Qorxaq - Səddam Laçından yeni hekayə

Səddam Laçın, gənc yazar

Səddam Laçın, gənc yazar

15 fevral 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Səddam Laçının “Qorxaq” hekayəsini təqdim edir.


Doğum evinin dəhlizlərində tükürpərdici sükunət hökm sürürdü. Xadimələr çirkli süpürgələrini, həkimlər qanlı əllərini saxlamışdı. Hətta ana olmaq üçün hay-küylə gələn qadınlar da dişlərini sıxıb doğmağa yox, bu qulaqbatıran sükutu pozmamağa çalışırdı. Qışqırıqların səadət gətirdiyi yerdə bir neçə saniyəlik səssizlik vahiməli duyulurdu. Hər tərəfə bayquş səssizliyi çökmüşdü. Hətta yeni doğulmuşlar da varlığını sübut etmək əvəzinə kimisə bir dəqiqəlik sükutla yad edirdi.

Nəhayət, dəhlizin sonundan gələn fəryad səsi hər şeyi öz axarına qaytardı. Ana olmaq üçün ilk və son şansını dəyərləndirən qadın vüsala yetdi. Bir körpə səsi eşidildi. Uzaqdan zorla eşidilən bu zəif, öləzi səs səssizliyə bürünmüş doğum evini arı yuvasına döndərdi. Dəhlizlərdə həyəcanlı atalar, təlaşlı həkimlər peyda olmağa başladı. Sabir də qulağı səsdə qalanlardan biri idi. O qədər həyəcanlı idi ki, ürəyi boğazında döyünürdü. Dırnaqlarını yeyə-yeyə sağa-sola var-gəl etməyə başladı. Təcrübəli mamaça onu yüzlərlə adamın içindən tanıya bildi. İti, lakin ehtiyatlı addımlarla ona tərəf yaxınlaşdı.

Həyat yoldaşları oğul doğan kişilərin çöhrəsindəki qüruru pula çevirən üç qız anası sanki uşağı özü doğubmuş kimi, qarşısındakı da öz əri imiş kimi yorğun və məğrur baxışlarla: “Gözünüz aydın, oğlunuz oldu”, – dedi. “Necə olmalı idi e, kişinin oğlu olar da”, – deyə əlavə etdi. Bu sözü Sabirdən qabaq deməklə ondan qoparacağı şirinliyin miqdarını yüksəltməyə çalışdı. Sabir də həyəcanla: “Oğlum hanı, hardadı, görə bilərəm?”, – soruşdu. Şax yüzlüyü xalatının cibinə təpən mamaça, övladını bir azdan görə biləcəyini deyib, bir daha gözaydınlığı verərək oradan uzaqlaşdı.

Sabir uşaqların arasında ən irisini, ətli-budlusunu axtarmağa başladı. Bir metr doxsan santimetrlik, enli kürək, pəhləvan cüssəli kişinin axtarışları nəticə vermədi. O, uşaqların içində oğlu ola biləcək sadəcə bir körpə görə bildi. Ona tərəf addımlamağa başlamışdı ki, tibb bacısı onu yolundan saxladı. “Sizin övladınız bu uşaqdır”, – dedi. Onun əlinin uzandığı yerdə təxminən bir kiloqram çəkisi olan, ovuc içi boyda uşaq var idi.

– Bu nədir? – deyə o, əsəbi və gərgin halda dilləndi.

Adətən gənc valideynlərin həyəcanlı olduğunu bilən tibb bacısı sualın da həyəcandan doğduğunu zənn edib, zarafata saldı :

– Nədir yox, kimdir?

– Hə, yaxşı, kimdir?
O, sualın kifayət qədər ciddi olduğunun fərqinə vardı, ona görə də əlavə bir söz demədən otaqdan çıxdı. İlk dəfə oğlu ilə üzbəüz qalan ata isə əziyyəti yerdə qalan adamlar kimi köks ötürdü.

