Güllələyin qadınları

Güllələyin qadınları
9 iyul 2018
# 15:29

Gözəlim azərbaycanlılar lətifəbaz olduqları üçün istərdim məsələyə münasibəti lətifə üzərindən bildirim. Ki, daha anlaşılan olsun yerli ictimaiyyət üçün.

Deməli, birinin evinə oğru girir. Külli miqdarda ziyan vurur, talan edir. Xülasə, ev sahibi evə döndüyündə görür hal-qəziyyə belə. Şikayət edir yerli polis şöbəsinə. Çox keçmir quldur tapılır, iş düşür təyinatı üzrə məhkəməyə. Quldur qardaş da azərbomlar demiş, hakimə “görüm-baxım” eləyir ki, söhbət bağlansın. Bir dənə də xülasə, məhkəmə iş başında.

Hakim yoldaş üzünü tutur zərərçəkənə. Deyir, vətəndaş, əvvəla evdən çıxırsan uzunmüddətli, niyə mühafizəçin yoxdur? Var?

Zərərçəkən:

- Xeyr, yoldaş hakim, yoxumdu.

Hakim bir az da özünü toxdadır. İkinci sual:

- Aydındı, mühafizəçin yoxdur, cəhənnəm, heç olmasa qapında itin varmı?

Zərərçəkən məyusluqla:

- Xeyr, yoldaş hakim, itim də yoxdu.

Hakimin beyni çönür.

- A kişi, mühafizəçin yox, itin yox, heç olmasa evinin təhlükəsizlik siqnalı varmı?

Zərərçəkən söhbəti tutur, təmkinlə cavab verir:

- Yoldaş hakim, başa düşdüm, təşəkkür edirəm. Bəli, mənim evimin mühafizəçisi yoxdu, qapımda itim də yoxdu, evimin təhlükəsizlik siqnalı da yoxdu. Amma xahiş edirəm deyin, biz də işimizi bilək. Deyin, görüm, bəs oğruda günah var, yoxsa yoxdur?

Belə duzlu-məzəli girişdən sonra keçək mətləbə. Mətləb də bu. Ki, ölkə gündəmi qaramat. Məhz bu səbəbdən dolayı azərbomların tin estetikası yaratdıqları sosial şəbəkələrdən imtina etdim. Yerli xəbər saytlarını da birmənalı olaraq açmıram. Təxminən 1 ilə yaxındır özümə hörmətim birə-min artıb. Siz də sınayın.

Di gəl, qulaqdələn xəbərlər məndən də yan ötmür. Düzü, belə xəbərləri oxumağa hacət yox, necə deyərlər, dərimdə hiss edirəm. Məsələn, Mövludun intiharını həmin gecə dərimdə hiss etmiş idim. Ramin Hacılının solaxay yolla ölkədən qaçmaq cəhdini də, Cəlil Cavanşirin durumunu da. Və sairə.

(Bilirəm, ciddi söhbətlər sizi yorur, zəhlənizi tökür. Narahat olmayın, üçcə abzasdan sonra lətifəyə qayıdacağıq.)

Bir fikir adamı, düşüncə adamı kimi məni heç vaxt nəticə maraqlandırmayıb. Məni maraqlandıran səbəblərdir. Vəssalam! Nəticələr həmişə bəsit olur.

Məlum məsələ. Ki, azərbomlar hər daim hakim pozasında. Azərbaycanda istənilən adama tribuna ver, istənilən adama mikrofon uzat, ya kimisə qınayacaq, ya da mahnı oxuyacaq. Çırtma vursan meyxana da deyər. Nə isə. Sözüm onda yox. Mən Azərbaycanda çox gördüm, suyun üstündə gəzən adama qəhqəhə çəkib gülürdülər ki, ona baxın, üzməyi də bacarmır...

Bütün bu olaylarda kütlə hakim pozası alıb cəmiyyətin intellektual, yaradıcı üzlərini qınadı, hökm kəsdi. Nədən ki, kütlə həmişə nəticələrlə qərar çıxarır. Nəticələr isə yuxarıda dediyimiz kimi, bəsitdir.

Söz verdiyim kimi, üçcə abzasdan sonra qayıdırıq lətifəmizə. Əzize-mənlər, gözəlim qarabaş azərbomlar, narahat olmayıngil, mən də sizlərdən biriyəm, mən də qarabaşam. Bəli, sizinlə razıyam, zərərçəkənin canı çıxsın mühafizə etdirsin evini, qapısında it saxlasın, heç olmasa təhlükəsizlik siqnalı quraşdırsın. Yəni siz haqlısınız, günah öləndədir – Mövludda. Günah məhbusdadır – Ramində. Günah özünü doğrayandadır – Cəlildə. Amma başımın bir azacıq ağaran yerlərindən sual verim, inciməyin. Bütün bunlar nəticələrdir. Bəsitdir yəni. Bəs səbəblər nədir?

Necə oldu 10 il öncə ölkə gəncliyinin parlaq üzü, fərqli və alternativ düşüncənin, yeni gənclik dalğasının doğulmasına “Dalğa” gənclər hərəkatı, “Alma” qəzeti kimi töhfələr verən Ramin Hacılı yüzminlərlə borcla ölkədən qaçmaq istədi? Ümumiyyətlə, onu bu duruma gətirən səbəblər nələrdir?

Necə oldu Mövlud kimi işıqlı, istedadlı, bacarıqlı bir yazar özünü binadan atdı?

Necə oldu Cəlil kimi yararlı, maarifçi, aydın bir ədəbiyyat adamı, onlarla tərcümə, müəllif kitablarının yiyəsi özünü camaatın gözü qabağında doğramağa qalxdı?

Əl-əlbət, bütün bunlarda bir “günah keçisi” qadın da tapıb ittiham edəcəksiniz. Etmisiniz də zaman-zaman. Nədənsə, bizim tərəflərdə bütün qara olaylara bais qadınlar olub hərdaim. Necə deyərlər, “bazarda soğanın qiymətinə də, bir günahkar gərək, bir bais gərək, güllələyin qadınları!”

Di gəl, qadın təbiətcə yaşadıcıdı, öldürücü yox. Qatil həmişə insanın kişi tərəfidir. Taftologiya olmasın, bu İlahi həqiqəti idrak etmədən nəinki Azərbaycanın, bütövlükdə Şərqin xilası yox.

Bilirəm, ciddi mövzular sizin ətinizi tökür. Üzr istəyirəm. Gözəlim qarabaşlar, qayıdaq lətifəmizə. Acığınıza getmirsə, mən lətifədə zərərçəkən tərəf olum. Nədən ki, Mövlud da mənim kisəmdən gedib, Ramin də, Cəlil də. Siz də həmişəki kimi hakim olun. Tamam? Çox sağ olun, təşəkkür edirəm. Aydındır, haqlısınız. Bir daha deyirəm, bir qarabaş həmyerliniz kimi sizinlə dördəlli razıyam. Amma icazə verin mən də sualımı verim.

Xahiş edirəm deyin görək, oğruda heçmi günah yoxdur?

# 2319 dəfə oxunub

Müəllifin son yazıları

# # #