Hər tərəfi ağıllı Nataşa

Hər tərəfi ağıllı Nataşa
22 yanvar 2014
# 12:53

Üç tərəfi köhnə, birmərtəbəli evlərlə çevrələnmiş dördmərtəbəli binanı məktəbdən başqa hara desən, oxşatmaq olardı. Bu müqəddəs təhsil ocağının arxasında başqa həngamə vardı. Geniş asfalt küçə, möhtəşəm kinoteatr və ard-arda sıralanan hündür binalar məktəbimizin dalına ayrı bir ülviyyət qatmaqdaydı. Naşükür məktəbimiz mədəniyyətə, sivilizasiyaya arxa çevirmişdi...

Tənəffüs idi. Dünən eşidib əzbərlədiyim “Lökbatannamə”ni dostlarıma oxumaq istəyirdim. Həyəcanlıydım. Sinif yoldaşlarımı bir kənara çəkib əzbərimdə olan bu nadidə şeir parçasını çaşmadan, karıxmadan birnəfəsə dedim. Məni diqqətlə dinləsələr də əhvallarında bir dəyişiklik olmadı. Sən demə, hamı bu “sənət əsəri”ni əzbər bilirmiş. Yaxşı yadımdadı, adını unutduğum sinif yoldaşım mənim oxuduğum şeirdən qat-qat ədəbsiz bir şeir oxudu. Susdum. İlk dəfəydi, tərbiyəli olduğuma görə pərt olurdum.

Bizim məktəbin yazılmamış qanunları vardı. Dərsdən “2” almısansa, müəllim səni danlayıbsa, evdə bişən yemək xoşuna gəlməyibsə, tənəffüs zamanı xoşuna gələn rus qızın ayağını tapdayıb hörüklərini darta, gücün çatan rus balalarını müəllim və müəllimələrin gözü qabağında rahat qapazlaya bilərdin. Bu işə görə heç kəs sənə güldən ağır söz deyə bilməzdi. Dərs vaxtı bitdi. Dağlı günəşində qızınıb Dağlı havasını ciyərimə çəkdim. Yavaş-yavaş evimizə tərəf meylləndim. Evə çatmağa az qalmışdı ki, kiminsə adımı çəkdiyini eşitdim. Dönüb baxdım. Qarşısından ötüb keçdiyim binanın birinci mərtəbəsinin pəncərəsindəki ortayaşlı fındıqburun, pırtlaşıq saçlı çirkin rus qadınını tanıdım. Yaxınlaşıb salam verdim. Sinəsini bir az da qabardıb əlində tutduğu “Mumu” konfetini mənə uzatdı: “İstəyirsən?” Birtəhər özümü ələ alıb istəsəm də, istəmədən “istəmirəm” dedim. Və evə getdim.

Yatmışdım. Axşama yaxın yuxudan anamın, bir də Dimanın nənəsinin səsinə oyandım. Anam çağırılmamış qonağı yola salarkən söz verdi ki, arxayın olsun, Dimanı vuran əllərim bu axşam atam tərəfindən qırılacaq. Axşam yeməyini bitirib süfrədən qalxmaq istəyirdim ki, atam dedi, otur, səninlə işim var. Kişi bu dəfə çox uzaqdan başladı. Sovet hakimiyyəti qurulmamışdan qabaq Azərbaycanda olan haqsızlıqlardan, bəylərin, ağaların zülmündən danışdı. Və bizi bu əsarətdən rusların qurtarmasını xüsusi qeyd edib qəhərləndi: “Oğlum, əsrlərdən bəridir, biz rus xalqı ilə dostuq, qardaşıq. Sənin vurduğun zərbələr Dimadan daha çox xalqlar dostluğuna dəyir. Rus mədəni xalqdı. Onlarla dost ol. Onlardan mədəniyyətli olmağı öyrən!” “Baş üstə” deyib ayağa qalxdım. Qapıdan çıxhaçıxda atamın səsi yenidən eşidildi: “O it uşağına bir də toxunma!”

Nədənsə səhər həmin eybəcər rus qadının arzusunu gözündə qoymağımı xatırladım... Özüm özümlə əhd-peyman bağladım: bundan sonra mədəni olacaqdım.

Məktəbimizdə oxuyan rus qızlarını bir-bir xatırlamağa çalışdım. Saçlarını dartdığım, məktəb çantalarını vurub əllərindən yerə saldığım rus qızları arasında mənim dəcəlliklərimə ən mədəni şəkildə dözən Nataşa idi. İki məhəllə bizdən aralı olurdu. Arıq, uzun qızıydı Nataşa. Dümdüz ayaqları varıydı. Yeriyəndə sarı, uzun hörükləri yanbızını döyəcləyirdi. Bu qızın hər tərəfi ağıllıydı...

Səhər yuxudan çox mədəni şəkildə ayıldım. Əl-üz yumağımdan, stul arxasında oturuşumdan, pilləkənləri düşməyimdən mədəniyyət fışqırırdı. Məktəbin ikinci mərtəbəsində qarşılaşdığım Dimanın dalına mədəni şəkildə bir-iki təpik əndərəndən sonra Nataşanın yolunu gözləməyə başladım. Çox keçmədi ki, slavyan gözəli ərzi-əndam elədi. Ürək sözümü deməyə cəsarətim çatmazdı. Ona görə də dörd arvad alıb, dördünün də qucağını uşaqla sevindirən rəhmətlik dayım Don Həmidin ruhunu köməyə çağırdım...

Həmin axşam Nataşa ilə məhlənin ətrafında görüşdük. Yenicə söhbət etməyə başlamışdıq ki, əlimdən tutub məni yaxınlıqdakı uşaq bağçasına tərəf çəkdi. Ətrafda heç kəs yox idi. Qəfil pişik kimi boynuma atıldı. Qurşaqdan yuxarısını ələk-vələk eləsəm də, istədiyimi tapmadım. Ana təbiət uca boylu bu qızın sinəsinə döş qoymağı unutmuşdu. Həmin gündən bu səssiz bağça atamın dediyi “xalqlar dostluğu”nun məbədinə çevrildi...

(Ardı olacaq...)

# 2743 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #