Kulis.az yazıçı-publisist Mirmehdi Ağaoğlunun yeni çap olunmuş "Zəfərin izi ilə" kitabı barədə onunla olan müsahibəni təqdim edir.
- İşğal olunmuş ərazilərdən hazırladığın reportajların kitaba çevrilməsi ideyası necə yarandı?
- Əvvəla ondan başlayım ki, “Zəfərin izi ilə” layihəsinin ideyası “APA Media Group”un rəhbəri Vüsalə Mahirqızına aid idi. Doğrusu müharibə yekunlaşandan sonra işğaldan azad edilmiş ərazilərə ezam olunacağım, oradan reportaj yazacağım ağlıma gəlirdi, amma düşünməzdim ki, layihəyə çevrilər. Azad olunmuş ərazilərə ilk səfər ideyası dekabrın ortalarında, Bakıda keçirilən hərbi paraddan sonra yarandı. Vüsalə xanımla səfərin detallarının müzakirəsi zaman dedi ki, səfərlər silsilə olacaq, sonda da bu yazıları kitab halında çap edərik. Bax, kitab ideyası da o zaman yarandı. Beləcə onun sözü ilə mən ilk gündən bu səfərlərə bir kitabın səhifələri, fəsilləri kimi baxmağa başladım.
- Azad olunmuş torpaqlara ilk ayaq basan qələm adamlarından birisən. O bölgələrə birinci dəfə daxil olanda, hansı hisləri keçirdin?
- İlk səfərimiz dekabrın 18-ə təsadüf elədi. Üçgünlük səfər nəzərdə tutulmuşdu, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına gedəcəkdik. Müharibə təzəcə yekunlaşsa da, artıq işğaldan azad edilmiş ərazilərin bir neçəsinə prezident və xanımının səfəri olmuşdu, həmin yerlərdən rəsmi xronikalar yayılmışdı. Bu xronikalardan biz həmin rayonların hazırkı vəziyyətini görmüşdük, müəyyən qədər qənaət formalaşmışdı. Bununla belə həyəcanlı oldu. Əvvəla ağır səfər idi. Qarabağ torpaqlarından əsgər çəkmələrinin izi hələ silinməmiş, havasından barıt qoxusu çəkilməmişdi. Bizi nə gözlədiyindən xəbərsiz idik. Üstəlik həyatımız üçün birbaşa təhlükə olan mina qorxusu var idi. Müəyyən mənada həyatımızı riskə atmalı olurduq. Sonradan jurnalistlərin o zonalara səfərlərinin nə qədər təhlükəli olduğunu, Allah rəhmət eləsin, Siracla Məhərrəmin timsalında da gördük. Bununla belə torpaq adamı özünə çəkirdi. On milyonluq əhalimizin içində tək-tük adam tapılar ki, Qarabağa getmək istəməsin. Adamlar var ki, 30 ildir burnunun ucu göynəyirdi torpağından sarı. Əlbəttə mən bunların hamısını gözəl başa düşür, anlayır, məsuliyyətini dərk edirdim. Ona görə də gördüyüm işi haqqıyla, vicdanla yerinə yetirməyə çalışırdım.
- Getdiyin yerlərdə ən çox nəyə diqqət edirdin?
