Aybəniz Haşımova: "Bu mənim son müsahibəmdir" - Müsahibə

Aybəniz Haşımova. Əməkdar artist

Aybəniz Haşımova. Əməkdar artist

28 mart 2022
# 09:00

Kulis.az müğənni, Əməkdar artist Aybəniz Haşımova ilə müsahibəni təqdim edir.

- Aybəniz xanım, üç ixtisasınız var. Bunların içərisində şairlik qabiliyyətinizin olmasını heç vaxt qabartmamısınız.

- Heç indi də qabartmıram. Mənim əsərlərim var. Onları səhnələşdirmək də istəyirdim. On bir yaşımdan artıq yazmağa başlamışam. Yazmaq da mənə yəqin ki, genetik olaraq keçib. Çünki atam sinə dəftər idi. Vahid Əziz mənim anamın bibisi oğludur. Bacım Şahnaz xanım isə xanəndə olması ilə yanaşı şeirlər də yazıb. Onun bir neçə şeirlər kitabı işıq üzü görüb. Bütün bunlardan əlavə də mən mütaliəni və insanlarla ünsiyyətdə olmağı, onlarla söhbət etməyi sevirəm. Onları dinlədikdən, taleləri ilə tanış olduqdan sonra gedib onlardan nələrsə yazıram. Orda təbii ki, özüm də varam.

- Sizcə nə baş verdi ki, bizim musiqimiz indiki vəziyyətə düşdü, bugünkü musiqiləri dinləmək dözülməz, bayağı müğənniləri izləmək isə əzaba çevrildi?

- Son dönəmlər müxtəlif sosial şəbəkələrin yaranması imkan yaratdı ki, hər bir kəs bacardığı hər nə varsa, onu sosiallaşdırsın və gündəmə gətirsin. Bu formada məşhurlaşan insanlar çox oldu. Amma bu gün Azərbaycan incəsənətində yetəri qədər musiqimizə xidmət edən sənət adamlarımız və onların davamçıları var. Ona görə də düşünürəm ki, sualınızdakı narahatlığa əsas yoxdur. Çünki Azərbaycan incəsənəti yeni nəslin və incsənətimizə xidmət edənlərin, əsl sənətkarların sayəsində yaşayır.

- Bəs zövqü kim formalaşdırır?

- Təqdimatçılar zövqü formalaşdırır və öz tamaşaçı küləsini ardınca aparır. Bu səbəbdən də təqdim edəcəyimiz hər nə varsa, çox diqqətlə düşünülməlidir.

- İndiki nəsli sizin dövrlə müqayisə edəndə xeyli dəyişən düşüncə tərzi sizi narahat etmir?

- Düşüncə dəyişməyib. Hər dövrün özünə məxsus seçimləri var. Hər kəs həyatı öz arzuladığı kimi seçir. Mənim şəxsən özümə bu sualı verdiyiniz üçün deyim ki, mənim də seçimim belədir, bu istiqamətdir. Mən əsl musiqinin və onun təmsilçisinə çevrilmək istəyirəm. Bu da mənim seçimimdir. Tarixdə qalmaq, yaşamq mənə zövq verir. Şövkət xanım, Sara xanım, Rübabə xanım, Arif müəllim və adlarını böyük siyahıda çəkə biləcəyim əsl sənət fədailəri kimi. Bu da mənim həyat prizmamdı. Mən bunu sevirəm. Tarixdə onlar kimi yaşaya bilərəmsə, nə xoş mənim halıma.

- Aybəniz xanım, iki cür məşhurluq var: bir var məşhur olub sevilmək, bir də var məşhur olub sevilməmək...

- Sənətdə iki kateqoriya var: tanınanlar və tanınıb sevilənlər. Xoşbəxt o adamdır ki, həm tanınır, həm də sevilir. Mənim üçün insanların, xalqın yanında olmaq, onların sevgisini görmək, onların sevgisi ilə böyümək məni daha çox yaşadır. Bundan böyük stimul alıram. Xalq mənə sevgi verməkdən başqa nə pislik edə bilər? Bu xalq ancaq məni öpüb qucaqlayır, bağrına basır, zamandan zamana aparır, yaşadır. Bunun üçün ömrümün sonuna qədər xalqa minnətdaram. Məni yaşatdıqları üçün nəinki ömrümün sonuna qədər, hətta dünyadan gedəndən sonra da, ruhum onlara minnətdar olacaq.

