“Sevgililər günü” faciəsi

“Sevgililər günü” faciəsi
14 fevral 2014
# 08:45

Lövhədə ox sancılmış ürək şəkli çəkilib. “Starosta” arxada güzgülənir. Qar yağır, üzbəüz binanın nimdaş görkəmi cansıxıcıdı. Elə bil “Sevimli qış” adlı inşa oxuyursan. Kimsə partanın üstünə kobud xətlə Lermontovun bir bəndini yazıb:

Ağlama, qızcığaz, ağlama, yetər,

Dəyməz göz yaşına sevdiyin oğlan.

Bəlkə zarafatmış dediyi sözlər,

O səni sevirmiş darıxdığından.

Rus ədəbiyyatından seminardı. Oğlanlar dərsə girməyib, hardasa veyllənirlər. Auditoriyada ancaq qızlardı. Mətləb müəllim Puşkinin “Kapitan qızı” əsərindən danışır. Mətləb müəllim bizim yaşımızda deyil, mənim kimi pəncərənin yanında oturmayıb, qarın necə qüssəylə yağdığını görmür, bu günün “Sevgililər günü” olmasından xəbərsizdi, dalğınlığımızın səbəbini bilmir. Bütün bunların hamısına görə Sevgililər gününün bizim dərsimizə heç bir dəxli yoxdur. Sadəcə, hansısa axmaq lövhəyə ox sancılmış ürək şəkli çəkib, bu qədər.

Sabah yenə hər şey öz qaydasında olacaq. Bu günü yola vermək, birinci partada oturub, dərsi həmişəki kim idarə eləmək çox çətindi. Mövzuya səfərbər olmaq, müəllimin unutduğu hansısa sözü xatırlatmaq, arada başını təsdiq əlaməti olaraq yelləmək, təhlükələrin qabağını saxlayıb arxada “starosta”nın könülsüz-könülsüz güzgülənməsinə şərait yaratmaq həmişə mənim işim olub. Bu gün istefa verirəm, qoy bu dərsi başqaları idarə etsin. Dördüncü mərtəbənin pəncərəsindən bayırı seyr edib, bizim qızların üzündəki pərişan ifadə barədə düşünürəm. Özümü məğlub bir ordunun sərkərdəsi kimi hiss etmək üçün əməlli-başlı səbəbim var.

Kaş yenidən birinci kurs olaydı, hər şeyə Antik yunan ədəbiyyatından təzədən başlayaydıq. Heç olmasa bu gün “Medeya” faciəsini keçəydik. Axı hər faciə bir dərsdir. Axı uduzmamaq üçün oynamamaq lazımdır.

Təəssüf ki, geriyə yol yoxdu. Artıq dördüncü kursa, Rus ədəbiyyatının on doqquzuncu əsrinə, Puşkinin “Kapitan qızı”na qədər gəlib çatmışıq. Hələ uşaqlıqda oxuduğum bu əsər haqqında yenidən düşünməyə həvəsim yoxdu. Kapitanın bu fərsiz qızını o vaxtdan sevmirəm. Elə əsərin qəhrəmanını da. Yadımda daha çox Yemelyan Puqaçov obrazı qalıb. Puşkin qəsdən bu əsərdə aləmi qatıb, Puqaçovu baş qəhrəman seçməyib, əslində isə bu əsər elə onun edamından ibarətdi.

Elə bil mən də orda olmuşam, o edamı izləyən izdihamın içində. Yəqin bu əsəri vaxtından çox əvvəl oxumuşam, yəqin bu izlədiyim ilk edam olub, ona görə. Sanki Puqaçovun vüqarla gülümsəyib əsərin qəhrəmanına göz vurduğu səhnəni öz gözümlə görmüşəm. Amma nə qədər vüqarla gülümsəsə də, böyük idealların edam öncəki təsviri çox kədərlidi. Özü də bütün edamlar belədi, təkcə ədəbiyyatdakılar yox, həm də tarixdəkilər.

Aldanmış xalq qəhrəmanının miskin edam mənzərəsi. Bunu ikinci dəfə seyr etmək mənim nəyimə lazımdı?! Bu ki dəhşətdir, edamdan da çox aldanmaq dəhşətdir. Qəhrəmanı olduğun xalqın sənin məğlubiyyətini izləməsi dəhşətdir. İnsanı başqasının edamını izləməyə nə vadar edə bilər, görəsən, hansı qüvvə?

Bütün qəhrəmanlar bir gün aldanır, ən pisi budu. Otağımda, çarpayımın baş ucunda asdığım xalq qəhrəmanının saqqalı foto-şəklini xatırlayıram. Doğrudanmı, böyük idealların xilası mümkün deyil, onları məğlubiyyətə, dar ağacına, edama aparmayan bir yol yoxdu?

