Kulis.az Rəvan Cavidin “Məsumiyyət muzeyi”ndən hazırladığı reportajı təqdim edir.
“Hər kəs bilsin, çox xoşbəxt bir həyat yaşadım”. Nobel mükafatı almış yeganə türk yazıçısı, avropalıların təbirincə, onlara yenidən roman yazmağı öyrədən Orhan Pamukun 2002-2007-ci illərdə ömrünün son illərini yaşayan Kemal Basmacıdan “Məsumiyyət muzeyi” romanından oxuduğumuz sevgi əfsanəsini dinlədiyi otaqdayam.
Bu otaqda, bu skamyada Kemal yazıçıya Füsunla yaşadığı şəhvətli sevgidən danışdı, Pamuk da elə buradaca romanın ilk bölümlərini yazmağa başladı. 21-ci əsrin sevgi əfsanəsinə çevrilmiş, daha sonra müəllifin muzeyini qurduğu məhəbbət hekayətini bu otaqdan gəzməyə qərar verirəm. Bura muzeyin pentxausudur, damında kiçik, bir çarpayıdan, skamyadan, xırda çəkməcədən, stuldan ibarət otaqdır. Divarda romanın və Kemalın son sözləri yazılıb.
Dar otaqda gah çarpayıya, gah Füsunun ölümündən illər sonra belə yatağının yanındakı çəkməcənin üzərində ehtiyatla saxladığı qazlı su butulkasına baxıb fikirləşirəm:
– Bir insan bu qədər tutquyla birini sevə bilərmi? Və ya bir qadın bir kişinin həyatını bu qədər dəyişə, bu qədər sahmana sala bilərmi?
Divarda Pamukun roman üçün etdiyi ilk qeydlər, romanı yazdığı qələmlər sərgilənib. Pamukun əlyazısı, istifadə etdiyi sadə qələmlər məni bir yazıçı kimi həyəcanlandırır. Kemalın Füsuna ehtiraslı bağlılığı məni nə qədər təəccübləndirirsə, Pamukun roman yazmağa bu qədər ciddi yanaşması, özünün dediyi kimi, iynə ilə quyu qazmağa bənzətdiyi yazı prosesini bu qədər detallı incələməyi də həmişə mənə xüsusi bir motivasiya verib.
Üçüncü mərtəbəyə düşüb eksponatlara baxmadan birbaşa küçəyə açılan eyvana çıxıram. Beyoğlu, Çukurcuma küçəsi. Romanda oxuduğum səsləri eşidirəm. Videolarda, kinolarda gördüyüm, təsəvvürünü həmin filmlərə və Pamukun romanlarına borclu olduğum 80-ci illərin İstanbulu gözümün önündə canlanır.
Bu dar küçədə ora-bura qaçan uşaqları, simit arabasını dartan yaşlı kişiləri, qollarında rəngli, naxışlı parçalar asılmış qadınları görürəm. Küçənin o başından Füsunla Kemalın qol-qola girib gizlincə bu evə doğru asta, yorğun addımlarla gəldiklərini xəyalımda canlandırıram. Görəsən, bir gün yaşadıqları sevginin ən gözəl sevgi romanına çevriləcəyini bilirdilərmi? Görəsən, bir romanın içində yaşadıqlarını bilirdilərmi?
Üçüncü mərtəbədə romanın son bölümlərini əks etdirən eksponatlar nümayiş olunub. Burdakı hər xırda əşyadan böyüyünə kimi hamısını yazıçı özü toplayıb. Bəzilərini Kemaldan, bəzilərini onların ailəsindən, bəzilərini də İstanbulun yaddaşından. Muzeyin ən kədərli, ən qüssə dolu otağıdır. Divarlardakı eksponatlar Füsun üçün ağlayıb, onun ölümünə illərdi yas saxlayıb. Füsunun son dəfə toxunduğu əşyalara baxanda tüklərim biz-biz oldu, ciyərlərimdən mədəmə doğru ağır bir hıçqırtının suları axdı. Romanı oxuyanlar bu mərtəbənin verdiyi qüssəni başa düşürlər.
Kemalın ailəsinin şam yeməyini, rakı süfrəsini canlandıran mini eksponat Pamukun içində yaşadığı elit ailəni də tərənnüm edir. Şüşə arxasından Kemalın çəkdiyi “Marlboro” və Füsun sayəsində tanıdığım və Türkiyədə həmsöhbət olduğum yaşlılardan tez-tez adını eşitdiyim “Samsun” siqaretlərini görürəm. Qulaqlığımda Pamuk “Samsun” siqaretindən, onun həmin dövrdə ən ucuz siqaret olmağı ilə yanaşı fransız elitası ilə sadə türk insanının fərqini ortaya çıxaran bir atribut olduğundan danışır. Yazıçının səsi muzey gəzintisini bir az da sehirli abu-havaya salır. Özünü romanda hiss etmək buna deyilir. Qarşımda rakı şüşələri, türk qəhvəsinin içildiyi və hələ də məşhur olan xırda fincanlar, Kemalın nişanlısının zinət əşyaları, Füsunun sadədən sadə həyatını nişan verən don dayanıb.
Nişanlısına xəyanət edən, bəzən bu xəyanətin ağrısı ilə, bəzən də Füsunun yoxluğunun gətirdiyi sonsuz kədər hissi ilə ömrünün son günlərində hələ də siqaret kötüklərinə və şüşə butulkalara baxıb keçmişin dörd divarı arasında özünə yer tapmayan Kemalın necə bir ağrı ilə qovrulduğunu, romanın hər cümləsindən hiss etdiyimiz sevgisinə sadiq qaldığını duyuram.
Eksponatların içində o dövrə aid qəzet parçaları, müxtəlif ev əşyaları, açarlar, bəzək əşyaları, futbol komandalarının məşhur oyunçularının xırda şəkilləri, daktilo, Kemalın atasının və anasının gənclik şəkilləri film posterləri var. Bu muzey təkcə romanın yox, həmin illərin canlı şahidi kimi bizə hər şeyi olduğu kimi, əşyaların yaddaşı ilə danışır.
İkinci mərtəbədə romanda xüsusi adı keçən otelin Kemalda və Füsundakı kopya açarları sərgilənib. Bu mərtəbə muzeyin Sibelin (Kemalın nişanlısı) hər şeydən xəbərdar olduğu, qırmızı “Şevrolet”in boğaz sahilində Füsunu gəzdirdiyi, Kemalın iş həyatı ilə ailə həyatının bir-birinə qarışdığı, bir sözlə, romanın kulminasiya nöqtəsinin təsvirini yaradan hissəsidir.
Yenə bizi rakı şüşələri, Türkan Şorayın filmləri, boğaz mənzərələri, İstanbulun enişli-yoxuşlu səmtlərində qaçan uşaqların səsi izləyir. Bu mərtəbədə fərqinə varıram ki, muzeyi ziyarət edənlərin oturduğu skamyalarda xüsusi zəncirlərlə divarlara bağlanmış kitablar var. “Məsumiyyət muzeyi” romanının fərqli dillərdə və fərqli illərdəki nəşrləri. Mənimlə bərabər muzeyə girən turistlərin çoxu kitabın ilk bölümlərini oxuyur, qulaqlıqlarında kitabın müəllifindən muzey və romanın yazılma səbəbləri haqqında məlumatlar dinləyirdilər.
Birinci mərtəbədə romanın 1-51-ci bölümləri sərgilənir. Və əlbəttə, bu otağın başında Füsunla Kemalın tanışlığının birinci “günahkarı” “Şanzelize” butikin aksesuarları, o dövrdə elit qadınların geyindiyi brend paltarlar, ayaqqabılar nümayiş olunur. Füsun bu qədər dəbdəbənin içində necə sadə, necə çəlimsiz görünür gözümə. Kemalın həyatından fırtına kimi keçən, hər şeyi alıb dənizə atan Füsun bu mərtəbədə necə sakitdir. O, həyatın qayğıları ilə, riyaziyyat məsələləri ilə, işlədiyi mağazada hər gün qarşılaşdığı qlamur qadınların işıltılı həyatlarının həsrətini çəkməklə məşğuldur. Bu mərtəbə romanın və sevginin doğulduğu mərtəbədir. Burada hər şey hələ safdır. Kemal yalan danışmağa, Sibel şübhələnməyə, Füsun isə özünü Kemalın və həyatın qollarına atmağa məcbur qalmayıb.
Görəsən, yenidən qarşılaşsalar, elə bu evin, bu muzeyin qabağında birinci hansı sualı verərlər bir-birinə. Kemalın Pamuka dediyi son söz belə idi: “Çox xoşbəxt bir həyat yaşadım!” Bəs Füsun necə, o da yaşamışdı o xoşbəxtliyi?
Həm romanı oxuduqca, həm muzeyi gəzdikcə, həm də Pamuku dinlədikcə yalnız Kemalın xoşbəxt olduğu duyğusunu yaşadım. Romanı, sevgini Füsunun dilindən eşitmək də istədiyimi ilk dəfə hiss etdim. Füsun necə danışardı? Birinci o yox, Kemal ölsəydi, Füsun bu qədər şey edərdimi? Füsun haqqında fikirləşdikcə ona bağlanırdım. Kemalın yerinə olsa, bəlkə də hamı bu qadın üçün hər şey edərdi. Muzeydəki əşyaların mahiyyəti sevginin mahiyyətindən çox üstün idi. Bu əşyalar sadəcə Kemalla Füsunu təmsil etmirdi, bütün İstanbulu, bütün onilliyi, bütün elitanı və bütün alt təbəqəni.
Muzeyin giriş qatında Füsunun çəkdiyi siqaretlərin qarşısındayam. 4213 siqaret kötüyü.
Bu lövhə sevginin simvoludur. Sevginin, qayğının, əziyyətin, məsuliyyətin, bağlılığının, sədaqətin, keçmişin, hörmətin, qadının və kişinin, ən əsası ümidin simvolu. Bütün siqaretlərin altında xırda parçalara yazılmış qeydlər var. Pamuk həmin qeydləri Kemalın istəyi ilə yazıb. Bəzi qeydlərdən romanda istifadə olunub. Nümayiş olunan hər eksponatın tarixcəsi, romanda adı keçənlərin mətnləri onların ya üst sağ, ya da alt sol küncünə qeyd olunub.
Muzeyə giriş biletini də, Pamukun roman və muzey haqqında sistemli nitqini dinləyə biləcəyimiz MP3-ü də buradan alırıq. İstənilən eksponatın qabağında dayanın nömrəsini mp3-ə basmaqla əşya haqqında, həmin əşyanın Kemal və Füsunun hekayəsindəki rolu haqqında Pamukun dilindən məlumatlar dinləmək olur. Muzey 2014-cü ildə dünyada ilin muzeyi seçilib. Burada hər şey ziyərətçilərin rahatlığı üçün ən son texnologiyanın tətbiqi ilə qurulub. Muzeyi gəzəndə heç bir bələdçi sizə kömək etməyəcək. Pamukun səsi sizə istədiyiniz köçəyə getməkdə köməklik edəcək.
Muzey binasının padvalında kiçik bir mağaza da var. Burada Pamukun kitabları, romanla əlaqəli bir çox aksesuar satılır. Füsunun Kemalın evində itirdiyi sırğaların kopyası, açarlıqlar, məktub zərfləri, qolbaqlar, posterlər və sair.
Muzeydəki hər şey Füsunu yaşatmaq üçün idi. Ona olan əbədi sevginin sübutu idi. Kemal ona və hamıya sübut etmişdi ki, sədaqət və məhəbbətin qovşağında ağrılar dayansa da, əbədi vəfa borcu bəzən unudulmur. İndi onun sayəsində Füsun yaşayırdı. Eyni zamanda da bütün İstanbul.
Muzeydən çıxıb romanın və muzeyin verdiyi duyğu yükünü içimdən atmaq üçün dərin nəfəs alıram. Küçənin başından bir qız gəlir. Ona tərəf addımlayıram.
– Pardon!
– Evet?
– Benim fotoğrafımı çekebilir misiniz?
– Tabi! Nerede? Burada mı?
...
– Nasıl?
– Güzel! Çok teşekkür ederim!
– Yabancı mısınız?
– Pek sayılmaz. Azerbaycanlıyım.
– Araplara benziyorsunuz. Adınız ne?
– Revan...
– Bak, adınız da arapça...
– Sizin adınız ne?
– Füsun!