Gənclər mənə sevgisini bildirəndə, çox sevinirəm. Bilirsiniz niyə? Ona görə ki, mənim dövrümün insanı məni onsuz da tanıyır, mənimlə böyüyüblər, yaşlanıblar. Amma gənc nəslin məni tanıyıb sevməsi başqa aləmdir. O zaman dünyanın yeddinci qatında oluram.

Bilirsiniz ki, 1979-cu ildən səhnədəyəm. Hətta səhnəyə gəldiyim gün hamı məni Şahnaz xanımın qızı kimi tanıdı. Sonralar qarşıma məqsəd qoydum ki, elə bir ifaçıya çevrilməliyəm ki, məni öz adımla tanıyıb, sevsinlər. Çünki kölgədə yaşamaqdan heç xoşum gəlmir. O gündən bu günə qədər elə bir günüm yoxdur ki, öz üzərimdə çalışıb, yeniliklərə nail olmayım. Çalışıram ki, hər dövrün, hər nəslin nümayəndəsi mənim ifamı sevib, məni ürəklərində yaşatsınlar. Ümumiyyətlə, erkən yaşda sənətə gəlməyimə baxmayaraq, o dövrdə də bir amalım vardı: sətirlərdə yox, könüllərdə yaşayım.

- Şahnaz xanımdan danışdınız. Bacınız sizin sənətə gəlməyinizi istəyirdi?

- Xeyir, istəmirdi. Şahnaz xanım biləndə ki, mən Bakıya Bülbül adına musiqi məktəbinə oxumağa gətirilirəm, qəti surətdə valideynlərimə etirazını bildirdi. Körpədi, Bakıda gedib, necə yaşayacaq, axı o çox əziyyət çəkər, musiqiçi olmaq böyük məsuliyyətdi dedi. Ancaq mənim Bakıya gəlməyim, heç mənim də istəyimlə verilən qərar deyildi. Bu dövlətin, o, dövrün, mərkəzi komitənin birinci katibi Ulu Öndər Heydər Əliyevin şəxsi sərəncamı əsasında verilən dövlət layihəsinə uyğun qərar idi. Layihəyə əsasən tək mən yox, Azərbaycanın bütün regionlarından istedadlı insanları seçib Bakıya gətirmək, onlara təhsil vermək və oxutdurmaq lazım idi. Azərbaycanın görkəmli sənətkarları bu sərəncam əsasında ölkənin bütün regionlarına göndərilmişdi. Və seçimlər arasında on mindən çox seçilən yeniyetmənin doqquz nəfərindən biri mən idim ki, mən də bu seçimdən sonra Bülbül adına məktəbdə oxumaq şərəfinə nail oldum. Orada dahi sənətkarımız Şövkət Ələkbərovanın muğam sinfinə daxil oldum. Onun ilk tələbələri sırasında üç qızdan biri idim. Bir müddət sonra məktəbimizin direktoru rəhmətlik bəstəkar Nazim Əliverdibəyovdan bəstəkarlıq dərsləri aldım. Nazim müəllim Üzeyir Hacıbəyovun müəllimi Ağalar bəy Əliverdibəyovun oğlu idi.

- O dövrlərdə siz qastrollara çıxır, festivallarda iştirak edə bilirdiniz?

- Bütün dövlət konsertlərində, dünyada keçirilən ümumdünya və beynəlxalq festivallarda, müsabiqələrdə ölkəmizi təmsil edirdim. Azərbaycana qayıdanda, Sovet İttifaqında çap olunan qəzetlərin uğurlarımı işıqlandırması məni göylərə qaldırır və irəli getməyə həvəsləndirirdi. Burda böyük bir faktor da vardı ki, Şahnaz xanımın bacısı olmağın məsuliyətini bir an olsun yaddan çıxarmırdım. Məqsədim Şahnaz xanımın gələcəkdə mənimlə fəxr etməsi idi. Azərbaycan incənətində adı böyük hərflərlə yazılan dahi Niyazi, Gularə Əliyeva, Tofiq Quliyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Hacı Xanməmədov, Oqtay Kazımi, Emin Sabitoğlu kimi əvəzsiz insanların əsərlərini ifa etmək, onlarla birgə əməkdaşlıq etmək, onların səsimə yazmış olduqları mahnıları sevə-sevə oxumaq və xalqın sevimlisinə çevrilmək, həyatmın ən böyük uğuru idi.

Hələ yeniyetməlik illərində gənclərin on ikinci ümumdünya festivalının dimplomantı oldum. Ardınca Lenin Komsomolu mükafatına layiq görüldüm. 1985-ci ildə isə Üzeyir Hacbəyovun 100 illik yubileyində həm Azərbaycanda, həm də Moskvada böyük teatrda Şövkət xanımla yanaşı, ustadım Arif Babayevlə “Leyli və Məcnun” əsərində Leylinin partiyalarını oxumaq şərəfinə nail oldum.

- Çox az adam bilir ki, siz filmə də çəkilmisiniz...

- Hə. 85-ci ildə Tacikfilmin istehsalı olan “Şirəli və Aybarçin” filmində Azərbaycanlı şəhzadə obrazına dəvət aldım. Filmdə tərəf müqabilim şah obrazının ifaçısı təkrarsız şairimiz Nüsrət Kəsəmənli idi. Bundan sonra kinorejissor Tofiq İsmayılovun “Sürəyya” filmində dahi bəstəkar Tofiq Quliyevin musiqilərini Moskva kinomatoqrafiya birliyinin simfonik orkestri və baş drijoru Skripkanın müşayiəti ilə filmə yazılmış bütün nəğmələri ifa etdim. Təhsil aldığım dövrdə Azərbaycanın xalq artisti Fikrət Verdiyevin rəhbəri olduğu Gəncənin məşhur “Göy-göl” ansanbılı ilə birlikdə Azərbaycanı qarış-qarış gəzərək, konsertlər verdik.

- Bəs “Dan ulduzu” ansanblının rəhbəri, mərhum Gülarə Əliyevanın ansamblına gəlişiniz necə oldu?

- 1984-cü ildə günlərin birində axşam saatlarında Bakıda kirayədə qaldığım evə zəng gəldi. Zəng edən gözəl müğənnimiz Firuzə İbadova idi. O, mənə dedi ki, Gülarə xanım Əliyeva səni çox bəyənib və səni öz ansamblında görmək istəyir. Həyatımın ən xoş xəbərlərindən biri idi. Elə bildim, sanki dünyanı mənə bağışladılar. Çünki o dovrdə “Dan ulduzu” ansamblında hər müğənni dəvət alıb solist kimi fəaliyyət göstərə bilmirdi. Təsəvvür edin ki, səkkizinci sinif şagirdi üçün bu nə böyüklükdə nailiyyətiydi. Mən bunun məsuliyyətini yaxşı dərk edirdim. Gülarə xanıma zəng etdim. O, mənim səsimi eşidəndə, təsəvvür belə etməzdim ki, o qədər sevinəcək, məni evinə dəvət edəcək. Səhəri gün Gülarə xanımgilə getdim, o, mənə ansambılı ilə oxumaq üçün repertuar təyin etdi. Həmin mahnılar mənim həyatımı tamamilə dəyişdi. Onunla ilk solo konsertim, sonralar isə hər ayın bir günü dövlət televiziyasında lentə alınan solo konsertlərim həyatmın ən böyük hadisələrinə çevrildi. Oxuduğum mahnıların sədasından küçədə gəzə bilmirdim. Hara gedirdimsə, hər kəs mənim oxuduğum mahnıları sevgi və ehtiramla mənə oxuyurdu. Bu məni daha da həvəsləndirirdi.

Gülarə xanım həyatımın silinməz ana obrazıdı. O, mənə Bakıda ailəmi bütünlüklə əvəz edirdi. Mən ondan övladı, vətəni, milləti necə sevirlər onu öyrəndim. Ondan qəlblərdə yaşamağa öyrəndim. Gülarə Əliyeva mənim qəlbimdə elə qaldı ki, elə “Qəlbimdə qaldın” nəğməsinə çevrildi.

- Sizi güclü qadın adlandırmaq olar?

- Nə bilim. Kənardan necə görsənirəm? (gülür) Dediyiniz o güclü qadının çox güclü nəğmələri var idi. Mən zəif qala bilmzdim.

- Səhnənin sehri nədə idi ki, sizi təmənnasız xoşbəxt edirdi?

- Tamaşaçı. Səni sevən və anlayan tamaşaçı bu xoşbəxtliyi təmin edir. Sənətçi axı tamaşaçı üçün oxuyur. Əgər tamaşaçı onu ifasına görə alqışlayırsa, bu böyük səadətdir. Mən bu hissi illərlə yaşamışam, indi də yaşayıram.

- Nələri sevmirsiniz?

- And içməyi və özümü isbat etməyi. Allah məni hər kəsdən yaxşı tanıyır. Və cavab verəcəyim bir tək Allahımdır. Ömrüm boyu bütün yaşadıqlarıma görə yalnız Allahıma cavab verəcəm. Onun üçün də getdiyim bu ömür yolunda çalışıram ki, lənət qazanmayım, rəhmət qazanım.

- Qarışqa zəhmətkeşliyi var sizdə...

- Elədir. Mən dayanan adam deyiləm. Bir gün nə zamansa əlbəttə ki, dayanacam. Amma işi sevirəm. Tələbələrimlə məşğul oluram. Bəzən məktəbə səhər 10-da girib, axşam 10-da çıxıram. İnan elə olur ki, gün boyu yadıma yemək düşmür. İşimdən, sənətimdən zövq alıram.

Mən hər hansı peşədə olsaydım, onun ən yaxşısı omağa çalışardım və çalışıram da. Bir də ana olsaydım, ən yaxşı ana olardım... Təəssüf ki, ana ola bilmədim.

- Niyə elə düşünürsünüz?

- Yəni tam ana ola bilmədim, məcbur olub həm də ata oldum. Həm ata, həm anaya isə ana deməzlər. Ana mənim kimi kobud olmur, zərif olur. Ana uşağına acıqlı baxmaz, kəskin dayanmaz. Ana hər şeydə incə olmalıdır. Amma mən məcburiyyətdən evimin qapıçısı, keşikçisi oldum. Keşiyi qadın yox, kişi çəkər. Qadın beşik başında keşik çəkər. Amma mən qapımın arxasında keşik çəkmişəm. Bunlar çox fərqli şeylərdi.

- Ağıl güc gələndə udursunuz, ya ürək?

- Ürəyin ağlı olmur. Heç vaxt ürəyinizə qulaq asmayin. Ağılla hərəkət edin. Birdən ürək səni elə peşman edir ki, dünyaya gəldiyinə üzülürsən.

- Şövkət Ələkbərovanın tələbəsi olmusunuz. Onun tələbələri çox olub. Amma nədənsə, adı sizinlə daha çox hallanır. Bəlkə siz onu daha çox xatırlayırsınız, ondandır?

- Yox, elə sağlığında da elə idi. Mən həmişə ürəyimdə deyirdim ki, Şövkət xanımın ən sevimli tələbəsi olmalıyam. Mən eşidəndə ki, Şövkət xanım xəstələnib, dərhal dərsdən çıxan kimi onun yanına qaçırdım. Mənə deyən yox idi ki, belə elə. Amma mən edirdim. Şövkət xanımı müəllimim kimi yox, ana kimi sevmişəm. Xəstələnəndə, saatlarla onun qapısının ağzında ac-susuz otururdum ki, o, məni qəbul eləsin, görüm o, necədir. Bəzən həkimlər yanına buraxmırdılar, müayinə edirdilər. Ona da deyirdilər ki, tələbən Aybəniz gəlib qapıda səni gözləyir. Özü də bu bir dəfə olmadı, səkkiz il davam elədi. O, dünyadan köçənə qədər bu davam elədi. Şövkət xanım, bu sevgiyə necə inanmaya bilərdi? Hətta mən Şövkət xanımın dərslərini bitirib konservatoriyaya daxil olandan sonra da, ona olan bu sevgim azalmadı, daha da çoxaldı. Şövkət xanımın bəzi tələbələri onun sinfini bitirdikdən sonra başqa müəllimlərdən dərs alırlar deyə, birdən o müəllimə xoş gəlməz deyə bir məclisdə Şövkət xanımı görəndə, ona salamı dili ilə yox gözü ilə vermişdi. Bundan bərk əsəbləşən Şövkət xanım gecə ilə komaya düşmüşdü, onu xəstəxanaya aparmışdılar. Şövkət xanım həmin tələbənin qarnına yemək, əyninə paltar, ayağına corab olmuşdu.

Bütün bunları mən Şövkət xanımın yanına gedəndən sonra özü mənə danışmışdı. Hətta demişdi ki, get, ona de, nə etmişəmsə, onun burnundan gəlsin, haramı olsun. O boyda Şövkət xanım yalan deyəsi deyildi. Həmin müğənni bu gün dövlətdən hər şey alıb, amma bir dəfə Şövkət xanımın məzarı üstünə getməyib. Heç olmasa halallıq almağa... Bu dünyada ən böyük qazancımız halallıqdır. Çünki hamımızın getdiyi son yer qəbirdi. O, müğənni görəsən, qəbirdə rahat yata biləcəkmi?

Mən yadınıza gəlirsə, “Xalq ulduzu” müsabiqəsində münsif idim. O vaxtlar yaxşı ifa etməyənlərə irad bildirdiyim üçün sonradan peşman olurdum. Vicdan əzabı çəkirdim. Fikri bildirməyəndə də deyirdilər, yəqin iştirakçılardan rüşvət alıb.

- Siz şəxsi müstəvidə etmirdiniz axı.

- Yox, gərək etməzdim. Təklikdə çəkib iradlarını deyərdim. Camaatın içində insanı pərt etmək olmaz. Günahdı. Təklikdə deyilən irad adamı küsdürmür, bəlkə də daha da doğmalaşdırır. Yenə də Şövkət xanımı xatırlayıram. O qədər mehriban, gözəl insan idi ki, sözlə ifadə etmək çətindir. Onun qapısından kim içəri girirdisə, onu ac yola salmazdı. Xasiyyəti belə idi. Mən tələbələri yedirdib, sonra dərs keçməyi ondan öyrəndim. Plovu onun sayəsində sevmişəm. Övlada məhəbbəti də ondan, Gülarə xanımdan öyrənmişəm. Çünki onların yanında böyümüşəm. On iki yaşımdan sonra evimizdən çıxmışam, ailə üzü görməmişəm. Onlar burda mənim ailəm olub.

Və yaxud da Firuzə İbadova. O, mənim nəğmələrimdə yaşayan sevgimdi. Hərdən deyirlər ki, Aybəniz filan mahnını oxuyanda kimisə yadına salır. Heç kimi yadıma salmamışam (gülür). Sadəcə Firuzə xanımı gözümün qarşısına gətirmək kifayət edir ki, o nəğmələri sevə-sevə ifa edim. Bir əsas məqama görə də ömrümün sonan qədər Şövkət xanıma minnətdaram ki, Mustafa Çəmənlinin Şövkət xanım haqqında yazmış olduğu “Oxu, gözəl” kitabında yegan tələbəyəm ki, Şövkət xanım bu kitabda mənim adımı çəkib. Ona tələbələrindən kimin adını çəkə bilərsən sualı verildikdə, o, mənim adımı çəkmiş, öz layiqli davamçısı kimi gördüyünü demişdi. Bu da təbii ki, tələbəsi kimi məni dünyanın ən xoşbəxt insanı etmişdi.

- Şövkət xanımın taleyindən, həyatından gələn üzdə xəfif, daxildə dərin kədəri, nisgili vardı. Bu onun mahnılarında da hiss olunurdu.

- Şövkət xanımın taleyi ikinci dünya müharibəsi dövrünə rast gəlmişdi. Qardaşları müharibədə həlak olmuşdular. O, həmişə onların dərdini çəkə-çəkə, qardaşlarının övladlarını böyütmüşdü. Hətta Şövkət xanımın anası onun qucağında dünyasını dəyişmişdi. O zamandan da o, qorxusundan şəkər xəstəliyinə tutulmuşdu. Sonrakı illərdə Şövkət xanımın ömür gün yoldaşı Lətif Səfərovun faciəli şəkildə ölümü, ardınca da gənc yaşında qızı Natellanın dünyadan ağır xəstəliklə köçməsi ona çox böyük dərd olmuşdu. O, qızının ölmündən sonra cəmi bir il yaşadı. Qızının birinci ilini verdiyi günün səhəri fevralın 6-da Şövkət xanım dünyasını dəyişdi. O, qızına yas tutduğu dövrdə mənim başıma hansı faciələrin gəlməsindən xəbərsiz idi. Xəstəliyinin ən ağır vaxtlarında, ömrünün son günlərində isə o, gəlininə deyirmiş ki, Aybəniz belə vəfasız deyildi, Aybənizə nə isə oldu...

1992-ci ilin əvvələrində musiqi rəhbərim Gülarə xanım Əliyevanın faciəvi ölümü, ardınca öz şəxsi həyatımın faciəsi, sonunda da Şövkət xanımın itkisi həyatımı büsbütün qaraltmışdı. 92-ci ilin əvvəllərində, 96-cı ilə qədər ömrümün ən çətin dövrlərini, ən ağrılı illərini yaşamışam. İllərlə xəstəxanalarda həyat mücadiləsi aparmışam. Aldığım mənəvi stresslər məni ölümə sürükləyirdi. Ta ki, Məmməd Arazın yubiley ərəfəsinə qədər.

- Həmin yubileyin video yazısına baxmışam. “Kim uduzdu, kim uddu” mahnısını ifa edəndə, ağlayırsınız. Tamaşaçılar da sizə qoşulub ağlayır...

- Çox ağır xəstə idim. Qanımda zəhərlənmə gedirdi. Hər gün qanım yuyulur, mən isə sağalmaq bilmirdim. Xəstəxanada mübarizə apardığım günlərdə evdən mənə xəbər gəldi ki, Məmməd Araz yubileyində onun sözlərinə yazılmış “Kim uduzdu, kim uddu” mahnısını mənim ifamda dinləmək istəyir. Konsertdə ulu öndər Heydər Əliyev iştirak edəcəkdi. Mənim ağır vəziyyətdə olmağm barədə Heydər Əliyevə xəbər veriləndə o, inana bilmir. Deyir ki, mən inana bilmirəm ki, o, bu qədər ağırdır. Aybəniz həmin gün səhnədə oxuyacaq. Mənim bu istəyimi ona çatdırın. Baxmayaraq ki, ayaq üstə zorla dayanırdım, yenə də güc toplayıb konsertə getdim.

Bu cür konsertlərdə Şövkət xanım, Gülarə xanım, Vasif Adıgözəlov məni lojadan izləyərdilər. “Kim uduzdu, kim uddu” mahnısını oxuyan zaman birdən gözüm zala sataşdı. Onların yerini boş, Heydər Əliyevin də mənə çox qəmgin-qəmgin baxdığını gördüm. Özümdən asılı olmadan zülüm-zülüm ağlamağa başladım. Səhnədən çıxıb pərdəarxasına keçən zaman Polad Bülbüloğlu və keçmiş səhiyyə naziri mənə yaxınlaşdılar. Polad Bülbüloğlu mənə dedi ki, Heydər Əliyev sənin vəziyyətindən narahat olub, deyir, gedin görün, o, qızın dərdi nədir, niyə o günə qalıb. Biz sənə nə kömək edə bilərik? Mənim isə ürəyimdə ümidim bir Allaha qalmışdı deyə, onlara təşəkkür etməkdən başqa çarəm qalmamışdı. Sən demə hər qaranlıq gecənin bir sabahı da var imiş.

- Toya gedən müğənnilərə necə baxırsınız?

- Sovet dövründə toya gedən müğənniləri efirə buraxmırdılar. Və bu səbəbdən də o dövrün bütün sənətkarları bu dünyadan maddi cəhətdən kasıb köçdülər. Toya gedən insanları da qınamaq olmaz ki, niyə gedirsən? Çünki bu adamın musiqi sənətindən başqa sənəti yoxdur. Təəssüf ki, o dövrdə də, bu dövrdə də azərbaycanlı müğənni ifa etdiyi nəğmələrin yazıldığı disklərdən pul qazana bilməyib. Dünya musiqiçilərindən fərqli olaraq bizim müğənnilər yalnız toydan pul qazanıblar. Bu mənada da onlar toya getməyə məcbur olublar. Ailələrini dolandırmaq üşün.

O dövrdə toya gedənlər də gizlin gedirdilər ki, mərkəzi komitənin qulağını çatmasın. Yoxsa onlar efirlərə çıxa bilməyəcəkdilər, dövlət konsertlərinə buraxılmayacaqdılar. Sovet dövründə ümumiyyətlə çox qadağalar vardı. İfaçılar zinət əşyaları taxıb səhnəyə, bahalı geyimlər geyinib efirə çıxa bilmirdilər. Müğənninin səhnədə heç bir hərəkət etməyə ixtiyarı yox idi. Onlar tamaşaçıların diqqətini yalnız öz səslərinə və ifalarına yönəltmək məcburiyyətində idilər. Sovet rejimi bunu istəyirdi. Əslində bu istedadın üzə çıxması üçün çox gözəl idi. Amma bir tərəfədən də bir sənətkar balasını, aiəsini dolandıra bilmirdisə, o, məcbur idi toya getsin. Bu qadağalar təbii ki, sənətkarları seçim qarşısında qoyurdu. Sadəcə olaraq burada bir nüans var. O dövrdə toya gedən müğənnilərlə, ifa olunan musiqlilərlə indikilər arasında çox böyük fərq var. Mən demirəm ki, o dövrdə bütün mahnılar gözəl idi. Onda da yazılan, dəbə düşən bəzi mahnılar yaxşı olmurdu. Onlar efirdə səslənirdisə, mətni dəyişilməlidi idi. Amma indiki mənzərəyə baxanda bu gün eşitdiyimiz mahnıların yanında o mahnılar el dili ilə desək, toya getməli imiş.

- Sizcə insan nə zaman xoşbəxtliyini itirir?

- Sevgisini, həqiqətini, inamını itirəndə... Mənim dərdimə də sevgim var. Bu sevgi olmasa, dərdim məni yaşatmaz. Hər şeyə görə insan ümidini itirməməlidir. Yaşadığım xoş və ağır günlər məni xoşbəxtlikdən məhrum etməyib, daha da gücləndirib. Və daha da müdrikləşdirib. Bu gün sizin kimi insanlar məni özünə müsahib edərək həyatımı qələmə almaq istəyirsə, məni oxucularıma təqdim edirsə, özümü necə xoşbəxt etməyə bilərəm? Kaş ki, bütün yazanlar sizin kimi doğrunu, həqiqəti yazardı. Demirəm məni tərifləyin, insanların gözünü yoraraq məni hər yerdə manşet edin. Bunun tərəfdarı deyiləm. Mən alışmışam, sovet dövründə ayda bir dəfə konsert verməyə, oxumağa. Bu məni heç vaxt narahat etmir ki, niyə gündə efirlərdə deyiləm. Efirlərə getməməyimin də səbəbi efirə gedib hörmətlə izzətlə çıxış edəndən sonra məni getməyimə peşman edənlərdi. Hər verilişə getməzdən öncə saatlarla studiyada yeni nəğmələr oxuyuram. Bütün varlığımı, ruhumu o musiqilərə verirəm. Amma efirə çıxan günün səhəri o nəğmələr bir kənarda qalır, demədiyim, etmədiyim hörmətsizlik müxtəlif və eybəcər başlıqlara manşetlərə çıxır. Bununla da məni xalqın gözündən salmağa cəhd edirlər. Bilmirəm məqsəd nədir, niyə belə edirlər? Layk gələcək deyə adam da onu sevən müğənnini, incəsənət xadimlərini incidərmi? Amma bunu edirlər. Bu onlar üçün asandır. İncə ruhlu insanları bu qədər incitmək olarmı? Bu hallara görə, məni çox incitdikləri üçün mən də artıq özümə qadağa qoydum. Artıq dövlət televiziyasından başqa heç bir kanala getməyəcəm. Sizinlə bugünkü söhbətimiz isə mənim mətbuata sonuncu müsahibəm olacaq. Bu günə qədər görkəmli jurnalistlər mənim haqqımda ən gözəl məqalələr yazıblar. Həmişə onlara məni yaşatdıqlarına, tarixə saldıqlarına görə minnətdaram.

Sosial şəbəkələrdə demək istədiyim sözlərimi ifadə edə bilərəm. Ehtiyac varmı mənim demədiyim sözləri manşetlərə çıxarıb məni incitməyə, tamaşaçılarımla arama müəmmalı, gərəksiz fikirlər salmağa. Buna ehtiyac yoxdur. Mənim sağlamlığım onsuz da ürəkaçan deyil. Layk xətrinə mənim ölümümü bir az da tezləşdirməyin. Ona görə də yenə təkrar edirəm, bu mənim mətbuata son müsahibəmdir. Sizə verdiyim müsahibəninin mətnin də, xahiş edirəm, heç kim kontekstdən çıxarıb, pis formaya salıb layk xatrinə tirajlamasın.

# 8708 dəfə oxunub

Müəllifin son yazıları

# # #