Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.
"Çətin olan seçim etmək deyil, seçimlərinlə yaşamaqdır"
"The Words" ("Sözlər") filmindən
Bakıdakı yeraltı kafelərdən birində bəyaz kərpicli divara adını unutduğum bir qəzetin solğun səhifəsi yapışdırılmışdı. Manşet səhifədə iri və qalın hərflərlə "Həyat mətndir..." sözləri tez-tez baş çəkdiyim o kafedə saatlarca məni və ədəbiyyat haqqındakı düşəncələrimi məşğul edirdi. Heç vaxt ədəbiyyat təhsili almasam da, mətnləri və ədəbi zövqü o cür yeraltı kafelərdə pivə qurtumlaya-qurtumlaya kəşf edirdim. On səkkiz yaşlı bir gəncin sehrli olan hər kəlmə ilə tanışlığı, tanımadığı talelərlə salamlaşmağı qaranlıq, qışı soyuq, yayı bürkülü keçən həmin kafelərdə başladı. Bəxtimin dost-tanış tapan vaxtları idi. Və indi də taleyimiz hansısa bir nöqtədə kəsişdiyi dostlarımla ilk görüşlərimi də həmin kafelərə borcluyam. Pis yazmaqdan qorxduğumuz, yaxşı yazanda həyəcanlandığımız o yaşın indi közərtisinə gözümüzü dikib qalmışıq. Keçmiş məfhumu bizi tez-tez o kafelərə aparır. Onda da, indi də qorxduğum təkcə bir şey var idi: özümü və hisslərimi ifadə etdiyim sözləri itirmək.
Böyük və məşhur yazıçıların müsahibələrindən oğurladığımız, sonra özümüzün də fərqinə vardığımız "Mən ədəbiyyatı seçmədim, ədəbiyyat məni seçdi" klişesi bizdən çox-çox uzaqlarda idi. Hər birimiz ağlı başında olan cavanlar idik. Pulsuzluğun, çətin həyatın, uğurlu övlad, sevgili, ər, dost olmağın nə demək olduğunu da "xalxın uşaxları"ndan görüb bilmişdik. Amma hansısa həyəcanın dadına aldanıb bu seçimi etdik. Yazmaq.
Biz üç nəfər idik. Üçümüz də özümüzü və bir-birimizi aldatmaqla məşğul idik. O üç nəfər indi üç fərqli ölkədə üç fərqli qürbətin üç fərqli gecələrini yaşayır. Bizim üçün ən yaxşı da biz idik, ən pis də. İllər keçdi, ömür özünü finala tələsdirir. Bizim bir də "Həyat mətndir, bəs biz?" manşeti altında pivə içəcəyimiz günlər xəyaldan və gözəl arzudan başqa bir şey deyil. Hər gün ailəmin, dostlarımın, yaxınlarımın danışdığı həqiqətlərlə üz-üzə gəldikcə, onlara da, özümə də nifrət edirəm.
Brian Kluqman və Li Sterntalın "Sözlər" ("The Words") filmi yazıçı olmağı seçmiş bir gəncin uğursuzluğu ilə barışa bilməyib tapdığı bir romanı öz imzası ilə təqdim edib məşhurluq qazanmasından, daha sonra romanın həqiqi yazarı ilə qarşılaşmasından və bütün bu hekayəni başqa bir kitabda nəql edən başqa bir yazarın öz oxucusu ilə etdiyi ədəbiyyat və həyat söhbətlərindən bəhs edir. Ssenari olaraq Martin Suterin 2004-cü ildə yazdığı və 2009-cu ildə alman rejissor Alein Qsponer tərəfindən ekranlaşdırılan "Lila Lila" filminə bənzəsə də, fondakı sevgi və yazıçı həyatının vacib qorxularından söz açan səhnələr haqqında danışmaq istədiyim filmi digərindən daha uğurlu edib.
Bir gün hansısa günahımızın, hamısının olmasa da, hansısa birinin mütləq cəzasını çəkirik. Və bu həyatın elə bir anında olur ki, hər şeyi unudub, hamının yadından çıxıb xoşbəxtliyə tərəf qanad açırıq. O anda nəsə və ya kimsə qarşımıza çıxır, həyatımız əvvəlki kimi olmur. Əslində, qarşımıza çıxan kəsin də həyatı dəyişir, amma bizim yaşayacaqlarımız onun yaşadıqları olduğu üçün həyat ona o qədər də qəddar davranmır. Keçmişi axtarmaq, onun yaşamaq və onu itirmək haqqında o qədər gözəl kitablar, filmlər, musiqilər var ki, qaçaqaçda bu haqda danışmaq təkrarçılıq karnavalı yaradır. Lakin film keçmişin oğurlanmasından bəhs edir. Yazıçı həyatının ən böyük sərvəti xatirələr və sözlərdi və bir gün yazıçı xatirələrini itirməsə də, onları əbədi məfhuma çevirəcək sözləri yazır, itirir. İtirdiyi keçmiş də ona baha-başa gəlir. Ailəsi dağılır, bütün səadəti vərəqlər arasında illərdən gizlənir, sonra başqa bir yazıçının qarşısına çıxır.
Film Rori Jensen adlı gənc yazarın həyatındakı hər şeydən, hər kəsdən (sevgilisi xaric) imtina edib özünü yazarlığa adamasında, lakin heç vaxt istədiyi mətni yaza bilməməsindən, günlərin bir günü Parisdəki muzeydən aldığı çantadan tapdığı naməlum imzalı romanı sevgilisinin təkidi ilə öz adından çap etdirməsindən və yenə bir gün o "naməlum" yazıçının Rorini tapmasından bəhs edir.
Rori tapdığı və oxuduğu hekayənin təsirindən heç vaxt çıxa bilmir. Kitabı çap etdirdikdən sonra uzun illər bu yalanla yaşamalı olur. Heç vaxt yazdığı roman haqqında sualları konkret cavablaya bilmir, çünki Rori yazdıqlarını yaşamayıb və hiss etməyib. O, müharibədən sonrakı Parisi, yazıçının tanış olub alovlu bir məhəbbət yaşadığı ofisiant qızı tanımır. O qızla aralarında olanların, ailənin, sonra onların başına gələn ayrılığın şahidi olmayıb. Rori oğurladığı romanla məşhurluq qazandıqdan sonra nə yazsa çap olunur, bütün kitabları çoxsatılanlar siyahısından düşmür. Rori özünü və ətrafındakı böyük bir kütləni aldatmaq məcburiyyətindəndir. O, seçimini etmiş bir yalançıdır. İndi etdiyi seçimlə yaşamalıdır.
"Pəncərədəki yaşlar" romanının əsl müəllifi filmdə Yaşlı adam adlandırılır. Onun gəncliyi isə şərti olaraq Gənc adam kimi təqdim olunur. Yaşadıqlarının və başına gələnlərin izləyicilərin həyatında da ola bilməsi ehtimalına nişan verən bu detal həm də kino tənqidçilərinin fikrincə, Heminqueyə işarədir. Fimin bir neçə kadrında Heminqueyə göndərmələr var. Amerikalı məşhur yazıçının da həyat yoldaşı bir vaxtlar onun xatirələrinin qələmə alındığı naməlum bir kitabı qatarda unutmuşdu. Hələ də Heminqueyin itmiş həmin bioqrafiyası tapılmayıb. Hadisələr həm də rejissorun Hemenqueyin itmiş bioqrafiyasında nələr yazıldığını xəyal etməsidir.
Rori Yaşlı adamdan "romanının" gerçək tərəflərini öyrənir. Neçə dəfə bu yalanı etiraf etməyə çalışsa da, yalnız filmin son kadrında həyat yoldaşının qulağına pıçıldadığı bu kəlmələrə cəsarəti çatır: "Üzr istəyirəm!"
Film boyu sadəcə bir suala cavab axtarırdım: "Görəsən, hansı seçim məni hamıya yalan danışmağa məcbur edər?" Bu, doğrudanmı ədəbiyyatdır? Yazdıqlarımızın hansı bizimdir? Hansı mətn mənimdir?
Sənət bizim istədiyimiz yox, yaşadığımız həyata tapdığımız alternativlərdir. Bu alternativləri yaşamaq isə seçimdir. Tərəddüd, depressiya, stress, kiçik şeylərin böyük xoşbəxtliyi və sözlər. Hamısı yazıçını yazıçı edən, onu mətnə doğru aparan və bir də qaytarmayan şeylərdir. Şeylərin məsumiyyəti, saflığı, ağrıları, ağırlığı isə dözməkdən başqa çarə təklif etmir.