- Bizim əsas məqsədimiz ermənilərin otuz illik işğalından sonra azad olunmuş ərazilərdəki tarixi-mədəni abidələrin hazırkı durumu ilə tanış olmaq idi. Yəni əsasən tarixi abidələrə fokuslanmışdıq. Bilirsən necədir, mən axı qarabağlı deyiləm. Sən bu yaxınlarda Cəbrayıla getmişdin, düzdür? Doğma evinizə baş çəkdin, həyətinizi gəzdin, evinizin divarlarını da olsa gördün, əllərinlə toxundun. Bunlar sənə nəsə bir hiss, duyğu verdi, uşaqlıq yaddaşını oyatdı, xatirələri canlandırdı, müəyyən bədii impuslar ötürdü. Amma məndə bu cür deyil axı, Qarabağda doğulmamışam, qaçqın düşməmişəm, orda evim yoxdu. Gedib hər hansı evdən yazmağım nə dərəcədə düzgün olardı? Yazsaydım da saxta alınardı, təbii görünməzdi. Ona görə də daha çox bildiyim şeylərdən, məlumatım olan sahələrdən yazmağa çalışdım. Tutalım Ağdam Cümə məscidi, Yuxarı Gövhər ağa məscidi barədə məlumatlıydım, şəkillərinə, videogörüntülərinə baxmışdım. Gedib həmin məscidi dağıdılmış vəziyyətdə görmək əlbəttə adamın içini sızladırdı. Və ya mənə maraqlı idi ki, görəsən haqqında eşitdiyim Şahbulaq qalası necə bir yerdir? Onun yaxınlığında bir məscid də olmalı idi, yerindədirmi, dağıtmayıblar ki? Halbuki müharibədən bir neçə gün əvvələ qədər kimsə desəydi ki, nə vaxtsa gedib Yuxarı Gövhər ağa məscidini və ya Xudavəng monastırını görə biləcəm, Tuğun dağlarında gizlənmiş qədim alban monastırlarına baş çəkəcəm, inanmazdım. Mənə elə gəlir, təkcə mən yox, heç kəs buna inanmırdı. O vaxt bunlar Nazim Hikmətin sözü olmasın, heç uzaq ehtimal belə deyildi. Yəni deməyim odur ki, bu yazıların yazılmasında mənə də belə-belə şeylər stimul verirdi.
- Dedin ki, ilk səfəriniz Ağdama oldu, hə?
- Elədir. Bizim postu keçib ermənilərin keçmiş təmas xəttinə daxil olduq. Oralar mənə müəyyən qədər “Dolu” filminin sonluğundakı kadrdan tanış idi. Ağdama daxil olduq və gördük ki, şəhər başdan-başa xarabazarlıqdı. Yaxşı ki, bizə təhkim olunmuş bələdçi-polis ağdamlı idi. O, bizə hər şeyi göstərir, nəyin nə olduğunu izah edirdi. Gördük ki, hər tərəfdə daş topalarıdır, ermənilər evlərin damını, qapısını, pəncərəsini daşıyıb aparıblar, ancaq divarları qalıb, bəzi evlərin divarları belə uçub-dağılıb. Evlərin içindən kol-kos, ağac çıxıb. Evin divarındakı hansısa naxışdanmı, hörgüdənmi, rəngi getmiş boyadanmı anlayırsan ki, vaxtilə onu necə böyük çətinlik, sevgi və əziyyətlə tikib ərsəyə gətiriblər. Amma erməni dağıdıb, məhv edib. O evlər, dağıntılar hərəsi bir ailənin, nəslin taleyinin, faciəsinin canlı şahidi kimi qarşımızda dayanmışdı. Sonra eyni mənzərəni Füzulidə də, Tuğda da, Laçında da – hamısında gördük.
- Hansı şəhərin görüntüsü səndə dərin izlər buraxdı?
- Mənə ən çox Füzuli şəhərinin görüntüsü təsir elədi. Ağdamda yenə ermənilər Cümə məscidini saxlamışdılar, evlərin, hansısa obyektlərin divarları heç olmasa qalmışdı. Füzulidə isə şəhər tamamilə cəngəlliyin içində itib-batmışdı. Bir də Laçın şəhərinin içindən keçəndə əsəblərimizi güclə cilovlayırdıq. Ora rus sülhməramlıların müşayiəti ilə getmişdik. Şəhərin mərkəzində bizi aparan maşın bir neçə dəqiqəlik dayandı. Ermənilər bizə qorxu ilə baxırdılar. Hətta postda dayanmış rus əsgər ermənilərdən birinə təpindi ki, keç içəri, getsinlər, çıxarsan. Zabuxda isə ermənilər işğal vaxtı şəhərcik salıb Livandan gələn erməniləri yerləşmişdilər. Əlbəttə bunları görüb laqeyd qalmaq mümkünsüz idi. Sənə bir şeyi də deyim ki, məni təbiət baxımından ən çox valeh edən Kəlbəcər və Laçın oldu, xüsusən dağları. Laçının dağlarını elə bil qurğuşundan tökmüşdün.
