Bir ən yaxşı Azərbaycan romanı

Bir ən yaxşı Azərbaycan romanı
17 fevral 2014
# 11:45

Sovet dövrü bizi düz bir əsr geri atdı. Bir də ayılıb gördük ki, yenidən iyirminci əsrin əvvəllərindəyik. Yenə Mirzə Cəlilin, Sabirin mövzuları aktualdı. İndi bizim dünya ədəbiyyatı prosesinə qoşulmaq istəyimiz də səmimi deyil. Biz qərblə eyni əsrdə yaşamırıq.

Qurban Səidin “Əli və Nino” romanından danışacağam. Üç ən yaxşı roman müsabiqəsində ikincilik qazanan, yetmiş səkkiz nəfərdən iyirmi beş səs alan bu roman nədənsə müzakirələrdən kənarda qaldı.

Mənzum romanı bir kənara qoyaq, bu janrın gözəl nümunələri hələ çox əvvəllər yaranıb. (məsələn, Nizaminin “Xosrov və Şirin” əsəri). Mənsur romanın tarixi isə bizdə Sovet dövrüylə yaşıddı. (“Aldanmış kəvakib”, “Danabaş kəndinin əhvalatları” “Xortdanın cəhənnəm məktubları” janr baxımından mübahisəli olduğu üçün bu müsabiqədən kənarda qalır). Deməli, üç ən yaxşı Azərbaycan romanı seçmək üçün daha çox istifadə edəcəyimiz ədəbiyyat sovet ədəbiyyatıdır.

Realist nəsrin əsası Azərbaycan ədəbiyyatında on doqquzuncu əsrin ikinci yarısında qoyulub. Bu əsrdə həm də maarifçiliyin, satiranın, dramaturgiyanın ilk nümunələri yaranıb, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı prosesinə qoşulub. Bu dövrün daha keyfiyyətli davamı isə iyirminci əsrin əvvəlləridi. Realizmi tənqidi realizm, Zakiri Sabir, Axundovu Mirzə Cəlil əvəz edir. Hərdən fikirləşirəm ki, sovet dövrü olmasaydı, bu ədəbi məktəbin necə gözəl nümunələri yaranacaq, Mirzə Cəlil, Haqverdiyev nəsrinin, Cavid, Müşfiq lirikasının, Sabir satirasının, Cəfər Cabbarlı dramaturgiyasının davamı gələcəkdi. Amma sovet dövrü, sosialist realizmi metodu bu təbii inkişafın qarşısını kəsdi.

Mən “ən yaxşı ədəbiyyat əsarətdə yaranır” fikriylə razı deyiləm. Ən yaxşı ədəbiyyat birmənalı şəkildə azadlıqda yaranır. Heç düşündünüzmü, niyə “1984” (C.Oruel) tipli əsərlər postsovet məkanında yaranmadı?! Almas Yıldırımın “Əsir Azərbaycanım” şeiri ondan qat-qat istedadlı olan Səməd Vurğunun “Azərbaycan” şeriylə müqayisədə niyə bu qədər cəzbedici görünür? Çünki, “Xəzər coşub zəncirini qırsa, oy”, “Hökm etsə, bu sərsəm gediş dursa, oy” misraları daha realdı, nəinki “Bir tərəfin bəhri Xəzər, Yaşılbaş sonalar gəzər” ifadəsi.

Sovet dövründə istedadlı heç bir şair, yazıçı yetişmədi fikrindən çox-çox uzağam. İstedad baxımından qısır heç bir dövr yoxdu. İstedad toxumdu, onun daha yaxşı cücərməsi üçün münbit şərait lazımdı, sovet dövrü əsl ədəbiyyatın yaranması üçün münbit şərait deyildi. Uzağa getməyək, bir Cəfər Cabbarlının “Aydın”, “Oqtay Eloğlu” pyeslərinə, bir də “Sevil” dramına baxın. Və yaxud da “Ölülər”, “Danabaş kəndinin əhvalatları” kimi şedevrlər müəllifi olan Mirzə Cəlilin inqilabdan sonrakı yaradıcılığına fikir verin. Sosialist realizmi metodunun yazıçıları nə günə qoyduğu göz qabağındadı.

Nə deyirsiz, deyin, Azərbaycan nəsrinə realizm bir də altmışıncı illərdə az da olsa qayıtdı (Anarın, Əkrəm Əylislinin, Elçinin yaradıcılığında), çünki bu dövrdən başlayaraq artıq sovet dövrünün süqut mərhələsi başlayırdı.

Qurban Səidi milli olmamaqda günahlandıranlar o dövr Azərbaycan həyatını “Əli və Nino” qədər ifadə edən hansı əsəri misal gətirə bilərlər, mənimçün maraqlıdı. Bu əsərin məzmunu daha millidi, nəinki “Dumanlı Təbriz”in.” Əli və Nino” daha realdı, nəinki “Qətl günü”.

Təkcə Qurban Səid deyil, bütün postsovet məkanından kənarda yaranan mühacirət ədəbiyyatı – Soljenitsin, Bunin, Kuprin, Brodski, Svetaeva və başqalarının sovet ədəbiyyatı fonunda nə qədər cəlbedici göründüyünü hamımız bilirik .

Sovet dövrü bizi düz bir əsr geri atdı. Bir də ayılıb gördük ki, yenidən iyirminci əsrin əvvəllərindəyik. Yenə Mirzə Cəlilin, Sabirin mövzuları aktualdı. İndi bizim dünya ədəbiyyatı prosesinə qoşulmaq istəyimiz də səmimi deyil. Biz qərblə eyni əsrdə yaşamırıq. Biz həyatdan gələn ədəbiyyatı hələ yazıb qurtarmamışıq ki, ədəbiyyatdan gələn ədəbiyyatla məşğul olaq. Əsli mükəmməl olmayanın surəti də mükəmməl olmayacaq.

# 2271 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #