Puç olmuş ümidlərin qaranlığında

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

2 oktyabr 2023
# 10:20

Kulis.az Rəvan Cavidin “Puç olmuş ümidlərin qaranlığında” adlı yeni yazısını təqdim edir.

Nuri Bilge Ceylanın son filmi “Kuru otlar üstüne” haqqında qeydlər

“Baş verən hər şey əvvəl-axır bitir.
Vacib olanlar isə görünənlərin ötəsindədir,
içəridə baş verənlərdə...”

Nuri Bilge Ceylan, “Kuru otlar üstüne”

Dörd gün öncə Tarkovskinin son varisi, fotoqrafiya sənətinin sinematik sərhədlərini qurmuş, yaşayan ən böyük “arthouse” rejissorlardan biri Nuri Bilge Ceylanın son filmi “Kuru otlar üstüne” kinoteatrlarda yayım dövrünə qədəm qoydu. İstər əcnəbi, istər yerli kinotənqidçilər filmin altından girib, üstündən çıxdılar. Kimisi filmin siyasi mesajlarını, kimisi üslubunu, kimisi də aktyorların performansını dəyərləndirdi. Kiminə görə “Kuru otlar üstünə” Ceylanın ən yaxşı, kiminə görə də ən politik filmidir. Filmi böyük həyəcan və tutquyla gözləyənlərdən biri olduğum üçün seansının ilk günündə, ilk saatında ən yaxın kinoteatrın qaranlıq zalında özümə ən yaxşı yerlərdən birini seçmişdim. İndi çalışacam, azərbaycanlı sinefillər üçün filmi bütün guşələrinə işıq tutub ümumi təhlil edim.

Əvvəlcə onu qeyd edim ki, “Kuru otlar üstünə” Ceylanın ən yaxşı filmi deyil. Əlbəttə, “Kış uykusu”“Bir zamanlar Anadoluda” kültlərindən sonra bu filmə “rejissorun ən yaxşı işi” demək haqsızlıq olardı. Lakin filmin digər NBC işlərindən bir çox fərqləri də var. “Kuru otlar üstünə” Ceylanın ən siyasi filmidir, deyə bilərik. Üstəlik, bu filmdə rejissor bizimlə tamamilə özünəyad bir dildə danışır: siyasi ritorika, ictimai təəssübkeşlik, anarxist təhkiyə.

Film qışda qarın altında ümidlərini soyuğun canalan işıltısına qurban verib yayın qızmar günəşi altında sağa-sola titrəyən sarı, quru otlara bənzəyən bizlərin əbədi qaranlığından bəhs edir.

Şərqi Anadoludakı xırda kəndlərdən birində müəllim işləyən üç gəncin qarmaqarışıq düşüncələrini və hisslərini qələmə alan Nuri Bilge Ceylan həm üslubuna sadiq qalıb, həm də istər ssenari, istərsə də rakurs baxımından yeniliklər edib. Bütün hallarda film əvvəl izlədiyimiz Ceylan kinomatoqrafiyasından çox fərqli və çox rənglidir.

Filmin baş qəhrəmanı Samet (Deniz Celiloğlu) “Ahlat ağacı”nın Sinan (Doğu Demirkol) obrazının davamıdır. Sinanın quyuya atdığı ümidləri Samet Şərqi Anadolunun sadəcə qışı və yayı yaşayan ölü torpaqlarında tapır. Ancaq tapdığı ümidlər də bu torpaqlar kimi cansızdır. Sinan kimi o da eqosit, qərəzli, ətrafından diksinən, sadə insanların sadə arzularına ironiya ilə yanaşan, özünü daim olduğu yerdən qoparmaq istəyən narsist biridir. Arzuları böyük, ümidləri canlı, həqiqətləri qüsurlu, reallığı isə təpədən-dırnağa qaranlıq və ölüdür. Samet obrazı kütləvi düşüncənin içində özünə yer tapa bilməyən fərdi eqodur. Fərdiyyətin faciəsi və qaranlığıdır. Sinan arzularını finalda quyuya atdığı kimi, Samet də ümidlərini quru otların üstünə sərib qeyb olur.

Nuri Bilge Ceylan'ın yeni filmi 'Kuru Otlar Üstüne'den ilk fragman

Filmin ikinci baş qəhrəmanı Nuraydır (Merve Dizdar). Kann Film Festivalında “Ən yaxşı aktirsa” nominasiyasında qalib olan Merve Dizdar 197 dəqiqəlik ekran işinin ona verilən sadəcə 40-50 dəqiqəsində elə böyük performans göstərib ki, aldığı mükafatın dəyəri sərgilədiyi sənətkarlığın yanında kiçik görünür. 2003-cü ildən Kann festivalında, demək olar ki, bütün mükafatları qazanan Ceylan bu filmi ilə də festivalın yadında qalmağı bacarmışdı. Əlbəttə ki, Dizdar ilə birlikdə. Gələk Nuray obrazının spesfik xüsusiyyətlərinə. Filmin özülündəki üç müəllimdən biri olan Nuray qonşu kənddə ingilis dilini tədris edir. Filmə girdiyi ilk səhnədə belə bir replika var: “Mən onlara ingilis dilini, onlar da mənə kürd dilini öyrədir”. Bu və buna bənzər replikaların arxasındakı mesajlara sonra toxunacam. Nuray solçudur. Gəncliyinin fidan illəri küçələrdə yumruğunu havada sallaya-sallaya rejimə etiraz etməklə keçib. Bərabərhüquqlu cəmiyyətin, qadın haqlarının azadlığının tərəfdarıdır. Filmdə xüsusi olaraq bildirilməsə də, obrazın monoloqlarından bəlli olur ki, o, ayağını 10 oktyabr mitinqi ərəfəsindəki partlayışda itirib. Protezlə gəzən, artıq əvvəlki kimi solçuluq edə bilməyən Nuray kollektiv düşüncənin tərəfdarıdır. Filmin ən nəfəskəsən səhnəsi də Sametlə Nurayın solçuluq-sağçılıq, kollektiv və fərdi düşüncə haqqındakı söhbətlərinin baş verdiyi səhnədir. Bu səhnə izləyicilərdən tutmuş kinotənqidçilərə qədər hamının ən çox danışdığı hissədir. Hər şeyin məsuliyyətini öz çiyinlərinə almaq istəyən Nurayla heç nəyin məsuliyyətini daşımaq istəməyən, heç bir ideologiyaya sahib olmayan, dərin və vacib hesab edilən mövzulardan vecsizlik göstərib qaçan Sametin qızğın müzakirə və mübahisələrindən sonra Ceylan kinomatoqrafiyasının ən marjinal intim səhnəsinə şahidlik edirik. Qeyd edim ki, Kann festivalının juri heyəti də bu səhnənin NBC tərzinə tərs olduğunu, ancaq profisional çəkildiyini demişdilər. Seks səhnəsinə girişdə Nuray Sametdən işıqları söndürməyi xahiş edir. Öz qopmuş ayağını bu ehtiraslı anlarda görmək istəmir. Samet isə işıqları söndürmək üçün digər otağa keçəndən sonra filmin setinə tərəf addımlayır. Bu səhnədə biz növbəti kadrlara hazırlanan aktyorları, ssenari üzərində düşünən film heyətini, işıqları və kameraları quran personalı görürük. Bir anlıq Samet filmdən çıxır və reallığa atılır. İzləyici filmin mətbəxini görməkdədir. Daha sonra Samet obrazını bir neçə dəqiqəlik soyunmuş Deniz Celiloğlu setdəki tualetə girir və cinsi performansı yüksəldən həb içir. Təzədən Nurayın otağına girdikdən sonra isə izləyici yenidən filmin içinə atılır. Nuri Bilge Ceylan bu cür kadr-səhnə oyununu əvvəl heç bir filmdə göstərməmişdi.

Kuru Otlar Üstüne" Türkiye'nin en pahalı bileti oldu

Bəs bu seks səhnəsinin mahiyyətində nə var? Sametin içindəki qaranlıq xarakterin qısqanclığı. Kənddəki ən yaxın dostu ilə Nurayın getdikcə yaxınlaşan münasibətini həzm edə bilmir. Və Nurayın evində onunla sevişdikdən sonra dostuna heç nə olmamış kimi gecə baş verənləri danışır. Öz içində isə Nurayın bəh-bəhlə danışdığı solçuluğun, radikallığın, etirazın, siyasi, ictimai düşüncələrin seksual hisslərə uduzmağından ləzzət alır. Samet ölmüş ümidlərinin, puç xəyallarının qisasını həm dostundan, həm də Nuraydan beləcə almış olur.

Üçüncü müəllim Kenandır (Musab Ekici). Dini mənsubiyyəti ələvi olan (bunu rejissor məqsədli şəkildə dəfələrlə izləyicilərə xatırladır), sakit təbiətli, məktəbdə illərdir müəllim işləyən Kenan Sametin güzgüsü olmağı bacarmayan, onunla bir evdə qalsa da, həmişə ona qarşı tərəddüdləri olan, Nuraya qəlbən bağlanan, lakin dostunun məqsədli şəkildə etdiyi pisliyin qurbanı olan Anadolu insanıdır. Kenan obrazı filmin ən təmiz xarakteridir. Nuri Bilge Ceylan bu obrazı Xeyirlə Şərin arasında qalan insan xisləti kimi dəyərləndirir. Musab Ekincinin performansı isə, şişirtmədən desək, sadəcə möhtəşəmdir.

Kuru Otlar Üstüne Filmi Hakkında Bilmeniz Gerekenler

“Kuru otlar üstüne” Nuri Bilge Ceylanın Anadoluda çəkdiyi şəkillərin sərgisidir. Bəzən kadrların arasına bu şəkillər girir. Belə bir sərgi texnikasını biz Mikelancelo Antonioninin “Blow-up” filmində görmüşdük. Ceylan çəkdiyi fotoşəkilləri Sametin fotoqraf kimliyinin timsalında izləyicilərə təqdim edir.

Gələk kinonun ən qaranlıq obrazı olan Feyyaza (Münir Can Cindoruk). Təşkilatlanmağa, radikallığa, qaranlıq dünyaya, gerilla olmağa, ghetto həyat tərzinə həvəsli olan Fəyyaz birdən-birə filmdən qeyb olur. Sonuncu odlu-alovlu monoloqundan sonra bir daha onu görmürük. Yazının əvvəlində verdiyim replika da onun dilindən söylənilir. Feyyaz mövcud sistemlə barışmayan, hissləri məntiqini üstələyən, soyuq başla düşünə bilməyən, həyatını hansısa ideyalar uğrunda gözüqapalı fəda etməyə hazır olan türk gəncinin (xüsusən, 60-70-ci illərin Türkiyəsində) prototipidir. Ceylan onu qeybə çəkməklə gəncliyin artıq müvazinət sisteminin qırıldığını, müxalifliyinin əridiyini və belə gənclərin əzminin getdikcə cəmiyyətin də yaddaşından silindiyini göstərir.

Filmin əsas obrazlarından biri də Sevim (Ece Sağcı) Anadolu uşaqlarının üzləşdikləri çətinlikləri, mentalitetin psixoloji tavmalarını göstərmək üçün qələmə alınan xarakterik simadır. Sevimlə Samet arasında olan səmimi yaxınlıq məktəbdəki müəllimlər arasında qeybətə səbəb olur. Rutin bir məktəbli yoxlamasında çantasından tapılan sevgi məktubu Sametin kənddəki həyatının məcrasını dəyişdirir. Və onun kənddən getmək haqqındakı düşüncələrini konkretləşdirir. Sevimlə Samet obrazı arasındakı münasibətin anlaşılmazlığı mənə Tomas Vinterberqin məşhur “Ov” (orj. adı “Jagten”) filmini xatırlatdı. Əlbəttə, iki film tamamilə fərqli məsələləri diqqət mərkəzinə çəkir. Oxşarlıq sadəcə mental düşüncənin modernliyə qarşı mübarizəsi və onun qurbanı olanlardır. Qeyd edim ki, “Ov” filminin baş rolunda oynayan Mads Mikkelsen filmdəki performansına görə 2012-ci ildə Kann Festivalında “Ən yaxşı aktyor” nominasiyasının qalibi olmuşdu. Bu da iki filmin daha bir ortaq cəhəti.

Kuru Otlar Üstüne Film Eleştirisi ve Yorumlar - OrtaKoltuk

Anadolu uşaqlarının hələ də sərt qayda-qanunlarla böyüdülməsinə, uşaqlara qarşı ağır, acı rəftarın yaratdığı çətinliklərə, mental, dini düşüncənin uşaq psixologiyasında qoyduğu tünd izlərə toxunan Ceylan bu məsələlərlə bərabər kürt, ələvi, solçular, Şərqi Anadolu problemlərinə də ustalıqla, izləyicini incitmədən toxunur.

Samet kənddə tanıdığı iki feminən obrazın (Nuray və Sevim) düşüncələri arasında itir. O, Sevimin xəyallarınadan özünə təsəlli düzəltmək istəsə də, sonra onun da digər kənd camaatı kimi ənənələrə qurban olacağına əmin olur. Samet bu məktəbli qızcığazın həyatının artıq məhv olduğuna inanır. Final səhnəsindəki Sametin dilindən Sevimə ünvanlanan monoloq hər şeyin bir heçlikdən ibarət olduğunu düşünməyə məcbur edir. Artıq ümid yoxdur. Artıq insanlar quru otlar kimi cansız və lazımsızdır. Onlar sadəcə torpağın üstündə nisgilli bir mənzərəyə sahibdirlər. Uşaqlıq, gənclik, qocalıq anlayışları itib dünyada. Heç nəyin həyəcanı qalmayıb. Və nihilizm bizi hər gün bir az da öz rəqəmsal bataqlığına çəkib boğur.

Kuru Otlar Üstüne - film 2023 - Beyazperde.com

“Kuru otlar üstüne” builki “Oskar” mükafatlarına namizəd göstərilir. Açığı “Oskar”da hər hansı bir nominasiyada uğur qazanacağına inanmasam da, siyasi məsələlərdən dolayı mükafatlandırılacağına da içimdə çox kiçik bir şübhə var.

Bütün filmlərində olduğu kimi bu ekran işində də Nuri Bilge Ceylan həqiqi sənət əsəri yaradıb və öz üslubunun ustası olduğunu bir daha sübut edib. Ümid edirəm, Azərbaycanda da əsl sənətsevərlər bu kult filmdən ən az mənim qədər zövq ala biləcəklər. Və hamı içindəki Sametlə Nurayın mübahisəsində Kenanı öldürməyəcək. Çünki yenidən nələrsə ümid etmək üçün bizə Kenanlar lazımdır. Ölmüş ümidlərin qaranlığında xırda bir işıq görmək üçün.

# 2866 dəfə oxunub

Müəllifin son yazıları

# # #