Məsumə Babayeva: “Teatrdakı intriqaların qurbanı oldum” – Müsahibə

Məsumə Babayeva:  “Teatrdakı intriqaların qurbanı oldum” – Müsahibə
9 yanvar 2023
# 09:00

Kulis.az aktrisa Məsumə Babayeva ilə olan müsahibəni təqdim edir.

– Necə oldu ki, Gənc Tamaşaçılar Teatrından ayrılmaq üçün ərizə yazdınız?

– Katibə evimizə zəng edib dedi ki, Məsumə xanım, teatra gəlməlisiniz, sizi çağırırlar. Mən də düşündüm ki, yəqin "Tərəqqi" medalı almışam, onu verməyə çağırırlar. Sən demə məqsəd başqa imiş. Getdim, gördüm katibənin otağında stul qoyublar. Məni ora saldılar. Oturdum küncdə. Teatrın hüquqşünası mənə nə yazacağımı izah etməyə başladı. Katibə dedi ki, işdən ayrılmaqla bağlı sənədə qol çəkməliyəm. Dedim, çəkmirəm. Bütün yaşlı aktyorlar çəksin, sonra mən çəkim. Bir saatdan çox otaqda qaldım. Sona Babayeva, Ələsəgər Qurbanəliyev, Lətifə Əliyeva da bayırda gözləyirdilər.

– Onlar etiraz etmirdilər?

– Onlar da müqaviləyə qol çəkməli idilər. Müdir Naidə İsmayılzadə xanımla danışmaq istəsəm də, icazə vermədilər. Dedilər, yaşın tamamdırsa, çıxmalısan. Başqa yolun yoxdur. Məni o qədər əsəbiləşdirdilər ki, az qalırdı infarkt olum. Əlim əsməyə başladı. Birtəhər ərizə yazdırdılar. Evə gəldikdən sonra halım dəyişdi. İki-üç gün işə gedə bilmədim. Qapıda gözləyən digər aktyorlara da ərizə yazdırdılar. Sona Babayevanın 80 yaşı var idi. Onu haradasa başa düşmək olardı. Axı mən 68 yaşında idim. Məni niyə çıxardılar?! Üç il orada müqavilə ilə yarımştat çalışaraq pul almışam.

– Nə qədər pul alırdınız?

– 100 və ya 110. Bəzən də 180 manat. Belə oldu ki, dörd ay yanvar fevral, mart, apreldə tamaşalarda çıxış edərək pul aldım. Dörd aydan sonra bunlara icazə vermədilər ki, bizi çağırsınlar.

– Niyə?

– Teatrda təmir işləri başladı. Bu vaxt teatrın tamaşaları səyyar şəkildə digər teatrlara getdi. Onda da bizi ixtisara saldılar. “Tıq-tıq” və “Qırmızıpapaq” tamaşasında nənəni oynayırdım. Daha mənə rol vermədilər. “Tıq-tıq” tamaşasını da elə qısaltdılar ki, nənə obrazı oradan çıxarıldı. Tədricən məni evdə oturtdular. Rollarım da paylandı. Səhhətimlə bağlı evdə müalicə almağa çalışdım. Amma pul çox tələb olunurdu. İmkanım olmadığı üçün bu da belə qaldı.

– Bir ara ağrılarınız çoxalmışdı...

– Elədir. Bir gün sizin kimi bir jurnalist müsahibə almaq üçün mənə zəng etdi. Bildirdim ki, ağrıdan ölürəm. Danışa bilməyəcəm. Rəşad adında bu oğlan Elgizi tanıyırdı. Mən də Elgizlə dost idim. Dedi bunu Elgizə deyərəm. Növbəti gün “Elgizlə izlə”verilişindən mənə zəng gəldi. Tədris mərkəzinə apardılar, orada əməliyyat olundum. Sinəmdə ağır əməliyyat oldu. Artıq üstündən 6 ay keçir.

– İnsult keçirib üstəlik əməliyyat da olunmusunuz. Bəs bu müddətdə teatrdan sizi axtarıb maraqlanan oldu?

– Arada həmkarlar gəldi. İlham Əsədova yazmışdım ki, pulum yoxdur. İki dəfə kartla göndərmişdi. 70 illik yubileyimdə isə Naidə xanım zəng edib mənimlə danışdı. Tort, gül və 100 manat pul göndərdilər. Ad günümü evdə qeyd etdim.

– Hazırda tək yaşayırsınız?

–Yox. Qızım və kürəkənimlə.

– Fiziki qabiliyyətiniz necədir? İndi hansı rol verilsə oynaya bilərsiniz?

– Yaşlı rollar verilsə, oynaya bilərəm.

– Yaddaşınız necədir?

– Yaxşıdır.

– Səhnəyə çıxmağa hələ gücünüz çatar deməli.

– Əlbəttə. İndi ayağımın açılması üçün iynə-dərman etdirirəm.

– 50 il bir teatrda işləmək asan məsələ deyil. Buna baxmayaraq, sizə nə Əməkdar artist, nə də Xalq artisti adı verilib. Ad məsələsində niyə kənarda qalmısınız?

– Teatrın əlli illiyi idi. Ad alacaq şəxslər sırasında mən də var idim. Adımı oradan pozdular. O vaxt 28 yaşım var idi. Tariyel Qasımov, Xuraman Hacıyeva, Solmaz Qurbanova, Həsən Əbluc və Arifə Salmanova hərəsi bir tərəfdən önümü kəsib dedilər ki, hələ cavansan qoy biz alaq. Onlara görə irəli addım atmadım. Digər tərəfdən o zaman həm də direktor Kamal Əzizov ilə üz-üzə gəlmişdim. Onun yerinə Azərpaşa seçilməli idi. Buna görə aramızda mübahisə yarandı. Ondan sonra adım heç bir siyahıya salınmadı.

– Bəs sonrakı illərdə?

– 1979-cu ildə teatr bağlandı. 10 il bağlı qaldı. Bu illərdə də biz qastrollara gedirdik. Qastrolda bizə 5 tamaşa oynadırdılar, birini hökumətə köçürürdülər. Yerdə qalan 4-ünün pulu da bizə gəlib çatmırdı. Həmin vaxt ad almaq çox çətin idi.

– Teatr açıldıqdan sonra nə baş verdi?

– Həmin ərəfədə Heydər Əliyev ilə görüşdük. Elə oldu ki, mən dayandığım yerdə ayaq saxlayıb yaxınlaşdı. Bizimlə salamlaşdı. Dedim ki, bizim teatr sökülüb. Yerini də satmaq istəyirlər. Bunları Heydər Əliyevə deyəndə yanındakılara göstəriş verdi. 1988-ci ildə teatr açıldı, binanı bizə verdilər. İşləməyə başladıq.

– Hansı rollarınız olub?

– “Bala başa-bəla” tamaşasında Nərgizi, “Aycan”da baş roldakı Aycanı, “Sirli dəyirman”da ananı “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”da oynamışam.

– Xuraman Hacıyeva ilə yaxın dost olmusunuz...

– İl yarım onu burada yanımda saxlamışam. Sonra kürəkəni ilə qızı Bakıya gəldi. Kürəkəni ona deyirdi ki, tanınmış adamsan, ayrı ev tut.

– Evini satıb qızına vermişdi. Qızı sağdır?

– Sağdır. Türkiyədədir.

– Yoldaşınız nə vaxt rəhmətə gedib?

– 2000-ci ildə. 48 yaşım var idi. Böyrək problemindən dünyasını dəyişdi. Müalicə olunsa da, xeyri olmadı. Onun sağlığında dolanışığımız yaxşı idi. O mühəndis idi. Biz maaşa baxan adamlar olmuşuq.

– Sevib ailə qurmuşdunuz?

– Hə. 24 yaşım var idi. Yolumuz bir idi. İşə birlikdə gedirdik. Ailə quranda şərt qoymuşdum ki, məni teatrdakı işimə atam düzəltmişdi. Ağdama təyinat almışdım. O, nazirlə danışıb təyinatı dəyişdi. Gənc Tamaşaçılar Teatrına gəldim.

– Azərbaycan Dövlət Dram Teatrında da çalışmısınız?

– Tələbəlik illərində 4 il orada uşaq tamaşalarında oynamışam.

– Bəs niyə orada qalmamısınız? Təklif olunmayıb?

– Təklif üçün hələ tez idi. Səhnə məni udardı. Boyum balaca idi.

– Orada kifayət qədər boyu balaca olan aktyorlar var. Firəngiz Mütəllibova da hündür deyil.

– Onun boyu mənimkindən hündürdür.

– Hökümə xanımla da tərəf müqabili olmusunuz.

– Hə, Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərinin tamaşasında birlikdə oynamışıq. Hökmlü xanım idi. Bir dəfə gəlib qolumdan yapışıb dedi ki, orda yox, burada oturmalısan. Onda onun əzmini gördüm. Çəkinirdik ondan.

– Gənc Tamaşaçılar Teatrında da, yaxşı koloritli aktyorlar olub.

– Orada Süleyman Ələsgərov ilə “Əlvida Hindistan” tamaşasında bir işləmişik. Onu Əminə Yusifqızı, Almazdan sonra mən oynamışam.

– Əminə Yusifqızı uzun müddətdir teatrda yoxdur.

– O, Azdramaya keçdi. Orada da bircə “Oqtay Eloğlu” tamaşasında Sevəri oynadı. Səhnə adamı unudur. Oynadığım tamaşaları görəndə ağlamaq tutur məni. “Laləli saray”a baxmısınız? Ona baxanlar mənə zəng edib deyirdilər ki, sən oyununla Azdramanı yemisən.

– Hansı rollarınız görəndə təsirlənirsiniz?

– Hamısını. Adicə televiziyada tamaşalar haqqında danışıldığını görəndə kövrəlirəm.

– Bəlkə, bu yaşlılıq ilə barışmamaqdı?

– Axı özümü yaşlı hiss etmirəm. Bu xəstəlik bir az məni saldı. Hələ 50 yaşımdızda Almazla birlikdə "Əliş, Vəliş və Gövhər"də oynamışıq.

– Seriallara dəvət alırsınız?

– İndi yox, əvvəl alırdım. “Bir qadın” serialında rol almışdım. İndi də onun davamı çəkilir. Oradakı rolumda məni öldürüblər.

– Ən çox hansı rolunuzu bəyənirsiniz?

– Hamısını sevirəm. Massovkaya çıxıram, onu belə sevirəm.

– Heç düşünmüsünüz ki, gərək çıxmazdım?

– Yox. İnsanlar massovkada səni tanıyırlar. Deyirlər, filan aktrisadır. Tamaşaçı sevinir.

– Müəllimləriniz kim olub?

– Rza Təhmasib, Əzizağa Quliyev, Faiq Zöhrabov və Könül Axundova. Heç inamım olmasa da, Əliheydər Ələkbərov məni görən kimi kursa götürüb.

– Azərbaycanda aktrisa olmaq necədir?

– Diqqət göstərilsə, çox yaxşıdır. Atılıb düşməklə heç nə əldə olunmur. Sənəti sevib gəlmək başqa şeydir. Heç kim mənə bu barədə artıq söz deyə bilmir. Çünki bilirlər sənətimi necə sevirəm. Talantım var və çalışıram.

– Teatrlarda intriqalar olur. Məsumə xanım həmin intriqalardan yan keçə bilib?

– Elə teatrdakı intriqaların qurbanı olmuşam ki, bu yaşa qədər fəxri ad almamışam. İntriqa iştirakçısı olsaydım, alardım. Mən güc gəldiyini gördüyüm adamı həmişə irəli buraxmışam.

– Gücünüz çatmayıb?

– Yox, sadəcə sənətdə biabırçılıq istəməmişəm. Saçyoldular, döyülmələr olurdu. Mədəni biri olduğum üçün onlardan uzaq qalırdım.

– Oğlunuz doğulandan xəstə idi?

– Bəli. Amma işləyə bilirdi. Əli-ayağı tuturdu.

– Ölümünü gözləyirdiniz?

– Özü deyirdi ki, 25 yaşında öləcəm. Elə o yaşda da 2009-cu ildə öldü.

– O cür faciədən necə özünüzə gələ bildiniz?

– Sənət xilas etdi. Yoldaşım öləndə də belə olub.

– Sizə də ev verilməyib?

– Verilib. Mən özümünkünü hökumətə qaytardım. Boş torpaq aldım. Yoldaşım ev tikdi. Mənim rollarımla oynayıb tanınan adamlar belə fəxri ad alıb.

– Evlə işi birlikdə idarə etmək çətin olurdu?

– Axşam evə gələndə bütün işlərimi həll etməli idim. Uşaqlar, yoldaşım və ev işlərini eyni anda diqqətdə saxlamağa məcbur idim.

– Bu qədər çətinlikləriniz olub. Aktrisa olduğunuza görə peşman olmamısınız?

– Peşman deyiləm. Bu sənətə görə atamla üzləşmişəm. O, riyaziyyatı yaxşı bildiyim üçün məni Texniki Universitetə qoymaq istəyirdi. Ona qarşı çıxdım. Dedim aktrisa olacam. İmkan verməsən, Partiya Komitəsinə şikayət edəcəyəm. Üzümə baxdı, dedi, edərsən, bilirəm.

– Oynamaq istədiyiniz və ürəyinizdə qalan hansısa rol var?

– “Orlean qızı” tamaşasında Janna Darkı oynamaq istəyirdim. O vaxt Hökümə Qurbanova oynayanda görüb həvəslənmişdim. Qismət olmadı. İndi yaş ötüb deyə ancaq yaşlı rolları oynaya bilərik.

Samirə Əşrəf
Günəş Mərd

– Arzunuz nədir?

– Fəxri ad gözləyirəm. Mənə sual verilirdi ki, niyə aktrisa olmaq istəyirsən? Deyirdim çünki onları Fəxri Xiyabanda dəfn edirlər...

# 3120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #