Hava tutqun, dumanlıdı. Yağış dayanmadan yağır, gah sürətlənir, gah öləziyir. Adamlar islanmamaqdan ötrü daldalanmağa, qarşılarına çıxan taksiyə, marşruta minməyə çalışırlar. Saçları islanmış, əlləri qızarmış iki qız mən əyləşən marşruta daxil olur. Yol uzandıqca, qızların donu açıldıqca söhbətləşməyə başlayırlar. On səkkiz, on doqquz yaşları olan bu qızların mövzusu qəribə də olsa yaşlanmaqdır. Xurmayı saçlı, üzü çilli, şirin qız əlində “Dorian Qreyin portreti” kitabının ingilis dilində olan variantını tutub:
- Alimlər deyir, insanın boy artımı dayanan kimi yaşlanma da başlayır.
Uzunboylu, arıq, saçları fenlə ütülənməkdən dümdüz olan digər qız cavab verir:
- İndi mən qocalmışam, iki ildir boyum çıxmır.
Çilli qız bicliklə gülümsəyir:
- Hə, belə çıxır. İnkişafın da bir mərhələsi var axı. Müəyyən yaşdan sonra biz hər gün, hər saat, hətta hər saniyə qocalırıq.
Son cümlədən sonra hər iki qız pəncərədən bayıra baxıb susurlar.
Əllərimə, dərimə, saçlarımın ucuna diqqətlə nəzər salıram. Qırx iki yaşım var. Yəqin indi bu qocalma məsələsi məndə daha sürətlə baş verir deyə düşünürəm. Görəsən saniyədə nə qədər hüceyrəm sıradan çıxır deyə öz-özümə sual verirəm.
Son illər valideynlərimi, yaxın qohumlarımı itirdikcə, yaş artdıqca, tənhalaşdıqca ölüm haqqında tez-tez düşünürəm. Bir göz qırpımıdır sanki hər şey. Hər dəqiqə, hər saniyə ömürdən, gündən gedir. Təəssüf ki, heç nəyi saxlamaq olmur.
Adi insanlara baxanda qocalıq məsələsi məşhurlar üçün çox ciddi məsələdir. Daim səhnələrdə olan məşhur insanlar insanların sevimlisinə həm də ona görə çevrilirlər ki, onlar insanları səsləri, görüntüləri ilə cəlb edirlər.
Yaş artdıqca, məşhurlar da yaşlanır, qocalır, xəstələnirlər. Səhnədən, ekrandan uzaq düşürlər. Hər kəs onları görməyə can atır. Onlar isə gizlənməyə, görünməməyə, yaddaşlarda gənclikdəki kimi qalmağa çalışırlar. Ancaq məşhurluğun tələbləri, qaydaları başqadır.
Hər dəfə Kulisdə “Maraqlı faktlar” layihəsini hazırlayanda çalışıram ki, sevilən məşhur insanların yaşlılıq və xəstəlik zamanı çəkilən şəkillərini yazıya qoymayım.
Çünki özüm həmin şəkilləri ilk dəfə görəndə hansı hissləri keçirmişəmsə, onların eynisini oxucuların keçirməsini istəməmişəm.
İndi isə vəziyyət dəyişib. Hər şey reytinqin, İP-in əsirinə çevrilib.
Bir müddət əvvəl böyük çəkiliş qrupu ilə meyxanaçı Kərimin evinə gedən aparıcı Zaur meyxanaçı ilə hal-əhval tutur, onu danışdırmağa çalışır.
Ağır xəstə, huşu demək olar ki, özündə olmayan Kərim güclə hal-əhval tutur, canı ağrıyır, şikayət edir. Nəhayət uşaq kimi ağlayır. Bir zamanlar meyxana məclislərini şirin avazı, bədahətən dediyi meyxanaları ilə lərzəyə gətirən Kərim indi rəngi saralmış, arıqlamış, bir dəri-bir sümük vəziyyəti ilə tamaşaçılara təqdim edilir. Kimə lazımdır bu təqdimat, Ay Zaur?!
Əgər bu təqdimat Kərimin sağlamlığına, müalicəsinə hər hansısa bir xeyri gətirəcəksə, yenə birtəhər dözmək olar. Axı belə deyil. Bunu siz də, biz də yaxşı bilirik. Elə isə niyə başqalarının faciəsi, xəstəliyi, dərdi üzərindən özünüzə baxış sayı, pul, xoşbəxtlik qazanırsınız?!
Kərimin vəziyyəti ilə birtəhər barışmaq olar. Azdan-çoxdan dünyada bir gün görüb, oğlunu evləndirib, nəvə sahibidir.
Ötən gün Xalq artisti Eldəniz Zeynalovun oğlunun kanallarının birində dəhşətli görüntüləri yayıldı. Vaxtilə çox yaraşıqlı, fakturalı olan bu oğlan indi amansız xəstəliyinin girdabına düşüb, çırpınır. Həkimlər, götürün evinizə aparın, az ömrü qalıb, xəstəliyi əlacsızdır sözlərini deyiblər.
Bununla da kanallar yarışa başlayıblar. Kim xəstənin evinə birinci çatdı, kim onu ilk dəfə göstərdi yarışına.
Görüntülər isə xəstə, ömrünün son günlərini yaşayan, danışmağa da çətinlik çəkən, əlacsızlıqdan ağlayan bir insan haqqındadır. Ağrıdan qıvrılan insanın yanında kamera qurmaq, işıq quraşdırmaq, sonra mikrofonu əlinə alıb onu danışdırmağa edilən cəhdlər nədən xəbər verir bilən var?
Doğrusu mən bu məsələlərdə bir az da bu vəziyyətdə olan insanların ailələrini qınayıram. Onlar bu cür çəkilişlərə imkan verməməlidirlər. Qarşımızda Fuad Poladov nümunəsi var. Xəstəliyini biləndən sonra heç kimi, hətta ən yaxın dostlarını belə onu ziyarət etməyə, onu görməsinə imkan vermədi. Düz də etdi. İndi hamımızın yaddaşında səhnədə dimdik dayanan, xarizmatik, yaraşıqlı, səsli, sözlü Fuad Poladov qalıb. Bunun üçün Fuad Poladova rəhmət oxumaq, ailə üzvlərinə isə təşəkkür etmək lazımdır.
Əlbəttə, rəhmətlik Ramiz Əzizbəyli kimi son günlərinə qədər müsahibə verən, TV kanalları evində qonaq qarşılayan məşhurlarımız da olub. Amma Ramiz Əzizbəyli ailə üzvlərinin sözlərinə görə, son gününə qədər pozitivliyini qoruyub saxlayıb, heç nədən şikayət etməyib, insanların qanını qaraltmayıb.
Yadıma gəlir əməkdaşımız onun evindən reportaj edəndə, o, hətta reportajın sonunda tamaşaçıları üçün Bəyin oğurlanması filmində ifa etdiyi “Aman Tello” mahnısını da ifa etmişdi.
Və nəhayət, hörmətli həmkarlar, hamımız söz adamıyıq. Söz isə ürəkdən, hislərimizdən yaranıb meydana çıxır. Ürəyimizə hörmət edək.