İsmayıl Şıxlının əllərini yuyan rus qızı

İsmayıl Şıxlının əllərini yuyan rus qızı
29 mart 2015
# 10:30

Təyyarədə yanımda oturan, çox böyük ehtimalla rus olan əcnəbi qız Remarkı oxuyurdu. Bu xoş təəssürat bütün uçuş boyu məni müşayiət elədi. İllüminatordan möhtəşəm şəhərin işıqlarını seyr edəndə də, uçağın şassisi yerə dəyən an pilotun möhtəşəm enişini alqışlayan sərnişinlərə qoşulanda da. Dilini bilmədiyim adamların “dilini” bildiyim müəllifləri oxuduğunu görəndə uşaq kimi sevinirəm. Mənə görə dünyanın sükanı həmin adamların əlindədi.

Ertəsi gün Moskvadan Tulaya gedən sürət qatarında üzbəüz oturmuş hərbçiyə oxşayan ortayaşlı bir rus kişisinin öz dünyasına aid “bestseller” oxuması da mənə eyni dərəcədə xoş gəlirdi. Vaqonda kitab oxuyan çox adam vardı. Həftəsonu Moskva ətrafına dincəlməyə gedən adamlar elə indidən öz mədəni istirahətlərinə start vermiş, sevimli kitablarını açıb mütaliəyə başlamışdılar. Məni - cığal Şərq adamını heyrətləndirən həmin sərnişinlərin üzündəki olduqca sakit ifadə idi. Pəncərənin o üzündəki qarlı rus çölləriylə pəncərənin bu üzündəki soyuqqanlı adamlar arasındakı sirli bağlılıq.

Sonrakı günlər Moskvada – metroda, avtobusda üzlərində eyni ifadə, kitab oxuyan adamları çox gördüm.

Orda başını sallayıb telefonda oyun oynayan sərnişinlər adamın gözünə girmirdi.

Nəhayət, mənim heyrətimin pik nöqtəsi səkkiz mart ərəfəsində məşhur Arbat küçəsindəki Moskva Dövlət Dram Teatrının repertuarında “Medeya” faciəsini görəndə oldu. Afişanın qabağında özümü saxlaya bilməyib sevincdən az qala “Medeya” deyə qışqırdım. Teatrın işçiləri ilk dəfə hansısa tamaşaya bu qədər maraq göstərən qafqazlı görürmüş kimi təəccübləndilər. Onlar hardan biləydilər ki, antik dövrdə yunanların yazdığı bu əsər mənim ən yaralı yerimdi. Ona rus dram teatrının səhnəsində rus dilində baxmaq isə ən böyük arzum.

Bu əsər kimə daha çox yaxın idi: müəllifi olan yunanlaramı, tamaşaya qoyan ruslaramı, yoxsa külək gətirmiş kimi təsadüfən bu teatrın qarşısına gəlib çıxmış və ona baxmağı hamıdan çox istəyən bir azərbaycanlı qadınamı. Ümumən, ədəbiyyatın, sənətin vətəni, milləti olurmu, bütün bunlar artıq başqa söhbətin mövzusudu.

İsmayıl Şıxlının “Cəbhə gündəlikləri” əsərində sevdiyim bir yer var: ərzağı qurtaran döyüşçülər tək-tək evlərə dağılıb yerli camaatdan yardım istəməli olurlar. İsmayıl Şıxlı getmək istəmir. Yoldaşları onu danlayıb belə getsə acından öləcəyini xatırladırlar. Müəllif bir səhər özünü toplayıb uzun tərəddüddən sonra qapılardan birini döyür. Qapını iki körpə uşağı olan gənc rus qadını açır. Qarşısında saç-saqqal basmış, cındırından cin ürkən qarayanız əsgəri görəndə çaşır. Uşaqlar qorxudan analarına sığınırlar. Qadın özünü toplayıb əsgəri içəri dəvət edir. İsmayıl Şıxlı bir müddət lal-dinməz oturub gəlişinin məqsədini açıqlamır, getməyə qərar verir. Otaqdan çıxanda kitab rəfi gözünə dəyir. Yaxınlaşıb Dostoyevskinin kitabını götürür. Qadın daha da təəccüblənir və ondan müharibədən əvvəl nə işlə məşğul olduğunu soruşur. Onun ədəbiyyat müəllimi olduğunu biləndə özü də rus ədəbiyyatından dərs deyən qadının gözləri dolur. “Əsgər”i qaytarıb yerində oturdur, gəlişinin məqsədini soruşur.

Məsələni biləndə süfrə açır, bundan sonrakı orda olduqları müddət ərzində hər gün gələcəyinə and içdirir. İsmayıl Şıxlı yazır ki, sonrakı bir ay ərzində hər gün müəllimə onun cadar-cadar olub tanınmaz hala düşmüş əllərini isti vanna edər, camış qaşovu ilə su qana dönənə qədər qaşıyardı. Ayrıldıqları vaxt artıq onun əlləri insan əlinə oxşayırmış...

Əslində, bütün xalqları birləşdirən bu cür insanlardı. Bu cür insanları birləşdirən isə ədəbiyyat. Fatehlərin, şovinistlərin, faşistlərin parçalamaq istədikləri dünyanı bölünməz edən, ayrı-ayrı xalqların yetişdirdiyi dühalar. Fərq eləməz o, antik dövrdə Yunanıstanda yaşayıb, ya da 19-cu əsrdə Rusiyada. Fərq etməz, o, gözəl bir fikrin müəllifidi, yoxsa möhtəşəm bir ixtiranın. Uçağı kəşf edən bütün insanlar üçün edib, elə qatarı da, elektriki də...

Evripid də bütün insanlar üçün yazıb, Remark da, Dostoyevski də, İsmayıl Şıxlı da. Bunlardan kimin nə əxz eləməsi isə şəxsi məsələdi. Şovinistmi, terroristmi, “dazbaş”mı, yoxsa humanistmi olmaq...

“Medeya”nı bir daha faciə edən isə o oldu ki, mən ona baxa bilmədim, tamaşanın oynanılmasına iki gün qalmasına baxmayaraq, bilet tapmaq mümkün olmadı. Qiyməti əlli dollar olan biletlər bir ay qabaqcadan satılıb qurtarmışdı.

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #