Fetişizmə tərif verərək yazıya monoton bir başlanğıc etmək fikrində deyiləm. Fetişizm bir çox sahələr tərəfindən kifayət qədər araşdırılan, aktual mövzudur. Kimisi fetişizmi parafililər qrupuna aid edir, seksual pozuntu, uşaqlıqda alınan travmanın buraxdığı iz, əks cinslə seksual münasibətlərdə uğursuz olmasının nəticəsi və s. kimi kateqoriyalara salırlar, bəziləri də “hamımız bir fetişik” deyə özünün latent seksual fantaziyalarından mesaj verərək digərlərini dəstəkləyir.
Hansısa əşyanı görəndə onun bizdə yaratdığı assosiasiya nəticəsində keçirdiyimiz hisslərə sonluğu “izm”lə bitən adın qoyulmağı ədalətdəndirmi?
Siz böyüsəniz də heç uşaqlıqdan ən çox sevdiyiniz oyuncağınızı hələ də qucaqlayıb yatmırsız? Xanımlar, heçmi sevgilinizin köynəyini günlərlə əyninizdən çıxartmadan gəzməmisiz? Sən sevdiyin porno jurnala baxarkən aldığın həzdən litrlərlə sperma tökməmisən? Əgər o, jurnal deyildisə onda nə idi? Bəlkə dərin şəhvət bəslədiyin birinin alt paltarı idi?
Lakin burada diqqət etməli olduğumuz nüans bunları edərkən bizdə iradəmizdən kənarda yaranacaq olan psixiki asılılıqdır. Kiməsə, nəyəsə fiziki, seksual, emosional asılılıqdır ki, özümüz üçün aydınlaşdırmalıyıq, hansı daha dərin və əzab vericidir. Məhz işin içində əzab varsa, bilməliyik ki, bu cəmiyyətə, ələlxüsus fərdin özünə nə dərəcədə təhlükə törədə bilər. İlk başlarda passiv aqressiya ilə müşayiət olunsa da, daha sonralar bu tamamilə fərqli don geyinir. Və deməli bu mərhələdə artıq biz “fetişizm”dən danışmağa başlaya bilərik.
Adətən fetişizmin kişilərdə daha çox müşahidə olunur. Lakin bu məqamda vurğulamaq istəyirəm ki, qadınlarda da kifayət qədər müşahidə olunur.
Ümumiyyətlə, bir çox nüanslarla bağlı danışıldığında, xüsusən də əgər söhbət seksual azğınlıqlardan gedirsə, ilk dilə gələn söz bunun kişilərdə daha çox müşahidə olunduğu, hətta hərdən çox irəli gedib bunun ancaq kişilərdə olduğunu, qadınlarda əsla rastlaşa bilməyəcəyimizi bizə inandırmağa çalışırlar. Və bu əsrlərlə insanlara deyilən ağ yalandır.
Qadınların cinsi tələbatı kişilərinkindən çoxdur. “El qınağı” qorxusu, komplekslilik, böyüdüyü ailənin sərt tərbiyəvi qanunlarının olması və s. kimi səbəblər qadınların bu duyğuları latent yaşamaqlarına səbəb ola bilir. Təbii olaraq da müəyyən yaş keçdikdən sonra bu sıxışdırılmış duyğuların onların ağlını itirməklərinə bais olur. Nə isə...
Fetişizmi ilk dəfə araşdıran və bu məsələnin günümüzdə aktuallığını qorumasına zəmin yaradan fransız psixoloq Alfred Binet fetişizm terminini lüğətə gətirməklə, izahını “məntiqsiz səbəblərlə əşyaya pərəstiş” olaraq vermişdir. Və o, fetişizmi assosiasiyaların patoloji nəticəsi kimi görürdü.
Qeyd edildiyi kimi fetişizm bir çox sahələri maraqlandıran bir mövzudur. və gözlənilmədən fərqli məkanlarda qarşımıza çıxa bilir. Məsələn, irland yazıçı Ceyms Coys “Ulisis” romanında Blum adlı baş qəhrəmanını fetişist olaraq canlandırmışdır. Blum on ildir xanımı ilə cinsi əlaqədə olmur, yatağın kənarında oturaraq onun “qabarıq ətlərini” öpməklə kifayətlənirdi. Eyni zamanda isə Blum daima yan cibində oyuncaq qızın alt paltarını gəzdirirdi. Bununla özünün cinsi əlaqədə uğrayacağı uğursuzluq qorxusundan və natamamlıq kompleksindən sıyrılmağa çalışırdı; çünki o kiçicik alt paltarı ona özünəinamı aşılayırdı.
Blum xarakterini yaratmaqla Ceyms Coys cinsi pozuntusu, disfunksiyaları olan insanlardakı kimi fetişlərdə də özünə inamsızlığın və natamamlıq kompleksinin təməldə yatdığını vurğulayırdı.
Freydə qədər olan araşdırmalarda fetişizmin şərti refleks olduğu fikrini irəli sürürdülər. Bu barədə müəyyən eksperimentlər də aparılmışdır ki, bu “Rahmann eksperimentləri” kimi tarixə keçmişdir. Onların müdafiə etdiyi düşüncələri sizə belə izah edə bilərəm: məsələn, cinsi əlaqə zamanı orqazm ola bilmək üçün partnyorunun mütləq hündür dabanlı ayaqqabıda olmağına ehtiyac duyan kişi nəticədə artıq partnyora ehtiyac duymur. Özünü sadəcə ayaqqabı ilə təmin etməyə başlayır. Bu məsəl həm də “təbii” seksual davranışlarla fetişistik seksual davranışlar arasındakı fərqə də aiddir. Və burada bəzi cinsi əlaqə zamanı məhdud seçimləri olan fetişləri də yada salmaq olar: bir pozadan başqa heç bir vəziyyətdə cinsi əlaqədə ola bilməyən, ya da gecə işıqlar söndüyündə sevişə bilməyən insanlar kimi...
Yuxarıda tarixi Freydə görə nizamladığım, yəni ona qədər olan araşdırmalar deyə misal gətirdiyim dövrü keçərək Freydin öz gözündə fetişizmin və fetişlərin kimlər olduğunu aydınlaşdıraq.
O, fetişizmi bütün kişilərin şüur arxasında olan kastrasiya - xədim edilmə kompleksi ilə əlaqələndirirdi. İlk dəfə masturbasiya ilə tanışlığında penisinə dəyər qazandırmağa başlayan oğlan uşağı ana - atasının buna hirslənəcəyi və penisini itirəcəyi qorxusuna qapılır. Və həmin yaş dövrlərində əks cinsin penisə sahib olmadığını öyrəndiyində bu qorxusu öz təsdiqini tapmış olur. Çünki o qarşı cinsin əslində onunla eyni cinsi orqana malik olduğunu lakin, bu fərqliliyin kənar müdaxilənin (kastrasiyanın) nəticəsi olduğunu düşünür. Və məhz bu səbəbə görə də fetişlər cansız əşyalara və ya konkret bədən üzvlərinə meyl edir, qadın cinsi orqanından çəkinir və öz şəhvətini başqa yollarla doyurmağa çalışır.
Qeyd etməliyəm ki, ən çox masturbasiya edənlərin ailə tarixçəsini araşdırdıqda ailədəki sevgi əksikliyi, laqeydlik, sosial izolyasiya və s. kimi məsələlərin altından xətt çəkirik. Və beləliklə də fərd özündə həzz nöqtələrini kəşf edərək tək başına həzzin yüksək həddinə çatmağın yollarını tapır. Bu müddətdə də hansısa cansız əşyadanmı yararlanır, digərlərinə məntiqsiz görünən vərdişlərəmi sahib olur, bax bu elə də təəccüb doğurmamalıdır. Hələ qınaq obyektinə çevirmək, qətiyyən.
Əgər fərd bu vəziyyətlərindən narazıdırsa, sosial həyatına ciddi zərər vurduğunu, get-gedə məhdudlaşdığını, cəmiyyətdə yararlılığını itirdiyini, insanlarla ünsiyyətin problematik hala gəldiyini, artıq həmin obyektlərin ona “doyumu” yaşatmadığını düşünürsə, ilk fürsətdə mütəxəssis yardımı almağı zəruridir. Diaqnozun qoyulmağı üçün bunlar kifayət deyil. Fərdin fetişizm kriteriyalarına uyğun gəlib-gəlmədiyi 6 aylıq müşahidədən sonra aydınlaşdırılır. Bu zaman əgər cinsi davranış pozuntuları müşahidə edilirsə, əsasən də (çox vaxt rast gəlindiyi kimi) özündə transvestit və sado-mazoxist xüsusiyyətlərini birləşdirirsə ixtisaslaşdırılmış psixiatrlar, psixoterapevtlər tərəfindən müalicə olunmalıdır. Terapiyada en effektiv üsul koqnitiv-davranış terapiyası və psixoanalizdir. Təbii ki, terapiyaya başlamazdan əvvəl fərd müalicə müddətini qəbul etməli, vəziyyəti və terapiya haqqında mütləq məlumatlara sahib olmalıdır.
Xülasə:
Fetişsən? Ol! Yetər ki, əşyaviliyin əsirinə çevrilmə. Partnyorunla cinsi əlaqədə olmaq üçün özünü cəsarətləndir ki, həzz duyğularının sərhədlərini yox edib, əhatəni genişləndirib, daha fərqli fantaziyalara sahib ola biləsən...