Ağ mələfə üstündəki binamusluq

Ağ mələfə üstündəki binamusluq
10 fevral 2014
# 12:14

Günəşin çırtlamağına bir hovur qala kirilə, üfunətilə insanın içinə məğlətə salan zibil maşınının uğultusuna oyanardı məhləmiz. Bu xüsusi təyinatlı maşın təkcə zibili deyil, məhlədəki səssizliyi də yük yerinə doldurub aparırdı sanki. İt-pişik səsinə səsindən həya eləməyən qadınların avazı qarışardı. Səs-səsə verib günəşi doğuzdurardılar məhləmizdə. Beşmərtəbəli binanın birinci mərtəbəsində üzü xallı, ağbirçək bir qadın olurdu. Səhər açılan kimi bu qadın şüşəbənd eyvanlarının pəncərəsində peyda olardı. Hamıyla mehriban idi. Məhləmizin ərindən qorxmayan vecsiz, bekar arvadları yığışardılar bu məlum qadının başına. Şirin qeybət başlayardı. Hardan desən xəbər verən, hamı və hər şey haqqında məlumatı olan bu qadını məhləmizdə bir nəfər dərindən tanıyırdı-o da Əlislam kişiydi. Eyni kənddən idilər. Hərdən nərd atmaqdan bezəndə Əlislamdan xahiş eləyərdik ki, bildiklərindən, gördüklərindən danışsın. Rəhmətlik də nə çənəsinin qədrini bilərdi, nə də ağciyərinin.

Danışardı:

“İllərdən neçəncisi olduğunu unutmuşam. Bircə bunu bilirəm ki, kolxozumuz həmin il pambıq planını artıqlaması ilə doldurmuşdu. Kəndimizdə bayram əhval-ruhiyyəsi vardı. Günorta kənd zəhmətkeşlərinə rayon mərkəzindən gəlmiş manıslar konsert verəcəkdi. Axşama da kənd klubunda hind filmi göstərəcəkdilər. Qızlar, gəlinlər toyluğunu geymişdi həmin gün. Daha gözəl görünmək istəyən qızlar bir-birinin yanağını çimdiklə qızartmışdılar.”

Bu arada söhbətinə ara verib sol əlini uzadardı başı şüşəbəndin pəncərəsindən əskik olmayan qadına tərəf. Səsini qısıb davam edərdi: “Səriyyə bizdən iki ev aralı olurdu. Danışanda qıpqırmızı qızaran ev qızıydı. Qonşu kənddən də kolxozumuzun bu şad gününə şərik olmaq üçün xeyli adam gəlmişdi. Kənd meydanında iynə atsan mütləq kiminsə bir yerinə batacaqdı. Səriyyə də bu izdihamın içindəydi. Sazəndələr bərbad çalırdı. Oynayanlar bir-iki dəsmal tərləyib yoruldular. Konsert bitdi. Qonşu kənddən gələnlərin içində qara, uzun oğlan varıydı. Gördüm, Səriyyəyə çox maraqla baxır. Bu canıyanmış da oğlandan gözünü çəkmir. İstədim oğlana yaxınlaşıb deyəm ki, bu, sən bildiyin qızlardan deyil, bir də gördüm şirin söhbət gedir aralarında. Qarışmadım. Çıxıb getdim evimizə. Axşam klubda yanaşı oturduqlarını gördüm. Amma ürəyim həyalı, ismətli qonşu qızından yana çox arxayın olduğundan ağlıma pis bir şey gətirmədim. Klub ağzına kimi doluydu. Divara ağ mələfə çəkmişdilər. Və bu ağ mələfənin üstündə Qabbar Sinq yenə binamusluq eləyirdi. Kino qurtaranda saat on ikidən keçmişdi. Hind filmi acı soğan kimi hamımızın gözünü yaşartmışdı. Sonradan kəndimizin zənən nümayəndələri həmin günün sonuna göstərilən kinodan daha maraqlı bir epizod əlavə eləmişdilər. Sən demə, qonşu kənddən gələn oğlan gecəni Səriyyəgilin pəyəsinin arxasında keçirib. Növrəstə aşiqlər sarılıblar bir-birlərinə. Əhd-peyman bağlayıblar ki, ölənə kimi ayrılmasınlar. Sonra bu sazişi daha da möhkəmləndirmək üçün Səriyyə bir balaca dombalmalı olub. Düz bir ay hər gecə Səriyyə biətini təzələyib. Ayın tamamında oğlan əhdinə xilaf çıxaraq kəndlərindən bir qızla nişanlanıb. Bu xəbəri alan Səriyyə özünü itirmədən şələ-şüləsini yığıb, oxumaq adı ilə cırıb aradan. Kəndimizin havalı şairi Nüsrəddin o vaxt şeir həsr eləmişdi Səriyyəyə. Yadımda bir bəndi qalıb:

Səriyyə xanım arxa verir,

Qıraqlarını çarxa verir.

Biz istəsək “olmaz” deyir,

Pünhan-pünhan xalxa verir.”

Lirik şeir parçasıyla söhbətini nöqtələyəndən sonra ağzının suyunu silərdi Əlislam. Səriyyə Bakıya oxumağa gəlmişdi. Vağzalda içində sənədləri olan çamadanını oğurlayıb təhsil almaq arzusunu gözündə qoymuşdular. Kənddən çıxalı başı qaldan ayrılmamışdı biçarənin. İki-üç dəfə türməyə düşmüşdü. Bakının hər künc-bucağında yüz oyundan çıxandan sonra qoca vaxtında köçünü bizim məhləyə salmışdı. Məhləni bələdləyib başlamışdı nəşə buraxmağa. Müştərini sorğu-suala tutduqdan sonra əlindəki dua kitabını qatlayıb qoyardı bir qırağa. Belinə bağladığı şalın içindən nəşəni çıxardıb uzadardı müştəriyə. Bazarlığı bitirib yenidən başlayardı mütaliə eləməyə. Yaxşı ki sonralar müqəddəs yerlərə ziyarətə gedib bu adətini tərgitdi. Çox yava arvadıydı rəhmətlik. İki qızı varıydı. Qızların halına baxanda adama elə gəlirdi ki, Səriyyə xala bu qızları doğmayıb, ifraz eləyib. Qızlarının yaşı keçirdi. Adlarını tutan, üzlərinə baxan bir köpəkoğlu yox idi yer üzündə. Qızları bəlkə də daha çox çirkin göstərən şey ümidsizlik idi. İşıqdan xaliydi sifətləri. Səriyyə xala qarımış qızlarına baxıb hövülləndikcə məhlədəki başqa qızların xoşbəxt olmasını istəmirdi. Gününün yarıdan çoxunu şüşəbəndin pəncərəsində keçirtdiyindən hansısa ağıllı bir qızı soruşmaq üçün gələn adam Səriyyə xalayla rastlaşsaydı tam əminliklə demək, hətta and içmək olardı ki, həmin qızın evlilik işi alınmayacaq. Təmiz, kasıb qızları pislədikcə pisləyərdi. Başına qeybətə yığışan arvadlara nəsihət verərdi həmişə: “Qızlarınıza əməlli cehiz qoşun, sevgi-zad boş şeydi. Cehiz aparmayan qız ağzını açmaq istəyəndə “sən bizə gələndə təkcə şeyini götürüb atıla-atıla gəlmişdin” deyirlər. Qız mütləq cehiz aparmalıdır ki, danışmağa dili və üzü olsun.” Qeybətə yığılmış bekar qadınların çöhrələrinə qonan yaltaq təbəssüm təsdiqləyərdi Səriyyə xalanın sözlərini.

Mən rəhmətliyin son günlərini görə bilmədim. Deyirlər, üç gün canını tapşıra bilməyib...

(Ardı olacaq...)

# 2993 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #