Uşaq olanda ən çox getmək istədiyim yerlərdən biri nənəmgilin kənddəki evi idi. Gün boyu evdə nənəmdən başqa heç kim olmasa da, babam və xalam hava qaralanda işdən gəlsələr də, bütün gününü yataqda keçirən nasaz nənəmlə günümü keçirməkdən yorulmurdum.
Nənəmin maraqlı söhbətləri, televizorun, radionun olmadığı sakit, rəvan kənd həyatındakı səssizlik idi məni cəlb edən. Sonralar həmin səssizliyi səs-küylü evimizdə işıqlar keçən zaman uzun qış gecələrində də dəfələrlə hiss etdim.
Hərdən, bəzən tez-tez müasir dövrümüzə səssiz-səmirsiz, astadan soxulan sosial şəbəkələrdən, buradakı xaotik qışqır-bağırdan, qarışıqlıqdan qaçıb gizlənmək üçün gün boyu naxoş qarısından başqa heç kəsi olmayan kənd evi, dağılıb viranə qalmayan, atalı-analı, günün sonuna yaxın, şər vaxtı işıqları keçən bir mənzil axtarıram.
Hələ ötən əsrin 80-ci illərindən bir çox sənət adamlarının elektron texnikanın həyatımıza soxulmasının gətirəcəyi fəlakətlər barədə həyəcan təbilini əsərlər, filmlər vasitəsi ilə çalmışdılar.
Rus rejissoru Andrey Tarkovski bu məsələyə öz yaradıcı təbiri ilə yanaşmışdı. O, deyirdi ki, əvvəllər insanlar araba və ya faytonla üç gün ərzində bir məkana gedib çatırdılarsa, indi həmin məkana təyyarə ilə üç saat, bəlkə də bir az tez çatmaq mümkündür. Əlbəttə, burada insan üç gün vaxt qazansa da, mənəvi zövqdən məhrum olur. Ona görə ki, üç gün araba ilə gedilən yolda sərnişin müxtəlif yeni yerlərlə, insanlarla tanış olur, macəralar yaşayır və beləliklə iç dünyası zənginləşir. Amma üç saatlıq təyyarə səyahəti zamanı yuxulayan adamın qazancı yuxudan başqa heç nə olmur.
Bu yaxınlarda anam dünyasını dəyişdi. Xəbəri öyrənən dostlarımın səksən faizi mənə ya watsap, ya da facebook vasitəsi ilə başsağlığı verdilər. Ağrının gücündən bəzən həmin mesajlara cavab verməyi bacarmırdım. Həm də həmin ərəfədə mən doğma baxış görmək, doğma səs eşitmək istəyir, başımı qoyub ağlaya biləcəyim isti qucaq axtarırdım.
Bu baxımdan sosial şəbəkələr bizdən həm də canlı ünsiyyəti aldı desəm yəqin ki, yanılmaram.
Axı doğma səsi, məhrəm qoxunu, isti təması heç bir mesaj, hərf, söz birləşmələri əvəz edə bilmir. Bəzən yazdığın yüzlərlə cümləni, canlı ünsiyyət zamanı bir sözlə, bir baxışla ifadə edirsən.
Ona görə şəxsən mən sosial şəbəkələrdə susmağa daha çox üstünlük verirəm.
Çox vaxt baş verən hadisələrə münasibət bildirməyib susmağın özü də bir münasibətdir.
Və bəlkə daha ciddi münasibətdir.
Vacib deyil ki, hər kəsin qoşulduğu axına sən də qoşulasan. Vacib olan odur ki, yanğın zamanı dimdiyində bir damla su daşıyan sərçə olmağı bacarasan və yaxud da yanğını söndürə bilmək üçün narahat olasan.
Bu narahatlıq mütləq insanın başqa bir əməlində, başqa bir situasiyada özünü göstərəcək.
Cəmiyyət və hadisələr üçün də xeyirli tərəfi olacaq.