[b]Dəvə südü vannası qəbul edən Bayram Nurlu[/b]

[b]Dəvə südü vannası qəbul edən Bayram Nurlu[/b]
7 fevral 2020
# 10:58

İki gün öncə yaxınlıqdakı qadın salonundaydım. Əsasən ailəli qadınların, ərə getməyi arzulayan, buna hazırlaşan yeniyetmə qızların işlədiyi salonlarda seriallar və şou verilişləri izlənir. Daha doğrusu, səhər erkəndən kim salona daxil olursa, pultun düyməsinə kim ən tez toxunursa, o da ilk efir verilişini müəyyənləşdirir.

Sonrakı saatlarda digər işçilərin ümumi razılığına əsasən kanallar dəyişdirilir, səslər dolaşır, zövqlər qarışır. Mən də belə qarışıqlıqdan sonrakı ana tuş gəlmişdim. Saçımla oynayan qızın tez-tez içini çəkərək kədərlənməsini görəndə salondakı sakitliyin fərqinə vardım. Hamı “Səni axtarıram” verilişinə baxıb kədərə qərq olmuşdu. Ağlayan kim, ah çəkib dizinə döyən kim, Xoşqədəmi insanların xilaskarı adlandıran kim... Əlqərəz, hər kəs dərin böhran və nisgil içində idi. Bircə məndən başqa. Əvvəlcə bir özümə, bir də onlara baxdım. Normal olmayan onlar idi, ya mən deyə bir neçə dəqiqə sükut etdim. Fəqət heç nə kəsdirə bilmədim. Hətta hərənin bir həqiqəti var deyib başımdakı qara-qura düşüncələri özümdən uzaq etməyə çalışdım.

Amma və lakin bədlik yaxamdan əl çəkmədi ki, çəkmədi. Evə gəlib internetdə qurdalanandan sonra qanım daha da qaraldı.

Sən demə, internet fenomeni Bayram Nurlu bir neçə gün əvvəl dəvə südü vannası qəbul edib, daha doğrusu yağ içində böyrək olub. Mən binəva işdən-gücdən vaxt tapıb sosial şəbəkəyə girənə qədər Bayramın südlü paylaşımını yenə minlərlə adam izləmiş, bəyənmiş, xoş sözlər, ondan da çox təhqirlər yazmışdılar. Təəssüf ki, imkan və vaxt yoxdur. Olsaydı, araşdırma aparılsaydı, məlum olardı ki, Bayramı tərifləyənlər də, söyənlər də məhz eyni adamlardılar. Tərifləyənləri başa düşürük. Ola bilər, həyatda əldə edə bilmədikləri yaşantını, zövqü, səadəti (hərçənd, Bayram kimi insanların, ümumiyyətlə məşhur adamların səadətə o qədər də yaxın olmadıqlarını bilirəm) əldə edə bilmədiklərindən bu təsəllini Bayramın şəkillərində, videolarında tapırlar. Bəlkə kimlərsə Bayram kimi bəzənib-düzənmək istəyir, onun moda tendensiyası ilə ayaqlaşmağa çalışır və.s. Ol səbəbdən ki, o, kifayət qədər imkanlı, orta zövqlü və yerli dəbi bilən adamdır. Lakin, Bayramın paylaşımlarına dəfələrlə təhqir yazan adamları heç cür anlaya bilmirəm. Atam, qardaşım, dayımoğlu bir dəfə gördün, əsəbiləşdin, xub. İkinci dəfə də gördün əsəbiləşdin, ürəyində, dilinin, əlinin ucunda bir-iki ağız söydün, yenə də pakizə. Bəs üçüncü dəfə hansısa statusun altındakı söyüşməyə nə hacət var? Axı internet məkanı hüdudsuz olduğu qədər də maraqlı qaydalar icad edib. Bunun çox asan və ani yolları var. Bir neçə saniyə ərzində istənilən adamı izləməkdən azad olmaq varkən, niyə insanlar özlərinə qarşı bu qədər qəddardırlar? Bu məmləkətdə nə baş verir axı? İnsanlar niyə enerjilərini, kinlərini töküb töküşdürməyə yer axtarır? Evdə arvadına söz keçirə bilməyən kişilər gəlib Bayramı söyür, qızlarını döyə bilməyib, dizlərini döyən analar yenə Bayramı qarğışlayırlar. Hələ gənc qadınları demirəm. Adamlar bu qədərmi boş-bekar, xırdaçı, kinlə dolu hisslərlə yaşayırlar. Əlbəttə mən nə Bayramı, nə də onun fakturasında olan digərlərinin tərifini göyə çıxartmaqdan çox-çox uzağam. Ən azından ona görə ki, bu adamlar birbaşa insanların zövqlərini korlayırlar, hətta məhv edirlər. Zatən ciddi bir kitab oxumayan, film izləməyən bütün gününü ara qızışdırmaqda, qeybətdə, hirsdə-hikkədə keçirən insanların məmləkətində yaşayırıq, bir də başınıza niyə Bayram Nurlu bəlasını alırsınız axı?

