Həyatın ən gözəl axmaqlığı - Rəvan Cavid yazır...

Rəvan Cavid

Rəvan Cavid

14 fevral 2023
# 13:00

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

Mən həmişə xoşbəxt adamlara baxanda sıxılmışam. Xoşbəxtlik əqli çatışmazlıqdı. Əgər istisnasız xoşbəxt olduğunuzu zənn edirsinizsə, deməli, siz dünyanın ən mənasız adamısınız. Həyatın içində mütləq kədər olmalıdır. Və biz bunu qəbul edəndə, həyatın önündə məğrur halda məğlub dayananda hər şey yolunda gedəcək. Xoşbəxtliyi birinə qarşı hiss etdiyiniz mücərrəd xəyallar sistemi yaradırsa, əmin olun ki, gec-tez bədbəxt olacaqsınız. Sevgi xoşbəxtliyin interferensiya halıdır. Yeni vərdişlər, yeni düşüncə tərzi yaratmağa imkan vermir.

Sevgi insanın dəyişməsinə, düşünməsinə mane olan tək axmaqlıqdır. Hər cür axmaqlıq bizi böyüdür, siz buna təcrübə də deyə bilərsiniz, sevgi isə istisnadır.

Bu gün sevgilisi olmayanlar, həyatın ən gözəl axmaqlığından məhrum olanlar 14 fevral üçün ironiya dolu status yazmaqdan başqa heç nə etməyəcək. Əminəm ki, o adamlar səmimi deyil. Sevilmək hissini heç kim geri çevirməz.

Ancaq bu günü də böyüdənlər, sevgidən, sevgilidən, xoşbəxtlikdən ağız dolusu danışanlar da qeyri-səmimidir.

Ümumiyyətlə, bu gün heç kimdən səmimiyyət gözləməyin.

Gül alacaqsınız, evə yaxın zibillikdə atacaqlar. Hədiyyə alacaqsınız, otağın köhnə-kürüş bir yerində tozlanacaq.

Çağırıb restoranda yemək yeyəcəksiniz, gözünüz hesabın yolunu çəkəcək.

Heç bir cümlə, heç bir jest sizi əbədi xoşbəxtliyə aparmayacaq. Ona görə də, camaata vəd verməyin.

Əgər siz, doğrudan da, sevirsinizsə, əvvəl-axır ayrılacaqsınız. Sevginin böyüklüyü, ləzzəti ayrılıqdadı.

Ayrılmaq üçün isə ən gözəl gün bu gündür.

Xatırlamaq yaşamaqdan gözəldi. Ayrılıb bir ömür boyu xatırlamaq sizin xeyrinizədir. Daha yaradıcı olacaqsınız, daha güclü dayanacaqsınız.

Ürəyiniz istəyəndə sevişə bilməyəcəksiniz, sevgilinizi də götürüb uzağa gedə bilməyəcəksiniz. Bu dediklərimi etmək üçün isə mütləq evlənməlisiniz. Evlənəndə də sevgi ölür. Məhəbbəti kommunal çeklər, kredit bildirişləri, sıxıntılar əvəz edir.

İndi adamların bir-birinə aid olduğu dövr deyil. 21-ci əsr təklərin əsridir. Çalışın bu gün yox, həmişə tək qalın. Özünüzlə qalın. Heç bir bəy və ya xanım sizi başa düşəcək qədər bekar deyil. Hamının öz işi-gücü var. Və hamı öz prinsipinə görə "aşiq olur". Kasıblar varlı sevgi axtarır, varlılar isə füsunkar bədənlər.

Xülasə, bu günü həmişəki kimi yola verin getsin. Yalan danışın, inandırın, əldə edin.

# 1400 dəfə oxunub

Müəllifin son yazıları

# # #