Şair deputatlardan biri

Şair deputatlardan biri
2 fevral 2015
# 12:11

Vətən sözündə nə qədər xalq varsa, dövlət sözündə bir o qədər siyasət var. Şairin altına adını yazdığı sənədində (şeiri deyirəm) vətən sözü çox işlənir, siyasətçinin sonunda imza atdığı sənədində isə dövlət sözü at oynadır. Beləcə, şair və siyasətçi insanları fərqli pəncərələrdən haraylayır kimi görünür. Gəl ki, tez-tez şairi siyasətdə, bəzən isə siyasətçini şairlikdə görmək olur. Nə baş verir. Niyə şair siyasiləşir, siyasətçi poetikləşir. Mən bu transformasiyanı maraq və şübhə ilə izləyirəm. Açığı, nə şairdən xüsusi siyasətçilik, nə də siyasətçidən fövqəladə şairlik gözləyirəm.

Daima getmək, dəyişmək ehtirasını, içlərində veyllənən dərvişlik havasını nəzərə alıb adətən gənc qızlara yaradıcı adamlarla ailə qurmamağı tövsiyə eləyirlər. Onlardan yaxşı ailə başçısı çıxmaz deyirlər. Elə isə dövlətin ən alt və əsas dayağı sayılan ailənin başçısı olma bacarığı belə şübhə altına alınan şair toplumun başında, önündə dura bilərmi deyə sorğulanmalıdı. Gözəlliyə və tərifə hamıdan daha ac, göstəriyə və auditoriyaya mohtac yaradıcı kişiləri ələ almaq nə qədər asandırsa, əldə saxlamaq da bir o qədər çətindir. Hansısa emosional halında sənə verdiyi sözü tezliklə unudub xaraktersiz biri kimi görünə bilər. Halbuki hamı bilir, ciddi dövləti qərarları ayaqları yerə bərk-bərk basılmış, fəzaya ümid olmayıb, Yerlənmiş adamlara həvalə etmək lazımdır. Mahiyyəti emosiya fonunda addımlamaq olan şairlərə siyasi rollar verməzdən qabaq yüz ölçüb bir biçilməlidi demək. Bunları məşhur yaradıcı adamlarımız siyasətə gəlib-getdikcə, müxalifləşib iqtidarlaşdıqca həmişə düşünmüşəm.

Köhnə fikirlərimi Vaqif Səmədoğlu haqqında səsləndirilən bəzi xoşagəlməz sözlərdən sonra yenidən götür qoyladım. Həmən an onun haqqında deyilən sözlərə verəcəyim reaktiv cavab təxminən belə idi – bütün yazıçı və şairləri siyasətçi, müxalifətçi eləmək doğru deyil. Şairləri eyni qəlibə salmaqdan əl çəkin, onlara şüar səsləndirən alət kimi baxmağı yığışdırın. Şair olmaq topluma qışqırmaq deyil, özü də indi bütün dünyada şairlər daha çox qulağa söz pıçıldayan tərzdə yazırlar. Lakin bu sözləri deyə bilmədim, çünki Vaqif Vəkilov millət vəkili olmuşdu. O, özü özünü millətin adından danışmağa məsul eləmişdi. Mən demirəm, o, bu işi biz ondan umduğumuz qədər yaxşı bacarmışdı, amma bütün varlığımla inanıram ki, əlindən gələni eləməyə çalışmış və əsası, bunu heç bir əlavə üstünlük qazanmağa həvəslənmədən eləmişdi. Mən əminəm ki, o, vəzifə sevgisindən, ambisiya səbəbindən xalqın qərarverəni olmağı istəməmişdi.

Tarixin gedişatı və çevrə ona bu vəzifəni yükləmişdi. Sadəcə tarixin müəyyən dönəmində onun proseslərdə daha aktiv iştirakı lazım idi, o da boynunu yana əyə bilməmişdi. Və təkrarlayıram, bir dəfə özünün də dediyi kimi, qeyri şairlik fəaliyyəti zamanı mövcud şərtlər altında doğru saydığını seçmişdi. Düzü, mən ondan inqilabçı millət vəkili olmağı ummamışam. Çünki ruh olaraq onun getmək istədiyi ünvan, küncünə sığınmaq istədiyi divar siyasət adlanmırdı. Biz tanış olanda, bala, sənə deyəcəklər, Vaqif çox içir və çox ağıllıdı. İkisinə də inanma, ikisi də yalandı demişdi. İkisi də doğru çıxdı. Çox bilgili, daxilən komplekssiz və azad idi. Adətən belə adamlar bilikli görünməyin qayğısına qalmırlar. Belə obrazları qərb insanı sevir. Daxilində bayağılıq və şitlik olmayan sərbəstliyi, asanlığı.

Şərq saxta ciddiliyə öyrəşib. Vaqif Səmədoğluya qarşı deyilmiş sözlər arasında əzabın illüziyası ifadəsi maraqlı idi. Deyilir ki, şair əzabın illüziyasını da oynaya bilməmişdi. Oynamaq çətin şeydi, amma oyunsuz da keçinmək olmur. Ya biz oyun oynayırıq, ya da oyunlar bizimlə oynayır. Əzabın illüziyasını oynamaq. Bu, tam mənim vurğulamaq istədiyim məqamdır. Çünki Vaqif Səmədoğlunu məhz oynamaqdan imtina etdiyi üçün sevirdim. Obrazını özü yaratmamışdı.

Sevincini və kədərini, gülməyini və ağlamağını həyatına “pipetka” ilə damızdırmırdı. Özünü dahiliyə vurub qəlp ciddiyyət və əlçatmazlıq abidəsinə çevrilməmişdi. Gənclərlə ünsiyyəti ona görə sevirdi ki, içində bəslədiyi, böyütmək istəmədiyi cavan oğlanı ört-basdır eləmirdi, xətrinə dəymirdi, onu bəsləyirdi. Lütfən bunu infantilliklə səhv salmayaq.

Onun itirmədiyi, yanında gəzdirdiyi oğlan nəzakətli və kübar, ağıllı və məsuliyyətli idi. Bütün yetkin insanlar kimi dünyanın sonu da gəlsə, verdiyi sözün üstündə dururdu. Yalançı şair deyildi. Yaradıcılığı kimliyinin davamı, yaxud elə tərkibi idi. Orda lazımsız sözlərə, qışqıran şüarlara, heç vaxt əməl edə bilməyəcəyi vədlərə rast gəlməzsiniz. Təşvişlə dəqiq bilmədiyi heç bir mövzunun, bu, onun ən doğma adamlarına aid olsa belə, içinə girməzdi, kimisə, nəyisə savunmağa cəhd eləməzdi. Mən bu müdriklikdə ikinci adama demək olar ki, rast gəlməmişəm. Mən onu heç sevmədiyi qocalıq dönəmində tanısam da, haqqında bildiklərim deyirdi ki, bəyəndiyi şeyləri əl atıb götürüb yaşamışdı. Götürüb yaşadığı şeylər zövqlə seçilmişdi, beləcə maraqlı mozaik kimlik yaranmışdı. Həyatının fon musiqisini özü çalırdı, şəkillərini özü çəkirdi. Və hər şeyi zövqlə, kübarca, keyfiyyətlə edirdi. Onun şair obrazını, ədəbiyyatda duruşunu sevirdim.

Mən tez-tez onun Moşusuna hirslənirəm. Çoxluğun tanıdığı bərbad şair obrazından acığım gəlir. Cəmiyyətimiz tamam başqa şair obrazı ilə tanışmalıdı deyə düşünürəm. O obraz uzaqda deyil əslində. Yaratdığı Moşu obrazına müxalif elə özü idi. Ədəbiyyata gələn kimi bədbəxtlik mantiyasını geyib rol oynamadığı, özünü dahiliyə vurmadığı, saxta azadlıq keşikçisi, xalqları barışdırmaq kimi falş missiyanı öz üzərinə götürmədiyi üçün sevmirsiz onu. Bəylər, bu qədər aydın olmayın. Cəbhələşdiyiniz çox bilinir. Qeyri-obyektivliyiniz, sizə görə tərəfinizdə olanın haqlı və istedadlı, o yandakının haqsız və sənətsiz olduğuna inanmanız, şəxsi sarsıntılarınızı və gərginliyinizi hikkəyə çevirməniz, xislətcə əslində heç vaxt insanın, insanlığın yanında durmadığınız və bəlkə də artıq heç vaxt durmayacağınız çox bəllidir. Bunları bir düşünün. Bilirəm ki, yaratmaq istədiyiniz obraz guya insanı sevir, onun maddi-mənəvi azadlığı, ucalığı naminə çalışır. Bir az həssas adam adi natamamlıq kompleksi yaşayan eqoist olduğunuzun fərqinə varır. Cəfakeşliyin illüziyasını bu qədər kustarcasına yaratmayın.

Sahilə, şair gərək cavan ölə deyirdi tez-tez. Mən onu heç qoca görmədim. Onu həm də xanımını sevdiyinə görə sevirdim. Gənc qızlara payladığı komplimentlər ötəri söz oyunundan başqa bir şey deyildi. Bayramların birində mənə qısa yazıçılıq dərsi keçəndən sonra “çalışacam ölməyim, ölsəm Nuşabə xanım bayramları tək keçirəcək” demişdi. Çox səmimi idi. Mən Azərbaycanda bu qədər incə düşünən, qadınına sahib çıxan kişi görəndə riqqətə gəlirəm. Bəlkə nə vaxtsa kimlərisə yarıyolda buraxmışdı, mən demirəm, o, mükəmməl olmuşdu, amma Nüşabə xanıma verdiyi sözə çox sadiq idi. Ondan getməyəcəkdi. Hətta ölüb getmək istəmirdi.

Müsahibələrinin birində “mən çox klassiklə şəxsən tanış olmaq istəməzdim, kaş “Bethovenin danışıq dəftərləri”ni oxuyub onun nə qədər pis və kobud adam olduğunu öyrənməzdim” demişdi. Mən də eynən belə düşünürəm. Böyük tanıdıqlarıma çox yaxınlaşıb kiçik olduqlarını görmək istəmirəm. Nə qədər şablon və pafoslu çıxsa da, bütün məsuliyyətimlə deyirəm, Vaqif Səmədoğlunun simasında həyatı və sənəti dibinə qədər duyan, dünyanın bütün dolaşıqlarına kənardan əhli-kef görünsə də, əslində ironik müdrikliklə yanaşa bilən birini şəxsən tanıdığım üçün qürur duyuram.

# 1954 dəfə oxunub

Müəllifin son yazıları

# # #