Ürəyim sıxılır. Dərsdən yarımçıq çıxmalı oluram.

- Ona yazığım gəlir, müəllim, Puqaçova.

Mətləb müəllim mənə anlayış, qınaq, bir az da çarəsizlik qarışıq qəribə nəzər salır. İndiki halımda bu baxış tamamilə arzuolunmazdı. Adamların bir-birinə çarəsizliklə baxması da bir-birinin edamını izləməsinə bənzəyir. Kimsə mənə gülsün, istəyirəm, bəlkə ürəyim soyuya. Heç kim gülmür, hirsimdən qapını çırpıram.

Dəhlizdə bir qız pəncərənin küncünə qısılıb, deyəsən ağlayır. “Ağlama, qızcığaz, ağlama, yetər”. Pilləkəndə əlində gül dəstəsi tutmuş, az qala uça-uça gələn başqa qızla rastlaşıram. Görəsən, bu qızların hansının bayramıdı; pəncərənin küncünə qısılan, yoxsa əlində gül olan qızın? Axı bu gün həm də özləmin günüdü. Yalnız mövcud olanın deyil, həm də mövcud olmayanın. Heç vaxt baş verməyəcək bir möcüzə istəyinin, qeyri-müəyyən bir arzunun, xam xəyalın.

Lövhədə ox sancılmış ürək şəkli çəkən qız, Lermontovun şerində ağlayan qız, pəncərənin küncünə qısılan qız. Auditoriyada, dəhlizdə, küçədə elə hey nə isə gözləyən, gözləyən qızlar.

Bayıra çıxıb dayanıram. Qar hələ yağır, soyuqdu. Əllərim paltomun cibində üşüyür. Yarımçıq qalmış Rus ədəbiyyatı dərsi, tərk edilmiş edam səhnəsi, qəddar Medeya, fərsiz kapitan qızı, səfeh “starosta” və bütün bunların içində gizlətməyə çalışdıqca, bütün bunların fonunda daha da qabaran o özləm, içimi didən lənətə gəlmiş həmin arzu.

Bayaq qeyd etdiyim qeyri-müəyyən arzu. Və bir də bayaq qeyd etməyi unutduğum-əlləri paltosunun cibində üşüyən qız.

Bəlkə gedim? Bu binadan o döngəyə beş-altı addım olar, o döngədən o biri binaya da beş-altı addım. Gedib o binaya Puqaçovun məğlubiyyətindən danışaram, ya da Medeyanın. Nə fərqi var, onsuz da hər məğlubiyyət bir dərsdir, həm ibrət dərsi, həm də ədəbiyyat. Bəlkə elə uduzmamaq üçün oynamaq lazımdı...

Bu şəhəri çox sevirəm, onun hər küçəsi bir dostumdu. Bu küçə isə mənə deyir ki, “Boşluqdan da qapı düzəltmək olar”. Kamyunun fikridi, deyəsən. Dözülməz ümiddi bu, mənsə ümidsiz daha rahat yaşayıram.

Döngəyə çatıb dayanıram. Bu döngədən o binaya beş-altı addım qalır. O binaya hər baxanda onu uçurmaq keçir ürəyimdən. İçindəki adamlardan zəhləm gedir, çünki. Onlar bir nəfərin ömrünü yeyirlər. Əllərindən o adamı alıb apara bilərəmmi?! . Möcüzə ehtimalına bu qədər yaxın məsafədə dayanmaq çətindi. Özü də bu gün. Axı bu gün rəqsə qızlar dəvət edir.

Bəlkə getməyim? Pillələri çıxana qədər nəfəsim kəsiləcək. Dəhliz də qurtarmaq bilmir. Lap elə bil otağın qapısını da birtəhər açdım. Bəs bütün bunlardan sonra üzümə sillə kimi çırpılan... Deyə bilmərəm, o an üzümə sillə kimi çırpılan nədi. Hər nədisə, edam səhnəsindəki həmin o qürurlu təbəssümü xatırladır.

Getmirəm. Mən müdafiədə zəif oynayıram. Özgə meydançasında hücumlar amansız olur. Bu gün yeni bir məğlubiyyəti izləmək halında deyiləm. Özü də ədəbiyyatda deyil, həyatda. Özü də başqasının deyil, öz ifamda. Məğlub qəhrəman rolu mənlik deyil.

Yaxşı ki, küçələr vəfalı dostdur. Bir nəğmə demək istəyirəm xilası mümkün olmayanlara...

# 5803 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #