O dahini öz kəşfi öldürdü-ARAŞDIRMA

O dahini öz kəşfi öldürdü-<span style="color:red;">ARAŞDIRMA
29 avqust 2014
# 08:30

Polyak əsilli Mariya Sklodovskaya Küri 1867-ci il il noyabr ayının 7-də Varşava şəhərində doğulub. O, beş uşaqlı ailənin kiçik qızı idi. Atası gimnaziyada fizika müəllimi, anası isə məktəb müdiri olub. Mariya hələ uşaq yaşlarından başqalarından fərqlənən güclü zehni ilə diqqəti cəlb edirdi. Fizika müəllimi olan atası Polşanı işğal edən Çar Rusiyasının məmurları tərəfindən işdən uzaqlaşdırılıb. Buna səbəb onun Polşanın milli dəyərlərinə hədsiz bağlılığı və fikirlərini uyğun olmayan məkanlarda dilə gətirməsi idi. Kürinin anası da uşaqlarına baxa bilmək üçün vəzifəsindən imtina etmək məcburiyyətində qalır.

Bir müddət sonra isə ailə gözlənilməz faciə yaşayır. Kürinin səkkiz yaşı olanda onun anası vərəm xəstəliyindən vəfat edir. Atası Kürinin dərslərini yaxşı oxuması üçün ona hər zaman diqqət yetirib, dəstək olur. Orta məktəbi əla qiymətlərlə bitirməsinə baxmayaraq Mariya universitetə tez bir zamanda daxil ola bilmir. Çar Rusiyasının əsarətində olan Polşada həmin dönəmlərdə qadınların təhsil alması xoş qarşılanmırdı.

Elmə həvəsi olan Mariya gənc yaşlarından dayısı oğlunun kimya laboratoriyasında laborant kimi çalışmağa başlayır.

Rus kimyaçısı, elementlərin dövri sisteminin yaradıcısı Dmitri Mendeleyev onun atasının dostu idi. Günlərin birində laboratoriyada Mariyanı iş başında müşahidə edən Mendeleyev ona xeyir-dua verir. Bildirir ki, kimya sahəsində işlərini davam etdirsə, parlaq gələcəyi olacaq.

Mariya fərdi dərslər keçərək ailə büdcəsinə köməklik edir, milliyyətçi gənclərin yaratdığı “Azad Universitet”də qadın işçilərə kitablar oxuyurdu.

On səkkiz yaşı olanda varlı ailələrin evində müəllimlik edir, məvacibini Parisdə Sorbonna Universitetində həkimliyi oxuyan bacısına yollayırdı.

Polşadan gediş və Pyer Küri ilə tanışlıq

Bir müddət sonra Mariya siyasi aktivliyinə görə Polşadan ayrılmaq qərarına gəlir. Lakin, Rusiyanın işğalı altında olan Polşadan uzaqlaşmaq o qədər də asan deyildi. Nəhayət, o, buna nail olur.

1891-ci ilin payızında Mariya Paris qatarına əyləşərək Polşadan ayrılır.

Tezliklə Sorbonna Universitetinə qəbul olunur. Pol Appelin, Qabriel Lipmannın, Edmond Botinin dərslərinə qatılır, eyni zamanda məşhur fiziklərlə tanış olur.

Gənc qız tələbə məhəlləsində kirayələdiyi evin çardağında çox yoxsul həyat tərzi keçirir. O, təhsilini davam etdirə bilmək üçün laboratoriyadakı ocaqlara nəzarət edir, təcrübə şüşələrini yuyub təmizləyir. İki il çox çətin şərtlər altında oxuyan Mariya həftələrlə pendir-çörəklə yaşamaq məcburiyyətində qalır.

1894-cü ildə başqa elm adamı Pyer Küri ilə tanış olur. Onların tanışlığı qısa müddətdən sonra dostluğa və sevgiyə çevrilir. 1895-ci ildə Pyerlə Mariya ailə həyatı qururlar.

Ailənin ilk qız övladı İren 1897-ci ilin sentyabr ayında anadan olur. Üç ay sonra Mariya poladın maqnetizmi sahəsində işlərini başa çatdırıb, 1898-ci ildə şüa buraxan maddələr üzərində təcrübələrə başlayır. 1898-ci il aprelin 12-də Mariya Skladovskaya Küri uran-oksid mineralında yüksək radioaktivliyə malik yeni kimyəvi elementin olmasını xəbər verir.

Elmi uğurlar...

Arvadının uğurlarına sevinən Pyer onu çox həvəslə izləyir. Tədqiqatın gedişinə mane olmadan öz məsləhət və qeydləri ilə daim Mariyaya kömək edir. İlk təcrübələrin uğurlu gedişindən ruhlanan Pyer özünün kristallar üzərində davam etdirdiyi işləri yarımçıq qoyaraq yeni elementin kəşfində ona köməklik edir. 1898-ci ilin iyulunda onlar poloniumun kəşfi barədə açıqlama verirlər. Tədqiqatların aparılması üçün böyük miqdarda filiz xammalı lazım olur. Sonrakı illər ərzində Kürilər zərərli şəraitdə işləməli olurlar. Çox çətin şərtlər altında işləsələr də məvacibləri dolanışığa çatmır. Tədqiqatlar və balaca qızına baxmaq Mariyanın vaxtını çox alırdı. Ailəyə maddi qatqısı olsun deyə Mariya bir müddət fizika fənnindən dərs deyir. Onun azyaşlı qızına isə Mariyanın qayınatası baxmalı olur.

1902-ci ildə Kürilər bir neçə ton uran qətranından 0,1 qram radium-xlorid əldə etdiklərini xəbər verirlər. Poloniumu əldə etmək onlara hələlik müyəssər olmadı, çünki aydınlaşdı ki, polonium radiumun parçalanma məhsuludur. Əldə olunmuş birləşmələri təhlil edən Mariya müəyyən etmişdi ki, radiumun atom kütləsi 225-dir. Radium duzu mavi işıq və istilik saçırdı. Bu fantastik maddə bütün dünyanın diqqətini cəlb edir.

Mariya doktorluq dissertasiyası üzərində işlərini başa çatdırıb "radioaktiv maddələrin təhqiqatı" adlı elmi iş 1903-cü ilin sentyabrında Sorbonna Universitetinə təqdim edir. Həmin doktorluq dissertasiyası elmə verilmiş ən böyük töhfələrdən biri olur. Və Mariya Fransada elm sahəsində doktor adını qazanan birinci qadın olur.

Gözlənilməz ailə faciəsi...

1903-cü ilin dekabrında İsveç Kral Akademiyası fizika sahəsində Anri Bekkerel, Pyer və Mariya Skladovskaya Kürilərə Nobel mükafatı təqdim etdi. 1904-cü ildə Küri ikinci qız övladı Evaya sahib olur.

1906-cı ildə Mariya Kürinin həyatında gözlənilməz faciə baş verir. Aprelin 19-da möhkəm yağış yağır. Pyer Küri mühazirədən çıxıb evə gələrkən yolda ayağı sürüşür və at arabasının altına düşür. Atın boynundan sarılıb xilas olmağa cəhd göstərsə də alınmır. Altı tonluq arabanın altında qalan qırx beş yaşlı fizik canını tapşırır.

Mariya bu faciəyə mətanətlə dözməyə çalışır. Dərdini unutmaq üçün bütün günü təcrübə otağından çıxmır. Bir ay sonra o, Sorbonna Universitetində ərinin yerinə işləməyə başlayır. Və həmin universitetdə mühazirə deyən ilk qadın müəllimə olur.

Mariya Küri metal radiumun əldə olunmasına nail olur. 1910-cu ildə Debirn ilə birlikdə radiumu kəşf edərək on iki illik elmi tədqiqatlarını başa çatdırır. 1910-cu ildə bir çox alimlərin təkidi ilə Mariyanın namizədliyi ən nüfuzlu elmi cəmiyyət olan Fransa Elmlər Akademiyasının üzvlüyünə irəli sürülür. Onun əri ölümünə bir il qalmış akademiyanın üzvü seçilmişdi. Fransa Elmlər Akademiyasının bütün tarixi ərzində heç bir qadın bu qurumun üzvü olmamışdı. Buna görə də Mariya Kürinin namizədliyinin irəli sürülməsi bu qərarın tərəfdarları və əleyhdarları arasında qızğın mübahisələrə səbəb olur. Bir neçə aylıq müzakirələrdən sonra 1911-ci ilin yanvarında Kürinin namizədliyi rədd edilir. Çox az vaxtdan sonra isə İsveç Kral Akademiyası "kimyanın inkişafında görkəmli xidmətləri, radium və polonium elementlərinin kəşfi, radiumun əldə olunması, bu elementin təbiətinin və onun birləşmələrinin öyrənilməsi sahəsində xidmətlərinə görə" ona Nobel Mükafatı təqdim edir. Bu, Mariya Kürinin ikinci Nobel Mükafatı idi.

Mariya mükafatı almaq üçün qızı İrenlə birlikdə Stokholma yola düşür.

İyirmi dörd ildən sonra isə elə həmin zalda İren Mariya öz Nobel mükafatını almağa nail olur. 1934-cü ilin sonlarında İren həyat yoldaşı Fredrik Joliot ilə birlikdə radioaktivliyi kəşf edir.

Elm üçün ölən qadın...

Mariya Kürini tanıyanlar onu çox mehriban və təvazökar qadın kimi xarakterizə edirlər. O, elmə hər zaman gözəllik kimi baxdığını vurğulayırdı. Laboratoriyasında özünü təbiətin sirli hadisələri ilə üz-üzə dayanan uşaq kimi hiss etdiyini deyərmiş. Mariya Küri elmin inkişafı naminə bütün təcrübələri sınaqdan keçirtməkdən yorulmayan əvəzsiz alim olmaqla yanaşı vaxtilə böyük səfalətə məruz qalsa belə sonralar da heç vaxt öz təcrübələri vasitəsi ilə pul qazanmaq istəməyib. O, radium istehsalından patent almaqdan imtina edib.

Radiumun tibbdə istifadə olunması üçün işə başlayan Mariya bir çox xərçəng xəstələrini ölümdən xilas etməyə nail oldu. Xərçəngə qarşı çox yaxşı nəticələr verən radioaktiv terapiya uzun illər insanları ölümün pəncəsindən aldı. Bu uğurlu nəticələr xoşagəlməz hallar da yaratdı. Məşhur fransız kosmetik firması toryum və radyum tərkibli «Tho-Radia» adlı üz kremlərini satışa çıxardı. Bu kremlər bir çox insanın xərçəngə tutulmasına səbəb olur.

Eləcə də Amerikada kiçik bir saat fabrikində işləyən işçilərin çoxunda sümük xərçəngi meydana çıxır. Deyilənlərə görə həmin işçilər saatları fırça ilə rənglədikləri zaman bilmədən fırçanı dilləri ilə yalayarmışlar. Bu isə qısa zamanda xeyli işçinin xərçəngə mübtəla olmasına səbəb olur.

Elə həmin ərəfədə Mariya Küri də radium təhlükəsi ilə üz-üzə qalır. Gecə-gündüz demədən birlikdə yaşadığı element ona xəyanət edir. Mariya Küri nədənsə radioaktiv maddələrlə işləyən zaman heç bir müdafiə tədbiri görməyib. Ən pisi isə üzərində müstəqil surətdə əldə etdiyi elementin olduğu ampulanı, məhz zəhərli radiumu gəzdirib. Radioaktiv maddə olan, zəif mavi işıq saçan kiçik ampula hər zaman Mariyanın əlində, gah da boynunda asılı olarmış. Məhz bu kəşfi də Mariyanın ölümünə səbəb olur.

1934-cü ilin may ayında o, çox ciddi narahatlıq keçirir. Xəstəxanada aparılan analizlərin nəticəsində onun kəskin anemiya xəstəsi olduğu ortaya çıxır. Mariya Fransadakı ən yaxşı sanatoriyalarda müalicə olunmaq üçün göndərilsə də heç bir köməyi olmur. Uzun illər üstündə gəzdirdiyi radium onun qan xərçənginə yaxalanmasına səbəb olur. Və xəstəliyinin məlum olduğu vaxtdan az müddət sonra 1934-cü il iyunun 4-də Mariya Küri həyatla vidalaşır. Ölümündən sonra onun haqqında “elm üçün ölən qadın” sözləri deyilir.

Onun ikinci qızı Eva isə ixtisasca jurnalist olub. Qızının həyat yoldaşı isə Henri Riçardson da Nobel mükafatı əldə edib.

# 7816 dəfə oxunub

Müəllifin son yazıları

# # #