Rüstəmin əzab dolu günləri atasının məyusluğu, anasının sevgisi ilə başladı.
O heç vaxt bu hadisədən xəbər tutmasa da, onu ömrü boyu hiss elədi. Çünki Rüstəm normal uşaqlar kimi böyümür, fiziki cəhətdən tay-tuşlarından geri qalırdı. Atası isə onu özü kimi güclü görmək istəyirdi. İstəyirdi ki, oğlu hamıdan hündür, hamıdan güclü, hamıdan cəsur olsun. Amma onun xəyalları elə Rüstəm doğulan gün suya düşmüşdü, ona görə də artıq oğlundan əlini üzmüşdü. Ancaq yenə də hər dəfə biri ilə dalaşıb, daha doğrusu, döyülüb evə gələndə dəli olurdu. Üstəlik bir də özü döyürdü.

Rüstəm hərzamankı kimi döyülməyinin cəzasını döyülməklə çəkirdi.
Anası isə onu əzizləyir, əzilmiş əllərindən, qaralmış gözlərindən öpür: “Anan ölsün bala, əlləri qurusun o köpək uşaqlarının", – deyirdi. Rüstəm onun gözünün ağı-qarası bircə oğlu idi. Ona ana olmaq xoşbəxtliyini Rüstəm bəxş eləmişdi. Bu onun həyatında ilk və son xoşbəxtliyi idi. Rüstəm hər şeyin fərqinə varır, anasının qollarında özünü dünyanın bəxtəvəri hesab edirdi. Sırf anasından qayğı görmək üçün belə döyülməyə hazır idi. Atası isə bütün bunları kənardan izləyir, yenidən əsəbiləşirdi.

– Əzizləmə o küçüyü, hamısını edən sənsən. Arvad kimi böyüdürsən uşağı, dəymə qoy canı çıxsın, ağrısın, ağlı başına gəlsin, döyülməsin bir də! – deyirdi.

Bütün bu hadisələr Rüstəmin həyatına o qədər təsir edirdi ki, günü-gündən özünə qapanır, heç nə yeyib içmir, getdikcə daha da cılızlaşırdı. Yaşadıqlarını ürəyinə salır, gecə səhərə qədər yorğanın altında için-için ağlayırdı. O, təkcə fiziki görünüşü ilə yox, həm də mənəviyyatı, insanlığı ilə də hər kəsdən seçilirdi. Bunu isə anasından başqa heç kim görmürdü. Bəlkə də heç görmək istəmirdi. Çünki insanlıq heyvani instinktlərlə, meşə qanunları ilə yaşamağa öyrəşib. Güclülərin zəifləri əzdiyi yerdə əzilənin həqiqi kimliyi heç kimə maraqlı deyil.

Rüstəmə elə gəlirdi ki, hər kəs gücü çatan qədər haqsızlığa qarşı savaşmalıdır. Onun gücü isə döyülməyə çatırdı və o, gücü çatdığı qədər döyülürdü.

Küçədə tay-tuşları günahsız birini döyəndə Rüstəm onlara mane olmağa çalışır, qarşılığında özü də döyülürdü. Evə çatanda bir də atası tərəfindən döyüləcəyini bilsə də, bayaq o tanımadığı uşağa dəyən təpiklərin yarısını öz üzərinə götürməkdən məmnunluq duyurdu. Ona elə gəlirdi ki, bir insan kimi üzərinə düşən öhdəliyin bir qismini yerinə yetirib. Ona görə də alnı açıq, başı dik gəlirdi evə.

Evdə yenə həngamə qopur, aləm bir-birinə dəyirdi. Atası əsəblərini cilovlaya bilməyib söyüş söyür, onu kimlərin bu hala saldığını soruşur, bu dəqiqə onu da, onu döyənləri də öldürəcəyini deyirdi. Amma nə qədər eləsə də, Rüstəm onu kimlərin bu hala saldığını demirdi. Nə tay-tuşlarını atasına, nə də atasını onlara satırdı. Çünki döyməklə heç nəyin həll olmadığını ən yaxşı özü bilirdi.

Anası ona “kişi balam” deyəndə atası rişxəndlə gülür, "Kişi imiş, qorxaq gədədən nə vaxtdan kişi olub, az?", – deyirdi. Rüstəm isə heç vaxt dillənmir, doğulduğu gündəki sükunəti qoruyub saxlayırdı. Hərçənd qorxaq olmadığını o da bilirdi. Bəli, o, cəmiyyətin cəsurluq hesab etdiyi şeylərdən qorxurdu. Çünki bilirdi ki, arvadını döymək, döyülüb deyə oğlunu döymək cəsurluq deyil. O bilirdi ki, zəifə gücünü göstərən hər kəs zəifdir. Bəzən heç özü də nəyin cəsurluq, nəyin qorxaqlıq olduğunu ayırd edə bilmirdi.

