İşığa gedən yolun aydınlığında – TƏHLİL

İşığa gedən yolun aydınlığında – <span style="color:red;">TƏHLİL
19 iyul 2018
# 15:33

Kulis.az Şəlalə Göytürkün Sona Vəliyevanın “İşığa gedən yol” romanı haqda yazdığı məqaləni təqdim edir.


Gerçək naturanı süniləşdirən müasir texnologiyalar dövründə insanı təbii özünəqayıdışa, eyni zamanda mənəvi təkamülə yönəldən, zaman-zaman həyatı istiqamətləndirən ən güclü vasitələrdən biri də bədii söz sənəti, daha konkret desək, ədəbi əsərlərdir.


Bu faktdır ki, getdikcə robotlaşan dünyamızda təbii qəhrəmana, natural və həqiqi insan obrazına ehtiyac artır. Bu ehtiyac bütün mənəvi sferalarda, o cümlədən ədəbiyyatda da əsas problem kimi qalmaqdadır. İstənilən bədii əsərin məzmun və mahiyyəti nə qədər fərqli, xaotik, dağıdıcı olsa da, onların hamısını ümumi bir prinsip birləşdirir. Bu, insanyetişdirmə missiyasıdır. Bəzən, yazıçı birbaşa olaraq həmin məqsədi güdməsə də, bu məqsədsizliyin yaratdığı şərait özü də hardasa müəyyən funksional mesajlar ötürür, hansısa fəlsəfəyə xidmət edir. Vurğuladığımız məqamlar ən çox tarixi məzmunlu bədii əsərlərin taleyi üçün keçərlidir.


Ədəbiyyatşünaslar yaxşı bilir ki, sırf bədii mətnlərdən fərqli olaraq, tarixi-bioqrafik janrda yaradılan əsərlər, xüsusilə, roman janrı, yazıçıdan böyük məsuliyyət, dərin bilgi, geniş informatik-analitik təfəkkür, araşdırmaçı obyektivliyi tələb edir. Tarixi gerçəkliyin bədii formada canlandırılması müəllifin dünyagörüşünün iki qütbünün - həm elmi, həm də bədii idrakının vəhdətinin nəticəsi kimi ortaya çıxır.


Dünya ədəbiyyatında tarixi-bioqrafik nəsr ənənəsi ən parlaq çağlarını XX əsrdə yaşamışdır. Lakin həmin bioqrafik əsərlər standart formada, rəsmi-publisistik üslubda yazılırdı. Sənədli bioqrafiyanın bədii formada yazılması təcrübəsini ilk dəfə Andre Morua həyata keçirir. Sənədli bədii bioqrafiyada yazıçı, real faktları təhrif etmədən mətni obrazlı şəkildə çatdıraraq, həm tarixi toxunulmazlığı, həm də bədii keyfiyyəti qorumuş olur.


Müasir nəsrimizin Məmməd Səid Ordubadi ilə başlayan, Yusif Vəzir Çəmənzəminli, Fərman Kərimzadə, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, İsa Muğanna, Oqtay Salamzadə kimi nəhəng imzalarla davam etdirilən tarixi romançılıq epoxası, müstəqillik dövrü nisbətən zəifləmiş kimi görünsə də, son illər Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatını işıqlandıran tarixi əsərlərin yazılması, ədəbi proses kimi sürətlənməyə başlamışdır.


Sabir Rüstəmxanlı, Elçin Hüseynbəyli, Mustafa Çəmənli, Yunis Oğuz və digərləri hazırkı dönəmdə tarixi roman janrının bir sıra nümunələrini yaratmışlar.


Son dövrlərin bu səpkidə yazılan ən yaxşı əsərlərindən biri də Sona Vəliyevanın “İşığa gedən yol” romanıdır. 2016-cı ildə oxucuların ixtiyarına verilən əsər, Azərbaycanın böyük maarifçi-demokratı, xalqımızın əbədi müəllimlərindən olan Həsən bəy Zərdabinin keşməkeşli həyat yolu və alovlu mübarizəsindən bəhs edir. Əsərdə Həsən bəyin uşaqlıq çağlarından başlamış, həyatının sonunadək mübarizələrdə keçən şərəfli ömrü real epizodlar, rəngarəng bədii çalarlarla təsvir edilir.
Roman Çar Rusiyasının müstəmləkəsi olan Azərbaycanda baş verən mürəkkəb hadisələri əks etdirir. Milli oyanış və mədəni maarifçilik meyllərinin artması, Bakının dünyanın neft mərkəzinə çevrilməsi, iqtisadi həyatda ilkin kapitalist münasibətlərinin formalaşması, ümumilikdə, bütün Qafqazda gözlənilən yeni ictimai-iqtisadi formasiyaya hazırlıq prosesi, bu hazırlıq fonunda baş verən təlatümlər, ziddiyyətlər, cəmiyyətin azsaylı modernist və çoxsaylı mühafizəkar təbəqələrinin toqquşması, ermənilərin antitürk fəaliyyəti və buna bənzər taleyüklü olaylar sənədli film kimi gözümüzün önündə canlanır.

“İşığa gedən yol” Azərbaycan tarixinin, demək olar ki, az öyrənilmiş bu dövrünün aparıcı istiqamət və xarakterik özəllikləri barədə zəngin material qaynağı olaraq, həmin tarixin bir çox qaranlıq səhifələrini obyektiv surətdə işıqlandıra bilir. Burada qeyd etmək yerinə düşər ki, əsər M.S.Ordubadinin ikicildlik “Qılınc və qələm”ini həcmcə üstələyən və indiyədək yazılan Azərbaycan tarixi romanları içərisində ən böyük əsərdir. Roman, həmçinin, hadisələrin xronoloji miqyası və obrazların dolğun portretinə görə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi şəxsiyyət haqqında qələmə alınmış ən sanballı epik abidə kimi qiymətləndirilməlidir.


Fakt və hadisə bolluğuna baxmayaraq, müəllifin usta qələmi sayəsində əsərin süjeti gözlənilən sxematik quruluqdan və tarixi xronikanın cansıxıcı idarəetməsindən peşəkarcasına xilas edilir. Bədii üslubun çoxmənalı qatlarına enmə, real faktları bədii rənglərlə sintezləşdirmə, orijinal təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə isə əsərin estetik gözəlliyini artırır.

“İşığa gedən yol”da səhifə-səhifə addımladıqca, yazıçının bədii təxəyyülünün istənilən an tarixi reallığı əvəzləyəcək gücdə olduğunu hiss edirik. Lakin tarixiliyin konstruktiv tələblərindən kənara çıxmamaq üçün təhkiyəçi Sona xanım özünün həssas duyğularını, çoxqatlı fantaziyasını məcburən cilovlamalı olur. Bəzi məqamlarda müəllif bilərəkdən neytral yazıçı mövqeyindən uzaqlaşaraq, qəhrəmanının şəxsiyyətinə heyranlığını göstərən söz və cümlələrdən istifadə edir. Lakin bu müdaxilə çox incə mətnaltı priyomlarla işlədilir. Ədəbi qanunauyğunluğun bu cür taktiki üsulla – hiss olunmadan pozulması yazıçıdan yüksək sənətkarlıq tələb edir.


Gəlin, “İşığa gedən yol”da Həsən bəy Zərdabinin həyatına nəzər salaq. Çoxluq bu böyük şəxsiyyəti, sadəcə, Azərbaycan dilində ilk mətbu orqanın yaradıcısı kimi tanıyır. Gerçəklikdə isə qəzetçilik onun çoxşaxəli fəaliyyətinin yalnız bir istiqaməti idi.

Həsən bəy Səlim bəy oğlu Məlikzadə (Məlikov) – Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Atası Səlim bəy, babası Rəhim bəy dövrünün açıqfikirli, müasir düşüncəli ziyalılarından idi. Həsən bəy Şamaxıdakı ibtidai rus məktəbini bitirdikdən sonra I Tiflis gimnaziyasında təhsilini davam etdirir. 1861-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Təlimdəki uğurlarına görə tezliklə dövlət təqaüdçüsü statusuna yiyələnir. Moskva Dövlət Universitetini namizəd diplomu (bu diplom təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə verilirdi) ilə bitirən ilk azərbaycanlı olur. Tələbəlik illərində o, MDU-nun rektoru, şərq-islam tarixi üzrə tədqiqatçı Sergey Mixayloviç Solovyovla dostluq münasibətləri qurur.


