Əsərləri öldürülən dahi heykəltəraşımızın həyat hekayəsi - Cəlal Qaryağdı

Əsərləri öldürülən dahi heykəltəraşımızın həyat hekayəsi - <span style="color:red;">Cəlal Qaryağdı
21 dekabr 2015
# 12:40

Kulis Səfurə Çərkəzqızının “Cəlal Qaryağdı; o adı daşıyınca” məqaləsini təqdim edir

Cəlal dayının ləzzətli söhbətləri olardı. Səməd Vurğunla, Rəşid Behbudovla ova çıxmağından, “palçıq adamlar” düzəltməyindən, sonra onlara görə aldığı çoxlu-çoxlu pulları xərcləməyindən elə şirin-şirin danışardı ki, bir də görürdün qaş qaralıb, axşam düşüb. Axırıncı dəfə emalatxanasına gedəndə “Bir az naxoşlamışam, deyəsən, ürəyim sözümə baxmır”-dedi. Sonra eşitdik ki, dünyasını dəyişib...

Prezidentin qardaşı ilə otaq yoldaşı olub

Məşhur Qaryağdılar nəslindəndi. 1914-cü ildə Şuşada doğulub. Şuşa sənətkarlarının çoxunu evlərində, ocaqlarının başında görüb. Gələnlər əmisi Cabbar Qaryağdıoğlunun səsinin sehrinə yığışıblar.

Onun qismətinəsə əvvəlcədən əzab-əziyyət düşüb. Körpəykən anasını itirib, xalasının himayəsində qalıb. Bir yandan da kasıblıq. Qısası, Cəlal Qaryağdı adını havayı qazanmayıb. Həmişə deyərdi ki, bu lələşiniz o adı daşıyana kimi nə əziyyətlər çəkməyib?!

Gəncliyində Bakıya gəlir, rəssamlıq məktəbinə girir. Bir ara pul dərdindən az qalır ki, məktəbi atsın. Axırıncı sinifdə oxuyanda arayıb-axtarıb qəzetdə özünə iş tapır. “Gənc işçi”yə, “Yeni yol”a plakatlar, karikaturalar çəkib pul alır. Yataqxanada qalırmış, özü də prezident Heydər Əliyevin qardaşı Hüseynlə bir otaqda. Danışardı ki, otaqda çarpayımızı baş-başa qoymuşduq. “O qədər darısqallıq idi ki, tərpənməyə imkan tapmırdıq. Hüseyn də çox imkansız idi. Yaxşı ki, o da “Kommunist” qəzetində işə düzəlmişdi”.

18 yaşındasa rəssamlıq məktəbində müəllim işləyir. Həmin məktəbin ilk azərbaycanlı müəllimi sayılır. Sonra sənət dalınca Tbilisiyə gedir, heykəltəraşlıq məktəbində oxuyur. Həm də işləyir. Daş, sement daşıyır ki, ehtiyac ucundan məktəbi yarımçıq qoymasın. Amma 3-cü kursdan sonra Bakıya qayıdır. Bir günsə çəkdiyi plakatla müsabiqənin qalibi seçilir. Əsərin öz qiymətindən başqa, 20 min rubl mükafat alır. Sonra Leninin heykəlinə görə xeyli pul qazanır, yavaş-yavaş kasıblığın daşını atır...

“Vurğunluğum sənətindən başladı”

Evlənmək fikri yoxmuş, deyərmiş ki, sənətkar azad olsa, yaxşıdı. 44 yaşına kimi fikrinin üstündə durur. Bir günsə “tələyə” düşür. Amma həyat yoldaşı ilə heç bir il də yaşamır, ayrılırlar. Firəngiz xanımsa onu təzədən “sehrləyir”.

Firəngiz xanım:

- Mən Cəlalın tələbəsi olmuşam. Ona rast gələndə 15-16 yaşım vardı. Gözümdə dünyanın ən əlçatmaz adamı idi. O vaxt Cəlal Kirxada Sabirin heykəlini işləyirdi. Bacım da heykəltəraş idi. Məni emalatxanaya aparırdı ki, işləyəndən sonra palçıq heykəli sulayım, qurumasın. Cəlalın işlərinə baxıb fikirləşirdim ki, bu adam bunları necə yaradır? Vurğunluğum birinci onun sənətindən başladı. O isə mənə uşaq kimi baxırdı. Hələ bir dəfə qayıtdı ki, qızım, Sabirin heykəlini də sula. Hərdən bekarçılıqdan mən də palçıqdan nəsə düzəldirdim. Demə, Cəlal mənə fikir verirmiş. Dedi, gəl, səni də rəssam eləyək. Başıma batdı, dərsə getməyə başladım. Məni öz sinfinə saldı. Get-gedə ailəmizlə də yaxınlaşdı. Kasıb idik deyə, bizə əl tuturdu. Bacıma çox kömək eləmişdi. İkinci kursda münasibətlərimiz dərinləşdi. Dərsdən çıxanda evə ötürürdü. Neçə dəfə mənə görə oğlanlarla dalaşmışdı ki, niyə ona baxırsız? Get-gedə ona sevgim yarandı. Əvvəl evli olduğunu bilirdim. 1960-cı ildə evləndik. Onda Cəlalın 46, mənimsə 20 yaşım vardı. Bir qızımız, bir oğlumuz oldu. Oğlumuz olanda daha çox sevinmişdi. Rəhmətlik uşaqları çox istəyərdi...

