Çingiz Aytmatovun türkülərə inanan qəhrəmanlarıRüstəm Kamalın essesi

<b>Çingiz Aytmatovun türkülərə inanan qəhrəmanları</b> – <span style="color:red;">Rüstəm Kamalın essesi
11 yanvar 2018
# 21:00

Kulis.az Rüstəm Kamalın “Yalqız atlının türküsü” yazısını təqdim edir.

«Bu türkü benim, ben yaktım

söylədikcə içim açılacaq»

Talip Apaydın

«Aytmatov» deyəndə nədənsə yadıma «aytıs» duşür. Aytmatov və aytıs – doğrudan da maraqlı assosiativ mənalar oyadır. Çingiz Aytmatovun nəsrinin mövzusu, təhkiyə ritmi, havacatı obrazlı dili qədim qazax türkülərini – aytısları xatırladır.

İnanıram ki, onun qəhrəmanların oxuduqları da aytıslardır. «Gün var əsrə bərabər» romanının X fəslinin xalq ozanı, jırçı Raymalı ağaya həsr olunması yazıçının aytısa sevgisi ilə bağlı olsun gərək.

Bu soyadın «Ayt» kökü ilə «Dədəm Qorqud kitabı»nın dilindəki «Ayıtma» feli («demək, söyləmək, oxumaq») arasında əlaqə mümkündür: «Dədəm Qorqud aydır…»

Orxon-Yenisey abidələrində «yaratmaq» mənasında «ay» felini, yaxud monqolca ildırım tanrısının adını («Ayanqa») bu mənalar sırasına qatmaq olar.

Bu mənaların hamısı türk nəsrinin Çingiz Xanı - Çingiz Aytmatova yaraşır.

Çingiz Aytmatov əsərlərinin sanki bir predmeti var – türkülərə inam! Ç.Aytmatov və qəhrəmanları qədim türkülərə çox inanırlar.

O, əsası türklər və müdrik rəvayətlər, əfsanələr olan mənalar dünyasını yaratmışdı. O, körpəlikdən dağların sükutundan nəğməsini götürən qırğız-qazax köçəbə səhərinin səsini eşitmişdi. Yeniyetməlikdən və gəncliyindən ana tarlanın, şum yerinin qoxusu ilə yovşanlı çöllərin ətri qarışmış türkülərin dadını bilmişdi. Ayın payız işığında qomuz necə səslənir – onu böyük şəhərlərdə də şair kimi duymuşdu.

Əski şamanlar günəşin bir qaya uçurumuna ilişmiş işıq tellərindən insanın taleyini necə oxuyurdusa, Çingiz Aytmatov da bir qədim türkü ilə qəhrəmanların «ruh mətnini» elə danışdırır və yazırdı.

Deyirlər ki, keçmişlərdə xakasların söyləyicilik ənənəsində «piyada nağıl» və «atlı piyada» deyilən janr tipləri olub. «Piyada nağıl»ı musiqi aləti olmadan, «atlı nağılı» isə musiqinin müşayiəti ilə söylənilirdi.

Çingiz Aytmatovun əsərləri «atlı nağıllar» kimidir. Yazıçı sanki türkü oxuyaraq, zümzümə edərək, «Köşək gözü»nü, «İlk durnalar»ı, «İlk müəllim»i, «Dəniz kənarıyla qaçan alabaş»ı, «Gün var əsrə bərabər» romanını yazıb. Bu əsərlərin süjet - situasiya karkası sabit obrazların (həyat - yol - mahnı) «birləşməsin»dən yaranıb.

Ç.Aytmatov qəhrəmanları dunyanı türkü ilə anlayırlar, öz dünyalarını türkü ilə anladırlar. Türkü söyləmək onların ruhunun təlabatıdır. Aral gölü çevrəsində hər kəs çoxlu türkü bilir. Burda türkü bilməyən, türkü oxumağı sevməyən insan yoxdur: «Aral qazaxları sahildə yaşayırlar, dəniz görəndə adamın oxumağı gəlir. Dəniz hər şeyi hiss eləyir. Elə ki, ürəkdən bir şey dedin, o saat qəbul eləyir» («Gün var əsrə bərabər»).

Bir çox Sibir xalqlarında şəxsi mahnı deyilən fenomen Çingiz Aytmatov qəhrəmanlarına da aid etmək olar. Epos qəhrəmanının, yaxud şaman qamlamasında hər personajının öz melodiyası, öz türküsü olan kimi, Aytmatovun da hər qəhrəmanın, hər personajın öz türküsü var.

Yadınızdadırsa, «Dəniz kənarıyla qaçan alabaş»ın sonunda. Kirisk anlayır ki, şüuraltında səslənən «sözlər ömrünün son günlərinəcən birlikdə yaşayacağı öz xüsusi mahnısının ilk sözləridir».

Türkü onların varlığının işarəsi, fərdi tanınma nişanəsidir. Tanabay, Çoroya elə bu yöndə, bu mənada şikayətlənir: «Uşaq vaxtı mən Aleksandrovkada Yefremova muzdurluq eləyirdim, bir dəfə pasxa bayramında o məni kilsəyə aparmışdı. Bu saat bizim uşaqlar da eynən oradakı kimi oxuyurlar. Əlləri qoyunlarında, sifətləri daş kimi quru, elə bil rus kilsəsində oxuyurlar. Oxuduqlarının da hamısı bir-birinə oxşayır… Düzü, mənim belə şeylərdən heç xoşum gəlmir».

Qırğız çobanları gecələr türküləri yaman ruhları neytrallaşdırmaq, şər qüvvələri qovmaq üçün söyləyirlər. Çobanlar San-Taş vadisində yığışıb türkülər söyləyirlər. Məhz bu türkülər onların ruhlarını torpaqla və ataların (əcdadların) ruhuyla birləşdirir («Ağ gəmi»).

Nayman – Anaya ən çox təsir edən amillərdən biri də çoban ağıllarının yanında oyaq qalan qızların nəğməsi idi. «Elə özü də bu mahnılardan oxumuşdu».

Sarı-Özək çöllərində qazax çobanlarını yaşadan, ayaqda saxlayan da qədim türkülərdi. Boranlı Yedigey daim domburaya qulaq asır, Abutalıbın və Zərifənin «tatar ahəngi»ni dinləyir.

Türkü insanla Tanrı (göylər) arasında vasitədir, sirli-soraqlı, gözəgörünməz qeyb aləmi ilə, ruhlar dünyası ilə dialoq imkanıdır.

Nayman: - Ana manqurt olmuş oğlunu ağı ilə oxşayır, yatmış yaddaşını oyatmaq istəyir: «Yaddaşını qoparanda, başın qoztək kəlbətinə salınanda, balam hey, o dəvənin dərisinə gün dəydikcə bucurqadək sıxılanda, balam hey, o görünməz çənbər sənin gözlərini qanlı yaşla dolduranda, balam hey…»

İnsan, xalq da ruh özgürlüyünü oxuduğu türküdə dərk edir: Abutalip Yedigeyə deyir: «Bizim qədim mahnıları yazmışam, bir az keçsə, onlar da yaddan çıxıb itəcək. Mənə qalsa, o mahnılar bizim keçmişimizdən xəbər verir».

Təbiətlə türkülər arasında ritmik düzən var. Onun əsərlərində təbiətdə səslərlə türkü melodiyası arasında bir harmoniya, polifonik uzlaşma-əlaqə var. «Musiqi təranəsi gedən qatarın ahənginə uyğun bir şəkildə qaynayıb qarışırdı. At dırnaqlarının səsi yerinə rels qovşaqlarında təkərlər taqqıldayrıdı. Mənim qonşum kiçik stolun arxasında oturub əlini üzünə tutmuşdu. Mənə elə gəldi ki, o da dinməz-söyləməz, yalqız altının mahnısını oxuyurdu» («Qırmızı yaylıqlı qovağım mənim»).

«Gün var əsrə bərabər»də qatar türkünün ruhunu duymuş kimidir: yırğalana-yırğalana gedir. Gülsarı öz yerişini Tanabayın türküsünə uyğunlaşdırır.

Ç.Aytmatovun əsərlərində ucsuz-bucaqsız, intəhasız bozqırlardan keçən dəmiryolu bir not yazısı kimidir. Sanki Sarı – Özəkdə, mavi sonsuzluqlar altında şərqdən qərbə, qərbdən şərqə gedən qatarların səsi hər dəfə qəhrəmanlara yalqızlığın nə olduğunu, ölüm və həyatın mənasını anladır.

Çingiz Aytmatovda dənizin, dağların, yağışın öz nəğməsi var. Ç.Aytmatov inanırdı ki, aulda o qoşa qovaq ağaclarının da «özlərinəməxsus nəğməkar qəlbləri də var. Hansı vaxt bura gəlsən, gündüz və ya gecə, onlar yırğalanır, budaqlarını və yarpaqldarın bir-birinə çırparaq müxtəlif ahəngdə hey zümzümə edir» («İlk müəllim»).

Böyük yazıçı əsərlərində konkret bir havanın çalınması, türkünün oxunması ilə süjetin simvolik dilini yaradır, oxucuda müəyyən duyğusal assosiasiyalar oyadır, türkü ilə qəhrəmanın etnik-mədəni kontekstə, milli dəyərlər sisteminə qovuşmasına nail olur, həm də oxucunun mətnin mistik atmosferinə alışdırır, oxucu-dinləyici ilə mifoloji-əfsanəvi tarix arasında ruhsal əlaqə yaradırdı.

«İlk durnalar»da Sultanmurad tarla üzərində bir cüt göyərçinin dəstədən ayrılmasını müşahidə edərkən müharibəyə getmiş gənc riyaziyyat müəllimini xatırlayır. Həmin gənc müəllim bir az sərxoş olur. Auldan çıxanda oxumağa başlayır: «Biz mavi göylərdə qanad qanada uçan iki göyərçinik…»

Onda bir türkü Sultanmurada gülməli gəlmişdi, zəhmli müəllimin hərəkəti isə qeyri-ciddi görünmüşdü. İndisə, göyərçinləri seyr etdikcə türkünü xatırladıqca bədəninə titrətmə gəlir.

«Ok kepter» türküsü bir də Anatayın atasının yas mərasimində – kədərli anlarda «peyda olur» - sadəcə Sultanmuradın Mirzaqula sevgisinin ifadəsi olan bir melodiya kimi.

Yedigey vaqonun küncünə sıxışıb. Zərifənin – sevdiyi qadının ona bağışladığı şarfı üzünə tutub ağlayır. Zərifə bu yerləri tərk edəndən sonra Yedigey özünə yer tapmır. Sarı-Özəyin qarlı çölündə Zərifənin səsi üçün darıxır. «Zərifə həm oxuyurdu, həm də tez-tez mahnıların melodiyasını tutub mandolmada çalırdı. Onun çox təmiz və şaqraq səsi vardı, Abutalıb isə sinədən gələn gələn dərin və həzin bir səslə oxuyurdu. Onlar avazla, məlahətlə oxuyurdular, illah ki, tatar ahəngini…» Artıq buralarda ona yaşamaq da maraqsız görünür, bu yerləri tərk etmək fikrinə düşür. Türkü onları keçmişə, ataların zamanına qaytarır. Yedigey Ana-Beyit yolunda Qazanqapı haqq dünyasına yola salanda Rəhimalı ağanın son türküsünü belə xatırlayır. Bu əhvalat manqurt əfsanəsindən sonra romanın ən poetik və lirik səhifələridir.

Bozqırlarda adı dillərdə gəzən bir jırçı, bəstəçi Rəhimalı ağa ömrünün ixtiyar çağında, yalqızlıq-tənhalıq içində gənclik illərinin keçdiyini acı kədərlə xatırlayır, domburasında qəmli havalar çalırdı. Bu zaman tale onun qarşısına gənc müğənni, gözəllər gözəli Beyimayı çıxardır. Toyların birində Beyimay dombrası ilə Rəhimalının oturduğu yurtaya gəlir, qoca axının qabağında baş əyib ona öz sevgisini etiraf edir. Gənc qızın gözəlliyini görən qoca akın bir könüldən min könülə vurulur, ürəyi gənclik eşqilə cuşa gəlir. Beyımayın nəğmələrində özünə təsəlli tapır. Artıq hər yerdə Rəhimalı və Bejimayın türküləri birgə səslənir. Amma Rəhimalının bu sevinci uzun çəkmir. Dedi-qodular, haqsız tənbehlər, şər-yalanlar onu üzüb əldən salır. Onu dəli elan edib ağcaqayına sarıyırlar: qardaşı Abdilxan gözlərinin qabağında sevimli atını boğazlayır, dombrasını tapdayıb sındırır. Alçaldılmış və təhqir olunmuş qoca bu zülmlərə, əzablara mətanətlə dözür, çünki ruhu sevdiyinin yanında idi. Rəhimalı ağanın son türküsündən duyulur ki, sevənləri ayırmaq olar, öldürmək olar amma sevgini məhv etmək olmaz.

Xalq dastanları ruhunda yazılmış bu əfsanədə Yedigey öz ağrılarına uzaq bir həmahənglik duyur, həm də içini sevgi işığı ilə doldururdu. Bu sevgi iztirabları ona sevinc də, kədər də gətirsə də Zərifəyə sevgisini gizlətməyə çalışır.

Yaşlı adamlar yorğunluq, yalqızlıq içində heç bir şeyin mərhəm olmayacaq acılarla baş-başa qalırlar və bu zaman türkülər onların ruh yaddaşını həmişə oyaq saxlayır.

Ən ülvi duyğular və mübhəm fikirlər türkü ilə çatdırılır. Qoca ilxıçı, qoca at və qarlı dağ yolu. Bu zaman atın da, qoca Tanabayın da ömür yolu varaqlanır. Göy qübbəsi var, bir də türkü var, bir də Tanabayın taleyindən keçən ömür yolu.

Tanabay Bibicanın yanına gedəndə könlü necə oxuyur! Tanabay Bibicanın haqlı olduğunu anlasa da, neynəsin, sevdalı ürəyi ilə bacarmır və oxuduğu türkülər Gülsarının da xoşuna gəlir. «Gülsarı istəyirdi ki, sahibi mahnı oxusun, ancaq Tanabay oxumurdu».

Tanabay, qardaşı Kulıbaya etdiyi haqsızlığa, Gülsarının dəyərsiz bir əşya kimi istifadə edilib atılmasına, Bibicanı itirməsinə, keçə evləri və adətləri yox etmək üçün çırpındığı o gənclik illərinə, oğlunu vurmaq zorunda qalan qoca ovçunun sonsuz peşmanlığını duyaraq sitəm çəkirdi. Bir yandan da Çaydarın qomuzundan qopan səslər, «Dəvənin türküsü» onu gənclik çağlarına qaytarırdı. Çaydarın qomuzunda simlər inildədikcə ölüm və sevgi bərabərləşir: «Ağ dəvə, ağca maya. Nə zamandır ki, o səhralar aləmini gəzir. Mələyir, nalə çəkir. Ağ dəvə balasını axtarır. Hardasan, balam mənim, dillənsənə! Əmcəyim dolub daşır, ağ südüm qıçlarımdan axıb gedir, hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, bəs hardasan? Hardasan, qara gözlü balam mənim, sən hardasan?»

Danıyar da, Cəmilə də əslində bir sevgi məğməsinin, bir sevgi türküsünün personajlarıdır. Yazıçı bu nəğmənin süjetini genişləndirib povestə çeviribdir.

Bəlkə də «Cəmilə» povestinin qırğızca ilk adının «obon» (təranə, zümzümə) olması təsadüfi olmayıb. Bu addan yazıçının özünün də xoşu gəlirdi. Daniyarın mahnısını da əsərin kulminasiya nöqtəsi hesab edirdi.

Onun torpaq kimi sadə, təvazökar qəhrəmanlar maddi sıxıntılar keçirsələr də, əslində çox zəngindirlər, çünki çoxlu türkü bilirdilər. Abutalip Ukubalanın çox türkü bildiyini söylədikdə necə qürurlanırdı: «Heç demə, sənin Ukubala belə mahnılardan çox bilir. Dedi ki, hələ təzələrini də yada salıb oxuyacaq». «Cəmilə çoxlu mahnı bilirdi və onları elə sadə və ürəklə oxuyurdu ki, qulaq asana ləzzət verirdi. «Ağ gəmi»də baba nəvəsinə «ilahi, necə mahnılar oxuyardılar!» - təəssüflənərək, o keçmiş günlərin qiymətini verir.

Abutalip əski dövrləri nostalji duyğularla anır. «Qədimlərdə nə qədər gözəl oxuyurlarmış! Hər mahnı bir tarixdir. O adamlar hamısı gəlib durur gözümün qabağında. Adam istəyir ki, onlara qovuşub canbir qəlb olsun. Onlar kimi sevmək və əzablara dözmək istəyirsən. «Sən gör özləri» haqqında necə xatirə qoyub gediblər!».