Yadımdaykən bir məqamdan da danışım. Elə səfərimizin ilk günü axşamüstü gəlib çıxdıq Abdal-Gülablıya. Oranın qəbiristanlığında Səxavət Məmmədovun qəbrini axtarırdıq. Hərə bir tərəfə dağılmışdı. Birdən operatorumuz Faiq məni səslədi. Gəlib gördüm itburnu kolunun dibində dağılmış məzar daşıdır, üstündəki qranitdə də 1990-cı ildə ölmüş doqquz yaşlı qızcığazın şəkli. Qranitin bir neçə yerində güllə izi də vardı. İstər-istəməz o uşağın valideynlərini düşündüm ki, bu illər ərzində hansı hissləri yaşayıblar, bizim çəkdiyimiz bu kadrları görəndə nə hisslər keçirəcəklər... Özünü bir anlıq da olsa başqasının yerinə qoyursan, həmin faciənin, yaşantının ovqatı dərhal sənə də sirayət edir.
- Bir dəfə söhbət zamanı dedin ki, mən əlimi Cəbrayıldakı Dostluq bulağının üzərindəki bəzəkli şüşələrə vuranda, bu mənim sadəcə üçün rəngli şüşə idi. Amma bir qarabağlı, qaçqın üçün həmin şüşənin yüz cürə ifadəsi, mənası xatirəsi ola bilər. Amma hazırladığın reportajlardan görünürdü ki, şüşələr sənin üçün də faciə, ağrı, itkini ifadə edib.
- Etiraf edim ki, səni qıcıqlandırmaq üçün elə demişdim (gülür). Səfərlərimiz haqqında bəzi detalları açıqlayım ki, qoy hər şey aydın olsun. Əvvəla müəyyən marşrut üzrə hərəkət edirdik, kənara çıxmaq imkanımız olmurdu. Bəzən də hansısa qurumun təşkilatçılığı ilə səfər baş tuturdu deyə, bir çox yerlərə tələsik baş çəkirdik, vaxta qənaət etməyə çalışırdıq. Çünki əlimizdə tarixi abidələrin böyük siyahısı vardı, bacardıqca daha çox ərazi gəzməyə çalışırdıq. Ya da nəzərdə tutulmayan hansısa abidənin yanından keçirsən, onu necə çəkməyə bilərsən? Bir yerə gəldik, çəkirdik, mən baxırdım, özüm üçün qeydlər götürürdüm, sonra, Ya Allah, başa məntəqəyə yollanırdıq. Ona görə də hisslər, duyğular sonraya qalırdı. Dostlar bulağına gəlib çıxanda isə... Mənim ilk işim bu oldu ki, yanımızda götürdüyümüz butulkalara bulaqdan su doldurum, cəbrayıllı dostlarımıza gətirim. Yəni orda da səni, digər dostları düşünürdüm (gülür).