Emalatxanaya Heydər Əliyev gəlmişdi...

- Evimiz yox idi. Montindən emalatxana vermişdilər, elə orda da yaşayırdıq. Heç cür şərair, səliqə-sahman yarada bilmirdim. Hər yerdən toz-torpaq yağırdı. Cəlalda bir xasiyyət vardı, özünə görə heç kimə ağız açmazdı. Emalatxanaya bir adam gələn kimi paltar ipinə qədər yığışdırırdı ki, burda yaşadığımızı bilməsinlər. Bir dəfə emalatxanaya Heydər Əliyev gəlmişdi...

Cəlal Qaryağdı.jpg

Nəriman Nərimanovun heykəli 10 iliydi ki, emalatxanada yatırdı. Deyirdilər ki, Kirovun heykəlindən böyük çıxıb. Heydər Əliyev gəldi, heykələ baxdı, bəyəndi. Dedi, ucaldılsın. Ev almağımızda da onun köməyi oldu. Amma emalatxanaya öyrəşdiyimizdən heç cür o evdə qala bilmirdik. Özü də səkkizinci mərtəbə. Mən birtəhər öyrəşdim. Cəlal o evdə heç qalmadı. Bazarlıq edirdi, birinci mərtəbəyə qoyurdu, düşüb götürürdüm. Həmişə deyirdi ki, uşaqlar bir gün ordan yıxılacaq. Evi ikinci mərtəbəyə dəyişəndən sonra da o, emalatxanada qaldı. Deyirdi, ev məni sıxır, həm də, gecələr işləyirdi...

Sənətə görə minnətdaram ona. Tələbəydim, qızım olmuşdu. Dərsi atmağa qoymadı. Deyirdi, qabiliyyətin var, heyif ki, tənbəlsən. Rəssamlar İttifaqının üzvüyəm. Bir müddət keçmiş “Pionerlər evi”ndə dərs demişəm. Sərgilərdə iştirak eləmişəm. Əsərlərimi xarici ölkələrə alıb aparıblar. Nizaminin “Xəmsə”sini işləmişdim. İndi Amerikadadı. “Üzümçü qadın” əsərimsə Moskvadadı. Türkiyədə də işim var. Novruz bayramına həsr eləmişdim.

Əsl həyatı yaşayıb

- Cəlal çox ağıllı kişiydi. Fikirləşirəm, görürəm ki, onun dediklərini indi heç kəs demir. Canında o qədər həyat eşqi vardı ki! Əsl həyatı o yaşayıb. Həmişə istirahətə vaxt ayırırdı. Hər həftə ova gedirdi. Beşinci gündən hazırlaşmağa başlayırdı, tüfəngini sazlayırdı. Məni də ova çox aparıb. Bəzən uşaqları da götürürdük. Ov itini çox istəyirdi, hara gedirdi, özüylə gəzdirirdi. Bir dəfə Moskvaya da aparmışdı.

Yaxşı geyinməyi də çox xoşlayırdı. Hər paltara uyğun bir şlyapa seçirdi. Bir də görürdün ki, üç-dörd dəst köynək alıb gətirdi. Ona tez-tez mükafat verirdilər. O pulla bizə də hədiyyə alırdı. Bir dəfə mənə qəşəng yarımkürk alıb gətirmişdi. “Üçlük” adlı işi Dövlət Mükafatına layiq görülmüşdü. Həmin əsərdə mənim, Habil Əliyevin, bir də Hacı Xanməmmədovun portretini çəkmişdi.

Bir pis xasiyyəti vardı: özündən tez çıxırdı. Amma üstündən bir dəqiqə keçən kimi sakitləşirdi. Başlayırdı könlümüzü almağa.

“Rəhim, kabab necədi?”