Rektorun qızı Vera Solovyevanı sevən Həsən bəy milli mənafe məsələlərinə görə onunla evlənməkdən imtina edir. Şəxsi xoşbəxtliyini, gələcək karyerasını daha ali ideallara qurban verən Həsən bəy rus qadını ilə izdivacın, aparacağı milli maarifçilik missiyasına əngəllər yaradacağını düşünürdü.


Müəllif gənc Həsənin sevgi iztirablarını, tərəddüdlərini, ağlı ilə qəlbi arasında gedən gərgin mübarizəni inandırıcı psixoloji detalların köməyi ilə oxucuya çatdırır:

“Həsən yerində donub qalmışdı. Nə edəcəyini bilmirdi. Qızın göz yaşları qarşısında az qala müvazinətini itirərək yıxılacaqdı. Günah iş tutubmuş kimi son dərəcə əzab çəkirdi. Vera da bunu hiss edirmiş kimi sanki bir qədər sakitləşməkdə idi. Bir qədər sakit dayanaraq, o, qəfildən ayağa qalxdı:


- Bax, Həsən, sən tətilə gedirsən, mən bu ayrılığa necə dözəcəm? Mən səni sevdiyimi sənə necə sübut etməliyəm? Özümə qəsd etməyimlə?


Vera Həsəni qucaqlamaq istədi, lakin Həsən bir addım geri çəkildi. Vera başını aşağı salaraq:


- Sən məni cavabsız sevginlə alçaldır, məhv edirsən, Həsən!


- Sus, Vera, belə danışma! Mən sənin ağlamağına, əzab çəkməyinə dözə bilmərəm.

- De ki, məni sevirsən! Həsən, bu ki doğrudur!

- Sən Moskvadan mənimlə istisi adamın beynini qaynadan uzaq Zərdaba getsən, inan, səmimi deyirəm, körpə, zərif küknar tingi kimi solub-solub məhv olacaqsan, Vera! Ora zərif bir rus qızının baş çıxaracağı, yaşayacağı yer deyil.”


Yenə oxuyuruq:


“O, Veranın məhəbbətindən, səmimi sevgi etiraflarından sui-istifadə etməyi ağlına gətirmədi. Belə fürsət və məqamlardan namərdcəsinə istifadə edəcək bir insan deyildi Həsən. Gözü dolmuş, qəlbi kövrəlmiş Həsən soyuqqanlı ağlı ilə “zaman gələcək, siz biri-birinizi görəndə utanmayacaqsınız, hörmət, sevgi və ləyaqətlə biri-birinizi xatırlayacaqsınız. Yalnız əsl insan sevgisi hər bir canlıya məxsus qısamüddətli ötəri hislərə, ehtirasa qalib gələ bilir, yalnız insanlar bir yastığa baş qoymadan da biri- birini sevə bilir, əsl sevənlər elə ayrı olanda da sevə bilirlər” – deyə düşünürdü”.

Universitetdən məzun olduğu günün səhəri doğma məmləkətə qayıdan Həsən bəyin, yol boyu rasional və sentimental duyğuların cəbhəsində çarpışmasını yazıçı belə təsvir edir:


“Həsən bəy qatarda yol gedə-gedə tələbə yoldaşlarından eşitdiyi: “Sənin xalqın, millətin haqqında ürək yanğısı ilə danışmağına müəllimlərin çoxu ağız büzdü” - sözlərini yadına salaraq, bir daha bu məsələlərə açıq gözlə baxmağa çalışırdı. Qəlbində ağız büzənlərə işarə ilə: “Siz “velikiy” söyləyə-söyləyə hər şey edə bilərsiniz, mən xalqımın dərdini dilimə belə gətirə bilmərəmmi?” - öz-özünə deyirdi. “Güclü dövlətlərin tabeliyində olan millətlər nə qədər böyük, əzəmətli tarixi olsa belə, yenə də “istismar olunan xalq” statusunda qalır. Əslində, millətin böyüklüyü, əzəməti nə onun əhalisinin sayı, nə də ərazisinin böyüklüyü ilə ölçülür. Millətlər öz tarixi şücaəti, iradəsi, bəşəriyyətə bəxş etdiyi maddi və mənəvi sərvətləri ilə sayılıb - seçilir. Biz böyük təhsil ocaqlarında oxuyub məzun olanlar şəxsi mənafeyimizi düşünüb hərəmiz bir rus xanımı ilə ailə qurmaqla gələcək həyatımızda yalnız özümüzü düşünsək, vay onda millətin halına! Bu istismarçı quruluşun, şovinist imperatorluğun bəlası ən çox bizim millətə toxunub.” Həsən yol boyu düşünürdü. Onun dərdi elə böyük, elə çəkilməz idi, bununla müqayisədə şəxsi sevgi macərasının uğursuzluğu çox-çox aşağıda dayanırdı.”


Romanın süjeti Həsən bəyin Tiflisdə torpaq palatasında, Bakıda quberniya idarəsində, Qubada məhkəmədə çalışdığı zamanlarda başına gələn cürbəcür olaylar, hətta həyatına sui-qəsd təşkilinin təsviri ilə davam etdirilir.


Hadisələrin dinamikasını göz önündə canlandıran axıcı təhkiyə, əsərə səpilən əlvan bədii boyalar, kitabın asan oxunmasını və rahat qavranılmasını təmin edir.


Əsər qəhrəmanının həyat yolunu daha çox real detallarla işıqlandırmağa üstünlük verən müəllif, bədii priyom kimi oneirologiyadan (yuxugörmə üsulu) uğurla istifadə etmişdir. Babası Rəhim bəyin Həsənin gələcəkdə böyük adam olacağına işarə edən yuxusu, gənc Həsənin gələcək həyat yoldaşı ilə yuxuda görüşməsi, “Əkinçi”nin nəşrə hazırlandığı ərəfədə Zərdabinin yuxuda atası ilə zəmi sulaması, Səlim bəyin “o erməniyə (qəzetin mütərribi Minasov – Ş.G.) güvənmə” tapşırığını verməsi kimi hissələr, əsərə mistik çalar qataraq, qəhrəmanın sanki tanrı tərəfindən seçilmiş missioner olduğu qənaətini aşılayır.

Image result for "İşığa gedən yol"

Yeri gəlmişkən, əsərdə ikinci irreal-metafizik situasiya romanın sonunda millət fədaisi Həsən bəyin çiyinlərdə gedən cənazəsinin işıq selinə qərq olması epizodu ilə göstərilir və bu okkultist mənzərə Buddanın nurlanmasını xatırladır.


Əsərdən tam aydın olur ki, roman qəhrəmanı Həsən bəy ictimai fəaliyyətini daim şəxsi həyatından üstün tutmuşdur. Xalqı təhsilləndirmək xəyalı başından çıxmayan Zərdabi, yoxsul uşaqları oxutmaq məqsədi ilə tariximizdə ilk xeyriyyə cəmiyyətini təsis edir. Lazım olan maliyyəni toplamaqdan ötrü mahal-mahal, rayon-rayon gəzərək, mülkədarlardan, bəylərdən və ağalardan ianə yığmağa başlayır. Bəyzadə müəllimi əsil-nəcabətinə və qonaq qismində təşrif buyurduğu ünvanların bəy qapısı olduğuna görə ərazilərdəki ağalar hörmətlə qarşılayır, cəmiyyətə maddi yardım göstərməyə birtəhər razılaşırlar. Dinlə cəhalətin tüğyan etdiyi, məscidlərin məktəbləri üstələdiyi bir dönəmdə ətalətdə mürgüləyən varlı adamları elm, tərəqqi yoluna yönəltmək, onları bu yolun haqq olduğuna inandırmaq olduqca çətin idi. Ağa və bəylər rəiyyət uşağının oxuyacağı xəbərini eşidəndə, dərhal əks reaksiya verir, aşağı təbəqənin ayağa qalxmasını istəmədiklərini açıq bəyan edirdilər. Avropanın ən mütərəqqi ideyalarını mənimsəyən, Moskva ali mühitindən çıxmış Həsən bəy isə bu cahil təfəkkürü, mədəni geriliyi həmin bəylərə sadə dillə izah edir, erməni və gürcülərin qəzet, teatr, məktəb, mətbəə açaraq irəlilədiyini, müsəlman türklərin isə bütün mətləblərdə geri qaldığını tutarlı dəlillərlə əsaslandırırdı.

Məktəb, maarifçilik, təhsil ideyalarının gerçəkləşməsində Həsən bəy kimi ziyalıların qarşısında duran birinci maneə, çarizmin imperialist siyasəti idisə, ikinci və miqyasına görə ən böyük problem kütləni ardınca aparan dini fanatizm idi. Təsadüfi deyil ki, çar məmurları “Əkinçi” qəzetində gedən materiallarla bağlı Həsən bəyə sözlə “diqqətli olmağı” tapşırarkən, din xadimləri tərəfindən beyni yuyulmuş cahil gənclər onu silahla hədələyirdilər.
Belə bir qaranlıq mühitdə və istibdad şəraitində Həsən bəy yenə də ruhdan düşmür, əksinə, əldə etdiyi xırda-para nailiyyət onun ürəyini dağa döndərir, gələcəyə ümidlər bəsləməyinə stimul verirdi.

Romanda göstərilir ki, Həsən bəy o zaman Qafqazda fəaliyyət göstərən on gimnaziyanın müəllimləri içərisində ali təhsil almış yeganə azərbaycanlı idi. Ürəkağrıdıcı məqam isə həmin gimnaziyalarda azərbaycanlı şagirdlərin yox dərəcəsində olması idi. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün əhali arasında təbliğat aparmaqdan yorulmurdu.


Maddi yardımların kəsilməsi üzündən "Cəmiyyəti-xeyriyyə" iki illik fəaliyyətindən sonra bağlanmalı olur.


Həsən bəy gimnaziyadakı yoxsul uşaqların təhsilinə kömək məqsədilə yollar aramaqda davam edir. Uzun düşüncələrdən sonra qəfil onun ağlına dostu və silahdaşı Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını səhnələşdirmək ideyası gəlir. Əsər Həsən bəyin tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin iştirakı ilə 1873-cü ildə səhnədə nümayiş olunur.


Tamaşadan toplanan vəsait yoxsul şagirdlərin təhsil xərclərinə yönəldilir. Bununla da Həsən bəy Zərdabi Azərbaycan mədəniyyəti tarixində ilk milli teatrın əsasını qoyaraq yeni tarix yaradır. Lakin müsəlman əhalinin teatra maraq göstərməməsi, qəhrəmanımızı yenidən başqa vasitələrlə maliyyə axtarmağa məcbur edir. Nəticədə o, ana dilində ilk mətbuat orqanı yaratmaq fikrinə düşür. Nəhayət, 1875-ci ildə Tiflisdə ilk milli Azərbaycan qəzeti “Əkinçi” işıq üzü görür. Min bir əziyyət bahasına qəzetin çapı üçün icazə almağı bacaran Həsən bəy qəzetin qısa fəaliyyəti boyunca Azərbaycan türklərinin maariflənməsi, təhsil və elm dalınca getməsi təbliğatını aparır, üstüörtülü də olsa, millətin istismar edildiyini, bu vəziyyətin bütün türk xalqları üçün eyni olduğunu göstərirdi. Krım türklərinin böyük maarifçi ideoloqu İsmayıl bəyin Həsən bəylə tanışlığı zamanı iki mütəfəkkir arasında gedən dialoq olduqca maraqlıdır:


“- Ustad, sizcə dünyada yaşayan biz türklərin əsas problemi nədir? – İsmayıl bəy soruşur.
Həsən bəy cavab verir:


- Burda gizlədiləsi heç nə yoxdur. Bütün türklər eyni soy-kökdən olduğu üçün bizim hamımızın ümumtürk ortaq ədəbi dilimizi formalaşdırmaq, bu dildə gələcək nəsillərə təhsil vermək lazımdır. Onların hamısı bu dildə oxumağı, yazmağı, öyrənməlidirlər. Vahid, ortaq dil problemi bu gün türk xalqlarının qarşısında dayanan əsas məsələlərdən biridir. Söhbət etsək, özbəklər, qırğızlar, qazaxlar, çərkəzlər və başqa türk xalqları biz azərbaycanlıları və Anadolu türklərini çətinliklə anlayacaqlar. Dil xalqların birliyində mühüm məsələdir. Məncə, beş-altı ildən bir bu mövzuda müəyyən toplantılar keçirilməli, ortaq dil problemləri araşdırılmalıdır. Dünya türklərinin birliyinə nail olmaq üçün bu, çox vacib bir məsələdir. Türkdilli xalqların ittifaqı yaradılmalıdır. Amma bu, indiki şəraitdə çox çətindir.”

Dialoqdan göründüyü kimi, Həsən bəyin sərhədlərə sığmayan arzu və düşüncələri təkcə Azərbaycanı deyil, bütövlükdə ümumtürk xalqlarının taleyini işığa çıxarmaq, eyni dilə, mədəniyyətə mənsub bu nəhəng etnosu sivil dünyada, mütərəqqi proseslərin içində firavan görmək istəyindən doğurdu.



Ermənilərin Qafqaz Canişinliyinə, bəzən, hətta çarın özünə yazdığı ardı-arası kəsilməyən donoslar nəticəsində “Əkinçi” qəzeti iki ildən sonra bağlanır. Ancaq ermənilərin “Mşak” qəzeti isə qırx doqquz il ömür sürmüş, üstəlik, “Əkinçi”dən fərqli olaraq, senzuraya çox az məruz qalmış, milli-dini ədavətin qızışdırılmasında sərbəst çıxışlar etmişdi.



“Əkinçi”nin nəşrinin dayanması heç də Həsən bəyin - bu böyük ideya generatorunun fəaliyyətinin dayanması demək deyildi. Zərdabda yaşadığı 16 il ərzində o, "Dildə, fikirdə, əməldə birlik" ideyasını, təhsildə yenilikçiliyi təbliğ edən İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetindəki fikirlərinin əhali arasında yaymaqla məşğul olurdu. Həsən bəy Bakıya köçdükdən sonra "Kaspi" qəzetində çalışmağa başlayır. Çox keçmədən Bakı şəhər Dumasına deputat seçilir. O, Dumanın iclaslarında davamlı olaraq, şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırır, əksər hallarda onun müsbət həllinə nail olurdu. Təsadüfi deyil ki, onun yorulmaz fəaliyyəti sayəsində Rus-Azərbaycan məktəblərinin sayı üçdən on altıya çatdırılmışdı.

Image result for "İşığa gedən yol"

Romandan onu da öyrənirik ki, Bakıda 1901-ci ildə ilk rus-müsəlman qadın məktəbinin ("Qızlar Seminariyası") açılmasının təşəbbüskarı Həsən bəy Zərdabi, maliyyə dəstəkçisi isə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Məktəbin ilk müdiri Həsən bəyin həyat yoldaşı, ziyalı qadın Hənifə xanım Abayeva təyin edilmişdi.

Bakıda ilk dəfə olaraq, müəllimlərin qurultayının çağırılması da Həsən bəyin adı ilə bağlıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu kimi ziyalılar da məhz Həsən bəyin dəvəti ilə Bakıda bir araya gəlmişdilər. Xəyallarında ideallaşdırdığı müstəqil respublikanın doğuluşunu görmək Həsən bəyə nəsib olmasa da, ardıcılları onu haqlı olaraq, cümhuriyyətin mənəvi atası hesab edir xatirəsini əziz tuturdular.


Romanda Həsən bəyin Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Mirzə Hüseyn Qayıbov, Mirzə Qədim İrəvanı, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi şəxsiyyətlərlə səmimi dostluq münasibətləri ətraflı təsvir edilir.


Həsən bəyin Azərbaycanın müxtəlif bölgələrinə səfərlərinin təsviri zamanı müəllifin həmin bölgənin tarixində müəyyən gəzişmələri etməsi, romanın milli koloritini artırır. Ərazilərin etnoqrafik və etimoloji tarixçəsinin xatırlanması, bölgə insanlarının həyat tərzi və xarakterlərinin açılışı əsərə epopeya biçimi verərək hüdudlarını genişləndirir.

Ümumiyyətlə, Sona xanım baş qəhrəmanının daxili aləmini, mərd xarakterini real detallarla üzə çıxararaq, kitabda milli ziyalının ideal obrazını yarada bilmişdir.


Məsələn, Həsən bəy Bakı Qəza İdarəsində məmur kimi çalışdığı vaxtlarda dəftərxanaya şikayətə gələn zavallı hüquqsuz kəndlilərin haqlarını müdafiə edir, onlar üçün pulsuz ərizələr yazır, haqlarını başa salır, övladlarını oxutmalarının vacibliyini izah edirdi. Əsərdə göstərilir ki, böyük pedaqoq savadsız, çarəsiz insanlara bütün varlığı ilə yardım etməyə o qədər can yandırır, aludə olurdu ki, əksər hallarda nahar fasiləsinə çıxmağı belə unudurdu. Bu arada Həsən bəyin təmiz, vicdanlı şəxsiyyəti, xalq arasında artan hörməti, rüşvətxor və istismarçı çar məmurlarının və onlara nökərlik edən ermənilərin xoşuna gəlmirdi. Buna görə də Həsən bəy öz iş yerini tez-tez dəyişmək məcburiyyətində qalırdı.


