Kulis.az Rəvan Cavidin “Günün və gündəmin mətnləri” yazısını təqdim edir.
2006-cı ildə Nobel mükafatı alan yeganə türk yazar Orhan Pamuk haqqında deyirlər: “Erməni soyqırımına inanırdı, bu haqda danışırdı”.
1998-ci ilin Nobelçisi Saramaqo haqqında danışanda kilsənin onu ölkədən qovmasını Nobeli qazanmasına vəsilə olduğunu qeyd edənlər var.
Bulqakovdan söz düşəndə əsərlərinin yayınlanmamasını və siyasi səbəblərini birinci vurğulayırlar.
Sartr haqqında da eyni fikirləri eşidirik.
2018-ci ilin Nobel laureatı Olqa Tokarçuk da əsərlərindən daha çox Polşada qətl edilmiş yəhudilər haqqında səsləndirdiyi fikirlərlə gündəmdə olub.
Şairlərin siyahısı isə bu mövzuda daha uzundur.
Homoseksuallar, transgender məsələləri, feminizm, kosmopolitizm və sair kimi 21-ci əsrin mövzularına yazıçıların göstərdiyi mövqe daha sürətlə yayılır və nə təəssüf, bəzən bu məsələlər o qədər qabardılır ki, yazıçı sənət müstəvisində deyil, başqa mövzularda müzakirə obyekti kimi qalır.
Andre Pitzerin “Vladimir Nabokov. Yazarın gizli tarixi” kitabı Nabokovun Solijenitsinlə İsveçrənin çox məşhur “Montreux Palace” otelindəki görüşünü xatırlamaqla başlayır. Bu görüş Solijenitsinin Nobel mükafatı aldıqdan və Rusiyada təzyiqlərə məruz qaldığı illərdən sonrakı tarixdi. Daha dəqiq desək, 1974-cü il. Maraqlı görüş olub, amma bizim mövzu bu deyil. Kitabda belə bir maraqlı informasiya var. Deməli, 1970-ci ildə Nobelə namizəd kimi Soljenitsin və Borxes göstərilir. Onlardan daha az şansı olan isə Nabokov idi. Halbuki, “Lolita”nın müəllifi o illər üçün həm Borxesdən, həm də Soljenitsindən daha məşhur idi, daha çox oxunurdu. Bestseller idi. Və populyar nəsr olmağı ilə bərabər, həm də eksperimental, yeni mətnlər yazırdı. İsveç Akademiyası 1970-ci ildə Nobeli Soljenitsinə – “Qulaq arxipelaqı” romanının müəllifinə verdi. Romanı oxuyanlar Soljenitsinin nə qədər cəsarətli bir yazar olduğunun fərqindədir artıq. Oxumayanlar üçün bir cümlə ilə ifadə etsək, Lenin və Stalin dövründəki repressiyaları, SSRİ-nin xalqlar üzərindəki ədalətsizliyini ifşa edən bir roman yazmışdı Soljenitsin. Ölkədən çıxarsa, bir də geri dönməyəcəkdi. Əsərlərinin tirajı toplanmış və satışı qadağan edilmişdi. Romanı köçürən xanımın evi axtarılmış, romanın nüsxələri toplanmışdı. Ancaq gec idi. Çünki roman Avropada səs salmışdı artıq. İtaliya və Fransada kommunistlər SSRİ-nin siyasi atmosferini tənqid edirdilər. Sosialistlər ikiyə ayrılmışdı.
Qayıdaq öz mövzumuza. Borxes Soljenitsindən azmı ədəbiyyata xidmət etmişdi? Və ya Borxesin mətnləri istedadlı deyildimi? Dünya ədəbiyyatına möhtəşəm yeniliklər gətirən, nəsrdəki eksperimentləri ilə janrlar arasında əlaqələr quran, esse və hekayənin divarlarını, sərhədlərini qıran, intellektual nəsrin banilərindən biri Borxes və bir o qədər də mükəmməl olmayan mətnlər yazan, rus nəsrindən nəsibini tam almamış, cəsarətli, sərt mövqeyi ilə səs-küy yaratmış Soljenitsin. Nobel Soljenitsinə verilir, kitablarının tirajı daha çoxdur və adamlar onu oxuyurdular.
Dünyada üçüncü dərəcəli oxucular üstünlük təşkil edir. Onlara bədii mətnin menyusu, faydası, estetikası deyil, dadı maraqlıdır. Dadlı mətnlər istəyirlər. Bəh-bəhlə oxuyacaqları, özlərini ifadə edəcəkləri mətnlər. Bu mənada qeyri-ciddi nəsr və ya poeziya öz sentimentallığı, yaxud içi boş həyəcanı, qorxusu ilə oxucu rəğbətini qazana bilir. Bu cür bəsit mətnlərə birinci dərəcəli oxucular yaxın da durmur. İkinci dərəcəlilər üçün isə fəsfud rolunu oynayır. Mən Soljenitsinin bəsit mətnlər yazdığını və ya onun romanlarının, xüsusən də “Qulaq arxipelaqı”nın detektiv, populist romanlarla eyni cərgədə durduğunu demək istəmirəm. Əlbəttə, Soljenitsinin mətnlərində ciddi detallar çoxdu, üslub var və sair. Amma bütün bunlar hamının gördüyü deyil. Onun çox oxunmasına səbəb məhz müxalif mövqedə durması, siyasəti, mövcud olduğu cəmiyyətin elitasını sərt şəkildə ifşa etməsindədir. Mətnlərinin menyusu zəngindi, estetikası var, ancaq oxucular üçün də dadlıdır.
Söhbət keçən əsrin 70-80-ci illərindəki prosesdən getdi. Bu gün də dəyişən bir şey yoxdur.
İki cür yazıçı taleyi var; birincisi, həmişə ədəbiyyat, sənət kontekstində yüksək dəyər görən, istinad edilən, ikincisi, öncə imajı ilə diqqət çəkən, mətnlərinin sadəcə estetik tərəfləri gözə çarpan müəllif.
Ədəbiyyatı oxucuya daşımağın ən unikal yolu budur. Gündəmi izləyən yazıçı bir sıfır öndədir. Siyasi-ictimai mövqeyi ilə diqqət çəkən, həm də ciddi mətnlərin müəllifi həm öz dövründə, həm də gələcəkdə oxunacaq. Sakit yazıçılar isə öz qiymətlərini sonra alır. Onlar oxucunu deyil, zamanı qabaqlayır.
Nabokov misalı Borxeslə Soljenitsinin kəsişməsində qərar tutur. Modern mövzular, oxucuların diqqətini çəkən manevrlər, poetik dil, qəlibləşmiş dəyərlərin cəsarətli inkarı və ən əsası yeni üslub. Əslində, Nabokovun mövzuları həm gününün, həm də özündən sonrakı dövrün nəbzini tuta bilir. O həm indinin, həm gələcəyin yazıçısıdır. Çağdaş ədəbiyyat da bunu tələb edir. Dünyaca məşhur romançı-esseist Milan Kundera bir romançı üçün zamanın xaricində mətn yazmağın dəhşətli bir faciə olduğunu deyir. Bu misal günümüzdə yazılan mətnlər üçün səciyyəvidir. Ancaq bütün hallarda mən sənətin gələcək üçün simvollaşdırılmış mətnlərdən ibarət olduğuna inanıram. Sizcə, bəs? Onu bilmirəm.