- Əlin yoxdu sənin? Anlamıram, o səni vurdu, bəs sən neylədin?
- Dedim, üzr istə, o da üzr istədi.
- Ə, nə üzr istəmək ? Sənə deməmişəm, bir vuranı beş vuracaqsan?
Bu dialoq uşaq bağçasından qayıdan 4-5 yaşlı oğlanla gənc ata arasında gedir. Söhbətdən uzaqlaşmaq üçün addımlarımı yeyinlədirəm. Amma ata son sözləriylə mənim diqqətimi əsir alır:
- Axı nə vaxt sən də kimisə vuracaqsan? Nə vaxt mənə də kimsə deyəcək ki, oğlun bizim uşağı vurub?
Hiss edirəm ki, artıq nə qədər addımlarımı yeyinlətsəm də, bu mövzudan qaça bilməyəcəm.
Bəli, biz hələ də oğlanlarımızı əsl oğuz igidi kimi böyüdürük, onların baş-kəsib qan tökmələrini arzulayırıq. Kəndlərimizdə toyuq kəsə bilməyən on bir, on iki yaşlı oğlan uşaqlarına maymaq kimi baxırlar. Mən uşaq olanda qız olduğuma sevinərdim, sırf toyuq başı kəsməli olmadığımçün. Çünki qızdan allah keçər, amma oğlan uşağı qandan qorxmaz, davadan qaçmaz. Oğlan uşağı xoruz kimi döyüşkən olmadı, apar tulla. Bizdə oğul “düşmən çəpəri” sayılır, qan davası üçün, namus intriqaları üçün yetişdirilir. Qorxaq oğula kim əziyyət çəkmək istəyər?!
Anlayıram qaydasız döyüş şəraitində yaşayırıq. Bunun baxçası, məktəbi, əsgərliyi, azadlığı, məhkumluğu var. Kişilərin yaşamaq uğrunda mübarizəsində intellekt fiziki güc qədər önəmli deyil. Biz iki vuruşan kişidən haqlı olana yox, daha güclü zərbə vurana balet edirik.
Bizim atalar sözümüzə görə “kişi ağlamaz”. Bizdə ədəbiyyatı, incəsənəti sevmək, qadını duymaq, geyimdən anlamaq kişi məziyyəti hesab olunmur.
Bacısıyla dost olan qardaşa, qızına azadlıq verən ataya pis baxırıq, bizdə əsl ər yumruğunu stola daha bərk vuran, əsl oğul arvadını anasına daha çox əzdirən hesab olunur. Bizdə “sən kişi deyilsən” kəlamıyla “sən insan deyilsən” ifadəsi arasında çox fərq var. Bizdə insan olmamaq yox, “kişi” olmamaq ayıb sayılır. Bizim qadınlar özləri həssas, nəcib, centlmen kişilər arzulayır, amma oğlanlarını tamam əksinə tərbiyə edirlər.
Qohumlarım arasında oğlumla yaşıd oğlan uşağı var. Keçən il birlikdə oynayırdılar. O biri uşağın atası hələ dörd yaşı tamam olmayan bu körpələri güləşdirmək fikrinə düşdü. Onları üzbəüz qoyub döyüşmələri üçün dil tökməyə, cürbəcür şirnikləndirici vədlər verməyə başladı. “Məşqşi” təkid etdikcə uşaqlar zorla döyüşdürülən qladiatorlar kimi ürkək-ürkək bir-birinə baxır, amma heç biri “hücuma keçmirdi”. Birdən oğlum irəli yeriyib dostunun boynunu qucaqladı :
- Dalaşmayaq, gedək, oynayaq.
Hamı gülüşdü. O an dərin bir məmnunluq duydum. Anladım ki, oğlum bizimkilərin anladığı kimi “əsl kişi” olmayacaq, mənim istədiyim kimi əsl insan olacaq.