedi.

– Sizinlə razı deyiləm. Əslində, bu yaşda mən özümü getdikcə daha pis hiss etməliyəm. Hətta yanınıza gəlmək üçün gücüm də olmamalıdır. Mən hələ uzun illər bundan əvvəl ölməli idim. Amma... O zamandan bəri özüm olmaqdan çıxmışam.

– Hə... siz yenə də həmin o vacib məsələ haqqında danışırsınız? – Həkim az qala dodaqaltı mızıldanaraq bunu dedi, monitora tərəf çevrildi, ekrana baxdı, sonra yenə də qocaya tərəf döndü: – Sizin nəticələrinizə baxıram, nə deyim, hər şey öz qaydasındadır. Qan əvəzedicisinin göstəriciləri, hormonların səviyyəsi, daxili orqanların funksiyası... Hamısı yolundadır... Hələlik onlar süni orqanlarla əvəz edilməyibdir... Süni orqanlar qoşulduqda, lap əla işləyəcəklər. Bircə bu dizləriniz...

– Amma bu belə olmamalıdır, – borudan emosiyasız bir səs eşidildi.

– Yox, yox, məhz elə belə də olmalıdır. Sizin vəziyyətinizdə olan biri üçün yetəri qədər implantınız var... hormonlara və başqa problemlərə görə aldığınız həblər də normadadır... Texnologiyanın inkişafı insanlara xidmət etməlidir. Daha doğrusu, sizinlə bizə. Mənimlə razılaşmırsınız? – deyən həkim gülümsədi. Ancaq onun üzündə istehza da hiss olunurdu.

– Bu inkişaf mənə xidmət-filan eləmir. Mən artıq çoxdan yoxam. Ya da, demək olar ki, yoxam. Tamam tükənmişəm. Özü də çoxdan. Sizin qarşınızdakı isə çox cüzi daxili ehtiyatı olan yüz qırx yaşlı qocanın qılafıdır – durub.

– Bəli, elədir, – həkim canlandı. – Sizin hələ də daxili potensialınız var. Əks təqdirdə, kabinetimə qədər gəlib çıxa və burada oturub söhbət edə bilməzdiniz. Biz sizin daxili enerjinizin sönməsinə imkan vermirik. Hətta zərrə qədər qalsa belə... onu qoruyub saxlayırıq, bundan sonra da qorumaq fikrindəyik.

– Ancaq... Məgər sizinlə indi danışan mənəm? – qocanın səsi ilk dəfə idi ki, kədərli səslənirdi. Onun tamamilə hissiyyatsız simasında kədər izləri gözə dəydi. – Mən öz səsimi belə tanıya bilmirəm. Sanki düşündüklərimi tamamilə başqa bir adam səsləndirir.

– Bunun da izahı var.... Sizin səs telləriniz öz funksiyasını itirib və boğazınıza fikirlərinizi səsləndirən impant yerləşdiriblər. O qurğu hətta demək istəmədiyiniz fikirləri belə səsləndirə bilir, – həkim gülümsəyərək fikrini tamamladı.

– Həkim, mən ölmək istəyirəm. Əslində, demək olar ki, ölüyəm. Sadəcə, implantların və süni orqanların hesabına yaşayıram. Çətinliklə hərəkət edirəm, heç bir şey haqqında düşünə bilmirəm. Xatirələrim məntiqsiz, qırıq-qırıq və əlaqəsizdir. Qohumların evinə getməzdən əvvəl beynimə xüsusi siqnallar ötürülür ki, onları tanıya bilim. Deyilənə görə, bu siqnallar beyinin imkanlarını artırır. Halbuki o da, demək olar, ölüdür. Bura gəlməmişdən əvvəl yenə də eyni şeyi etdilər ki, şikayətimi ifadə edə bilim. Bu siqnallar uzun illər əvvəl idmançıların öz nəticələrini yüksəldə bilməsi üçün istifadə etdikləri dopinq kimidir. Amma məsələ ondadır ki... Öz qohumlarımı tanıyanda belə, mən onlarla görüşdən sevinə bilmirəm. Heç bir emosiya yaranmır. Bir zamanlar elə hesab edirdim ki, yaxın adamım üçün özümü qurban da verə bilərəm. Amma indi nəyi qurban verə bilərəm ki? Heç nəyi. Mənim heç bir şeyim yoxdur. Nəticələrim, kötücələrim yaxınlaşıb mənə toxunurlar. Görünür, anlamağa çalışırlar ki, sağam, yoxsa ölmüşəm. Siqnalların köməyi olmadan xatırlaya bildiyim insanlar – valideynlərim, bir də arvadımdır. Onlar da çoxdan ölüblər.

– Siz valideynlərinizi siqnalların təsiri olmadan da xatırlayırsınız? Bax görürsünüzmü, deməli, içinizdə hələ də sağ nə isə qalıb, – həkim sevincək dedi.

– Məgər valideynləri unutmaq olar ki?! Mən bu dünyaya səfərimi onlarla başlamışam. Hərdən ikisi üçün də elə darıxmaq istəyirəm ki... Amma... Elə bil kimsə məni saxlayır, imkan vermir.

– Bizik. Daha doğrusu, sizi müşahidə edən maşınlarımız. Darıxmaq olmaz. Güclü həyəcan hissi sizə zərərlidir. Ümumiyyətlə, həyəcanlanmamalısınız. Əgər bu hiss yaranarsa, biz dərhal qarşısını alırıq, – həkim bunu hissediləcək qürur hissi ilə söylədi.

– Həkim, mənim ölmək hüququm var! – qoca təkrar etdi.

– Hə. Sizin belə bir hüququnuz var. Mənimsə vəzifəm – sizə ölməyə imkan verməməkdir. Axı mən həkiməm. Əgər mənim günahım üzündən ölsəniz, işdən azad olunacağam. Bir baxın görün otağımdan nə qədər diplom, sertifikat asılıb. Siz ölsəniz, onların heç biri işimi qoruyub saxlamağa kömək etməyəcək. Daha həkim kimi çalışa bilməyəcəyəm.

– Amma mən artıq, demək olar ki, ölmüşəm... Heç intihar da edə bilmirəm... Mənə kəndir belə satmırlar. Hətta satsalar da, yəqin ki, özümü asmağı da bacarmayacağam. Gücüm çatmaycaq. Mənə heç kəsici alətlər də satan deyillər.

– Haqlısınız, özünüzü asa bilməyəcəksiniz. Heç bir bıçaq, ya da kəsici alət sizə kömək etməyəcək... Çünki damarlarınızı da kəsə bilməzsiniz. Ən azından, ona görə ki, damarlarınız yoxdur. Heç qanınız da yoxdur. Sadəcə qanəvəzləyiciniz var. Ondan da siz canınızı asanlıqla qurtara bilməzsiniz. Yaxşısı budur, valideynləriniz və arvadınız haqqında danışın. Onları xatırlayırsınız?

Qoca başını aşağı saldı.

– Mən artıq bu barədə danışmışam.

– Hə... Bir də danışın.

– Mən onlar üçün darıxıram.

– Bu yaşınızda belə? Özü də bu vəziyyətdə? – həkim özünü gülməkdən güclə saxlayırdı. Bu gün ərzində ilk dəfə idi ki, onun verdiyi reaksiya səmimi alınırdı.

– Bir dəfə anam məni özü ilə birlikdə klinikaya aparmışdı. O hansısa fizioterapiya prosedurundan keçməli idi. Cəmi on-on beş dəqiqəlik iş idi... Amma bu, vacib deyil... Onda soruşdum ki, əgər həkimlər onu yaddan çıxarsalar, nə baş verər? Anam dedi ki, prosedurda lazım olan müddətdən çox qalması sağlamlığına pis təsir göstərər. Onun nə qədər ciddi danışdığını bilmirəm. Anam getdi və mən gözləməyə başladım. O zaman çox balaca idim, vaxtı müəyyən edə bilmirdim. Ona görə də birdən-birə mənə elə gəldi ki, prosedur həddindən çox uzanıb. Elə bildim hamı anamı yaddan çıxarıb. Əslində, sakit və səssiz uşaq idim, amma həmin gün qışqırmağa, ağlamağa başladım və anamı xilas etmək üçün bütün kabinetlərə soxulmağa çalışdım.

– Deməli, məsələ bundadır... Hələ uşaqlıqdan həkimləri sevmirsiniz... Hə... Bir də deyirlər ki, siz hərdənbir arvadınızın məzarını ziyarət edirsiniz, – həkim söhbətin mövzusunu dəyişmək qərarına gəldi. – Arvadınız necə biri idi? Onun haqqında danışa bilərsiniz?

– Bir payız günündə uzaq bir səfərdən qayıdırdım... Yolda yubandım. Evə təxminən səhər saat üçdə gəlib çıxdım. Səssizcə otağa girdim, bir də baxdım ki, arvadım yatmayıb, pəncərənin qarşısında oturub. Məni görən kimi yerindən sıçrayıb qalxdı və balaca uşaq kimi əl çaldı, atılıb-düşməyə başladı. Halbuki o zaman biz artıq neçə il idi ki, evli idik. – Qoca susdu, sonra yenə danışmağa başladı. – Mən bizim necə sevindiyimizi, necə kədərləndiyimizi xatırlamağa çalışıram... Bir-birimizi necə sevdiyimizi... Amma bu xatirələr sanki bloklanıb.

– Təbii ki, bloklanıb. Mən axı dedim: sizə həyəcanlanmaq olmaz. Zərərlidir. Xatirələrlə yüklənmək sizdə güclü həyəcan hissi yarada bilər. Yeri gəlmişkən, arvadınızın məzarını qoruyub saxlamağa necə nail olmusunuz? Bu gün öz yaxınlarının məzarını saxlamaq hər adama nəsib olmur. Bu, çox baha başa gəlir. İndi torpağa dəfn etmək də qəbuledilməzdir. Bunun üçün icazə almaq çox çətindir. Amma deyilənə görə, hansısa hakim məhz sizin üçün qanunda kiçik bir boşluq tapa bilib.

– Heç bir hakim-filan xatırlamıram. Mənim üçün də arvadımın məzarının yanında artıq qəbir qazılıb. Öləndə orada dəfn ediləcəyəm. Bir il sonra isə məzarlarımızı dağıdacaqlar. Şərtimiz belədir.

– Bəsdir ölüm haqqında danışdınız. Biz imkan vermərik ki, siz öləsiniz. Əgər arvadınız “İnsan həyatının qorunması” haqqında Qanun qəbul edilənə qədər yaşamış olsaydı, indi o da sizin yanınızda idi.

– Deməli, bəxti gətirib ki, ölüb.

– Başa düşün... İnsan həyatı ildən-ilə daha böyük dəyər qazanır. İnsanların sayı getdikcə azalır... Heç kəs doğmaq istəmir. Ətrafımız robotlarla doludur. Ona görə də bir-birimizdən daha möhkəm yapışmalıyıq. Müəyyən texniki problemlər mövcuddur: məsələn, sizin fikirlərinizi ifadə edən qurğu emosiyalarınızı göstərə bilmir. Ya da süni oynaqlarınız bəzən beyinin ötürdüyü siqnalları qəbul etmir. Amma bu problemləri də həll edəcəyik. Qalan məsələlərdə hər şey öz qaydasındadır, çünki davamlı olaraq sizi müşahidə altında saxlayırıq. Biz yalnızca sizin nə danışdığınızı eşitmirik, eyni zamanda da fikirlərinizi oxuyur, bədəninizin nəyə ehtiyacı olduğunu müəyyənləşdirməyə çalışırıq. Ehtiyac yarandığı təqdirdə dərhal reaksiya veririk. Ona görə də həyatdan zövq almağa çalışın, – həkim bunu ruh yüksəkliyi ilə dedi.

Qoca susurdu.

– Nə isə, mən bir azdan başqa pasienti qəbul etməliyəm. Amma siz bu tələblə məhkəməyə də müraciət edə bilərsiniz. Sizin həyatınızı qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. İntihar fikrini isə heç ağlınıza da gətirməyin. Çünki həyatınız üçün hər hansı bir təhlükə yaranarsa, fikrinizi oxuduğumuzdan, dərhal yanınızda olacağıq. Elə mən özüm də, çox güman ki, sizinlə birlikdə qocalacağam, – həkim vidalaşarkən zarafatla dedi.

***

Məhkəmə iclasının təyin edildiyi gün qoca iddiaçı öz yerini tutdu. Zal, demək olar ki, boş idi. Belə bir problemlə çox az adam maraqlanırdı. Tezliklə qocanın həmyaşıdı olan hakim də gəlib çıxdı. Məhkəmə iclası açıq elan edildi.

Hakimin səsi, eynilə qocanınkı kimi, elə bil borudan gəlirdi. Çıxışı da onunku kimi monoton və emosiyasız idi. Amma buna baxmayaraq, qocaya elə gəldi ki, hakimlə haradansa tanışdırlar.