Rüstəm yaxşı başa düşürdü ki, cəsurluq da qorxaqlıq kimi mürəkkəbdir. O, dünyada təqlid edilə bilməyən yeganə şeydir. Ona görə də üzdə cəsur görünən adamların gözlərindəki miskinliyi, qorxaqlığı asanlıqla görə bilirdi. O, atasının müdiri ilə danışanda səsindəki mütiliyi eşitmişdi. Onu döyən tay-tuşlarının özlərindən güclü görəndə nə sifətə düşdüyünün şahidi olmuşdu. Özünə igid deyib ortalıqda at oynadanların nə qədər zavallı, aciz olduqlarını döyülə-döyülə öyrənmişdi. Ancaq məsələ öyrənməklə bitmirdi. Gərək onları bilməyənlərə də öyrədəydi. "Qorxaq"dan isə heç kim cəsurluq dərsi almazdı. Ona görə də Rüstəm hamının əksinə bildiyindən susurdu.

Əsgərlik yaşı çatanda da, çağırış vərəqəsi gələndə də susdu. Ona gülənləri, onu məsxərəyə qoyanları görməzdən gəldi. Atasının gözündə hələ də cılız, camaatın uşağının yarısı boyda görünsə də, o artıq böyümüşdü. Həm də çox yorulmuşdu. Heç kimə özünü sübut etmək istəmirdi, atasına da. Rüstəm ağıllı oğlan idi. O cəmiyyətin sonradan qazanılan cəsurluğa inanmayacağını bilirdi. Varı-yoxu bir anası var idi. Hər şeydən, hər kəsdən, hətta özündən də qaçıb, ona sığınmışdı.

Anası onun hər şeyi idi. Onu bu həyatda sevən, sayan, mövcudluğunu hiss etdirən yeganə adamdan ayrılmaq onun üçün ağır gəlirdi. Hərbi xidmətə yollananda da bircə onunla görüşdü. Gücü çatdığı qədər özünə sıxdı, hər iki yanağından öpdü, boynuna sarıldı, sonra yenə öpdü, yenə qucaqladı, qoxusunu içinə çəkdi, qeyri-ixtiyarı şəkildə:

“Əlvida, ana”, – dedi.

Hələlik demək əvəzinə niyə əlvida dediyini heç özü də bilmədi. Atası tərəfə gözucu belə baxmadan arxasını çevirib yola düşdü. Ona elə gəldi ki, atasını ömrü boyu bağışlamayacaq. Çünki, atası bir gün belə olsun onunla qürur duymamış, saçını oxşamamışdı. Rüstəm addımlarını sürətləndirdikcə atası ilə xoş bir anını xatırlamağa çalışdı. Bu on səkkiz ildə atası ona bir təbəssüm belə etməmişdi. Ona görə də xoş günlərin axtarışına çıxan Rüstəm gözlərində acı günlərin xatirəsi süzülə-süzülə oradan uzaqlaşdı.

Onu yola salmağa heç kim gəlmədi. Kimi var idi ki? Bir anası idi, onu da atası qoymadı. Biləcəri stansiyasından qatara minərkən hamının bayırda kiməsə əl elədiyini gördü. Gülümsədi, donuq baxışlarla boşluğa baxaraq əllərini sağa-sola yellədi və bir daha: “Əlvida, ana!”, – dedi.

Rüstəm hərbi xidmətdə yenidən dünyaya göz açdı. Elə getdiyi gün onu döyən əsgər yoldaşlarının adını komandirlərə vermədiyi üçün "dembl"lərin diqqətini çəkdi. Ora elə yer idi ki, hamının əlində avtomat olduğundan güclər bərabərləşmişdi. Belə olan halda isə fiziki cəhətdən güclü adamlara yox, gücdən qorxmayan, etibarlı adamlara ehtiyac duyulurdu. Rüstəm qəbul etsə də, etməsə də oranın özünəməxsus yazılan və yazılmayan qanunları var idi. Bunlardan biri və bəlkə də ən birincisi satqınlıqla bağlıdır. Orada “dostunu satan şərəfini, şərəfini satan vətənini satar” düşüncəsi hökm sürür və hər kəsə bu xüsusda rəğbət bəslənir. Rüstəm sınaqlardan üzü ağ, alnı açıq çıxmışdı.

O nəinki əsgərlikdə, heç mülki həyatda da kimisə satmamışdı. Təkcə bu xarakteri onu kifayət qədər hörmət sahibi etmişdi. Atasından görmədiyini komandirlərindən, sinif yoldaşlarından görmədiyini əsgər yoldaşlarından görürdü. Soyadı Məmmədov olsa da, onu burada hamı öz adı ilə çağırırdı. Bu da ona bir ayrı ləzzət verirdi. Öz adını sevgi ilə, qayğı ilə eşitmək xoşuna gəlirdi. Amma hələdə cılız, çəlimsiz uşaq idi. Artıq üç ayın əsgəri olarkən qərara almışdı ki, hərbi xidmətdən sonra evə dönməsin, aid olduğu yerdə qalsın.

Bir gün səhər düzülüşündə komandir dedi ki, şərəfsiz erməni dığaları yenə qudurublar. Hələ bir az da kinayə ilə gülümsəyərək, deyəsən, yalları artıq olub, bizə top atırlar, – dedi. Özü də bu dəfə üzündəki zarafatyana ifadəni qəti ciddiliklə əvəz edərək: “Tovuzdan haa”, – dedi. Komandirin üz mimikaları saniyələr içində dəyişir, şəkildən şəklə düşürdü. Sanki o mümkün qədər hisslərini cilovlamağa, təmkinli olmağa çalışırdı. Olacaqları öncədən təxmin edirmiş kimi səsi titrəyə-titrəyə şəxsi heyətə səsləndi:
– 1-ci tabor, əgər döyüş olsa, hamımız bir nəfər kimi son nəfəsimizə qədər döyüşəcəyik. Çünki yenə deyirəm, əgər döyüş olsa, bir savaş baş tutsa, bu bizim haqq savaşımız olacaq. Əsgərlər! – Komandir səsinin yetdiyi qədər yüksəkdən danışmağa başladı: Əgər döyüş olsa, bilin ki, meydanda biz onlardan hər sahədə üstün olacağıq. O torpaqlar bizimdir. Bunu orada bizə qarşı döyüşən ermənilər də bilir. Ona görə də sənin kimi, mənim kimi ölümü gözə almayacaq. Heç kim ona aid olmayan şey uğuruna ölmək istəməz. Düzdür, onlar elə xəstə millətdi ki, öz yalanlarına hamıdan çox özləri inanır, amma yenə də biz əsl həqiqətə inandığımızı bilirik.

Komandir o qədər emosional danışırdı ki, əsgərlər az qala silahlanıb düşmənin üstünə gedəcəkdi. Lakin hər şeyin öz vaxtı var idi. Bir neçə gün sonra tabor komandiri əsgərləri düzüb, bütün cəbhə boyu müharibənin başladığını, ordumuzun əks hücum əməliyyatı həyata keçirdiyini söylədi. Tabora qəribə səssizlik çökdü. Arxa sıralardan kimsə “Müharibə” dedi. Bir anlıq sükut yenidən öz yerini arı yuvasına verdi. Hər tərəfdən anlaşılmaz səslər eşidilməyə başladı. Yenidən tabor komandirinin səsi eşidildi:

– Sizlər hər biriniz bu vətənin cəsur övladlarısınız və bu gün vətənin sizə ehtiyacı var!

Bu söz bütün əsgərlərin üzünə əsl azərbaycanlıya yaraşan məğrurluq toxumu səpdi. Ən çox da Rüstəmin. Bəlkə də bu minlərlə vətən oğlunun içində yeganə adam o idi ki, bu yaşına qədər heç kim ona cəsur deməmişdi. İlk dəfə idi ki, kimsə ona inanaraq qəhrəmanlıq gözləyirdi. Atasının oğlu ola bilməsə də, anasının kişi balası idi axı. Vətən də ona ana idi. Geridə qoyub gəldiyi anasından da əziz ana. Bütün bu düşüncələrin fonunda birdən-birə qeyri ixtiyari şəkildə irəliyə çıxıb:

– Cənab komandir, mən ən öndə döyüşmək istəyirəm! – dedi. Arxa sıralardan xısın-xısın gülüşlər eşidilsə də, komandirin “Afərin!” deməsi ilə səslər kəsildi. Rüstəm hər dəfə bu sözü eşidəndə illərdir eşitdiyi qorxaq sözünü unudur, ürəyində misilsiz sevgi oyanır, bu günə qədər ona qarşı edilən bütün haqsızlıqları, hətta atasını belə bağışlayırdı. Komandir yenidən yüksək səslə hər kəsin öz kazarmasına qayıtmasını, hazırlıq görməsini əmr etdi.

Rüstəm həmin gecə səhərə qədər yerində rahatlıq tapa bilmədi. Səhərin açılmasını səbirsizliklə gözləyir, günəşin közərən işıqlarının həsrətini çəkirdi. Kazarmaya düşən ay işığına, oradan da səmanın bağrını dələn aya baxmağa başladı. Bədirlənmiş ay sanki günəşin odu ilə yanmış təndir kimi ağappaq idi. Adama elə gəlirdi ki, ay ona tamaşa edənlərə bütövlüyün nə qədər möhtəşəm göründüyünü göstərirdi.

Hərbi hissənin qarşısında xeyli sayda maşın dayanmışdı. Bir azdan vətən fədailəri o maşınlara doluşacaq, öldürməyə, ölməyə gedəcəkdilər. Rüstəm anlaşılmaz duyğular yaşayırdı. Ömründə ilk dəfə idi ki, həqiqətən qorxurdu. “Görəsən, mən ölsəm, anam nə edəcək? Görəsən, atam yenə onu döyəcəkmi?”, – deyə fikirləşə-fikirləşə hərbi maşının şəxsi heyət üçün nəzərdə tutulan hissəsinə qalxdı. Sonuncu əsgər də minəndən sonra maşınlar yola düşdü. Üzlərdə həyəcan, təlaş hiss olunurdu. Nə ilə qarşılaşacaqlarını bilmədiklərindən hər kəs sualedici baxışlarla ətrafa baxır, bilən, duyan birindən nəsə eşitmək istəyirdilər. Axı onlar müharibəni filmlərdən, kitablardan, onun-bunun danışdıqlarından öyrənmişdilər.

Kələ-kötür yollarla irəliləyən avtomobil xeyli vaxtdan sonra dayandı. Hamıya maşından enməsi əmr edildi. Yerə düşən hər kəs səmanın vahiməsindən dəhşətə gəldi. Göyün üzü qıpqırmızı idi. Sanki müharibənin bütün dəhşətləri səmaya toplaşmışdı. Bir az aralıdan atəş səsləri eşidilirdi. Bəlkə də, komandirlər qəsdən maşını burada saxlamış, əsgərlərinə gedəcəkləri yerləri qiyabi izah etmişdi. Onlar müharibə haqqında heç nə bilməsələr də, düşmənləri barədə çox şey bilirdilər. Onların necə amansız, qəddar olduqlarını, hətta günahsız körpələrə belə silah tuşladıqlarını bilirdilər. Ona görə də müharibəyə yox, düşmənə nifrət edirdilər.

Axşam saatlarında heç vaxt görmədikləri bir yerə gəldilər. Burada onlardan başqa da xeyli əsgər var idi. Hamısının üst-başı qan içində idi. Sonradan bildilər ki, onlar döyüşdən qayıdan, burada istirahət etməyə gələnlərdir. Axşam komandirlər sabahın döyüş planını hazırladılar. Bu planda Rüstəmgilin taboru düşmənlə birəbir təmasda olmayacaqdı. Onlar düşməndən azad olmuş ərazilərə gedəcək, orada möhkəmlənəcəkdilər. Bu isə cəsurluğunu bütün ölkəyə sübut etmək üçün alışıb yanan Rüstəmi qane etmirdi. O irəlidə, torpaqları azad edənlərin cərgəsində olmaq istəyirdi.

Səhəri gün yenidən maşınlara minib yola düşdülər. Xarabalıqların arası ilə irəlilədikcə o qorxunc səs daha da yaxından eşidilməyə başladı. Ətraf isə daha dəhşətli görünürdü. Hər tərəfdə uçuq-sökük evlər, ot basmış yollar var idi. Amma
Rüstəm bu yolların azadlığa apardığını bilirdi. Azadlığa gedən yolun çətin olması isə heç kimə sirr deyildi.

Komandir onların bölüklər şəklində düzülməsini əmr etdi. Hər bölüyə bir ərazinin nəzarəti tapşırıldı. Axşam düşmüşdü. Göy üzü yenidən qan qırmızısına boyanmışdı. Səmada bir-birinin əksinə hərəkət edən alov dilləri peyda olurdu. Onlar ölüm aparır, ölüm gətirirdilər. Rüstəmgil tərəfə gələn hər bir işartı qorxu ilə müşahidə olunurdu. Heç kim kilometrlərlə uzaqdan gələn mərmidən ölmək istəmirdi.

Gecənin bir yarısı idi. Rüstəm və bir neçə əsgər yoldaşı müvəqqəti qurulmuş postda dayanmışdılar. Birdən əsgərlərdən biri səs eşitdiyini söylədi. Bu söz bir saatdır yuxu gətirən sükutu pozdu. Hər kəs öz silahına sarılaraq ətrafı dinşədi. Həqiqətən də, yaxınlıqdan hənirti gəlirdi. Amma bunun insan, yoxsa heyvan səsi olduğu anlaşılmırdı.

– Bəlkə, posta hücum ediblər? – deyə əsgərlərdən biri dilləndi.

Dərhal digər əsgər onun ağzından vuraraq:

– Bizdən qabaqda əsgərlərimiz var, bura düşmən gələ bilməz, – dedi.

Onun bu cavabı hər kəsin ürəyinə su səpdi. Bir müddət sakitlik hökm sürdü. Sonra yenidən səs eşidildi. Bu dəfə hamılıqla bir şeylərin tərs getdiyinə inandılar. Baş əsgər dərhal rabitə ilə komandirlərinə xəbər verdi. Komandir isə postu tərk etməmələrini, kömək gələnə qədər ayıq-sayıq olmalarını əmr etdi. Səs isə getdikcə yaxınlaşırdı. Ürək döyüntüləri sürətlənməyə, danışanların səsləri titrəməyə başladı. Hamı bir-birinə qorxmamalı olduğunu deyirdi. Hamı da qorxurdu. Bircə Rüstəm təmkini qorumuşdu. Bütün cəsarətini toplayıb:

– Dur! Kimsən? – dedi.

Bunu deyərkən qarşı tərəfdən gələnin nə olduğunu belə bilmirdi. Birdən uzaqdan Azərbaycan dilində danışan bir nəfərin səsi eşidildi:

– Heyy, bizik, yaralımız var, kömək edin.

Gənc və təcrübəsiz əsgərlər daha da həyəcanlanmağa başladılar. Komandirləri postu tərk etməmələrini əmr etmişdi, əsgər yoldaşları isə onlardan kömək istəyirdi. Özü də düşmənin dərinliklərində vuruşan, torpaqları azad edən əsgərlər. Tez bir qərar verməli idilər. Baş əsgər yenidən rabitə ilə əlaqə yaratdı.

– Komandir, postun qabağında yaralılar var, bizə tərəf gəlirlər, kömək istəyirlər.

Komandir, eşidirsiz məni? Yaralılar var, kömək istəyirlər, nə edək?

Komandirin qırıq-qırıq səsləri eşidildi:

– Heç kim postu tərk eləməsin, heç kimi də yaxına buraxmasın.

– Komandir, yaralıla...

– Dedim heç kimi yaxına buraxmayın.

Komandirin son əmri ilə bərabər atəş səsi eşidildi. Rabitə ilə danışan baş əsgər qanlar içində yerə yıxıldı. Var gücü ilə “Düşmən!” – deyə qışqırdı. Hamı çaş-baş qalmışdı. Baş əsgərin qışqırtısı, qarşıdakı səslərin getdikcə yaxınlaşması, güllə səsləri... Onlar tələyə düşdüklərini gec də olsa, anladılar. Rüstəm silahını səs gələn tərəfə tuşlayıb tətiyi basdı. Bütün həngamə də bundan sonra qopdu. Hər iki tərəfdən atəş açılmağa başladı. Baş əsgər hələ də ağrıdan inildəyirdi. Bir əsgər daha vuruldu.

Qaranlıq idi, göz-gözü görmürdü. Görünən o idi ki, bir-bir əsgərlər vurulurdu. Rüstəmgilin isə kor-koranə atəş açmaqdan başqa şansları yox idi. İki yaralı əsgərlə səngərə məhkum olmuş uşaqlar tamam ağıllarını itirmişdi. Onlar buna hazır deyildilər. Düşmənin burada onlara atəş açacağına inanmırdılar. Eşitdikləri səslər də Azərbaycan dilində idi. O qədər həyəcan keçirirdilər ki, komandirə xəbər verməyi belə unutmuşdular.

Heç kim hadisənin şokundan xilas ola bilmirdi. Bir neçə dəqiqənin içində iki əsgər yoldaşları ağır yaralanmışdı. Onlar isə heç kimi görmürdü. Birdən kimsə əlindəki qumbaranın pimini çəkib gücü çatdığı qədər irəli atdı. Partlayış səsi ilə bərabər qışqırıq da eşidildi. Bu dəfə gələn səs isə başqa dildə idi. Artıq hər kəs onlara hücum edənlərin ermənilər olduğuna inanmışdı. Artıq ürəklə vuruşa bilərdilər.

– Komandir, komandir, yetişin, ermənilər posta hücum edib. Komandir.... rabitəni baş əsgərdən alan hündür boylu oğlan dilləndi.

– Heç kim postu tərk eləməsin, çatırıq, heç kim postu tərk eləməsin!

Sonuncu atılan qumbaradan sonra düşmən daha da quduzlaşdı. Bayaqkından daha intensiv hücum başladı. Mərmilər səngərin bir neçə santimetrliyində özünəməxsus səslər çıxararaq torpağa sancılırdı. Qaçmaq, gizlənmək olmazdı. Komandir dönə-dönə postu tərk etməyin demişdi. Bir qumbara daha çəkildi. Qumbara yerə düşməmiş onu atan əsgər arxası qatda səngərə çırpıldı. Baş əsgərin və ondan sonra vurulanın səsləri kəsilmişdi. İndi sadəcə ən son vurulanın səsi gəlirdi:

“Qaçın, sizi də vuracaqlar” – deyirdi. Rüstəm və sağ qalan digər əsgər isə tamam başını itirmişdi. Bir anlıq yaralı əsgər yoldaşlarının sözü Rüstəmin ağlına batdı. Burada ölmək yerinə, sağ qalıb, yenidən döyüşməyi, dostlarının qisasını almağı düşündü. Lakin o öz düşüncəsindən xeyli məyusluq keçirdi. Ona elə gəldi ki, ən böyük qorxaqlıq əcəldən qaçmaqdır. Nə olacaqdısa, bu gün, elə indi, burada olacaqdı. Amma artıq gec idi. Düşmən posta daxil olmuş, onlara doğru irəliləməyə başlamışdı. Yaralı əsgər yoldaşı yenidən qışqırdı.

– Qumbara...

Bu an əlini qumbaraya doğru aparan əsgər də vuruldu. Rüstəm artıq tək idi. Bir anın içində əyilib yerdən qumbaranı götürdü. Ona doğru gələn düşmən əsgərlərini sezdi. Qaranlıq idi, heç nə aydın görünmürdü. Düşmən isə artıq onun bir neçə metrliyində idi. Rüstəm nadirən də olsa yaşadığı qorxu hissinə təslim olmuşdu. Əsir düşməkdən qorxurdu. Düşmənin ölülərə belə hörmət etmədiyini bilirdi. Diri ilə nələr edəcəklərini təsəvvür belə etmək istəmirdi. Əlləri ayaqları bir-birinə dolaşan vəziyyətdə işıq görmüş dovşan kimi yerində dondu.

Qaranlığın bağrını yarıb ona doğru hərəkət edən düşmənin diversiya qrupunu gördü. Həyəcandan ürəyi yerindən çıxacaqdı. Nə edəcəyini, nə etməli olduğunu bilmirdi. Ona doğru gələn düşmən isə yaxınlaşdıqca Rüstəmi görür, onun cılız bədəninə tamaşa edirdi. Hərbi formanın içində itib-batan bu əsgər qarşı tərəfə gülməli görünməyə başladı. Bayaqdan onlardan qorxub səngərə girmədiklərinə təəssüf etdilər. Rüstəm isə artıq qərarını vermişdi. Digər düşmən əsgərlərinin də səngərə daxil olmasını gözlədi.

Onlara kömək gələcəkdi. Komandirləri belə demişdi. Rüstəm bilirdi ki, o kömək gec də olsa gələcək. Gecikməyinin isə səbəbi var. Hər tərəf mina idi və bu qaranlıqda heç kim qaça-qaça onlara köməyə gələ bilməzdi. Səngər isə getdikcə düşmən əsgərləri ilə dolurdu. Onun cılızlığını, avtomatdan bir az hündür olmasını görənlər isə onu təhlükəli hesab etmir, qələbə eyforiyasına qapılırdı.

Rüstəm bir gözü ilə onlara, bir gözü ilə şəhid olmuş əsgər yoldaşlarına baxdı. Nə gördüsə, üzündə qeyri-adi təbəssüm göründü. Gülümsədi... Düşmənə tərəf bir neçə addım ataraq: “Əlvida, ana”, – dedi və ovcunun içində gizlətdiyi qumbaranın pimini çəkdi.

Onlara köməyə gələn əsgər yoldaşları artıq yetişmişdilər. Dəhşətli bir səs eşitdilər. Onlara elə gəldi ki, düşmən posta qumbara atdı. Komandirin gözlərini nifrət bürüdü. Dərin ah çəkərək: “Balalarım”, – dedi. Sonuncu partlayış səsi digər bütün səsləri kəsmişdi. Hər tərəfə Rüstəm doğulduğu günkü sükunət yayılmışdı. Səngərə daxil olan komandir və əsgərləri ehtiyatla hərəkət edirdilər. Onlar irəlilədikcə səngərdə xeyli düşmən əsgərinin meyitini gördülər. Bir az da irəlilədilər.

Əsgərlərdən biri inilti səsi eşitdi.

– Komandir, yaralı var. Ehtiyatlı olun, düşmən ola bilər, yaxınlaşmayın, gözləyin.
Onlar komandirin ardınca asta addımlarla səs gələn tərəfə irəlilədilər. Sonuncu yaralı hələ də sağ idi. Çiynindən yaralanmışdı. Çoxlu qan itirdiyindən rəngi öləzimiş, buz kimi olmuşdu. O son gücünü toplayaraq:

– Rüstəm, – dedi.

Sonra huşunu itirdi. Hər kəs dəhşət içində idi. Hərbi hissə nifrətlə sevgini bir arada yaşayırdı. Sıravi əsgərlərin diversiya qrupunu məhv etməsi, qəhrəmanlıqla şəhid olması digər əsgərlər üçün qürur mənbəyi idi. Onlar öz dostlarını qəhrəman kimi yola saldılar. Çox çəkmədi ki, Rüstəmgilin evinə də xəbər çatdı.

Xəbəri alan anası yerində donub qaldı. Bir müddət heç nə demədi, bəlkə də, inanmadı. Sonra aldığı xəbərin fərqinə vardı. Qəfildən fəryad qoparmağa başladı. Saçını başını yoldu. Özünü yerdən-yerə vurdu. O qədər qışqırdı ki, huşunu itirdi. Əri tez onu tutmağa çalışdı. O, hələ də güclü görünməyə çalışırdı. Arvadının da güclü olmasını istəyirdi.

Xəbəri eşidən qonum-qonşu haya gəldi. Məhəllənin bütün cavanları Rüstəmgilə axışdı. Qonşu kəndlərin gəncləri də əllərində bayraqlar onların qapısının ağzında dayandılar. Onu hərbi xidmətə heç kim yola salmasa da, minlərlə insan qarşıladı. Uzaqdan hərbi maşınlar görünməyə başladı. Rüstəmin anası yenicə özünə gəlmişdi. “Bala, bala...”, – deyə-deyə hərbi maşınları görüb, yenidən huşunu itirdi. Atası yenidən arvadını qucaqladı. Rüstəmin cansız bədəni al qırmızı bayrağa bükülü halda atasına təhvil verildi. Qəfildən onun dizlərinin bağı çözüldü. İki dizi üstə yerə çırpıldı, oğluna sarıldı:

– Mənim qəhrəman oğlum, mənim igid balam, atanı bağışla, - dedi.


# 5292 dəfə oxunub

Müəllifin son yazıları

# # #