Onu ən çox incidən məqamlardan biri, bəlkə də ən birincisi, yetişməkdə olan milli burjuanın, neft kapitalistlərinin, milyonçuların, ağa və mülkədarların milli şüura malik olmamaları, millətin inkişafı üçün çalışan qəzet, mətbəə və teatr kimi azsaylı qurumlara maddi-mənəvi dəstək verməmələri idi.

Əsərdə qeyd olunur ki, “Cəmiyyəti-xeyriyyə”nin bağlanması, “Əkinçi”nin sıxışdırılması, böyük ideyaları həyata keçirmək üçün lazım olan maddi vəsaitin tapılmaması Həsən bəyi çıxılmaz duruma salır, əsəblərini gərginləşdirirdi. Bir dəfə “Əkinçi”nin bağlandığı ərəfədə işdən çıxıb evinə gedən Zərdabi Qış sarayının qarşısında bir cüt bəzəkli faytonun yürüdüyünü, dəbdəbəli faytonların bir kazinonun qarşısında dayanaraq, içərisindən iki zəngin müsəlman kişisi və iki yarıçılpaq erməni qadınının düşdüyünü görür. Zənginlərimizin pul xərclədiyi “dəyərləri” görən Zərdabiyə bu mənzərə çox pis təsir edir. Uğrunda savaşdığı xalqın məzlum, faciəli taleyinin varlı təbəqənin cılız zehniyyəti ilə bilavasitə əlaqəli olduğu qənaətinə gəlir.

Ümumiyyətlə, “İşığa gedən yol” romanının bədii keyfiyyətləri, süjet xəttinin döyüşkən dramaturgiyası, mürəkkəb kompozisiyası, yazıçının orijinal fərdi üslubu, bir neçə istiqamətdə: tarixi, siyasi, bədii, fəlsəfi baxış açısından dəyərləndirilə bilər.


Əsər mövzu dərinliyi və struktur mürəkkəbliyinə görə ağır klassik romançılıq stixiyasına sahibdir. Tarixi fenomenlərin real surətləri, hadisələrin obyektiv və konkret ardıcıllığı əsərin ictimai-siyasi dəyərini artırır.


Romanda canlandırılan Azərbaycan maarifçilik dövrünün əsas ideya və istiqamətləri XVIII əsr Fransa maarifçilik hərəkatı ilə oxşar xüsusiyyətlərə sahib olduğundan burada qısa paralellər aparmaq istəyirik.


1. Avropada maarifçilik hərəkatı bütün hərəkətverici qüvvəsi ilə kilsə və kral mütləqiyyətinə qarşı yönəlmişdi; Azərbaycanda isə maarifçilik hərəkatı islam xurafatı və çar Rusiyasının müstəmləkəçilik siyasəti əleyhinə yönəlmişdi;


2. Fransız maarifçiliyi təkcə Fransanın coğrafi ərazisini əhatə etmir, fransız filosoflarının odlu-alovlu ideyaları bütün Avropa ölkələrində böyük təsir qüvvəsi ilə yayılırdı; Azərbaycan maarifçilik hərəkatının izləri isə Gürcüstan, İran, Dərbənd, Rusiya, Türkiyə, Orta Asiya ərazilərində məskunlaşan türkdilli xalqların mədəni və siyasi dirçəlişinə təkan verirdi;

3. Fransız maarifçiliyi Avropanın ictimai-siyasi quruluşunu kökündən dəyişərək, liberal-demokratik respublikaya keçidin təməlini qoyan böyük fransız burjua inqilabını doğurdu; Azərbaycan maarifçiliyi isə öz növbəsində ölkə ərazisində yaşayan bütün milli, etnik, dini birliklərin bərabərhüquqlu, sərbəst yaşamasını nəzərdə tutan, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən, qoca Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.