– Mən ərizənizlə tanış oldum. Bu iş ancaq sizinlə mənim kimi adamlar üçün maraqlıdır, – deyə hakim sözə başladı. – İddiaçı cənab Yazmak, məni tanıdınızmı? Bu gün beyin fəaliyyətinizin yaxşılaşdırılması üçün sizə yetəri qədər siqnal göndəriblərmi?

– Deyəsən, tanıyıram.

– Bu yaxşı oldu. Məhkəmə çəkişmələrində dəfələrlə qarşılaşmışıq. Siz hər zaman humanist məsələlər qaldırırdınız: insan haqlarının müdafiəsinə qalxır, insanlar arasında bərabərliyi müdafiə edir, insan həyatının qorunmasına çalışırsınız. Sizin kimilər, adətən, İnsanı Allaha bənzətməyə çalışırlar. Siz hər kəsi bir-birini bağışlamağa, bir-birinin dərdinə şərik olmağa, xeyirxahlığa çağırırsınız. Düzdür, bir çox məsələlərdə mən sizinlə razılaşmırdım. Amma mövqeyinizə həmişə hörmətlə yanaşırdım. Bəs hansımız haqlı idik? Məncə, bunu heç vaxt bilməyəcəyik. Aydın olan bircə odur ki, bu gün hər ikimiz sadəcə ölmək istəyən qocalarıq.

– Sizdə də eyni problemdir? – iddiaçı soruşdu.

– Təbii ki... Məgər hiss olunmur? Mənim də bədənim, eynilə sizinki kimi, lazımsız cihazlarla doldurulub. Bilirsiniz, əslində içinə düşdüyümüz bu vəziyyətdə sizin də müəyyən günahınız var. Bütün ömrünüz boyu başqa insanların həyatı üçün mübarizə aparmısınız. Hətta ən qəddar cinayətkarların belə. Onların da müdafiəsinə qalxmısınız. İndi isə istəyirsiniz ki, sizə ölməyə icazə versinlər. Ancaq həyatın qorunmasını vacib hesab edən həkimlər buna icazə vermirlər. Təəccüblüdür, elə deyilmi? Taleyin oyunudur bu... Mənim problemim sizinkindən daha pisdir. Mən nəinki ölə bilmirəm, hətta ölüm anına qədər hakim olmaq məcburiyyətindəyəm. O an isə heç vaxt gəlib çıxmayacaq.

– Başa düşürəm, – iddiaçı dedi.

– Ayda bir dəfə məhkəmə işinə baxmalıyam. Düzdür, seçim hüququm var. Bu gün də sizin işinizi seçdim. Özünüz də, yəqin ki, başa düşürsünüz... Müstəsna bir iş olduğu üçün deyil... Sadəcə, sizi görmək istəyirdim... Mənə bənzəyən köhnə tanışımı...

– Bu ki yaxşı bir şeydir. İkimiz də mövcudluğumuzun nə qədər gərəksiz olduğunu başa düşürük. Deməli, mənim ölməyimə imkan verəcək qərara siz imza ata bilərsiniz.

– Yazıçılar həyata hər zaman həddindən artıq bəsit yanaşırlar. Hətta indiki vəziyyətdə belə... Sizi saysız-hesabsız cihaz idarə edir... Amma bu halda da bütün baş verənlərə balaca uşaqlar kimi çox sadəlöhvcəsinə yanaşırsınız. Rəsmiyyəti nəzərə almırsınız. Hesab edirsiniz ki, nəyisə xəyalınızda yarada bilərsiniz və o yaratdığınız şey mütləq həyata keçəcək. Amma mən hüquqşünasam və ancaq qanunlara bel bağlayıram. Yəni mövcud formatlara... Başa düşürsünüz?

– Başa düşürəm, – qoca cavab verdi.

– Ona görə də sizin iddianızı rədd etməli olacağam. Təəssüf olsun! Bu qərardan heç özüm də məmnun deyiləm. Sizin kimi mən də bu dünyadan getmək istəyirəm. Lakin qədim hüquq düsturunda deyilir: “Qanun sərtdir, lakin qanundur”. Ona mütləq və istisnasız şəkildə əməl edilməlidir.

Zala sükut çökdü. Onu yenə də hakim pozdu:


– Hər məhkəmə iclasından əvvəl beynimin daha effektiv fəaliyyəti üçün ötürülən siqnallar məni lap dəli edir. Onlar beynimin hələ də sağ olan hüceyrələrinə təsir göstərməyə çalışırlar. Bəzən hətta mənə elə gəlir ki, beynimdə bu siqnalların şıqqıltısını belə eşidirəm.

