“Pandemiya dünyanı köklü şəkildə dəyişəcək” - Filosofla müsahibə

“Pandemiya dünyanı köklü şəkildə dəyişəcək” - Filosofla müsahibə
13 aprel 2020
# 09:01

Kulis.az filosof Müşfiq Şükürovla koronavirus pandemiyası mövzusunda müsahibəni təqdim edir.

- Müşfiq müəllim, karantin günlərini necə keçirirsiniz?

- Evdəyəm, bəli. Kitab oxuyur, videolara baxır və meditasiya edirəm. Mən ev adamı olmuşam həmişə, mənə pis təsir eləmir bu karantin.

- Türkiyədə yaşayırsınız. Pandemiyaya Türkiyə cəmiyyətinin münasibəti necə oldu? Orda nələri müşahidə edə bilirsiniz?

- Narahatdır camaat. Amma hələ səbr edirlər. Türkiyə ciddi iqtisadiyyatı olan ölkədir. İnsanlar işləməsə, pul olmayacaq. Naməlumluq qarşısındadır ölkə. Görək nə olacaq, yaxın həftələrdə.

- Özünüzün bu xəstəliyə virusa münasibətiniz, ilk reaksiyanız necə oldu, inandınızmı, ciddiyə aldınızmı?

- Mən mediadan gələn hər şeyə şübhə ilə yanaşanam. Heç indi də tam anlamıram baş verənləri. Çünki yetərli qədər ziddiyyətli rəylər var. Həkimlər, professorlar iki cəbhəyə ayrılıb, bəziləri belə deyir, digərləri elə. Qeyri-mütəxəssislərin isə onları yoxlamaq imkanı yoxdur. Ona görə, gözləmək lazımdır, düşünürəm. Daha iki həftəyə aydınlaşacaq real mənzərə.

- Bu virusu ABŞ-ın və ya Çinin bioloji silahı adlandıranlar da var. Sizcə, nə dərəcədə fərziyyə, nə dərəcədə həqiqətdir?

- Hər şey ol bilər. ABŞ-ın dünya üzrə az qala hər ölkədə bioloji laboratoriyaları var. Nə iş gördükləri də məlum deyil. Dünən oxudum ki, Ukraynada xalq tələb edib ki, açıqlasınlar nə işlə məşğul olduqlarını. Eləcə də Çindən də sızma ola bilər. Hər bir halda görünən odur ki, yaradılmadırsa da, vəziyyət kontroldan çıxıb. Çində insanlar bu virusdan öldüyü kimi, artıq ABŞ-da da ölürlər.

- "Evdə qal" ifadəsinin mahiyyətinə bir az aydınlıq gətirmənizi istərdim. Sanki insanlar sözün mahiyyətini tam olaraq dərk etmirlər...

- Bilirsiniz, mən infeksionist deyiləm, filosofam. Karantin bir sıra epidemik xəstəliklərlə effektiv mübarizə vasitəsidir, bunu bilirik. Amma qriplə mübarizədə nə qədər effektiv olacağını, açığı bilmirəm. Bəzi ölkələrə hələ yeni gəlir virus. Gəzib dolaşacaq hələ dünyanı. Ona görə, "evdəqal" nə qədər davam edəcək, bilmirəm. Bir ay durmaq olar. Bəs, sonra? Evində pulu tükənmiş adamlardan xəbərimiz varmı? İndiki sivilizasiyada normal halda insanların bir-birindən az xəbəri olurdu. Qapalı şəraitdə insanların nə yediyindən xəbərimiz varmı? Dövlətlərin gücləri fərqlidir. Hamısının gücü çatmayacaq onları bəsləməyə. Və insanlar seçim qarşısında qalacaqlar, ya virus, ya aclıq. Bu, ciddi dilemmadır. Müasir dünya belə bir problemlə üz-üzə qalmamışdı. Bilmirəm, açığı. Heç kəs də bilmir hadisələrin necə davam edəcəyini. Hələlik isə karantin qaydalarına uymağımız lazımdır. Görək nə olur.

- Yer kürəsində müxtəlif tarixlərdə müxtəlif mənşəli epidemiyalar olub. Hansı tarixi analogiyalar apara bilərsiniz?

- Vəba epidemiyaları haqqında bilirik. Amma ən sonuncu epidemiya ispan qripi olub. Keçən əsrin əvvəllərində. Birinci dünya müharibəsinin sonunda. O zaman 50 milyona qədər adam həyatını itirib. Onunla müqayisə edə bilərik bu qripi. Hərçənd o zamanlar səhiyyənin səviyyəsi də aşağı idi.

- Misal üçün belə fikirlər də formlaşır ki, necə otuz il əvvəl təzyiq və şəkər ölçən aparatlar yox idi, amma indi hamının evində var, bir müddət sonra bu xəstəlik də adiləşəcək və ev şəraitində qabaqlayıcı tədbirlər görmək mümkün olacaq...

- Hər halda İsveçin və Belarusun təcrübəsi həlledici olacaq. Onlarda insanlar əsasən işləyirlər. Karantin az sahələri əhatə edir. Əgər o ölkələrdə böyük itkilər olmasa, bu, digərləri üçün də nümunə olacaq. Bundan başqa, Çinin də normala qayıtdığı deyilir. Amma məsələn, Hindistanda insanların evdə oturmaq istəmədiyi haqqında da xəbərlər var. Bilirsiniz, əhali çoxdur orda və kasıbdır.

Məncə də gec-tez bu virusla da barışacağıq. Dünya evində qala bilməyəcək uzun müddət.

- Bu pandemiyanın fonunda Azrbaycan insanı ordan necə görsənir?

- Zarfatcıl insanlardır bizim insanlar. Bu, yaxşıdır. Amma sosial mediya həyatın tam mənzərəsini verə bilməz. Məncə, sosioloji tədqiqatlar aparılmalıdır bu şəraitdə. Evlərə getmək, şəhərlərdə, kəndlərdə insanarın nə ilə yaşadıqlarını, nəyə ümid etdiklərini öyrənmək lazımdır. İnformasiya azdır.

Gallery

- Koronavirus faciəvi xarakter kəsb etdikcə lağ-lağı daha da güclənir. İnsanlar sanki zarafatla, ironiya ilə virusun yaratıdğı mənəvi böhrandan yan keçməyə çalışırlar...

- Bu, normal insan reaksiyasıdır. Depressiyanın qarşısını almaq üçün ruhun müqavimətidir. İnsanlar ayaqda durmağa çalışırlar bu çətin günlərdə. Həm də tamamilə tanış olmayan bir durumdadırlar insanlar.

- Türkiyə və Azərbaycan eyni zamanda Qərb toplumunun reaksiyasını necə analiz etmək olar? Şərqdə və Qərbdə pandemiyaya münasibət fərqlidirmi?

- Təbii ki, fərq var. Qərb canını daha çox sevir. Çünki varlıdırlar. Komforta alışıq əhalidir. Şərq isə yaşamaq mücadiləsi verir son onilliklərdə. Əksər iş yerlərində normal ekoloji şərait belə olmayıb heç zaman. Amma indi Şərq də qalan dünya ilə bir yerdə karantinə uymaq zorunda qalıb. Mediada isə ən panikayayıcı məlumatlar, videolar Qərbdən gəlir, dediym səbəbdən. Canlarını çox istəyirlər.

- Son illər Qərbdə yazılan romanlar, çəkilən filmlər də insanın tənhalaşmasından, özünə qapanmasından və bunun fəsadlarından bəhs edirdi. Mütəxəssislər interneti bu baxımdan böyük bəla hesab edirdilər. İndi sanki insanların istəyərəkdən və ya istəməyərəkdən özünə qayıdışı baş verir...

- Hə, indi gəldiniz fəlsəfi suallara (gülür). Məsələ ondadır ki, son əsrlər dünya düşüncəsinin istiqaməti gətirib çıxartdı bizi bu gerçəkliyə. Ağrımıza üsyanla reaksiya verdik. Anlamaq əvəzinə üsyan oldu çox zaman. Fərdiyyətçiliyi vəsf etdik. İcmaçılığı bəla kimi gördük. İcma mədəniyyətinin təməli olan dinləri tənqid eləməyə başladıq, reformasiya üzərində düşünmək əvəzinə. Tənqid daha çox öldürmək vasitəsi oldu, təəssüf ki. Tənqidi də vəsf elədik, yeri gəlmişkən. Demirəm, gərəksizdir, amma əndazədən çıxdı hər şey. Fərdiyyəçilik yoğunlaşınca icma mədəniyyəti nazildi və insan tənhalaşmağa başladı. Tənhalığını hiss etmək üçün işə verdi özünü. Məncə, insanlar heç zaman indiki qədər işləməyiblər. Heç quldarlıq zamanı belə. O zamanlar qaranlıq düşəndə işləmirdilər, heç olmasa. İndi lampa yandırıb işləyirlər. Dəli olub indiki dünya. Karyera, şöhrət başlıca dəyərə çevrilib. Bunun üçün də hamı deyir: çox çalışmalısan. Səhv edib, Engels deyib ki, əmək meymunu insana çevirdi. Çox işləmək insanı meymun edir, deyirəm mən. İnsanlar işdə işləyirlər, evə gələndə də işi düşünürlər. Yaşamırlar. Problem budur. İndi karantinə yığılan insanların da ən böyük problemi budur. İşləməyi öyrənən insanlar heç nə eləməməyi bacarmırlar. Lao Tzı isə deyirdi, müdrik bir şeyi bacarmalıdır mütləq - heç nə eləməməyi. Mənaları çoxdur o sözün, amma bir mənası da elə budur ki, insanın boş zamanı çox olmalıdır. Çox olmalıdır ki, ünsiyyət etsin, evdə ailəsi ilə, uşaqları ilə, valideynləri ilə. Edə bilmirlər. Məhv edildi o ünsiyyət mədəniyyəti. Lağ edirdik ki, Şərqdə mövzuya keçməzdən öncə yarım saat hal-əhval tutarlar. Amma bu, insana gərək idi. Təəssüf ki, virtual şəbəkə ünsiyyətin əvəzedicisidir. Ünsiyyətin özü deyil. O üzdən tənhalıq dərinləşir.

- İnsan elə həddə çatıb ki, həm də ibrət götürmə anlayışından uzaq düşüb. Bu pandemiya ötüşəndən sonra insanlar əvvəlki dinamika ilə yenidən hərəkətə keçəcəklər? Bəlkə, bu dinamika daha da yüksələcək? Ancaq mütəxəssislər hesab edirlər və özümüz də hiss edirik ki, pandemiyanın yaratdığı evə qapanmanın psixoloji fəsadları uzun çəkəcək. Hətta ilkin işartıları artıq özünü göstərir...

- Çox ailələrin dağılacağı proqnozlaşdırılır. Hər halda Çində kütləvi boşanmaların olduğunu deyirlər. İnanıram. Çünki insanlar həqiqi, dərin ünsiyyətdən kəsiliblər. İndi isə dörd divar arasında əslində tanımadıqları və sevmədikləri insanla üz üzə qalmalı olublar. Daha iş də yoxdur ki, başlarını qatsınlar. Yəqin ki, dava-dalaş da olacaq. Karantin tələsə-tələsə yaşayan insanları sanki keçmişə qaytarmış oldu. Və adamlar yadırğayıblar o həyatı. O üzdən köhnə əlaqələr dağılacaq, yeniləri başlayacaq. Nəinki insanlar, ölkələr belə "boşanmağa" başlayıblar. Məsələn, oxudum ki, İtaliya Avropa Birliyindən çıxacağını bildirib. Qərb ölkələri bir-birinə göndərilən tibbi yardımlara əl qoyur. Panika etikanı arxa plana atıb. Şübhəsiz ki, bu pandemiyanın böyük təsirləri olacaq. Mən istərdim ki, bu təsirlər daha dərin və köklü olsun. Çünki əvvəlki dünya insani dünya deyildi, insan üçün dizayn olunan dünya deyildi. İnsan haqqında səsləndirilən şüarlara aldanmıram. İqtisadiyyatın, siyasətin, insani münasibətlərin dəyişəcəyini gözləyirəm. Nə dərəcədə olacaq, onu zaman göstərəcək. Amma olacaq. Siz demiş, indidən işartıları görünür.

- İnsanlardakı mağara instinkti oyanıb. Varlı da, kasıb da özünü, yuvasını qorumağa çalışır. Vətəndən illərdir gedən adamlar da “ölməyə vətən yaxşı” deyib geri qayıdır.

- Amerikada silah satışı artıb. Mağazalar yağmalanır. Hər kəs bir neçə aylıq ərzaq depolamağa çalışır. Dünyanın sonu ssenarisinin işə düşməsi an məsələsidir. Dövlət idarəçiliyi ciddi sınaq qarşısındadır. O üzdən tədbirlər almağa çalışırlar. Mümkün xaosu önləmək üçün. Vətəndən gedənlər də komfort üçün getmişdilər. İndi isə heç yerdə komfort yoxdur. Ona görə, qayıtmaqlarını da anlamaq olar. Dəyərlərin dəyişməsi baş verir.

- Çoxları bu hadisələri dünyanın sonunun yaxınlaşması ilə bağlayır. Amma dindarlar da spirtlə qorunurlar...

- Dinin rolu artacaq. Hə, dini şüurda gərəksiz vasvasıçılıq var idi, indi bu məqam ciddi tənqid olunur. Ümid edirəm ki, din də dəyişəcək. Yenilənəcək. Amma dini şüurda təskinlik tapcaq yenə də insan ruhu. Zira həqiqətən də Allahı xatırlamaqla hüzur tapır insan qəlbi. Bu, əbədi həqiqətdir. Ona görə də Ağ evdə də dua edirlər bu günlərdə, İtaliyanın xəstəxalanarında da. Həkimlər, məmurlar, xəstələr... Bu, normaldır. Və böyük kataklizmlər tarixdə hər zaman insanı varlığının mərkəzinə - ürəyinə yaxınlaşdırmışdır. Hər belə fəlakətdən sonra incəsənət, ədəbiyyat, musiqi inkişaf etmişdir. Məncə, indi də elə olacaq. Ruhaniyyata meyillənən insanların sayı artacaq. O ayrı məsələ ki, din, bizim misalda, islam çox yenilənməlidir. Orta əsr təfsirlərindən irəli getməlidir. Yeni həyatın çağırışlarını cavablamalıdır. Spirt məsələsində olan kimi mənasız vasvasıçılıqdan uzaqlaşmalıdır. Onda o insanlarla bağını bərpa edəcək. İnsan insani dünyada, insani həqiqətlər əsasında yaşamalıdır. Rasionalizm və materializm insandan robot yaratmağı hədəfləyir. Günlərin bir günü gərəksiz olduğunu anlayacaq insan öz yaratdığı dünyada. Nə qədər gec deyil, dayandırmalıdır bu gedişatı. İndi gedişat insan ruhunun əlində deyil. Müasir həyatın ən əcaib məqamı budur. İndi inkişaf qətiyyən insanın əlində deyil. Həyatın hara gedəcəyini, hansı istiqamətə inkişaf edəcəyini insan müəyyən etmir daha. Təsəvvür edin ki, maşına minmisiniz, sürətdən ləzzət alırsınız, amma əlinizdəki sükanın, ayağınızın altındakı əyləcin bir işə yaramadığının fərqinə varırsınız. İndiki həyat odur. İnsan yerimir, sürülür. Psixoloji baxımdan hazır olmadığı bir dünyanın içinə doğru sürülür.

Mən hesab edirəm ki, insan yaşadığı dünyanı özü qurmalıdır, öz iradəsi ilə. İndi isə insan qurucu deyil, icraçıdır. Bədbəxt icracı.

- Sosial şəbəkələrdə aktivsiniz. Xüsusən facebookda nələri müşahidə edirsiniz? İnsanlar panikaya düşməkdə haqlıdırlarmı?

- Panika xaosun və ölümün başlanğıcıdır. Onu yanğını söndürən kimi söndürmək lazımdır. Bu baxımdan insanlar məsuliyyətlərini anlamalıdırlar. Bu dəqiqə kimin əlinə nə düşdü, Vatsapdan, Feysbukdan paylaşır. Bunun qarşısını almaq üçün rəsmi informasiya çox hərtərəfli, dolğun və vaxtaşırı olmalıdır. İnformasiyasızlıq və ya riyakarlıq bu cür paylaşımları təsirli edir. Mən panikaya səbəb görmürəm. Bitəcək bu əhvalat. Bu pandemiyada real təhlükədən çox psixoz var. Təbii, mən belə düşünürəm. Razılaşmayanlar da çoxdur, bilirəm.

- Bir filosof kimi koronavirusla bağlı ehtimallarınız, gözləntiləriniz nələrdi? Rəqmlər və statistikalar sizə nələr deyir? İnsanlara hansı təkliflər, çağrışlar edə bilərsiniz?

- Dünyanın köklü dəyişəcəyinə ümid edirəm. Üzünü insana doğru çevirəcəyinə. Yenə də deyim, infeksionist deyiləm. Amma rəqəmlər mənə dəhşətli gəlmir. Kobud hesablamalar apardım. İldə 650 min insan qripdən ölür. Aya 54 min edir. İndi isə bu rəqəm təxminən 20 mindir aya, indiyə qədərki statistikya görə. Halbuki qrip yaz və payızda güclənir, o üzdən bu rərəm orta aylıqdan daha böyük olsa idi də anlayışla qarşılanmalı idi. Amma qorxunun gözləri böyük olar deyirlər.

# 9627 dəfə oxunub

Müəllifin son yazıları

# # #