Dostlar bulağından çox mənə Cəbrayılın mərkəzində gördüyüm dayanacaq təsir eləmişdi. Deyəsən mozaika ilə üstündə günəş şəkli işlənmişdi. O xarabalığın, dağıntının içində günəş öz sarılığını hələ də qorumuşdu, dayanacağın divarımdakı gülərüz uşaq obrazları yenə də gülümsəyirdilər. Bax bu mənzərə mənə daha çox təsir eləmişdi. Gözümün qabağından vaxtilə o dayanacaqda dayanmış insanlar gəlib keçdi. Bir də fikirləşdirdim ki, ilahi görəsən insanlar 30 il bu intizara necə dözüblər? Empati hissi qurmağa çalışırdım və bu adama həqiqətən təsir edirdi. Mən Bakıda böyümüşəm, Bakının əksər küçələri, binaları mənə tanış, doğmadı. Hamısında nə qədər xatirəm var. Fikirləşəndə ki, bu küçələri bir daha görməyəcəm, söz gəlişi, az qalıram dəli olam, indi gör bu insanlar bu illər ərzində nə hisslər keçiriblər. Yəni deməyim odur ki, işğaldan azad olunmuş ərazilərə girəndən çıxana qədər insan-istəməz bu cür hisslərlə dolub-daşır.
- Kitabda çap olunan yazıların çoxunu yollarda, telefonda, çətinliklə yazmısan. Yazı prosesi zamanı qarşılaşdığın başqa hansı çətinliklər olub?
- Hə, bəzi yazıları məcburiyyətdən, ya da vaxt azlığından yolda yazmışam. Məsələn, birinci dəfə səfərdən qayıdandan sonra yazılar bitməmiş dekabrın 29-da Kəlbəcərə səfər çıxdıq. Xudafərin haqqında yazımı demək olar ki, yolda, telefonda yazıb redaksiyaya göndərdim. Elə Şuşadan bəhs edən ilk yazını da demək olar ki, telefonda yazmışdım. Onu da vurğulayım ki, tarixi abidələr haqqında məlumat axtararkən bəzən çətinlik çəkirdik. Bu məsələdə mənə çox sağ olsunlar, başda Bayram Quliyev olmaqla dəyərli alimlərimiz kömək elədilər. Onların məsləhəti, məlumatları olmasaydı bu yazılar yəqin ki, xeyli boş alınardı. Mən həmən məlumatları haradan öyrənəcəkdim?!
Dediyim kimi ən böyük çətinliyimiz mina təhlükəsi idi. Bir də sənə onu deyim ki, tarixi abidələr adamı maqnit kimi özünə çəkirdi. Mənə elə gəlirdi ki, Qarabağa tək getməmişəm, şişirtmə kimi çıxmasın, milyonlarla insanın gözü, ürəyi ilə getmişəm, qabağımıza hansısa bir tarixi abidə çıxanda da ona sanki milyonlarla insanın gözü ilə baxırdım. Yenə deyirəm, bəlkə sənə hansısa obyekt heç nə deməsin, amma yazandan, çəkəndən sonra görürsən ki, onu oxuyan, hazırladığın videoya baxan kimdəsə mütləq bir təsir yaradır. Xocavəndin Axullu kəndinin qəbiristanlığında dağılmış qəbirlərin videosunu çəkib Youtube kanalıma qoymuşdum. Bir nəfər yazdı ki, çox sağ olun, sizin sayənizdə 30 il sonra babamın-nənəmin dağılmış da olsa qəbirlərini görə bildim. Belə rəylərlə qarşılaşanda adam özündən məmnun qalır. Yaxud Şuşadan olan çəkilişlərimizdən sonra nə qədər adam yazdı ki, bu bizim evimizdir, bura həyətimizdir, sayənizdə gördük...
Belə şeylərə görə də bəzən təhlükəyə baxmayaraq, can atırdıq ki, gedib çəkək. Füzulinin Qarğabazar kəndində uzaqdan, ağacların arasında bir abidə gördük, artıq qaranlıq düşməkdəydi. Dedik ki, buracan gəlmişik, abidənin yaxınına qədər gedək görək nədir. Xəzəllə örtülü yerdən keçmək lazım idi. Açığı qorxurduq, deyirdik birdən xəzəlin altında mina olar. Çünki yaxınlıqda erməni əsgərinin dəbilqəsi vardı. Bələdçimiz dedi ki, burada döyüş gedib, dəbilqə olan yerdə də erməni əsgərin meyiti qalıbmış, bir neçə gün əvvəl götürülüb. Bununla belə biz o riski edib gedib abidəyə yaxından baxdıq. Yəni belə şeylər çox olurdu. Ammaa nəyisə gördüm, qaçım çəkim, elə şey yox idi. Baxırdıq, analiz edirdik, sonra qərar verirdik. Məsələn, təhlükəli olduğu üçün Qoçəhmədli kəndinə girə bilmədik. Bələdçimiz dedi yolda mina ola bilər, biz də geri qayıtdıq. Halbuki o kənddə nə qədər çəkiləsi abidə vardı.
Yaxud Kəlbəcərə gedəndə təhlükəli, buzlu-qarlı yollardan keçmişdik. Bizim səfərimizdən bir neçə gün sonra eyni yolda hərbçilərimizin maşını qəzaya düşdü, səhv etmirəmsə iki hərbçimiz həlak oldu. Siracla Məhərrəm minaya düşüb şəhid olduqları maşının eynisilə biz də Kəlbəcərə getmişdik. Mən onların videosunu görəndən sonra üç gün özümə gələ bilmədim. Elə bildim mən də minaya düşmüşəm. Bu barədə yazı da yazmışdım. Siracla Məhərrəm şəhid olandan sonra mən başa düşdüm ki, çəkiliş qrupumuzla birlikdə nə boyda təhlükənin içindən keçib getmişik. Halbuki hər dəfə səfərə çıxanda yoldaşımın, anamın-atamın gözlərindən o narahatlığı, təhlükəni oxuyurdum. Sadəcə dəlisovluğuma salırdım.
- Onun üçün də kitabı Qarabağ şəhidləri ilə yanaşı Siracla Məhərrəmə də həsr etmisən?
- Bəli. Bir məsləkdaş kimi bu kitabı onlara həsr etmək bizim borcumuz idi.
- Başa düşəndə ki, mina ola bilər, nə hiss keçirirdin?
- Mina təhlükəsi olan yerdə gəzəndə adam ən çox ayağı ilə düşünür. Elə bilirsən minaya düşsən ancaq ayağına nəsə olacaq. Yalnız ayağından sarı narahat olursan. Halbuki minaya düşsən tikən ələ gəlməz (gülür). Qəribə hissdir. Ayaqlarımın qədrini heç vaxt ordakı qədər bilməmişdim.
- Başqa qorxduğun məqamlar olmuşdu?
- Xudavəngdə bizimlə gələn heyətdən ayrılıb monastırı gəzməyə başladım. Narteks deyilən yerdən keçib yarıqaranlıq otağa daxil oldum, ordan başqa bir otağa keçdim. Heç kəs yox idi. Həmən yerdən daxili bir həyətə qapı açılırdı. Birdən canımı qorxu aldı, dedim bu alaqaranlıq otaqlardan birində erməni filan olar, mənə nəsə edər. İnsanıq da, o an ağlıma gəldi. Ona görə daha həyətə çıxmağa üşəndim, elə açıq qapıdanca telefonu uzadıb şəkil çəkirdim ki, birdən arxamda azərbaycanca sözlər eşitdim. Bütün gərginliyim sovuşdu, sevindiyimdən o sözləri havada tutub öpmək istədim (gülür).
Ağdamda Qiyaslı məscidini çəkəndə yaxınlıqdakı evin pərdəsi qəfildən tərpəndi. Məsciddə donuz saxlayan ermənilər o evdə qalırmışlar. Elə bildik içəridə kimsə var. Bilirsən necədi, müharibə təzə bitmişdi, hər an diversantlar gələ bilərdilər. Çünki bu neçə ildə ermənilər yollara bələd idilər. Zatən bir müddət əvvəl Xocavənd tərəfdə bir qrup diversant tutulmuşdu. Üstəlik də ilk gəlişimizdi, heç iki saat deyil işğaldan azad edilmiş ərazilərə ayaq basmışdıq. Bizi müşayiət edən polis tez avtomatı ayağa verdi, bir az müşahidə apardı, biz də dinməzcə dayanıb gözləyirdik, sonra dedi küləkdi, narahat olmayın. Yəni macəralarımız da əskik deyildi.
- Qarabağın işğaldan azad olunması və bu torpaqlara etdiyin səfərlər yazıçı kimi sənə nə qazandırdı?
- İlk növbədə “Zəfərin izi ilə” adlı bu kitabı qazandırdı. Əlbəttə mən 40 yaşım ərəfəsində yeni kitab haqqında düşünürdüm. Ancaq bunun “Zəfərin izi ilə” olacağını ağlıma gəlməzdi. Bundan başqa səyahət janrında yazmağa sövq elədi. Dünya ədəbiyyatından bunun xeyli nümunəsi var, ola bilsin gələcəkdə bu janra bir daha qayıtdım. Bu yazılar təkcə quru reportajlar deyil, bədii məziyyətlərə də sahibdir, bir neçəsini isə hekayə kimi yazmağa çalışmışam. Kitabı oxuyanlar özləri görəcəklər. Amma geniş mənada qazandırdıqları yəqin ki, gələcək əsərlərdə özünü büruzə verəcək.
- Bu səfərlər zamanı səni APA TV-də aparıcı kimi də gördük.
- Hə, Qarabağ səfərləri mənə aparıcılıq təcrübəsi də qazandırdı. Bəzən APA TV üçün hazırlanan süjetlərdə stəndapları mən təqdim edirdim. İlk dəfələr çətin idi, Kəlbəcərdən, Xudavəng monastırından stəndap etmişdim. Hətta mikrofonu belə toy müğənniləri kimi tuturdum (gülür). Sonra yavaş-yavaş öyrəndim. Deyilənlərə inansaq, son stəndaplarımda xeyli irəliləyiş olmuşdu. Bir faktı da deyim ki, təkcə Şuşada üç gün boyu 60-a yaxın obyekti çəkdik. Təbii ki, mən onların çoxu barədə reportajlarımda məlumat vermişdim, kitabda da var, amma videomaterialları da APA TV üçün ayrıca hazırladıq, səkkiz buraxılış oldu. Mənə elə gəlir ki, Şuşadan olan videomateriallar da sənədli film siqlətində alındı. Gələcəkdə həmin materiallardan ayrıca bir sənədli film belə hazırlamaq mümkündür.
- Gələcəkdə rastlaşdığın mənzərələr, hadisələr haqqında hekayə, roman yaza bilərsənmi?
- Hələ bu barədə danışmaq tezdir. Yəqin ki bu səfərlər məndə öz təsirini göstərəcək.
- Təbii ki, bir müəllif üçün yazdığı mətnlərin hamısı qiymətli və əziz olur. Amma bu reportajların içərisində xüsusilə sənin üçün əziz olan hansılardı?
- Xudafərindən yazdığım reportaj xoşuma gəlmişdi. Fakt baxımından Xudavəngdən yazdığım reportajın adını çəkərdim. Çünki Xudavəngə gedəndə bilirdim ki, divarlarında XIII əsrdən qalma freskalar olmalıdır. Hətta Arzu xatun kilsəsinin cənub fasadında da barelyeflər olduğunu bilirdim. Orda da ərazini rus sülhməramlılar mühafizə edirlər. Əsgərə dedim ki, Arzu xatun kilsəsinin arxasını çəkmək istəyirəm, dedi orda heç nə yoxdur, nəyini çəkəssən. Dedim var, barelyeflərdi, onlara baxmaq istəyirəm. Həqiqətən də gedib baxdıq ki, barelyeflər yerində durur. Amma olmaya da bilərdilər. Necə ki, ermənilər Kəlbəcəri təhvil verəndə Xudavəng monastırının divarlarındakı 7 əsrdən qalma freskaları qaşıyıb aparıblar. Müğənnilərin sözü olmasın, bunları mən kitabımda foto-faktlarla sübut eləmişəm. Biz bilmirik o freskaların taleyi nə yerdədir, salamatdırlar, yoxsa məhv olublar, bilmirik. Bir də Şuşadan olan silsilə yazılarımın ilk və son hissələrinin xüsusi yer var mənim üçün. Yekə çıxmasın, Şuşa yazının sonluğu mənə sanki vəhy kimi gəldi, yazdım. Yazandan sonra dəfələrlə oxuyub ləzzət almışam.
- Sonda nə demək istərdin, sənin kitabın lazımi reaksiyanı doğuracaqmı?
- Reaksiya deyəndə ki, bu kitab bir il ərzində Qarabağdan yazılan ilk reportajlar toplusudur. Özündən demək çıxmasın, Xudavəng monastırından yazan vardı, ya Ağoğlan məbədindən, yoxsa Xudafərindən? Zənnimcə Şahbulaq qalasından ilk, yoxsa ikinci çəkiliş edən, ordan yazan jurnalistlər “APA”nın əməkdaşları oldu. Hələ mən çoxunu dilə gətirmirəm. Deməyim odur ki, bu kitab müharibənin bir illiyi ərəfəsində ortaya çıxan azsaylı keyfiyyətli nümunələrdən biridir. Baxmayaraq ki, Milli Mətbuat Günündə nə Mətbuat Şurasından, nə MEDİA-dan zəng edib quru təbrik edən oldu. Bizdə gərək öləsən sonra dəyərini bilsinlər. Mənim heç kəsdən umacağım yoxdur, varsa da yalnız oxuculardandır. Onların fikri, sözü, dəyəri mənim üçün qiymətlidir. Sadəcə türklər demiş, kayıtlara keçsin deyə vurğuladım. Nəsə bunları boş verək. Əsas odur, kitabı oxucular bəyənəcəklər. Buna inanıram.
44 günlük Vətən müharibəsi zamanı cəbhədə döyüşənlərdən tutmuş yol qırağında dayanıb Qarabağa gedən maşınlara su, yemək paylayanlara qədər hamı vicdanla çalışdı. Qarabağı bizə şəhidlərimiz, qazilərimiz qazandırdı. Onların şücaəti nəticəsində 30 illik ayrılığımız sona çatdı. Ən böyük qəhrəmanlıq, şücaət onlara məxsusdur. Onlar bu yolda canlarını fəda ediblər. Biz sadəcə öz növbəmizdə çəkiliş qrupu olaraq - elə mən də bir qələm adamı, yazıçı, jurnalist kimi - gördüyümüz işi şəhidlərimizin, qəhrəmanlarımızın adına layiq şəkildə, vicdanla yerinə yetirməyə çalışdıq. Markes deyir ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Zənnimcə bu prosesdə mənim inqilabi borcum öhdəmə düşən işi layiqincə yerinə yetirmək idi. Onun üçün də təkcə mən yox, bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəs vicdanla, bütün bacarığını ortaya qoyaraq çalışdı ki, 30 illik işğaldan sonra torpaqlarımızın, ordakı tarixi-mədəni abidələrimizin hazırkı vəziyyətini göstərə bilək. Buna layiq bir kitab da ortaya çıxarmağa çalışdıq. İnanıram ki, oxucular da kitabı oxuyub əməyimizdən razı qalacaqlar. İcazə versən sonda bir məqamı da qeyd etmək istəyərdim.
- Buyur.
- Noyabrın 10-u “Zəfərin izi ilə” kitabının təqdimatı və imza günü olacaq. Müsahibədən istifadə edib kitabı əldə etmək istəyənləri həmən gün Elmlər Akademiyası metrostansiyasının qarşısındakı “LIBRAFF” mağazasına dəvət edirəm. Saat 6-dan 8-ə kimi orada olacam. Kitabı oxumaq istəyənlər gəlib imzalı şəkildə əldə edə bilərlər. İnanıram ki, kitab onları yanıltmayacaq.