– Siqnalların? – iddiaçı qoca soruşdu.

– Hə, eynilə sizdə olan siqnallar kimi.

– Sizə elə gəlmir ki, bu siqnallar qeyri-qanunidir?

– Nəyi nəzərdə tutursunuz?

– Bizə qulaq asırlar. Hətta sizi – hakimi belə dinləyirlər. Onlar sizin fikirlərinizi qeydə alırlar, bu isə elə qulaq asmaq deməkdir.

– Fikirlərin qeydə alınması elə dinləmə deməkdir. Amma bu, yolverilməzdir. Fikirlərə qulaq asılması qanunaziddir. Xüsusilə də hakimin fikirlərinə. Bu hərəkət qəti şəkildə cəzalandırılmalıdır. Hər kəs bunu bilir.

– O zaman kənar şəxslərdən xahiş edin ki, məhkəmə zalını tərk etsinlər. Onlar onsuz da azdırlar.


Hakim hər kəsdən məhkəmə zalından çıxmağı xahiş etdi və iddiaçı ilə təkbətək qaldı.

– Qulaq asın, zati-aliləri. Həkimlər bizdən informasiya alaraq, həyatımızı qoruyub saxlaya bilirlər, – iddiaçı qoca danışmağa başladı. – Onlar uzaq məsafədən orqanlarımızın fəaliyyəti haqqında məlumat alır və fikirlərimizi oxuyurlar. Bizi eşidirlər. Davamlı olaraq bizi müşahidə edirlər ki, ölməyək. Ancaq bu şəkildə dinləmə qanunaziddir axı. Elə deyilmi?

– Əlbəttə, qanunaziddir.

– Deməli, siz bir hakim olaraq bu dinləməyə qadağa qoya bilərsiniz. Baxın, o zaman biz öz istəyimizə nail olacağıq. Onlar həyatımızı dəstəkləyən siqnallar ötürə bilməyəcəklər. Bizi dinləmədən, səhhətimizlə bağlı hər dəqiqə informasiya almadan bu siqnallar faydasız və gücsüzdür. Onlar fikrimizi də oxuya bilməyəcəklər. Ola bilsin ki, belə olan halda biz heç intihar etmək məcburiyyətində də qalmayacağıq – ötürülən siqnalların arasının kəsilməsi yetərli olacaq.

– Haqlısınız. Necə olub ki, bu mənim ağlıma gəlməyib? Heç bu barədə düşünməmişəm? Amma baxın, sizin ağlınıza gəlib.

– Bəlkə də ona görə ki, mən yazıçıyam, hakim deyiləm.

Elə bu zaman qapını möhkəm döydülər və əynində uniforma olan bir neçə adam içəri soxuldu. Onların arasında iddiaçı qocanın həkimi də var idi.

– Bu nə deməkdir? – hakimin borudan çıxan səsi qışqırıq həddinə çatacaq qədər yüksəldi. – Mən hər kəsin iclas zalını tərk etməsini istəmişdim.

Həkim dedi:

– Cənab hakim, bizə xəbər verilib ki, iddiaçı hüquqazidd hərəkətlərlə bağlı öz fikirlərini sizinlə bölüşür.

– Məhz hansı hərəkətlərdən söhbət gedir? – hakim maraqlandı.

– O sizə necə intihar etmək mümkün olduğu ideyasını bildirib.

– Bəs siz bundan necə xəbər tutdunuz?

– Biz davamlı olaraq pasientlərimizi dinləyir və izləyirik. Hətta...

Hakim onun sözünü ağzında qoydu:

– İrəlidəki beş dəqiqə ərzində məni və iddiaçını dinləmənizə qadağa qoyuram. Əks təqdirdə, səlahiyyətli bir şəxsi dinlətdiyiniz üçün əmr verəcəyəm ki, sizi həbs etsinlər. Dərhal məhkəmə zalını tərk edin!

Zal boşaldı. Qocalar bir-birinin üzünə baxaraq, razılıqla başlarını tərpətdilər. Bir saatdan sonra isə məhkəmə binasından iki cəsəd çıxarıldı. Üzlərinə baxanda onların ikisinin də ölməzdən əvvəl gülümsədiyi açıq-aşkar görünürdü./sim-sim.az/

Rus dilindən tərcümə: Nərgiz Cabbarlı

# 2354 dəfə oxunub

Müəllifin son yazıları

# # #