O fikirdən həmişə uzaq olmuşam ki, əsl şair Lermontov yaşını keçməməlidi, Nəsimi kimi dabanından soyulmalıdı. Şair də insandı, ətdən-qandan ibarətdi, necə deyərlər, anası-balası var. Amma incəlik ordadı ki, şair həm də xalqın balasıdı. Özü də başqa ziyalılardan fərqli olaraq, ən sevimli balasıdı. Və xalqından üz döndərən ən sonuncu “övlad” şair olmalıdı.
Bu artıq başqa söhbətin mövzusudu ki, bizim yazılı ədəbiyyatın bünövrəsi hökmdarların himayəsində, xalqdan ayrı, şifahi ədəbiyyatın gözündən uzaq yaranmağa başlamışdı. Nə qədər paradoksal olsa da, ədəbiyyat tarixinə ən böyük töhfəni - Nizamini verən bu dövrün adı saray ədəbiyyatı, ən geniş yayılmış janrı isə mədhiyyə idi. Amma Nizami Gəncəvi bu sarayların divarlarının çölündə yaşayıb, həmin divarların içində xalqının əsrlər sonra anlayacağı böyük bir xəzinə qoyub getdi. Və yaxud da Xaqani o divarların arasında "İstəmirəm adımı çağırsınlar Xaqani, mən yoxsullar şairi xəlqaniyəm, xəlqani" misralarına imza ata bildi.
Sonralar Qızıl Arslandan, Məhəmməd Cahan Pəhləvandan tutmuş ta Stalinin hakimiyyətinə qədər ədəbiyyat xalqa yaxınlaşdıqca onu yaradanlar xalqdan uzaqlaşmağa daha çox meylləndi. Mədhiyyə forma və məzmun cəhətdən deformasiyaya uğradı, ilkin variantından imtina edib cılızlaşdı. Onun yaranma səbəbi əsərlərin qorunub saxlanmasından, repressiyadan qurtulmaqdan, yaşamaq uğrunda mübarizədən tutmuş ta ev-maşın almağa, vəzifə əldə etməyəcən endi.
Rəqabət gücləndikcə, mövzu çeynəndikcə məzmun zorlanır. İndi artıq onlarda adi bir saray təlxəyinin ironiyası belə qalmayıb. Vəziyyət tragikomikdi: bir adamın üzünə qarşı həyasızcasına təriflənməkdən səfeh vəziyyət təsəvvür eləmirəm. Həmişə mənə maraqlı olub, buna necə dözmək olar, üzbəüz durduğu məddah aşığın, aktyorun, şairin səfsəfələrini dinləmək zorunda qalan qarşı tərəf əslində özünü zərərçəkən qismində hiss eləməlidi.
Dünəndən Vaqif Bəhmənlinin hadisəsiylə bağlı “tərifə görə töhmət” ifadəsi ortalıqda dolaşmaqdadı. Əslində isə bu “təriflərə” şərəf və ləyaqəti alçaltmaq maddəsi ilə cəza verməyin vaxtı çoxdan çatmışdı. İlk "qurban"ın kimliyi, çanağın kimin başında çatlaması məsələsində ədalət bir az pozula da bilər, fəqət, hər şeyin bir ilki vardır. Söhbət konkret faktdan daha çox ümumi mənzərədən gedir. Hər kəs öz rolunun sözlərinə bir də baxsın deyə.
Əsl dərd bu gün adam iyrəndirən, bir-birinin bəhsinə girmiş makulatura müəllifləri deyil, bunları görməzlikdən gəlməyə də adamın gücü çatır, amma Vaqif Bəhmənli kimi ən azından ciddi bir imza "bəlkə sənə görə açılır səhər" misrası səviyyəsində özünü, imzasını, oxucusunu və nazirini aşağılayırsa, sözə bu qədər haram qatırsa, bütövlükdə ədəbiyyat adlı nəsnəyə az qala yekə bir töhmət düşür.
Heç kimdən Nəsimi kimi dabanından soyulmaq, Müşfiq kimi güllələnmək tələb olunmur, amma Salam demiş, axı "başı dik tutub da sürünmək olar"dı.