Aydın Sani: "Qadınlar dərddir, bəladır" – Müsahibə

Aydın Sani, müğənni

Aydın Sani, müğənni

6 iyun 2022
# 09:00

Kulis.az müğənni Aydın Saninin müsahibəsini təqdim edir.

– Aydın bəy, sizi tapmaq çətin oldu. Hardasa iki aydır görüşümüz baş tutmurdu.

– Əslində, iki ay sonra görüşəcəyimizi öncədən bilirdim. Amma yaxşı ki, indiyə düşdü. Adam bəzən istəyir hamıdan beynini təmizləsin. Belə olanda qarşındakı ilə rahat söhbət etmək olur. Əks halda fikrin başqa yerdə qalır, cavabın effektiv olmur.

– Sizin “yoxa çıxmağınızı” düşünəndə anladım ki, bu sənətçinin dincəlmə prosesidir. Amma sonra yeni mahnınız işıq üzü gördü.

Məndə qəfildən “çıxıb gedim” deyə bir şey yoxdur. Dincəlməyim haqda elan da vermirəm ki, “ay camaat, mən gedirəm dincəlməyə”. Hərdən bir həftə, üç gün, beş gün gedirik dincəlməyə, vəssalam.

– Son mahnınıza hansı reaksiyalar oldu?

– Şükür, yaxşı gedir. Əgər qiymətləndirmə baxış sayıdırsa, mən razıyam. Ümumi isə razı deyiləm. Mahnının insanların dilinə düşməsi baxış sayından daha önəmlidir. Həm də elə bir dövrdə yaşayırıq ki, baxışı əllə idarə etmək olur.

– Hansı mahnınızdan razı qalmısınız?

O mahnılarım ki, uzunömürlü olub, onlardan razı qalmışam. “Məni axtar darıxanda”, “Namə” – doğrusu, bunlar janr olaraq bir-birindən fərqlidir. Ən çox sevdiyim isə “Kölgə”dir.

– Niyə bu qədər yadda qalıb?

Bilmirəm. Onunla bağlı xüsusi nəsə yaşamamışam. Amma mənə təbii gəlir. Rəngsiz, qatqısız. O mahnı insan olsaydı, mən onu sevərdim.

Bir az əvvəl beyninizdəki artıq fikirlərdən söz açdınız. Nədir onlar? Məişətdir, yoxsa...

– 5-10% məişət ola bilər. Ən çoxu isə “yüklənmək”dir.

– Gecə həyatınız var? Yəni səhnələrə çıxırsınız?

Özəl günlərdə çıxıram, hər gün yox. Məndə ruh yorğunluğu var. Fiziki yorğunluğum olmur. Beynim yorulur. Gərək yaxşı yatım, yaxşı yatmaq üçün də beynim təmiz olmalıdır.

– Bəlkə, yaradıcılıqla çox məşğul olursunuz?

Bir ara elə idi. Amma indi o cür deyil, belə düşünmürəm. Biz qalxıb rayona gedirik, dağ havası uduruq, qayıdanda deyirik ki, istirahət etmişik. Ancaq görürsən ki, yox, yorğunluq hələ çıxmayıb. Qayıdıb gələndə də gərək bir müddət iş görməyəsən. Həmin sakitliyi bir az davam etdirmək lazımdır. Adamı ən çox yoran şey ünsiyyətdir.

– Enerjiniz tez itir.

Belə düşünmürəm. Adicə problemin də dibinə qədər gedirəm, həll edəndən sonra əl çəkirəm. Heç bir işi yarımçıq qoymuram. İnsanlar da yorur. Bəlkə, mən də yorucuyam. Biz ətrafımıza yığılan insanlarıq, əslində.

– Həyatınıza çox adam qəbul edirsiniz?

Bu bizdən asılı deyil. Dostlarla oturub-durmaq, yazı-pozu mühiti daha faydalıdır. Ən güclü şeirimi avtobusda yazmışam. Yaradıcı insan üçün yerin fərqi yoxdur. Yaradıcılığın sərhədi, zamanı, məkanı olmur.

– Aydın bəy, insanlar sizi niyə sevir?

Mənim sevdiyim sahə ədəbiyyatdır. Musiqi ikinci plandadır. Birinci növbədə söz, ikinci növbədə isə səs. Biz söz eşitmişik, söz öyrənmişik. Söz gücdür. Elə mahnılar olub ki, heç onlara “nə gözəl musiqidir” deməmişəm. Amma sözləri həmin musiqini mənə sevdirib. Elə mahnılar da var ki, sözlərini başa düşmürəm, musiqisi ilə mənimlə danışır. Söz musiqidən daha önəmlidir. Allah hər birimizin içinə bir az parlaqlıq qoyub. Kim onun üstünü cilalasa, daha çox seviləcək.

Bəs bəxt?

Mənim 15 illik çəkdiyim əziyyətin nəticəsində götürdüyüm bəhrəni kimsə 15 dəqiqəyə götürə bilər. Bax buna deyərəm bəxt. Bəxtin ömrü uzun da ola bilər, qısa da.

– Siz meyxana ilə başlamısınız. Amma meyxanadan yaxa qurtarmaq da çətin məsələdir...

– Biz niyə meyxanadan yaxa qurtarmalıyıq?

– Son illərdə ard-arda meyxanaçıların gənc yaşda ölümləri, meyxanaya sənətdən başqa faciə donu da geyindirdi.

Ona qalsa Məlik Dadaşovun da ölümü faciəvi olub. Bunun meyxana ilə əlaqəsi yoxdur. Biz meyxananı istəmirik, gözümüz götürmür? Biz bunu niyə istəmirik? Ya bizə sənət kimi dəyər verin, ya da bizə dəyməyin. Meyxana artıq sənətə çevrilib. Azərbaycan var olduqca, meyxana da var olacaq.

– Meyxanaçıların kitabları indi-indi çıxmağa başlayıb. Demək ki, onlar özləri də buna qeyri-ciddi yanaşıblar...

– Bu xalqın sənə verdiyi dəyərdir. Vəfat etdikdən sonra kitabını çıxarırlar, heykəlini ucaldırlar. Əgər meyxanada pis vərdişlər var deyiriksə, mən də deyə bilərəm ki, pis vərdişləri olan idmançı da var, jurnalist də, sürücü də, şair də. “Oğlum, meyxanaçı olma, orda pis vərdişlər var”. Sən əminsən ki, oğlun həkim olsa pis vərdişlərdən uzaq olacaq? Bu sığortalı məsələ deyil. Mənə ayının və ya dayının tərəfində yox, düzün tərəfində olmağı öyrədiblər. Gəlin, indi əks tərəfini deyək: meyxana pis sənətdir, lazımsızdır. Adama deyərlər ki, əsaslandır. Adətən, bu kimi məclislər axşam olur. Toylar, ad günü məclisləri...

– Qadınlı-kişili. Amma meyxana məclislərində qadınlar olmur. Hətta meyxana deyən qadınları da tənqid edirlər...

– İndi meyxana desəydim, bu haqda fikir bildirərdim. Sənətin yanındayamsa, nəsə deyə bilmərəm.

– Niyə içində deyilsiniz?

Meyxanaçı dostlarım da var, münasibətdə olduqlarım da. İçində ona görə deyiləm ki, meyxana demirəm. Ona görə yanındayam ki, meyxanaçılarla bir camiədəyəm.

– Meyxana, həqiqətən, təblə bağlı məsələdir? Bunu başqa şeylərlə də bağlayırlar.

Təbin özü əhval-ruhiyyədir. Yaxud buna kimsə Allah vergisi deyə bilər. Mən vergili olmamışam. Mexanizmi bilmişəm. Təbii ki, meyxananın başqa şərtləri var. Mənə meyxananı hazırcavablıq sevdirmişdi. Meyxanaya vurğun olduğum vaxtlarda sadaladığınız neqativ şeyləri görməmişdim. Zaman gəldi, gördüm ki, yox, insanın ömründən gedir. Çəkildim kənara, keçdim əruza, klassik ədəbiyyata. Ona da bir az zümzümə qatdım, oldum Aydın Sani.

– Bəs dinə münasibətiniz necədir?

Din anlayışı mənim üçün heç nəyə qarışmır. Nə işimə, nə ailəmə, nə əyləncəmə. O mənim özümlə Allahın arasında olan münasibətdir. Mən çox sevindim ki, Vətən müharibəsində uşaqlarımız “ay ana”, “ay ata”, “ay Allah” deyərək yox, “ya Hüseyn”, “ya Əli” şüarları ilə hücuma keçirdilər. Bu Azərbaycan gəncləri üçün çox böyük örnək oldu. Döyüşə girəndə kişi adı çəkməlisən.

Din mənim üçün Allahla aramda olan şəxsi əlaqələrdir. Mən pis gün yaşayanda ona deyirəm ki, niyə belə edirsən? Dosta necə müraciət ediriksə, Allaha o cür müraciət edirəm. Bu mənim içimdən gəlir. Mən qəlbimdəki bütün kartları Allaha qarşı açıram. O isə, əlbəttə, gizli saxlayır.

– Möcüzə görmüsünüz?

Allah Aydın Xırdalanlıya rəhmət eləsin. Bir dəfə demişdi ki, Günəşin hər gün batıb-çıxması möcüzədir, sadəcə hər gün görürük deyə adiləşib. Qarşımda düşünən, qidalanan, tənəffüs edən, danışan varlıq oturub – biz isə ona insan deyib keçirik. Həyatın hər anı möcüzədir.

– Məşədibaba, Aydın, Vüqar, hamısı getdi. Bu gedişlər sizə necə təsir etdi?

Məşədibaba haqqında Kərimdən cəmi bir kəlmə söz eşitmişdim. Demişdi ki, Məşədibabanın təbi bizi əlimizə kitab almağa məcbur etdi. Aydın böyük itki idi. Çox qəribə bir şey var, insan itirəndən sonra da anlamır. Bir müddət keçəndən sonra anlayırsan ki, nəyi itirmisən. Vüqarın ölümü çox təsir etdi, çox. Birincisi gənc kimi, ikincisi ruhani kimi, üçüncüsü ədəbiyyatçı kimi onun ölümü çox təsir etdi. Xüsusiyyətlər nə qədər çoxdursa, gözümüzün yaşı da bir o qədər çox axır. Vüqar üçün sızlamayan qəlb olmadı. Vüqar hamının demək istədiyi, lakin, heç kimin deyə bilmədiyi sözləri deyirdi. Allah ona qəni-qəni rəhmət etsin.

Vida mərasimində aktyorlar yola salınanda digər aktyorlar necə kədərlənir? Eyni məsələdir. Fərq budur ki, onların binası var, bizim binamız yoxdur. Biz elə qapıdan vidalaşırıq. Meyxana özlüyündə həm təbiilikdir, həm rəqabətdir, həm fenomendir. Pis şagird olur, pis məktəb olmur. Mən oxumuramsa, məktəb nə edə bilər? Əlbəttə, biz süddən çıxmış ağ qaşıq deyilik, amma palçığın da içində deyilik.

– Aydın Xırdalanlı vəfat edəndə Azər Sani demişdi ki, insanı o biri dünyada şeirlə, qəzəllə mühakimə etmirlər. Bu fikir birmənalı qarşılanmamışdı.

O müsahibədə Azər Sani demişdi ki, mənə dost kimi sual verirsiniz, yoxsa ruhani kimi? Ruhani kimi cavab verdiyi üçün belə də olmalı idi. Yox, əgər dost kimi danışsaq, elə bilirsiniz ki, Aydın Azər Sani üçün balaca itki idi? Bir yerdə o qədər hönkür-hönkür ağlamışıq ki. Bunu ictimaiyyət görməyib, əlbəttə, kişi öz göz yaşlarını gizlətməlidir. Aydın Xırdalanlı Azər Saninin bağının ilk meyvəsi idi.

– Ümumiyyətlə, çox ağlamısınız?

Yox. Ağlamağım gələndə gözümü qaçırmışam. Amma elə an da olub ki, adi bir nəfər yıxılanda halına acımışam, gözümdən yaş gəlib.

– Bəlkə “kişi ağlamaz” ifadəsi ağlamağınıza mane olur?

Kişi sütundur. Sütun ağlasa, zəif olsa, nə olar? O sütun gözündən yaş axıtsa, büdrəyə bilər. İnsan kimi insanıq, ağlaya bilərik. Amma çalışmışıq ki, onu gizlədək. Ağlamaq qadınlar üçün daha asandır. Adicə xətrinə dəyən kimi yanında ağlayır.

– Qadınlara münasibətiniz necədir?

Qadın var ki, yanımdan keçsə elə bilərəm külək əsdi. Qadın da var ki, yanımdan keçsə, ona təzim edərəm. Qadın mənim üçün məxluqatdan ötə bir şeydir. Cəmiyyətdə qadınlarla yarıbayarıyıq. Üzdən deyə bilərik ki, qadın bacıdır, qadın anadır. Amma dərindən düşünəndə deyə bilərəm ki, qadınlar Allahın lütfüdür. Qadın həm lütfdür, həm də dərd. Qadının bəla tərəfi də var. Allaha şükür ki, biz hələ onun bəla tərəfini görməmişik.

– Bəla?

Bəla, əslində, insanın yetişməsi üçün yaxşı vasitədir. Amma əziyyəti də, şiddəti də, bezdirməyi də var. Bəzən lütfündən elə şeylər görürsən ki, sadaladıqlarımı unutdurur. Bu da çox qəribədir.

– Mahnılarınız ünvanlı olur?

90% obrazdır. Tərk edilmiş adam obrazına girib o nəzərdən nəsə yaradıram. Əlbəttə, özümdən də nəsə qatıram. Amma “bu mahnını filan qız üçün yazmışam” kimi şey yoxdur. Yaşantım elə də zəngin deyil, hamı kimiyəm. Özümü tərk edilmiş adamın yerinə qoyub mahnı təqdim etmişəm. Görün nə qədər musiqi var? Bu qədər musiqinin hamısında yaşantı olsa, mən məhv olaram, yaşaya bilmərəm. Ordan elə cümlələr, misralar deyə bilərəm ki, heç kim o ağrını bir gün belə çəkə bilməz. Fəxr edirəm ki, belə inandırıcı obrazlar yarada bilmişəm. Hər dəfə yazırlar ki, “siz bizim həyatımızı hardan bilirsiniz?”. Hansısa obraz yaradıram və o obrazın yaşantıları kiminsə həyatı ilə üst-üstə düşür. Mən reallıqda həsrət çəkən adam olmamışam.

– Sevmisiniz?

– Əlbəttə. Bu gün də sevirəm. Sevgidən bəxti gətirməyən həyat tərzim olmayıb. Bayaq bir sual vermişdiniz ki, “sizi niyə sevirlər?”. Demək ki, onlar məndə özlərini tapa biliblər. Son vaxtlar belə şeylər çıxır qarşıma ki, insanlar özləri kimi adamlar axtarırlar. Niyə belə şey istəyirsən ki? Sən mükəmməlsən, hər şeyi bilirsən? Hər bir fərdin içində bir “mən” var, həmin “mən” imkan verməyəcək ki, özün kimi beş nəfər adam tapasan. Həmin beş nəfərin də axtardığı ayrı beş nəfər var.

– Yazmaq, oxumaq, özünü ifadə etmək sizi rahatlaşdırır?

İnanmıram. Fanilikdən qaçmaq üçün nə etsək faydasızdır. Əvvəllər bir arxayınlığım var idi, sonradan qorxdum. Qorxdum ki, yadda qalmaram. Gördüyümüz işlər xırda işlərdir. Dünya səviyyəsində yadda qalmaq üçün bir şey etməmişəm. Ancaq Azərbaycan üçün, o da, “bir zamanlar filankəs var idi”, vəssalam. Ürəyin varsa, kim olursan ol, yadda qalacaqsan. Məsələn, Hacı Zeynalabdin Tağıyev. Azərbaycan durduqca o yaşayacaq. Əgər yaradıcılıq kimi baxsaq, səxavətli olmağı onun yaradıcılığıdır. Yazdıqca fanilikdən xilas ola bilmirəm. Dön bir arxaya bax, əgər iddian kişilik iddiasıdırsa, get özündən əvvəlki kişilərə bax. Bəstəkarlıq iddian varsa, dön bir arxadakı bəstəkarlara bax. Şairlik iddian varsa, dön bir arxaya bax, elə Füzulinin kölgəsində qalarsan.

– Onda yaradıcılıq özünü aldatmaqdı?

Buna nə ad qoyursunuzsa, qoyun. Özümüzdən əvvəlkilər kimi ola bilməyəcəyik. Hərdən zəng gəlir, gedirsən filan toyda oxuyursan. Əlbəttə, bəzi məclislərə düşmək üçün sevilməlisən, tanınmalısan. Getdin, 5-3 manatını qazandın, qarderobunu yenilədin, vəssalam. Bundan başqa sən kimsən axı? İnsanlar düşüblər ən yeni “iPhone” ardınca. “iPhone” smartfonunu ixtira edən adam özü cəmi 4 “iPhone” görüb. Bu özündən sonra iz qoymaqdır? Elə dövr gələcək ki, “iPhone” tarixə qovuşacaq. Amma insanlar belə şeylərdən əl çəkə bilmir.

– Mikayıl Müşfiqin məşhur şeirindəki kimi...

– O şeir məni doyuzdurmayıb. Hər şeyin bir dəfə olması fikri ilə razı deyiləm.

– Kimləri oxuyursunuz?

– Son zamanlar çox oxumuram. Amma stolüstü müəlliflərim var. İlqar Fəhmidir, Ramiz Rövşəndir, Salam Sarvandır. Klassiklərdən Füzuli, lap darıxanda Seyid Əzim Şirvani.

– Mahnılarınız oxşardır deyirlər. Üslubunuzu dəyişmək istəmisiniz?

– Heç vaxt hansısa kateqoriyaya iddialı olmamışam. Yalnız söz iddiam olub. Ədəbiyyata yiyələnmişəm, ustadımız Azərlə birlikdə. Amma musiqi qapısı döyməmişəm. Hərdən irad tuturlar ki, niyə bilmirsən? Deyirəm, nə olsun, dünyayı lərzəyə gətirən Bitlz qrupu not bilməyib. Təbii ki, bilməyim mənim üçün müsbət haldır, amma belə də keçinə bilərəm. Əslində, bilmirlər ki, mən sadəcə söhbət etmək istəyirəm. Bu gün şikəstə oxuyanlarımız, zildən oxuyanlarımız var. Amma mən onları başa düşmürəm. Bəlkə də, elə oxumalıdırlar, amma mən eşidə bilmirəm.

Aydın olmaqdan çıxmaq istəmirəm. Qəribə mahnılar yazdırırıq. Yəni ritmə düşən mahnılar. O cür mahnılarım Yutubda yoxdur. Sırf məclislərdə oxuyuram. Axı insanların şad günündə qəmli mahnılar oxumaq olmaz, onlar məni yasa çağırmayıblar ki?!

Bir də ki, biz “Yanıq Kərəmi”ni necə oynayırıq, o cür faciəni? Ya da, “Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam”. Bu mahnıya necə oynamaq olar?

– İnsan xoşbəxtliyi nə vaxt itirə bilər?

– Gecə yerinə girəndə beş dəqiqə yuxu dəmində olursan ha, orda düşünürsən ki, mən bu gün nə elədim? Bax həmin məqamda bütün insani, qeyri-insani xüsusiyyətlərinizi, müsbətləriniz mənfilərinizi üstələyirsə, rahat yatın. Bu balansı itirdikdə, xoşbəxtlik də itir.

Övladlarım yanımdadır, ata-anam sağlamdır. Kiçik şeylərlə xoşbəxt olmağı bacarmışam. Bir dəfə Azər Saniyə dedim ki, Azər, bir nəfərə 5-3 manat kömək elədim, gözlərini görəndə çox sevindim. Azər dedi ki, gərək gözlərinə baxmazdın. Utana bilərdi. Xoşbəxtlik – o bir andır.

Söhbətləşdi: Samirə Əşrəf, Mehdi Dostəlizadə

Foto: İlkin Nəbiyev

# 8924 dəfə oxunub

Müəllifin son yazıları

# # #