Bir dəfə türk müğənnisi Seda Sayan efirdə müğənni olması barədə danışdı. Onun bəhsindən məlum oldu ki, Seda Sayan evdən qaçandan sonra gecə kazinolarında mahnılar oxuyaraq məşhurluq qazanıb. Bu açıqlamadan sonra Türkiyə mətbuatında onun ünvanına xeyli iradlar səsləndi. İnsanlar da iradlarında haqlı idilər. Mətbuat müğənnini gənc qızlara pis nümunə olmaqda qınayırdı. Sonradan xanım sənətçi özü də etiraf etdi ki, heç kim məşhur olmaq üçün evindən qaçmasın, mən qaçdım, bunun kifayət qədər əzabını yaşadım.

Yəni bu qədər həngamə açmağımın məqsədi ondan ibarətdir ki, biz bilmirik cinsi oriyentasiyası barədə müxtəlif söz-söhbətlər gəzən Bayram Nurlunun parıltılı həyatının pərdə arxasında nələr baş verir?

Hər şey efirlərdə minimum sərhədlərlə təqdim olunur. Və ən pisi sosial şəbəkələr hər kəsə bir ovuc içindəki telefon qədər yaxındır. Üstəlik bu yaxınlıq hər kəs üçün imtinasız həddə çatıb. Sosial vəziyyətin aşağı olması, bu faktorun ailələrə yansıyan tərəfləri, mübahisələr, münaqişələr, bütün bunların ardından gələn küskünlüklər, könül qırğınlığı adamları real həyatda bir-birindən soyudur. Soyuyan, sönən insanlar sosial şəbəkələrdə özlərinə həmdəm, həmdərd və dost axtarırlar.

Nəhayət gələk bu kimi məsələlərin fərdi tərəfinə. Şəxsən mən Bayram Nurlu və digər adı, soyadı bəy, davranışları qadın olan adamların bəzilərini izləyirəm. Amma mənim izləməyim tamamilə başqa məqsəd əxz edir. Burada məşğul olduğum peşənin yaratdığı müşahidə marağı da xeyli rol oynayır. Bayramı və onun kimlərini ona görə izləyirəm ki, bu qədər bayağı parlaqlığın, saxtakarlığın və nəhayət rüsvayçılığın hansı həddə qədər davam edəcəyini müəyyənləşdirə bilim və yaxud da bunu öz gözlərimlə görüm. Daha dəqiq ifadə etsəm, bu qədər hoqqabazlıqlar, insan xasiyyətindəki cılızlıq, nadanlıq, iyrənc narsizm bir insanın timsalında nə zamansa bitəcəkmi? Bitəcəksə, necə, bitməyəcəksə niyə sualının cavabını tapmaq üçün mən də onları izləyirəm.

Lap qəfildən Bayramı və yaxud da Toliki efirdə görəndə içimdən xırda bir qorxu da ötüb keçir. Çünki onların pis örnək olacaqlarına əminəm.

Onların övladlarım tərəfindən izlənməsinə icazə verirəmmi? Əsla! Hətta xeyli sadə və ağıllı fikirlər tapıb cümlələrə düzərək gizlin təbliğat forması ilə tərbiyə üsulumun içərisinə daxil edirəm.

Əlbəttə heç kimin özünüifadə tərzinə müdaxilə edə bilmərik. Çünki Bayram bir fərd kimi özünü məhz bayaq sadaladığım vasitələrlə ifadə edir. Heç kimi cinsi oriyentasiyasına görə də sorğu sual etmək olmaz. Və xüsusi ilə qeyd etmək istəyirəm ki, bu kimi məsələlər barədə sosioloqlar, mütəxəssislər məşğul olmalı, bunları yaradan səbəblərin kökünü müəyyənləşdirməli və cəmiyyətə zərərli tərəflərin qarşısını almaq üçün müxtəlif proqramlar təklif etməlidirlər. Bizə qalan isə heç kimi təhqir etmədən özümüzü və yaxınlarımızı mümkün qədər belə insanlardan qorumaq, bunun gətirəcəyi fəsadların qarşısını almaqdır. Hələ ki, əlimizdən bundan başqa heç nə gəlmir.

# 11205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #