Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə

Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
24 noyabr 2020
# 12:40

Azərbaycan 45 günlük savaşda həm də virtual bir savaş yaşadı. Sosial şəbəkələrin tərcümə proqramı azərbaycanlı istifadəçilərlə erməni istifadəçilər arasında açıq fikir döyüşünə imkan yaratdı. Hücumlar, bloklar, söyüşmələr, ehtiyatsızlıqdan zərər verən paylaşımlar və s... Bu və ya digər məsələlərlə bağlı suallarımızı APA Groupun sosial media mütəxəssisi Turan Şakir cavablandırır.

- Müharibə şəraitində sosial şəbəkələrdə özümüzü necə aparmalıyıq?

- Hər sosial şəbəkənin özünün yazılmış qanunları var. Əgər siz sosial şəbəkədə bir profili aktiv etmək istəyirsinizsə, qeydiyyatdan keçən kimi dərhal şərtlər çıxır. Buna çox adam diqqət etmir, amma biz bunlara nəzər yetirməliyik. Kifayət qədər müddəaları var. Bütün sosial şəbəkələrdə əsas qaydalar kimisə təhqir etməmək, dini, irqi ayrı-seçkiliyə yol verməmək və s. bu kimi vacib şərtlər qeyd olunur. Bu qanunauyğunluqları bilmək və onlara mütləq əməl etmək lazımdı.

- Etməyəndə nöqtə-vergülə ehtiyac yaranır...

- Artıq çox adam qəbul edib ki, nöqtə, vergül məsələsi heç nəyi həll etmir. Həmin qaydalara riayət etsələr problem yaranmaz.

Mən anlayıram, qarşımızdakı düşməndi və biz hislərimizi cilovlaya bilmirik. Həm də bu elə bir düşməndi ki, öz elədiyini demir, gözləyir. Bəzən haqlı olaraq çox aqressiya ilə yanaşırıq, istər-istəməz emosionallıq əmələ gəlir. Yazılan statusda dini, irqi ayrıq-seçkiliyə səsləyəcək bircə cümlə tutsalar və bircə nəfər şikayət etsə, səhifə bloklanır. Məlum qaydaları pozmadan hərəkət etsəniz, milyon adamdan şikayət gəlsə də qəbul edilmir.

Bizdə həştəqlər formalaşdırıldı. Bu həştəqləri çox adam kopyalayıb özündə saxlayır və qarşısına çıxan hər səhifənin, hər statusun altına atır. Və həmin şeyləri feysbuq avtomatik olaraq yadında saxlayır. Siz o həştəqlərin yanına bir nöqtə əlavə etsəniz, feysbuk sizi “tuta” bilməyəcək. Amma eyni şeyi davamlı paylaşsanız, rəqəmsal olaraq hər şey yadda saxlanılır və istifadəçi insanları eyni paylaşımla narahat etdiyinə görə dərhal bloklanır.

- Normal həştəqlərdə də bloklanma ola bilər?

- Olar. Misal üçün, çox adam bilmir ki, “stoparmenian agression” həştəqi yazanda istifadəçi dərhal milliyyət ayrı-seçkilyi etmiş hesab olunur. “Stoparmenia” yazılmalıdır ki, burada artıq Ermənistan nəzərdə tutulur, erməni milləti yox. Yəni millət adı yazılanda problem çıxır, dövlət adı yazılanda isə yox. Çünki demokratiyadır və hər bir insan dövlət barədə fikrini bildirə bilər, insanlar, millət haqqında isə ayrı-seçkilik etmək olmaz.

- Tvitter daha ciddi platforma sayılır. Bizdə də tvitter məşhur tvitlərdən sonra dəbə mindi.

- Haqlısınız. Tvitter bizdə o qədər də populyar deyildi, üstəlik funksiya baxımından feysbuk və instaqrama nisbətən daha sərt qaydaları var. Orada daha çox intellektual və elit istifadəçilər toplaşıb. Əsasən, siyasət adamları, böyük yazıçılar, aktyorlar və s. Tvitterin funksiyasının da öz çətinlikləri var.

- Əsas çətinlik nədən ibarətdir?

- Orada insanların haqq və hüquqları daha sərt şəkildə qorunur. Misal üçün, yeni yaradılmış profildə gün ərzində iki tvit atıla bilər. Üçüncü tvitdən sonra profil bloklana və geri qaytarılması mümkün olmaya bilər. Bu bloklanma izləyici sayının çoxluğuna baxmır. İnsanları narahat edən profillər dərhal qapanır və onun açılması müşkülə çevrilir. Avropa üzərindən açılan profillər üçün daha yumşaq qayda-qanunlar var, nəinki bizim üçün. Mən bunu da müşahidə etmişəm. Misal üçün, səhifələrdə “mavi tık” alma, yəni rəsmi təsdiqlənmə funksiyası Azərbaycan üçün işləmir. Azərbaycandan müraciət edərək istifadəçi tvitterdə mavi tık ala bilməz. Burada özləri ayrı-seçkilik qoyurlar.

- Bəlkə bu münaqişə zonası olduğu üçün belədir?

- Deyə bilmərəm. Əvvəldən belə olub. Bizim APA TV-inin səhifəsi altmış mindi, dəfələrlə müraciət eləmişəm ki, rəsmi təsdiqlənmə alım, verməyiblər. Feysbukda Apa.az, APA TV üçün rəsmi təsdiqlənmə almışam. Çalışıram, yaxın vaxtlarda həm lent.az, həm kulis.az üçün alım. Müraciət edəndə birinci mənə səhifə adları ilə bağlı müəyyən təkliflər etdilər, onları etdim. Növbəti dəfə müraciət edəndə isə Feysbukdan məktub gəldi ki, sizin ərazi üzrə təsdiqlənməni bağlamışıq. Və heç bir izahat da verilmədi.

- Sizin ehtimalınız nədir?

- Onların müddəaları çoxdur, loru dillə desək, istəsələr bizi hər yerdə “ilişdirə” bilərlər.

- İnstaqram daha çox şou xarakterlidir. Qaydalar da deyəsən xəfifdir. Teleqram da artıq məşhurlaşıb.

- Teleqram Tvitterdən sonra çox məşhurluq qazanıb. Teleqramla işləmək, xəbər almaq, yükləmək çox rahatdır. Çünki bir çox məsələlərdə internetin sürəti o qədər də vacib deyil. Xəbər də insanlara dərhal çatır.

- Erməni tərəfdə durum necədir?

- Onlar da aktivdirlər. Sadəcə, mənə elə gəlir, onlar ya bu qaydaları daha yaxşı bilirlər və ya çox hiyləgərdirlər. Bizimkilərə məsləhətim odur ki, aqressivləşib, söyüş söyməsinlər, psixoloji üstünlük əldə edən tərəf kimi soyuqqanlılığı itirməsinlər.

- Hərbi baxımdan təhlükəli paylaşımlar haqqında nə deyə bilərsiniz?

- Ən primitiv variant əgər sənin bir qohumun, bir dostun müharibədən məlumat veribsə, onu təhlükəyə atmamalısan. Bu məlumatı paylaşmaq artıq onu yollayan adamın həyatı üçün təhlükədir. Xüsusilə də “vpn”-dən istifadə olunan məqamlarda. Əslində, insanımızın aktiv olması çox yaxşıdır, amma bunun hansı şərtlərlə faydalı olması mütləq nəzərə alınmalıdır.

- İndi istəyirəm konkret tövsiyələrə keçək. Biz sosial şəbəkələrlə necə işləməliyik?

- Ən əsası soyuqqanlı olmaqdı. Bildiyimiz bütün həqiqətləri soyuqqanlı şəkildə, aqressiyaya, təhqirə yol vermədən, məntiqlə çatdırmalıyıq. Qələbə bizimlədir. Nəyə əsəbiləşək ki?

- Tanınmışların sosial məsuliyyəti ilə bağlı nə deyə bilərsiz? Özlərini necə apardılar?

- Gəlin, birinci bizim deputatlara baxaq. Onlar tvitterdə var? Yoxdurlar. Axı ən yaxşı virtual savaş meydanlarından biri də tvitterdir. Onlarsa orda yoxdurlar. Bizim sadə insanımız daha çoxdur tvitterdə, nəinki siyasət adamlarımız. Üstəlik, onlar siyasətdən danışırlar. Bizim bir deputatımız varmı ki, Hikmət Hacıyevin tvitini retvitləsin? Ona görə də bu məsələ ilə bağlı məşhurlar yəni müğənnilər, aktyorlar haqqında danışa bilmirəm. Əgər millət vəkili bu gün tvitterdə bunu etmirsə, şou adamı öz instaqram səhifəsində özünə uyğun yəni öz çapında edirsə və kütlə də bunu hədəfə alırsa, bu, artıq şou adamının günahı deyil. Müəyyən boşluqlar var ki, biz onları doldurmalıyıq.

- Dil məsələsi də ciddi amildir.

- Gənclərimizin çoxu ingilis dilini bilir və bu bizim üstünlüyümüzdür. Bizim millət vəkillərimizin ingilis dilini bilməməsi, sosial platformaları tanımaması bizi bir addım yox, on addım geri atır. Misal üçün, Türkiyədəki millət vəkillərinin hamısının tvitter səhifələri var, hamısı da rəsmi olaraq təsdiqlənmiş formadadır. Bəyanatlar imzalanmazdan əvvəl orda elan olunur. Bu, həm də onların adından “dezo” yayılmasının qarşısını alan əsas amildir. Çünki adam özü özünün nə yazdığından əmindir.

- Link paylaşımlarına niyə bu qədər məhdudiyyət qoyulur? Hətta link paylaşanları qaralayırlar desək, daha dəqiq olar...

- Əslində, link paylaşımlarına məhdudiyyət qoyulur demək doğru olmaz. Ümumi olaraq, əgər bir link müxtəlif statuslarda dəfələrlə bir profil tərəfindən istifadə olunarsa, bu Feysbuk qaydalarına zidd hesab olunur. Bir resursla bir neçə şəxsi “narahat” etmə kimi dəyərləndirildiyinə görə, həmin profil bloklanır və ya paylaşım etməsinə ən qısa bir ay məhdudiyyət qoyulur. Bu, şərhlərə qoyulan məhdudiyyətdir. Öz profilində və ya səhifəndə link paylaşımı isə tamamilə fərqli qayda-qanun ilə həyata keçirilir. Bununla bağlı da müəyyən məhdudiyyətlər ola bilər. Burada əsas məqam linkə yerləşdirilən foto, şəkil və ya başlığa verilən beynəlmiləl sözlərlə bağlıdır. Çılpaqlıq, qan, narkotika təbliğ edən görüntülər, müharibəyə aid kollaj yığılmış fotolar, müəllif hüquqları olan fotoşəkillərdən istifadə məhdudiyyətə səbəb ola bilər. Belə məsələlərlə rastlaşmamaq üçün maksimum diqqətli olmaq lazımdır. Xüsusilə də Azərbaycan üçün belə həssas vaxtda.

- Çox layk almaq... Bu, hamının arzusudur, amma hər adam bacarmır. Necə etsələr, daha çox maraq doğurarlar?

- Bilirsiniz, son günlər çox layk almaq məsələsini şəxsən mən diqqət aclığı kimi qiymətləndirirəm. Yəni, dövlətimiz üçün, vətənimiz üçün, millətimiz üçün həssas olan bir məqamda bunu etmək, buna can atmaq heç də məqbul deyil. Bu, birinci və əsas məsələ. Amma bunun texniki tərəfinə baxsaq, layk yığmaq o qədər də çətin bir məsələ deyil. Xüsusilə də nəzərə alsaq ki, sosial medianın “at oynadan” vaxtlarıdır. Paylaşımlar vaxtı profili hər kəsə açıq tutaraq, müxtəlif populyar həştəqlərdən istifadə etməklə izləyici və layk sayını artırmaq olar.

- Sosial şəbəkələrdə diqqət çəkmək üçün yüz oyundan çıxan adamlar var. Dünyanın hər yerində. Sizcə hər şeyi layka hesablamaq xəstəlikdir, yoxsa yox?

- Bu, xəstəlikdir və bu xəstəlikdən, yəni sosial mediadan asılılıqdan ən çox real həyatdan qopan adamlar əziyyət çəkir. Amma bir şeyi də unutmayaq ki, bəzi adamlar bundan istifadə etməklə, yəni izləyici sayını artırmaqla pul qazanırlar. Reklamların isə hansının zərərli, hansının xeyirli olmasını ya facebookun qayda və qanunları, ya da izləyiciləri müəyyən edir.

Foto: Nicat Əlili

# 3133 dəfə oxunub

Müəllifin son yazıları

# # #