Yaddaşını itirmək onu ölümdən qurtardı – Tanınmış şairin evindən reportaj

Yaddaşını itirmək onu ölümdən qurtardı – Tanınmış şairin evindən reportaj
10 fevral 2020
# 15:17

Məmməd İlqarın adını tutub evinə yollananda, hava üz-gözünü turşutmuş, küləyi, çiskini köməyinə çağırmışdı. Gedəcəyimiz ünvana nabələd olduğumuzdan bizi şairin evinə oğlu Babək aparacaqdı. Doğrusu, bir xeyli həyəcanlı idim. Tanıyanların xalqın ruhunu tutan, möhtəşəm, təmiz söz adamı, yaxşı şairdir sözləri təskinlik versə də, Məmməd İlqarla qarşılaşmaq üçün lazım olan cəsarətə sahiblənə bilmirdim. Ən geci bir saatdan sonra şair Ehtiram İlham, jurnalist Səbuhi Məmmədli və fotoqrafımızla birgə yaşı yetmişə çatmış, sinəsi şeir dolu, sözlü-söhbətli şairlə qarşılaşacaqdım. Lakin oğlu Babəkin dedikləri elə bil yenicə çatılmış ocağın üstünə soyuq su səpdi.

Düşüncələrindən axıb sinəsində qərar tutan, ordan da, qələmə, kağıza sıralanan, özlərinə yurd-yuva tapan şeirlərin müəllifinin ağlından ürəyinə gedən bəndin, bərənin yolu bağlanmış, könül bulağının gözü tutulmuşdu.

İndi qapısını açacağımız, əlini sıxacağımız Məmməd İlqar altı, yeddi il əvvəl xəstələnmiş, qismən yaddaşını itirmişdi.

Şair üçün, söz adamı üçün ömrün, taleyin ortasından o tərəfə gedən yolda bu qədər amansız yazı tanrının ağlına hardan gəlmişdi? Şair üçün yaddaşı itirmək, həm də söz itirmək idi. Niyə tanrı bu qədər qəddar davranmışdı Məmməd İlqara qarşı? Sözünü-şeirini yadından silib, əlindən almışdı?

Gallery

Sükanın arxasından gözü yol çəkən Babək Məmmədli deyir ki, hər şey gözlənilməz olmuşdu.

- Atam xəstələnəndən sonra çox fikir elədim, hər dəfə məndən və ya digər ailə üzvlərimizdən kimliyimizi xəbər alanda kövrəldim. Amma sonra ağlabatan fikirlər oldu. Yaxınlar, uzaqlar dedilər ki, inan, bu xəstəliklə Məmməd İlqar lap çox yaşayacaq. Əgər xəstəlik olmasaydı, beyninə qan sızandan bir-iki ay sonra dünyasını dəyişə bilərdi. Xəstəlik onu yaşatdı, ölməyə qoymadı. Onun ətrafındakı hər kəs darandı, üzünü hər gün gördüyü adamların hamısı dünyasını dəyişdi. Atam tək qaldı. Yaddaşı tam qaydasında olsaydı, onların ölümünə dözəmməzdi.

Burda yadıma Məmməd İlqar haqqında eşitdiyim bir əhvalat düşür. Yaxın dostu Akif Səmədin ölüm xəbərini eşidəndə inanmır, deyir, ola bilməz, elə bir oğul ölsün. Onu inandırırlar, and içirlər ki, hər gün göz-gözə, üz-üzə gəldiyi, özündən nə az-nə çox düz on yaş kiçik olan dostu artıq həyatda yoxdur. Bundan sonra şair ovuclarını üzünə çəpər edib uşaq kimi hönkürür. Ertəsi gün yenə hər şeyi unudur, yenə ölənləri sağ bilir...

Evinin kandarından içəri ayaq qoyanda Məmməd İlqar bizi saf, işıqlı baxışlarla qarşıladı. Əlinin titrəməsindən, baxışlarının alacalanmasından həyəcanlandığını hiss etdim.

Gallery

Şair görüşdüyü hər kəsdən “sən kimsən, kimin uşağısan?” deyə xəbər alırdı.

Növbə mənə çatanda əlimi sıxıb nəvazişlə soruşdu:

- Sən kimin qızısan, kimlərdənsən?

- Cəbrayıldanam. Əşrəfin qızıyam.

- Həəəə... Əşrəf Veysəllinin. O, yaxşı oğlandı.

Gülümsədim. Başqa Əşrəfin qızıyam deyib könlünə toxunmaq istəmədim bu təmiz qəlbli adamın.

Babək araya girdi:

- Yox, ay ata, başqa Əşrəfdi. Sən tanımazsan.

Yanıldığı üçün diqqətlə bir də üzümə baxdı. “Hə, nolar, a bala, Əşrəflərin hamısı yaxşı oğlandı” deyib bizi içəri otağa keçirdi.

Reportaj boyu bu xəbəralmalar dörd-beş dəfə təkrarlanacaqdı. Hər dəfə ətrafdakıların təəssüf, ağrı dolu baxışları, ah çəkmələri, qəhərlənmələri Məmməd İlqarın suallarını müşayiət edəcəkdi.

“Kimləri xatırlayırsınız?” sualımızın qarşısında şair susur.

- Xatırlayammıram. Kimlərisə desəniz, bəlkə yadıma düşər.

- Vaqif Bəhmənlini xatırlayırsınız?

- Vaqifi. Bəli, xatırlayıram. Özü də şairdi Vaqif. Mənə çox yaxın adam olmayıb. Yazılarını, şeirlərini oxumuşam.

- “Səməd Vurğunu oxuyub, heyf olduq, yazıq olduq” demisiniz.

Alnındakı qırışlar çoxalır, əli ilə gözlərini ovuşdurur, saçına sığal çəkir. Bu halı ilə mənə balaca uşaq təsiri bağışlayır. İnsanlar qocalanda həm də uşaqlaşırlar. Mütəəssir oluram.

Qarşımda yetmiş yaşlı qocanın əyləşməsi, tez-tez olub keçənləri, yanında əkilən adların sahiblərinin üzünü, səsini, şeirini xatırlamağa çalışması kövrəldir məni.

Gallery

- Səməd Vurğun birinci bütün qazaxlıların, sonra da bütün azərbaycanlıların fəxridir. Mənim üçün qiymətli adamdır, yerlimdir həm də. Onu oxumayan yəqin ki, olmaz.

Sonra qarşımda soyuyan çaya işarə edib deyir:

- Çayınızı için, evə gələn qonaqlar çayını içməyəndə Fatma arvadın - uşaqların anasının acığı tutur.

Şair Ehtiram İlham yerdən dillənir:

- İncə Dərəsindən danış.

- İncə Dərəsi şen olsun! Qonaq gələn hər bir el-oba şen olsun.

Şair yenə kimlərdən, olduğumu xəbər alır. Cəbrayıl adını eşidən kimi Vaqif Bayatlını, Sabir Əhmədlini xatırlayır. Amma yenə yaddaşı vəfasızlıq edir ona. Sabir Əhmədlinin oğlunun 24 yaşında Murovda şəhid olması xəbərini elə bil indicə alıbmış kimi təəccüb edir, qəhərlənir. “O yaşda adammı ölər?” deyib, əlini dizinə çırpır. Daha ardını gətirib demirəm ki, Sabir Əhmədli yoxdur həyatda. Qorxuram Məmməd İlqarın körpə qəlbini bu qədər itki ilə doldurmağa.

- Sizi Məmmədlərin dördüncüsü hesab edirlər...

- Səhv edirlər, birincisiyəm (gülüşmə düşür).

Bu yerdə, görüşün təşkilatçılarından biri, yol-yoldaşım, tanınmış jurnalist Səbuhi Məmmədli pıçıldayır:

- Bax, başlıq burdadır!

Deyəsən Babəkin səsidir:

- Yox, yox, lazım deyil.

Ehtiram İlham özünə xas intonasiyası ilə dillənir:

- Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl - bunların birincisisən?

- Yox.

- Bəs hansı Məmmədlərin?

Bütün Məmmədlərin. İntəhası elələri var, heç onların yanında axırıncı da deyiləm. Amma elə Məmmədlər də var ki, onlardan çox qabaqdayam. Birinciyəm. Misal üçün Məmməd Namaz (gülüşmə düşür).

Qəfildən gözləmədiyimiz halda Məmməd İlqar bir bənd şeir deyir.

Həm də xəbərdarlıq edərək.

Gallery

- İndi bir şeirdən bir misra deyəcəm, görüm kimdən olduğunu biləcəksinizmi? Səhərdən mən də fikirləşirəm, amma kimin yazdığını tapammıram. Şeirin səsi başımdan getmir:

Dünya, sənin anan ölsün!
Bic oğlu, bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış..

- Ağamalı Sadiq Əfəndi - Ehtiram İlham yerdən pıçıldayır

- Doğurdan? - Yetmiş yaşlı uşaq təəccüblə soruşur.

Özündən xəbər almaq istəyirəm. Öz şeirlərini nə qədər xatırlayır görəsən?

- Öz şeirlərinizdən hansını daha çox xoşlayırsınız?

- Xoşuma gələn o olar ki, başqaları mənim şeirlərimdən əzbər desin. Özüm öz şeirimi desəm, onda nə oldu?

Şairin başına yığışanlar onun səmimiyyətin, qırışları açılan yaddaşının qarşısında mütəəssir olurlar.

Qəfildən ağlıma gələn sualı verməkdən özümü saxlaya bilmirəm.

- İndi heç şeir yazmaq istəyirsiniz?

- Niyə istəmirəm. Yaza bilmirəm. Yaza bilsəm, yazaram.

Sükut bütün otağı bürüyür. Hərə baxışını bir tərəfə yayındırır. Məmməd İlqar dediyi sözlərin yaratdığı təsirin fərqindədir. Hamını bir-bir nəzərdən keçirir:

- Heç vaxt şeir yazım fikri ilə yazmamışam. Hərdən elə olur şeir özü adamı məcbur edir yazmağa

Qəfildən çönüb mənə baxır:

- A bala sən bayaqdan məni nə yaman sorğu-sual edirsən?

- İstəyirik sizinlə yubiley ərəfəsi söhbət edək. Ona görə soruşuram.

Qeyzlənir. Qaşları yuxarı dartılır.

- A bala, müsahibə belə olmur axı, sən mənim dediklərimin hamısını yadında nə təhər saxlayassan?

Gallery

Telefondakı diktafonun yazdığın deyəndə təəccüblənir.

Ehtiram bəy şairin dostlarının adını sadalayır. Onların xatırlanmasını arzulayır.

Məmməd İlqar hamıdan əvvəl Ağamalı Sadiq Əfəndini yadına salır:

- Ağamalı Sadiq Əfəndi mənim istədiyim adamların biri yox, birincisidir. Ən əziz, mehriban dostlarımdan biridir.

Sücaəti xəbər alıram.

- Bəhmən Vətənoğlunu, Sücaəti eşitmişəm. Amma tanışlığım olmayıb. Hər ikisi eşitdiyim və təqdir elədiyim şairlər olub. Amma şeirlərini oxumamışam. Ola bilər, hansısa məclisdən eşitmişəm.

Babək atasının köməyinə çatır

- Bilirsən onun şeiri hansıdır

Taleyimiz dərdimizi qudurdub,

Vətən dərdi Sucaəti oturdub.

Balaları gülə-gülə yatırdıb,

Ağlayıram, yatmıram ki gecələr..

- Balaları gülə-gülə yatırdıb / Yatmıram ki, ağlayıram gecələr. Bunlar yaxşı sözlərdi. - Məmməd İlqar deyir.

- Onun taleyində bir az qarışıqlıq olub. Həbs həyatı da olub.

- Mənim də həyatımda həbs olub.

Maraq güc gəlir. Bilmək istəyirəm, görüm yolda gələrkən oğlunun onun həbsi ilə bağlı bizə dediyi məsələni səmimiyyətlə danışacaq, ya yox.

- Nə ilə bağlı olub sizin həbsiniz?

- Oğurluq eləmişdim!

Babək atasının səmimiyyətinə gülümsəyir:

- Əslində, düz dedin. Dövlətdən eləmişdin oğurluğu.

Şairi dara çəkmək istəyirəm bir az...

- Nə qədər həbsdə qalmısınız?

- Bir il, bəlkə də daha az. Deyirdilər, guya dövləti talamışam, oğurluq eləmişəm. Dövləti talamaqmı olar? Amma günahsız yerə də adamları tutmazlar. Siz dediyiniz heç həbsdə qalmaq hesab olunmaz. Dörd il veriblər, iki olub deyəsən. Yadımdan çıxıb hamısı. Heç allah eləsin yadıma düşməsin.

Gallery

Onun arzusu məni ürpərdir. Bəlkə doğurdan da həbs həyatı yaşayan şair çox əziyyət çəkib. Ömrünə-gününə yaraşdırmadığı məhbəs həyatını özündən, hafizəsindən uzaq tutmaq üçün nə zamansa səhv edib, allahdan indiki kimi arzu edib ki, həmin günlər yaddaşından silinsin. Tanrı da etməyib tənbəllik, şairin yadındakı pis xatirələrlə bərabər yaxşıları da silib süpürüb. Axı yaxşı xatirə ardınca mütləq pisi xatırladacaq. Xoşbəxtlik hərdən özü ilə bədbəxtlik də gətirir.

Şair sanki bir az sıxılır. Yaddaşı diriləşdikcə, gözü həyat yoldaşını axtarır:

- Fatma yaxşı bilər. Çoxdan görmədiyim dostlarım var, indi çoxunun adı da yadımdan çıxıb. Mən əhdə-ilqara sadiq adamam. Ona görə də təxəllüsümü İlqar götürdüm.

Yüz Məmmədə ilqar verib - gözləyir,

Qibləm - yönüm, Tanrım - Pirim gözləyir,

Qucağında qəbir yerim gözləyir,

Qəbirləri qucağında bir eldi.

Bu dəfə də şeiri Ehtiram İlham xatərlayır.

Məmməd İlqarın gözlərinin işığı artır, çöhrəsinə gülüş qonur.

- “İncənimi soruşursan Əfəndim” şeirindəndir.

Şeirinin ilk bəndini xatırlayır:

İncənimi soruşursan, əfəndim,

Dünyanın bir bucağında bir eldi...

Halal yığar - haramılar daşıyar,

Haram bişməz ocağında bir eldi.

Gallery

Bu şeiri lap çoxdan yazmışam e. Salamatların xeylisinə şeirlər yazmışam. İndi bu şeirlərin heç biri əlimin altında yoxdur ki, baxım, varaqlayım. Dostlarım çox olub. Çoxuna da şeir yazmışam. Ağamalı Sadiq Əfəndi onların içində ən ağsaqqal dostumuzdu. Bizdən bir azca, dörd yaş böyük olub.

Hamımız hiss edirik ki, hər kəs haqqında şair indiki zamanda danışır. Onun üçün hamı sağdır, sağlamdır. Əlini uzatsa, çatacaq qədər yaxınlığındadır.

Öz nəslinin ədəbi mühitindən sual verirəm.

- Bizdən əvvəlki və ya bizim dövrün ədəbi mühitində yadda qalan yazıçısı, şairi olur. Hər dövrdə yazıb yaradanların hamısı yadda qalmır ki. Ola bilər, heç yadda qalan olmasın. Amma hərdən də olur ki, biri, ikisi, beşi, yəni lap seçilənləri yazdığı seirlərlə yadda qalır. Hamını oxuyuruq, hamının əsəri yadda qalmır. Elə adam var bircə dəfə adamın gözünə görükür, yanında olur, o bir dəfədə istedad göstərə bilirsə, o istedadla da yadda qalır. Adam var, bircə şeiri dərc olunur, oxunur və o bircə şeir ilə yadda qalır. Bircə şeir ona bəs edir. Ona görə, mənim yadımda qalan çox deyil, amma xoşladığım adamlar çoxdur.

Babək nəsil söhbətində adlar sadalayır:

- Ramiz Qusarçaylı, Qoca Xalid, Akif Səməd də o nəslə aiddir.

- Ad sayma, lazım deyil.

Şairin etirazına döyülən qapı hay verir.

“Get qapını aç” deyir oğluna. Niyəsə adların sadalanmasından sıxılan kimi olur.

İsmayıl Şıxlıdan ürək dolusu danışır. Deyir, qonşu kənddən olsa kəndçim sayıram.

Babək deyir, yerlibazlıq edirsən.

“Adam yerlibaz olar də” - deyib, özünü yüngülcə sığortalayır.

Fatma xanım otağa girəndə şairdən xanımına şeir yazıb yazmadığını xəbər alıram.

- Fatma xanım hazır şeirdi, ona nə şeir yazım .

Fatma xanım gülümsəyir:

- Deyəsən, sən imtahanını verdin qutardın, indi də mənim imtahanım başladı.

Biz mənzilə girəndən mətbəxdə əlləşən bir çox şair xanımları kimi bəstəboy, xırdaca qadın Fatma xanım bir gözü Məmməd İlqarda dediklərinə yarımçıq gülümsəmə qatır. Fikir verirəm ki, bu balaca qadın ürəkdən gülmür. Hərdən oğluna nəzər salır. Ana-bala hər ikisinin baxışları toqquşanda gözlərini bir-birindən qaçırırlar. Məmməd İlqar isə heç nədən xəbərsiz düşünür. Bəlkə də hansısa şeirin hansısa misrasını yadına salıb müəllifinin adını xatırlamağa çalışır. Bəlkə də elə həmin müəllif yenə elə özüdür.

Xırdaca qadın yenidən şeir söhbətinə qayıdır:

- Dediyinə görə, yazdığı şeirlərin içində mənə yazdığı da var. Məmmədin yazıb-yaratmağı bundan sonra idi. Nəsə bacarmadı, xəstəliyə tabe oldu.

Gallery

Xəstəliyin acığını bir az da Məmməd müəllimin üstünə tökür Fatma xanım:

- Əvvəllər yazmağa vaxt tapa bilmirdi, amma indi bütün günü fikirləşir, fikirləşir, amma heç nə yazmır. Əvvəllər də yazmağı xəlvət olub. Sirr açan, söz deyən adam olmayıb. Həmişə özü ilə olub. Çox fikirləşəndə, özünə qapananda bilirdik ki, nəsə yazacaq. Məmməd indi evinə qapanıb, əvvəllər gecə yarıdan keçəndə gələrdi. Dostları çox olub, onlar bizə, Məmməd də onlara gedərdi həmişə. İndi onların heç birini xatırlamır. Yadıma gəlir, bir dəfə Sabir Sarvanın qəbrinin üstünə getmişdik. Məmməd də bizimlə getdi. Başdaşının üstündəki şəkli görüb ağladı. Dedi, Sabir nə vaxt ölüb, bəs mənə niyə deməmisiniz? Bu qəbrinin üstündəki də onun cavanlıq şəklidir. O-bu bir də onu qəbir üstünə aparmadıq. Orda çox əziyyət çəkdi. Hər şeyi xatırladı, sonra yenə öz dünyasına qayıtdı.

Məmməd İlqarın kitabxanasına göz gəzdirirəm. Müasirlərdən tutmuş ötən əsrin əvvəllərində yaşamış yazıçı və şairlərin kitabları sıralanıb. Öz kitabları da ordan-burdan gözümə dəyir. Vaxtilə şairin alıb-yığdığı, varaqladığı kitablar elə bil yiyəsizlikdən boyun büküblər. Kitablar onlara toxunan hər barmaqda sahiblərinin əl izlərini axtarır, onun əlinin istisini soraqlayır.

Sağollaşıb çıxanda Ehtiram İlham şairin bir şeirini deyir:

Salam, Qara Quzey, salam, Ağ dərə!

Çeyillər, çəmənlər, necə varsınız?

Bir nəğmə yazmışam - sizə göndərəm -

Müğənni kəkliklər, oxuyarsınız.

Sizdən ayrılalı kiməm, gör nəyəm...

Bir parça ürəkdə min ölüm oldu.

Ağlama, ay bulud, mən də kövrəyəm,

Mən ölüm ağlama, “mən ölüm” oldu!

Nə sirli sevdalar coşur canımda,

Dəli duyğuların yuxusu gəlmir.

Havaxtdı tələbə çamadanımdan

Qoyun pendirinin qoxusu gəlmir.

Of, necə qurutdu bu şəhər məni,

Ruhum aranızda, can qəfəsdədi.

Ta çətin saxlayar fələklər məni,

O hicran vardı ha, - son nəfəsdədi...

Məmməd İlqar heç kimin gözləmədiyi halda kövrəlir. Parıltılı gözləri bir az da işığa qərq olur. Gözlərindən yaş damlaları hərlənib fırlanıb yanağından üzü aşağı süzülür. Köksünü ötürüb deyir:

- Mənim şeirimdi. Xatırladım.

Şairi xatırladıqları və xatırlamadıqları ilə Allaha əmanət edib ayrılırıq. Hamımızı doğma övladı tək sinəsinə sıxıb bizi yola salır. Alqışını əsirgəmədən. Biz də şairə öz dünyasında xoşbəxt qalmağı arzulayırıq.

Foto: İlkin Nəbiyev

# 9758 dəfə oxunub

Müəllifin son yazıları

# # #