Burada musiqi alətlərində – komuzda, mandolinada, dombra ifa olunur. «Radio ilə musiqi verirdilər, komuzda tanış bir mahnı çalınırdı. Bu, qırğız havası idi, onu dinləyəndə mənə həmişə elə gəlirdi ki, qürub vaxtı çöldə baş alıb gedən yalqız bir atlının mahnısını eşidirəm». («Qırmızı yaylıqlı qovağım mənim»).

Maraqlıdır: Qazaxıstanda iki dağın adı Qorqud dombrası ilə bağlıdır. Bir əfsanəyə görə, Qorqud bir dağda dombrasını qoyduğu üçün ona Dombralı deyilir. İkincisi, Qorqud dombrası ilə qazax torpağını gəzib dolaşarkən bir dağın ətəyində dombrasının muncuğunu itirir, ona görə də Monşaktı (Muncuqlu) dağı adlanır.

Qazax əfsanələrinə görə, dombranı, qopuzu Qorqut Ata icad etmişdir.

Komuz-qopuz türk-monqol şamançılıq ənənəsində ruhların «tərcüməçi»si funksiyasını yerinə yetirir. Bir rəvayətdə deyilir ki, Qorqud bir dəvə gönündən komuz (qopuz) düzəldir, həmin alətdə uzun müddət çalır və ölümü yaxın buraxmır. Ölüm ruhu qomuz səsindən çəkinir. Xakas eposunda qomuzun-komısın səslənməsi bahadırı dirildir. Türklər sakral təcrübədə musiqinin rolunu belə anlayırdılar. Tanabay hər şeyi itirdiyi vaxtda Çaydar dəmir qomuzda bir türkü çalır. Artıq ömür-gün keçibdir. Daha heç nəyi geri qaytarmaq mümkün deyil. Sözün bitdiyi yerdə, sukutun var olduğu yerdə türkü səslənir. Tanabay gözləri qapalı halda musiqini dinləyir. «Sonra dəmir komuzun ürək yandıran naləsi qalxdı. Sanki haradasa külək əsirdi – kulək fəryad qoparırdı. Sanki bir insan nalə çəkib çöllər boyu qaçırdı, çöllər susurdu və öz dərdli səsi ilə insan dağı-daşı ağladırdı. Sanki bu kimsəsiz çöllərdə o səs haray çəkib dərdini deməyə bir insan axtarırdı, lakin hər yan bomboş idi, o ağladıqca özü öz səsini eşidirdi. Çaydar dəmir komuzu ağladırdı. Tanabay üçün «Qoca ovçunun mahnısı»nı çalırdı:

Səni mən öldürdüm, oğlum Qaraqul,

Dünyada tək qaldım, oğlum Qaraqul.

Baxtım tora düşdü, oğlum Qaraqul,

Yaman dara düşdüm, oğlum Qaraqul…»

Vətən türklərin mifoloji düşüncəsində həm də «yer-su» ruhlarının məskunlaşdığı məkandır. Türkülər, nəğmələr «yer-su» yiyələri ilə bağlantı qurmaq imkanıdır. Qırğızlar ölən batırlarının, xaqanlarının nəşini Enesay çayının sərt uçurumlu sahillərində dalaşdırır, ana çaya – Enesaya türkülər söyləyir, bununla da xaqanın, batırın yer-su yiyələri ilə son dəfə vidalaşdığına inanırdılar:

«Səndən enli bir çay varmı, Enesay?

Səndən əziz məkan varmı, Enesay?

Səndən dərin bir dərd varmı, Enesay?

Səndən azad, söylə varmı, Enesay?

Səndən enli bir çay yox, Enesay!

Səndən əziz bir vətən yox, Enesay!

Səndən dərin bir dərd də yox, Enesay,

Səndən azad azadlıq da yox, Enesay».

Əsir düşmüş xanın son arzusu və istəyinin səbəbi də budur. Məhz çoban türküsünü onun ruhunu öz ölkəsinə qaytaracağına, ataların ruhu ilə qovuşduracağına inanırdı: «Bir xan o biri xana əsir düşür. Həmin bu xan əsir xana belə deyib: «Mənim yanımda qul olmaq istəyirsənsə qal, ya da ən böyük arzunu yerinə yetirib, səni öldürəcəyəm». O birisi fikirləşib deyir: «Qul olmaq istəmirəm. Yaxşısı budur, məni öldür, ancaq öldürməmişdən mənim vətənimdən kim olsa, bir çoban çağırtdır bura». – «Nəyinə lazımdır?» - «Ölümqabağı onun mahnısını dinləmək istəyirəm» («Ağ gəmi»).

«Ölüm kötüyü» romanın strukturunda «Altı adam və yeddinci» əfsanəsi yer alıb. Yazıçı onu «gürcü ballada»sı adlandırır. Hadisə Gürcüstanda sovet hakimiyyətinin ilk illərində baş verir. Ölkədə vətəndaş müharibəsidi. NKVD Quram Çoxadzeni və onun dəstəsini ələ keçirmək istəyir. Bu məqsədlə dəstənin içinə Sandro adlı bir çekisti soxurlar. Bu agent Quram Çoxadzenin etibarını, güvənini qazanır.

Türkiyə sərhədinə çatanda anlayırlar ki, vətənlə həmişəlik vidalaşırlar. Yaxın kənddən şərab ət və çörək alırlar. Yeyib içib, keflənirlər. Aylı gecədə altı ağqvardiyaçı və çekist son dəfə vətən sevgisi haqqında kədərli bir gürcü mahnısı oxuyurlar. Çekist Sandro da onlara qoşulub oxuyar, özü də ürəkdən oxuyur – axı, bu nəğmə onların hamısına eyni dərəcədə məxsusdur. Dağın qayalarını dəlib keçən, keçdiyi yolları göyərdən, çiçəklər açdıran bulaq kimi axan bir mahnı gecənin havasını doldurur. İlahi səslər öncə yavaş-yavaş ucalır sonra gurlaşaraq, suyun qaya oyuqlarını döyməsi kimi, gürcülərin ruhlarını çoşdurur. Növbə çəkmək adı ilə çıxan Sandro xaincəsinə və soyuqqanlıqla onları qətlə yetirir.

O, Çoxadzeni və yoldaşlarını ölrməklə nəğməni də öldürdür. Sandro onları ayıran yox, birləşdirən ən mistik varlığı məhv etdiyini anlayır və son qurşunu gicgahına sıxıb öz həyatına da son qoyur.

Romanda («Ölüm kötüyü») bu balladadan – əfsanədən əvvəl müasir həyatla bağlı bir «musiqi» epizodu da var – Avdiy Kallistratov ölkənin cənubuna yola düşməzdən öncə Puşkin muzeyinə baş çəkir, burda kilsə xorunun ifasında əski bolqar musiqisi təqdim olunur. Burda gördüklərini heyrətlə təsvir edən müəllif yazır. «Bu həyat fəryadıdır», əlləri göylərə qalxmış insanın fəryadıdır», – on nəfər kişi oxuyur – hamısı da cavan, qəhrəmanın yaşıdıdır. Avdiyə elə gəldi ki, həmin on nəfərin içində oxuyanlardan biri də odur: «İçində hər şey oxuyurdu…».

Türkü, mahnı, dastan özgə dünyaların ezoterik dillərindən biridir. Çingiz Aytmatov öz xalqının «mahnı dilini» mükəmməl bilirdi. Türkü oxuyanlar yazıçı üçün başqa dünyaların nümayəndələri idilər. Yalnız bu «dil»in köməyi ilə Tanabayın, Boranlı Yedigeyin, Daniyarın Nayman-Ananın, Cəmilənin… ruhlarını çağıra bilirdi.

Qəhrəmanların gözlərində gözlərində və türklərində qəmli, kədərli bir işıq var. Bu işıq ataların qutsal ruhundan, manasçıların, jırçıların sevdalı dilindən, bozqır otlarının kədərindən gəlir.

Çingiz Aytmatov Qeser, Manas, Koroğlu kimi yalqız idi.

Manas, Qeser, Koroğlu qanadlı atlar belində üfüqlərə çapıb getdilər.

Çingiz Aytmatov da şöhrət atının belində ataların qeybdən gələn səsinə doğru getdi. Özü də, deyəsən, Daniyarın türküsünü söyləyirdi:

«Dağlarım, mavi pənbə dağlarım,

Babalarımın torpağı, atalarımın məskəni!»

Mənbə: Ədəbiyyat qəzeti

# 3252 dəfə oxunub

Müəllifin son yazıları

# # #