İki ay Vüqarın paltarlarını geyindim

İki ay Vüqarın paltarlarını geyindim
21 iyun 2023
# 12:30

Kulis.az Rəvan Cavidin “Cənub” adlı yeni yazısını təqdim edir.

(“Xatirələr teatrı”, 1-ci yazı. Vüqar Van haqqında)

Nəsə haqqında yazanda dibini eşirəm. Ən lazımsız məlumatları belə axtarıram. Dünyanın ən mənasız mövzusu sevgidir, mən sevgidən də yazanda başlayıram, Eros belə gəldi, Zevs elə getdi, miflər onu deyir, din bunları deyir, psixologiya-filan (Lazımsız qeyd: Türk dili müəllimim deyir ki, yunan mifologiyası və sevgi əsatirlərinin hamısı Zevsin şorgözlüklərindən başqa bir şey deyil).

Elə şeylər də var ki, onlardan yaza bilmirəm. Çünki dibini eşələyəmmirəm. Tapa bilmirəm ilkini, sonunu. Hərdən dostlarım mənim esselərimi oxuyub gülürdülər. Deyirdilər ki, iki cümlə ağacdan nəsə yazassan, oturub hava, od, su, torpaqdan başlayırsan. Fikirləşirdim ki, düz deyirlər. İndi fikirləşirəm ki, dostlarımın heç biri məni tanıya bilməyib.
Vüqar haqqında yazmaq istəyirəm. Nə sentimental cığallıqlar, nə də realist üzəduranlıq edəcəm. Olduğu kimi. Necə var elə.

Mərmərəyə baxıram. Fərid Fərcadın “Golha” musiqisini dinləyirəm. Gözüm uzaqlarda sahilə səpələnmiş sarı işıqları sayır. Barmaqlarımın arasında ciyərimi soyutmayan “Marlboro” tüstüləyir.
Vüqar, Türkiyədə çəkdiyim siqaretlər çox keyfiyyətsizdir. Çəkib şeir, söndürüb hekayə yazmaq olmur. Qupquru tüstüdür, çəkirsən içinə, ciyərindən buğlana-buğlana burnundan çıxır. “Golha”yla məni Vüqar tanış edib. Gəlin başdan başlayım.
Əsgərlikdən gələn kimi iş və ev axtarırdım. Rayonda yaşaya bilməzdim. Ümumiyyətlə, kənddə doğulsam da, kənd məktəbində oxusam da, kəndin estetiksizliyi həmişə gözümü və qulağımı yorub. Ağzına gələni danışan, bir tikə çörəyə görə başını aşağı salıb işləyən, övlad böyüdən və ölən adamlar mənə nə qədər aciz varlıq olduğumuzu xatırladıb (İkinci lazımsız qeyd: Kəndlər insana faniliyi, şəhərlər isə eqonun dözülməz ağırlığını hiss etdirir həmişə). Nəysə...

Qədim dostum Ulucay dedi, gəl yanımda işlə, ölməmişik ki, ev də tapacağıq. “Kulis”in Rafiq Tağılı doğma ofisində Vüqarla tanış oldum. Tanış olan kimi də lazımsız, şit zarafat elədim. Elə bildim, Vüqarı bir-iki ildi tanıyıram. Sağ olsun, pərt eləmədi məni, dişlərini ağardıb, eynəkləri arxasındakı bir cüt gözünü də gülümsəməyə məcbur qıldı. Vüqarın Suraxanıdakı (bəlkə də Binədir, hələ də o evin hansı səmtdə olduğunu dəqiq bilmirəm) evinə köçdüm. Geyinməyə paltarım, almağa pulum yox idi. Düz iki ay Vüqarın paltarlarını geyindim. Səhər ondan tez oyandığım üçün qardirobundakı ən yaxşı köynəkləri seçib geyinirdim, oyananda görürdü ki, hazıram, daha ağzını açıb şikayət eləmirdi. Bir də ki, Vüqarın heç vecinə də deyildi bu. Maaşımı alana kimi hər gün pul alırdım ondan. Elə olurdu, onun pulunu ondan çox xərcləyirdim. Bizi görən deyərdi ki, Vüqar Rəvanın evində yaşayır.

Səhər altıda oyanıb siqaret yandırırdım. Kamançada da “Dilbərim” zırıldayırdı. Bir gün, iki gün. Axırda dilə gəldi Vüqar: “Ay daaaa! Səhərin gözü açılmamış nolub, alaaaa?”. Düz iki ay bu qəmxanəyə dözməli oldu, axşam “Dilbərim”, səhər “Dilbərim”. Günortalar da mənim heç kimə lazım olmayan söhbətlərim, zarafatlarım. Vüqar mənə düz iki ay dözdü.
Çox doğmalaşmışdıq. Kimə, necə, harda yalan danışdığımı bilirdi, kiminlə görüşmək istəmədiyimi bilirdi, bütün sifətlərimi çözmüşdü, mənimlə dostluğu ona ləzzət eləyirdi, mənə də onunla olan bu doğmalığım. Çox şeydə bir-birimizlə razılaşmırdıq. Çox şeydə bir-birimizi dəstəkləmirdik. Amma nəsə var idi, elə bir nəsə ki, o, bu yazının dibidir və mən onu eşələmək istəmirəm. Yoxsa yenə başlayacam, Axillesin dabanı belə gəldi, Heradotun gözü elə getdi. Lazım deyil.
Vüqarla hər səhər Binə yolundan “Xətai”yə birlikdə gəlirdik. Manatlıq taksilərdə əntiqə söhbətlərimiz olurdu. Bir dəfə bir şofer Çin dilində danışırdı. Allah haqqı, adam telefonda çincə danışıb işlərini qaydasına salırdı. Sədərəkdə işləyirdi. Deyirdi, Azərbaycanda mənim qədər Çinə gedən yoxdur.

Hər səhər səviyyəsiz mahnıların ritmini tuturduq. Elə olurdu, Üzeyirin, Samir İlqarlının, Mahirin, Mürsəlin mahnılarını əzbər oxuyurdum. Deyirdi, sən nə əclaf adamsan, ala. Ona-buna Bethovendən, Çaykovskidən dəm vurursan, mənim yanımda meyxanaya qulaq asırsan. Gülürdüm, heç nə demirdim. Vüqar məni ən səmimi tərəflərimlə kəşf edirdi (Üçüncü lazımsız qeyd: Meyxana Azərbaycan mədəniyyətini baltalayan nəhəng bir kütlə əlidir). Mən onun ən nadürüst dostu olmuşam, bəlkə.

Seymur Baycan haqqında o vaxt pis bir yazı yazmışdım. İncimişdi. Ümumiyyətlə, deyim biləsiniz, Vüqarın Seymura sevgisi safdır. Arxasında heç bir bəd niyyət yoxdur. O, Seymuru oxuyur və bəyənir, bu qədər sadə. Mən oxuyuram və bəyənmirəm, bu da bir o qədər sadə. Vüqarla mənim dostluğum, əslində, Seymur kimi təbii və içdən yazan, cəsarətli və dürüst birinin qələminə mövzu olar. Kaş ki, Seymur öz ölkəsində xoşbəxt ola biləydi...

On ay bir yerdə işlədik, üst-üstə dörd ay da bir yerdə yaşadıq. Günorta fasiləsində “50 qəpik” adlanan və Bakının az qala, hər yerinə yayılan kustar bir kafedə yemək yeyirdik. Ərinirdik evdə yemək hazırlamağa. Pulumuz olmasa, tez beş-on dəqiqədə birindən borc alıb gedirdik ora, sifarişimiz də çox vaxt dəyişmirdi: İmişli qovurması.
Mənə elə gəlir ki, Vüqar məndən bezmirdi, amma hərdən utanırdı. Bir dəfə dedim ki, gəl, Gürcüstandan təkər alıb burda sataq. Və yadımdadır ki, hər əlli qramdan sonra bu “iş planımı” tez-tez ona xatırladırdım.

Vüqar mənim bir çox yazılarımı bəyənmirdi. Mən də onun həddən artıq lağlağıya boyanmış yazılarından qaçırdım. Həmişə o məni, mən də onu müdafiə etmişik. Çünki ikimiz də yaxşı bilirik ki, adamlarla məzələnmək lazımdır, ciddi-ciddi danışsan, sənə hökm kəsməyə, ağıl verməyə başlayırlar. Məni təəssüfləndirən isə bu yaşımızda öz camaatımızın bu qədər çatışmazlığını görüb rahat yata bilməməyimizdir. Elə bilirsiniz, Vüqar o “özünə hörmət etmirlər”i mırta yazır? Əslində, mırta yazır e, amma Vüqarın içdən-içə yazdığı adamlara baxıb köks ötürdüyünü dəfələrlə görmüşəm.
Türkiyəyə köçmək qərarı verəndə dəfələrlə “qaqa, getmə, gedib, neyləyəcəksən?” dedi. Hər vəchlə məni yolumdan döndərmək istəyirdi. Pis olmuşdu. Bir dostu da beləcə onu Badü-Kubə səhərlərində tək qoyacaqdı.
Vüqar heç vaxt zövqlü geyinə bilmir. Bircə corabları (əgər qara deyilsə) və köynəkləri yaraşıqlı olur.
Vüqar cəsarətlidir. Azərbaycanlıların üzünə onların necə naqolay olduqlarını gülə-gülə deyir. Qorxmur.
Vüqarın ümidi yoxdur. O, havaya güllə atmır.
Vüqar heç vaxt xoşbəxtlik axtarmır.
Vüqar yaxşı içə bilmir. İçəndən sonra da qusa bilmir. Onunla yaddaqalan əntiqə məclisim olmayıb. Bir neçə dəfə məni sürüyə-sürüyə evə gətirib sadəcə.Və s.

Vüqar mənim tale yoldaşımdır. Onun üçün darıxıram. Bunu başqa necə yazırlar, bilmirəm. Darıxıram – nöqtə (Dördüncü lazımsız qeyd: Bu yazını yazarkən yeddi dəfə “Golha”ya qulaq asdım).

# 2016 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #