Qazi adından sui-istifadə edənlərin məqsədi

Qazi adından sui-istifadə edənlərin məqsədi
20 iyun 2022
# 17:10

Kulis.az Rəvan Cavidin "Çəkilin, qazi gəlir" yazısını təqdim edir.

Vətən mənə oğul desə, nə dərdim...

Mənim vəziyyətim mamırdan da beş-betərdi...

Promete. “İcmal” treki

“Qırmızı” coğrafiyaların hamısında müharibə travmaları var. Elə Azərbaycanda da. Əsrin əvvəllərində bu travmanı saqqallı, nizamsız ordunun oğulları yaşadı. Yarısı yaşadı, yarısı şəhid oldu.

Otuz il sonra müharibə travmasını yaşamaq bizim bəxtimizə düşdü. Sonunda zəfər olan İkinci Qarabağ müharibəsində nə qədər dostu, nə qədər qohumu, küçədə, məktəbdə bir yerdə futbol oynadığımız nə qədər uşaqları itirdik.

Kəndimizə gedəndə yol boyu onların nur üzü həkk olunmuş lövhələrə baxanda inanmaq istəmirəm ki, bu uşaqlar artıq bir də mənə salam verməyəcək.

Çətindi.

Uşaq vaxtı Murovdan o yana keçə bilmirdim. İndi həmin uşaqların hesabına o torpaqlarda gəzirik, qaçırıq.

Nə qədər oğullar ayağını, əlini itirdi ki, sabah körpə uşaqların, çadırlarda böyüyən gənclərin evi olsun, yurdu olsun.

Rayon yerlərində həmin o qazilərimiz başlarını aşağı salıb hökumətin verdiyi pensiya ilə birtəhər dolanıb, bədənlərinin yerdə qalan hissəsinin də bu vətən torpaqlarına basdırılacağı günü gözləyir.

Şəhərdə vəziyyət başqadır bir az. Şəhər deyəndə də Bakını nəzərdə tuturam.

Vətən uğrunda ölməyi seçib ölə bilməyənlər qalibiyyətin xəfif xoşbəxtliyinə qısılıb yaşayanda bəziləri bundan sui-istifadə etməyə başlayır.

Müharibədən sonra sosial şəbəkələrdə qazilərlə şəkil çəkdirib paylaşmaq, onlara qonaqlıq verib restoranları reklam etmək, QHT-lərin xeyriyyə yarışları populyarlaşmışdı.

İki il keçir. Hələ də şəhərin mərkəzindəki restoranlarda qazilərin “şot” davasına şahidlik edirik.

“Mən əlimi-ayağımı sizin üçün vermişəm e” minnətinin qabağında qızarıb heykələ dönən ofisiantların nə verəcəyi cavab, nə də “şotu” bağlayacaq səlahiyyəti olmur. Gözlərindən “Hə, yaxşı, neynəyim? Yediyinin pulunu ver də” ifadəsinin masaya töküldüyü administratorlar da güc-bəla ilə problemi həll eləməyə çalışır.

Bu hələ harasıdı? Nə qədər maşınlarda, evlərdə “Qazi” plakatı ilə bizə minnət qoyan qaziləri tənqid edəndə olursan vətən xaini, tərif etməyə də vicdanın yol vermir.

Demək istəyirsən ki, ay qəhrəman Azərbaycan oğlu, sən müharibədə döyüşmüsən, torpaqları azad eləmisən, sağ ol! Amma yazıq ofisiant bunun müqabilində niyə sənin genələ-genələ oturduğun masanın hesabını versin?

Ya niyə biz sənin maşınının yaratdığı tıxacda ilişib günümüzü itirməliyik?

Niyə sənin növbə mədəniyyətin qazi statusunun altında qalmalıdır?

Bizə verdiyin zəfəri imkan ver yaşayaq da. Dünyanın qara günlərində niyə sənin nazınla oynamalıyıq?

Beş-on belə qaziyə görə, qeyrətini çəkdiyi torpaqda qürurla yaşayan vətən oğullarının da statusuna xələl gətirirsən axı.

Nə ehtiyac var ki, Əflatun dayının balaca dükanında “mən qaziyəm” deyib adamları əzə-əzə önə keçməyə? Vallah, ayıbdı.

Hər şey öz müstəvisində gözəldi, hər şey öz çərçivəsində təqdirə layiqdi.

Sevginin çoxu da yükdü.

Səni sevməyimiz sabah cəmiyyətimizin etik normalarını pozub yersiz xaos yaradacaqsa, sənin qazandığın qalibiyyətin də bir önəmi qalmayacaq.

Onsuz da, sosial rifahının yaxşı olmadığı, bir para təqaüd üçün əlli yerdən sənəd almağa məcbur edilən qazilər bir tərəfdən də özləri bu boz həyatı çətinləşdirir.

Hara getsələr hörmət görən bu vətən oğulları özləri niyə bu vətənin balalarına hörmət etməyi bacarmır?

Onların bu cür zəlil davranışları səmimiyyətlərinə ləkə salır.

Təqaüd demişkən... Müharibədən iki il keçməsinə baxmayaraq, hələ də bəzi qurumlar qazilər üçün ayrılmış təqaüdün onlara verilməsi üçün lazım olan sənədləri gecikdirməklə məşğuldur. Halbuki prosedura çox sadə olmalıydı. Nazirliyin əlində müharibədə iştirak etmiş döyüşçülərin siyahısı var. Şəhidlər bilinir, itkin düşənlər axtarılır. Yerdə qalan döyüşçülərə də “qazi” statusu düşür. Vəssalam. Kimə hansı medal, hansı məbləğdə təqaüd veriləcəyi də aydındı. Hərbi sistemin sərt nizamnamələrinin mahiyyəti niyə bu məsələlərdə də özünü göstərmir?

Həmin aqressiyadır ki, bu gün özünün haqqı olan təqaüdü, medalı, mükafatı almayan qazilər bütün səlahiyyətlərindən ən xırda yerlərdə də istifadə etməyə başlayır.

Problem də iki ildir ki, “Turp” nağılı kimi davam edir.

# 2651 dəfə oxunub

Müəllifin son yazıları

# # #