- Əlinə pul düşən kimi yeyib-içirdi. İşini bəyəndimi, dostlarını başına yığırdı. Axşamsa bizi restorana aparırdı. Kirxada işləyirdi. Kimsə Rəhim adlı rəssama qoyun gətiribmiş. O da qoyunu öz emalatxanasına salıb gedir. Qoyun bütün gecəni mələyir. Axırda Cəlal deyir ki, deyəsən, bu qoyunun kabab olmağı gəlib. Taxta hasardan aşıb qoyunu çıxardır. Kəsib kabab eləyir. Rəhimi də çağırır. İki kəlmədən bir soruşur ki, Rəhim, kabab xoşuna gəlir? Rəhim də deyir ki, əladı. Yeyib qurtarandan sonra sirri açır. Deyir, incimə, pulunu verəcəm. Sonra Rəhim də zarafata salıb qoyunun pulunu ondan üç dəfə alır. Hər dəfə maaş alanda Rəhim Cəlala deyirdi ki, sən qoyunun pulunu vermədin haa. O da pulu çıxarıb verirdi.

Təyyarədən bərk qorxurdu

1972-ci ildə Moskvada rəssamların qurultayı idi. Azərbaycandan bəzi rəssamlar təyyarəylə yola düşürlər. Cəlal Qaryağdı təyyarədən qorxduğuna görə onlara qoşulmur. Hamı gedəndən sonra öz maşını ilə yola düşür. Neçə gün dayanmadan yol gedir. Axır ki, özünü qurultaya çatdırır. Rəyasət heyəti səhnəyə çıxanda Tokay Məmmədov görür ki, Cəlal da burdadı, məətəl qalır. Heç kəs inanmır ki, Cəlal bu qədər yolu bu tezliklə gələ bilib. Amma iki ay əzələlərinin ağrısı onu incidib.

Təzə əsrə həsrət

- Təzə evlənmişdik. Ürəyində mikroinfakt keçirdi. Amma heç vaxt “xəstəyəm” demirdi. Üç əvvəl də ürəyindən xəstəxanada yatıb. Rəhmətə getməzdən qabaq bizi, qohumları başına yığmışdı. Qaşqaldaq bişirtdirmişdi. Görürdük ki, sınıxıb. Amma özünü o yerə qoymurdu. Bir həftədən sonra xəstələndi. 12 gün xəstəxanada qaldı. Ayılmadı. 2001-ci ilin ilk günündə 86 yaşında dünyasını dəyişdi.

Əsərlərinin “ölümünə” dözə bilmirdi

Yarımçıq əsəri qalmayıb. Axırıncı “Ana” əsərini də tamamlamağa macal tapıb. Amma bəzi əsərlərinin aqibəti ona möhkəm təsir edib. Bünyad Sərdarovun heykəlinə təsadüfən Bakının hansısa kəndində - maşın düzəldilən yerdə rast gəlib. Görüb ki, heykəli böyrü üstə bir küncə tullayıblar. Leninin heykəlini götürəndə də “ona baxa bilmərəm” - deyib. İki-üç gün havalı kimi gəzib. Heykəl bir müddət rəssamların kombinatının qarşısında atılıb qalıb. Sonra xırda-xırda doğrayıblar, ev tikənlər bir ucdan daşıyıb. Bu, keçmiş SSRİ məkanında Leninin ikinci yerə layiq görülüən heykəliydi. O vaxt həmin heykəli Sank-Peterburqdan satın almaq istəyiblər. Azərbaycan hökuməti verməyib. Natəvan əsərisə keçmiş Şaumyan adına klubdan yoxa çıxıb. Oğru hələ də tapılmayıb.

Firəngiz xanım:

- Polad Bülbüloğlunun, Fərhad Xəlilovun köməyilə ölümündən sonra emalatxanasını bizə verdilər. Amma orda işləmək çox qorxuludu. Zəlzələdən böyük çatlar yaranıb, pəncərələr sınıb tökülüb. Demişik, gəlib baxıblar. Söz veriblər ki, düzəldəcəklər. Cəlalın bəzi işlərini heykəltaraşların anbarına yığmışıq. İndi emalatxanada ən çox oğlum Cəlil işləyir. Atasının sənətini davam etdirir. Qəbirüstü abidəsini də özü işləyir.

Həmişəcavan...

Heç vaxt yubiley arzusunda olmayıb. 85 yaşında yubileyini keçirmək istəyiblər, razılaşmayıb. Yubiley söhbəti gələndə araya başqa söz qatırmış. Deyirmiş ki, yubileyini keçirirsənsə, deməli, qocalmısan...

“Həftə içi” qəzeti. 27-30 oktyabr 2001-ci il

# 2559 dəfə oxunub

Müəllifin son yazıları

# # #