4. Fransa maarifçilik hərəkatının aparıcı fiqur və ideoloqları tanınmış yazıçı, ictimai-siyasi xadim və filosoflar (Didro, Dalamber, Helvetsi, Russo, Monteskyö, Volter və başqaları) idi;


5. Azərbaycan maarifçiliyinin də öndə gedən aparıcı şəxsiyyətləri – yazıçı, filosof, ictimai xadim və pedaqoqlar (H.Zərdabi, M.F.Axundov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Haqverdiyev, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, Y.V.Çəmənzəminli və başqaları) idi.


Fransız maarifçiliyi dövrünü əbəs yerə xatırlamadıq. Aydındır ki, mühiti şəxsiyyətlər yaradır, şəxsiyyətləri də mühit yetişdirir.


Bu mənada biz Zərdabini Avropa maarifçilik və inqilab hərəkatının başlıca hərəkətverici qüvvəsi olan “Ensiklopediya”nın naşiri, Avropa fəlsəfi fikir tarixinin sərkərdələrindən biri böyük humanist Deni Didro ilə müqayisə edə bilərik. Didro öz “Ensiklopediya”sını nəşrə hazırlayanda onu sırf elmi məqalələrin cəmləşdiyi bilim kitabı kimi yaymaq fikrində idi. Lakin dövrün tələbi “Ensiklopediya”nı elmi mahiyyətindən daha çox ictimai mühitin tənqidçisi kimi tanıtdı. Mübarizə üsullarına görə Didro daha açıq və kəskin mövqedə dayansa da, Zərdabi hədəfə aldığı ideya və planlarında daha radikal islahatçı sayıla bilər. Lakin müstəmləkə ölkənin vətəndaşı, təhsilsiz cəmiyyətin müəllimi olan Zərdabinin vəziyyəti avropalı xələfi ilə müqayisədə dəfələrlə ağır idi. Bu və bənzər səbəblərə görə o, Didro kimi “sonuncu kralın sonuncu keşişin bağırsaqları ilə boğulmalı olduğunu” yaza bilmirdi, lakin daha effektiv və praqmatik metodlarla, xalqını düşdüyü bataqlıqdan çıxarmağa can atırdı. Ədalət naminə deməliyik ki, Didronu yetişdirən millət də, ictimai mühit də heç bir parametrinə görə Zərdabinin şəraiti ilə müqayisə oluna bilməz. “Əkinçi”dən düz 124 il əvvəl Didronun “Ensiklopediya”sı milyon tirajla nəşr edilərək, əldən-ələ gəzəndə, “Əkinçi”nin abunəçi sayı üç-beş nəfərdən o tərəfə keçmirdi.


Eynilə Didro kimi o da fəlsəfi dünyagörüşü etibarilə, metafizik baxımdan materialist, etik-estetik ideyalar biçimindən isə idealist təfəkkürə sahib idi. Bu da böyük maarifçinin ali humanist dəyərləri bütün qəlbi, ruhu ilə mənimsəməsi və onlar uğrunda yorulmadan mücadilə aparması ilə isbat olunurdu.
Zərdabi – ideoloji cəbhədə Didro, mənəvi mübarizədə Volter, siyasi düşüncədə isə Lokk kimi savaşırdı.


Bütün bunlara görə Sona Vəliyevanın “İşığa gedən yol” romanı tarixi şəxsiyyətin əbədiləşdirilməsi fonunda qələmə alınmış ən uğurlu nəsr əsəri kimi diqqətəlayiqdir. Yeri gəlmişkən, əsəri film mövzusu olaraq da xarakterizə etmək mümkündür. Sözü görüntüyə çevirmə bacarığı, bədii müşahidəçilik və müəllifin analiz qabiliyyəti roman əsasında bədii film çəkilməsini labüd edir. Təxminlərimizə görə yazıçının sözügedən tarixi dövrü mükəmməl canlandırması, rejissor işini xeyli asanlaşdıracaq. Sosial-İctimai mühitin əhatəli, dolğun təsvirlərinə, qəhrəmanın milli məfkurəçilik mübarizəsinin gerçəkliyinə, səmimiyyətinə, tarixi şəxsiyyətin yüksək sənətkarlıqla yaradılmış bitkin portretinə görə “İşığa gedən yol” romanı çoxseriyalı tarixi-bədii filmin ssenarisi olmağı haqq edir.

# 1829 dəfə oxunub

Müəllifin son yazıları

# # #