Məhv olmuş arzular “Gülüstan”ı

Məhv olmuş arzular “Gülüstan”ı
25 noyabr 2015
# 11:32

Şərif Ağayarın “Gülüstan” romanı haqqında

İnsana əzab verən xatirələrdi. Yazıçı Şərif Agayarın “Gülüstan” romanı Ziqmund Freydin bu sitatı ilə başlayır. Əslində isə yazıçı romana başlayan kimi Freyddən sitat gətirməklə özünü olacaqlardan sığortalamaq istəyir. Freyd bir bəhanədi. Əsərin oxucuda yaradacağı təkan artıq ona bəllidir. Bu bəlirtinin səbəbləri çoxdur. Birinci və ən əsas səbəb odur ki, müəllif yaşadıqlarını, illərdi içində daşıdıqlarını ortalığa çıxaracaq. Oxucuya göstərəcək ki, baxın, insanların faciəsini daha yaxından izləyin və son olaraq əmin olun ki, xatirələr həqiqətən də insana əzab verir. Həm də elə əzab ki, adamın atasını yandırır, anasını ağlar qoyur…

Ən ağır olanı budur ki, həmin əzablar bir ilin, beş ilin əzabı deyil. Və üstəlik də onların unudulması üçün tutuna bilinəcək bir dal yoxdur. Hamısı məhv olub, dağıdılıb, yandırılıb. Əldə qalan solub-saralmış miskin xatirələrdi. O xatirələrə hopmuş obrazların pənahına sığınmaqdan başqa yazıçının əlindən indi heç nə gəlmir.

Amma baxır necə sığınmaq…

Bineyi-qədimdən məmləkətimizi ağ günə çıxartmaq istəyən Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov kimi maarifpərvər insanların əsl ixtisası müəllimlik olub. Vətən bərbad, insanları cahil olduğu üçün bu müəllimlərin işi zillətə çevrilib. Məmləkətin bir tikə uşaqlarına təhsil verib onları işıqlı günlərə çıxara bilmək üçün bu insanlar nələr çəkiblər allah bilir. Qazancları da yaşadıqları dövrdə danlaq, söyüş, məzəmmət olub. Xarakterlərində yaradıcılıq havası olduğu üçün həmin müəllimlər bir müddət sonra qələmə sığınmağı üstün tutublar. Gördüklərini, xatırladıqlarını ağ vərəqin üzərinə səpələyib, cahil, nadan, şərəfsiz insanları öz yazılarında sıxma-boğmaya salıblar.

“Gülüstan” romanının qəhrəmanı Adəm də müəllimdir. O, bircə rəqəmi səhv yazmaqla ədəbiyyat yox, tarix müəllimi olub. Üstəlik bu müəllimin başı çox müsibətlər çəkib. Uşaqlıq və yeniyetməlik illərinin kəsişdiyi bir dövrdə torpağı işğal edilib, özü isə kənd-kəsəyindən didərgin düşərək tozanaqlı çöllərdə qərar tapıb. Ancaq ürcah olduğu günə qədər geridə qalan on beş illik ömür var axı… Həmin ömrün də məhrəm dostluğu, ilk sevgisi, qohum-qonşu yanımcıllığı, dərdi-səri var.

Adəm bu dövrü adlaya-adlaya sanki qarşıdan gələn amansız qasırğanı hiss edir, ev-eşiyindən, obasından, sevdiyi insanlardan, ən əsası isə Həyatdan, həyatından ayrı düşəcəyini duyur.

Hissetmə özünü doğruldur. İnsanların illərlə qurub yaratdıqları bir günün içərisində tənhalığa, kimsəsizliyə tərk edilir. Boş qalan məkanlar insanların içərisində də bir boşluq, bir uçurum yaradır.

Adəmin doğulduğu İşıqlı kəndinin camaatı qaçqın düşür. Yaşayış günü-gündən pisləşir. Xəstəlik, ölüm itim çoxalır. Əsərin qəhrəmanı iki daşın arasında universitetə qəbul olur. Yazıçı şərin üzərində xeyrin qələbəsini bu incə nüansla qeyd etmək istəyir. Oxumaq, insanları işıqlı günlərə səsləmək, sevgili Həyatı taleyin qaranlıq dolanbaclarından tapıb üzə çıxartmaq istəyi ilə döyünən saf, təmiz ürək. Adəmin ürəyi…

Lakin, romanın “Tozanaqlı düzəngahlar” fəslində Adəm babasını şoranlı torpaqda dəfn edib həmin torpaqla vidalaşarkən son dəfə yaşadıqları yeraltı dama göz gəzdirəndə, qabırğasının altından tutan sancı ona gizlin bir işarə verir. İntəhasız arzularla döyünən ürək sancısıyla sahibini qarşıdakı hadisələrə, məşəqqətlərə görə dözümlü olmağa “dəvət edir”.

Sonra Adəmin həyatında yeni dövr başlanır. Gülüstan dövrü. Həyatsız Gülüstan. Amma yazıçı sanki qəhrəmanına bərk-bərk tapşırır ki, əlini Həyatdan üzməsin. Haqq var, nahaq var, gün gələr o da Həyatına qovuşar. Ancaq Adəm hələ qovuşmaqları belə məlum olmayan zamana gedib çıxmaq üçün xeyli hadisələrin, dəhşətlərin, ölümün-itimin şahidi olmalıdır. Olur da. İçindəki, 15 yaşlı o saf, təmiz yeniyetməni birtəhər, güc bəla ilə qoruya-qoruya gəlib çıxır qaçqınlar üçün salınmış Gülüstan şəhərciyinə. Başını aşağı salıb müəllimliyini etməyə. Həyatından kiçicik bir işartı axtardığı balaca, saçı pırtlaşıq məktəbli qızlara, ərköyün, diribaş, öz uşaqlığını xatırladan itoynadan oğlanlara dərs deməyə başlayır. Lakin elə başlanğıcda da qarşısına əngəllər çıxır. İlk olaraq hərəkətini əlindən alırlar. Bərk- bərk tapşırırlar ki, filankəslə oturub durmaq olmaz. Çünki o, demaqoq, qatı etirazçı, cəhənnəmə gedənin biridir. Və səni də özünə yoldaş edə bilər. Türklər demişkən, ayağını dənk al. İkinci, sözünü alırlar Adəmin. Sinfə girdin, qarşına nə yazıb qoyurlar onu da tədris et. Azadlıq hərəkatı burdan gəldi, Qarabağ davası ordan getdi kimi söhbətlər etmə. Bu nə sənin, nə də elə bizim xeyrimizədir. Hələlik eləmə də! Sonra imkan düşdükcə ürəyindəkiləri çatdırarsan. Onsuz da söz saxlayan adama oxşamırsan…

Xudayarov demişdi bunları. Şərin Gülüstandakı aparıcı simvolu. Xudayarov Adəmlə üz-üzə dayanıb bu fikirləri qəlbindən keçirərkən görəsən hardan hiss etmişdi “Gülstan”ın yazılacağını?

Daha sonralar Adəmin sevgisi də əlindən alınacaq. Lakin hələ ora qədər Adəm bərkə-boşa düşməli, mətanət, əzm yiyəsi olmalıdır. Həyat (jizn yox!) – başımıza olmazın oyunlar gətirib, bizi qaranlıq girdabına salan, hərəmizi bir cürə məhv edən bu acımasız həyat bilir axı kimin yaxasından yapışıb ona zülm vermək lazımdı. Müqəvva kimi bir zərbəylə yıxılan, ondan sonra da yaxasını ələ verməyən zayıl qəhrəman həyatın nəyinə lazımdı?! Ona Adəm kimi möhkəm, iradəli, canından çox sevdiyi, qucaqlamağa qıya bilmədiyi sevgilisi, Həyatı başqalarına papaq olandan sonra bir xəstəxana dəhlizində uşaqlıq dostu Etişə: “Söyüdün altında məni yaman həriflədin aaa…” – sözlərini deyə biləcək qədər güclü, həyatında baş verən ağrılı-acılı hər şeyi ovucları ilə qamarlayıb içinə səpələyən və 25 ildən sonra o qamarladıqlarını içindən, yaddaşından ilmə-ilmə çəkib çıxaran tarix müəllimi Adəm, yazıçı Şərif Ağayar lazım idi.

Şərif Ağayarın “Gülüstan” romanını (320 səhifə) dörd-beş saat ərzində oxuyub bitirdim. Mənə elə gəlirdi ki, öz didərginlik taleyimlə səsləşən bu romanı yarımçıq saxlasam, romanla, ordakı insanlarla bütün əlaqələrim itəcək, yoxa çıxacaq. Bu səbəbdən romanı həmin gecə bitirdim.

Yazıçının bütün yaradıcılığını izləyən biri kimi qətiyyətlə deyə bilərəm ki, “Gülüstan” romanı onun bu günə qədər yazdığı ən güclü əsərdi. Hadisələrin ağırlğı, obrazların çoxluğu, xatirələrin acısı oxucunu incitsə də, ona əlavə yük vermir. Yaşanan hər şey təbii və unudulmaz təsir bağışlayır. Yazıçı əsərdəki insanların taleyini, baş verən hadisələri bir-biri ilə mükəmməl şəkildə ilgəkləyir. Əsərdəki obrazları birbaşa olaraq, yaxından tanıması ona bu mükəmməlliyi yaratmağa imkan verir.

Romanda çox təsirli fəsillər var. Xüsusilə “Tozanaqlı düzəngahlar”, “Həyat”, “Mədətin dikdiri”, “Məsmələr”, “Saman yolu”, “Adəm ağlayır” kimi fəsillər oxucunu dərindən mütəəssir edir.

Yazıçı heç nədən hay-küy yaratmır, baş verənləri təbii hisslərlə oxucuya çatdırır.

Romanda əsasən üç dövrdə yaşamış insanların həyatından bəhs olunur. Sovet insanı, müharibə insanı və müharibədən sonrakı dövrün insanı.

Müəllif digər əsərlərində olduğu kimi bu romanında da bildiyi mövzulara müraciət edib. Romanı oxuduqca müharibə və qaçqınlıqla bərabər gələn faciələrin fonunda həm də ağrılı bir məhəbbət əhvalatının şahidi oluruq. Elə bir məhəbbət ki, burada hər şeyi taleyin boynuna yıxmaq ədalətsizlikdir. Çünki, həmin məhəbbətin ilk alovunu Qarabağ müharibəsi söndürürsə, onun sonrakı qığılcımlarını qoluzorlu, vəzifə və əmr sahibi, insanların taleyini və əzablarını heçə sayan insanlar məhv edirlər.

Əsərdə çox maraqlı və yeni obrazlar vardı. Ən faciəvi obrazlardan biri Mədət kişidir. Qızının rüsvayçılığından sonra hər kəsin lağa qoyub, ələ saldığı Mədət kişi təzə-təzə ailəsində baş verənləri faciə kimi qəbul etsə də, qəbul etdiklərini içində dəfn edib yaşamağa çalışır. Lakin, tənə və dedi-qodular, lağlağılar onu bir an belə rahat buraxmır. Üstəlik, bunları edənlər onunla eyni taleyi yaşayan insanlar, yaxınlar, dostlar olur. Qaçqınçılıqdan sonra özünün əvvəlki hörmətini bərqərar edə bilməyən bu ahıl qoca ağlını itirir. Və bu ailə dramını, onun gətirdiyi fəsadları əvvəldən sona qədər izləyən Adəm Mədət kişinin faciəsinə sarsılır. Hətta o, vaxtilə Mədət kişiyə lağ edənlərin, onu dışlayanların yanında dayandığı üçün ona kömək edə bilmədiyinə görə özünün də hardasa bu faciədə iştirak etdiyini güman edir. Bu səbəbdən də ağlını itirmiş qocanın qarşısında günahkar olduğunu qəbul edib ondan bağışlanmasını arzulayır. Amma gecdir. Mədət kişi onu tanıyacaq və əfv edəcək məntiqli deyil. Çünki ağlını tamam itirib. Bircə şey bilir: Çayqovuşana qayıdıb. Arılarına baxmaq, uçaq hasarını hörmək.

Romanda İnqilab Dadaşov da maraqlı obrazlardan biridir. Azad fikirli İnqilab Dadaşov Adəmin müəllim yoldaşıdır. Lakin o, digər həmkarlarından fərqli olaraq öz haqqını və digər insanların haqqını tələb edir. Bunun üçün də adamlar ondan vəbadan qaçan kimi qaçırlar. Qəsəbənin vəzifəli adamları onu demaqoq, xatalı, qaragüruhçu adam kimi damğalayırlar. Hər kəsə eləcə də Adəmə ondan uzaq durmasını bərk-bərk tapşırırlar. Mübarizə İnqilab Dadasovun şəxsində heç bir fayda gətirmir. Əksinə, İnqilab Dadasov əvvəl həbs olunur, daha sonra isə qətlə yetirilir.

Torpağı əlindən alınan insanların, sözləri də əllərindən alınır. Sonda isə növbə şərəf və ləyaqətə çatır.

Müəllifin romandakı ən parlaq qadın obrazı Həyatdır. Ümumiyyətlə, Həyat obrazı müasir ədəbiyyatımızda son illər yaranan ən təbii qadın obrazlarından biri hesab oluna bilər.

Son on ildə yazılan romanları xatırladıqca Həyat qədər təbii, daxili dünyası zəngin olan ikinci bir obraz xatırlamıram. Xüsusilə məsələ məhəbbət mövzusuna gedib dirənəndə yazıçılarımız nədənsə yaratdıqları qadın obrazlarının timsalında bayağı romantikadan, lirik və yalançı məhəbbət vaysınmalarından yaxalarını qurtara bilmirlər. “Gülüstan” romanında isə Həyat obrazı mükəmməl şəkildə işlənib. Lakin, onun intiharı və xüsusilə intihardan əvvəl Lars fon Trierin “Dalğaları aşmaq” filmini seçib baxması məndə nədənsə süni təəssürat yaratdı. Ola bilər ki, Həyat Trierin filminə baxıb sonra da intihar edəcək intellektə malik bir qadındır. Lakin, məslə bundadır ki, yazıçı romanda həmin intellekt barədə oxucuya heç nə demir. Oxucu Həyatla kənddə tanış olub, daha sonra isə Gülüstan qəsəbəsində rastlaşır. Yəni orta zövqlü, adi kitabxana işçisi olan bir qadın intihardan öncə məhz birdən-birə Trierin filminə tamaşa edib, sonra intihar etmək qərarına gəlir.

Əgər bu cür intihar Adəm üçün hazırlansaydı bunu qəbul etmək olardı. Çünki Adəm ədəbiyyatı və tarixi yaxşı bilir. Həm də müəllim işləyir. Bu bilgilərə malik olan insanın kinodan, həm də Trierdən xəbərdar olması o qədər də təəccüblü deyil. Üstəlik, müəllif roman boyu Adəmin intellekti barədə oxucunu tez-tez məlumatlandırır. Təəssüf ki, bu məlumatdan Həyatın payına heç nə düşmür. Bu səbəbdən də “Dalğaları aşmaq” filminin fonundakı intihar nisbətən uğursuzluğa uğrayır. Lakin, yazıçı bircə cümləylə burada da bütün vəziyyəti öz əsərinin xeyrinə həll edir. “Elə bil gecəyə siçan zəhəri qatıblar” – cümləsi Həyatı, onun intihar etdiyi gecəni Trierin filmi ilə birgə bayaq dediyim sünilikdən xilas edir.

Ümumilikdə yazıçı Şərif Ağayarın “Gülüstan” romanı onunla tanış olacaq hər bir oxucunu bir çox səhvlərdən, bəlalardan xilas etmək gücünə malik əsərdi. Çünki, bu kitab insan əzablarının həqiqi ifadəsindən yaranmış, bəşəri ideyaları özündə daşıyan sanballı sənət əsəridir. /sim-sim.az/

# 3127 dəfə oxunub

Müəllifin son yazıları

# # #