Nigar Köçərli: “Azərbaycan kitab satmaq üçün unikal ölkədir” – Müsahibə

Nigar Köçərli

Nigar Köçərli

10 oktyabr 2022
# 09:00

Kulis.az “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli ilə müsahibəni təqdim edir.

– İşçilərinizlə münasibətlərinizi necə tənzimləyirsiniz?

– 2005-ci ildə ilk kitab mağazamızı Fəvvarələr meydanında açdıq. Sonra başqa mağazaları da aça bildik. Hazırda on mağazamız var. Doqquzu Bakının müxtəlif yerlərində, əsasən, ticarət mərkəzlərində, biri də Sumqayıtdadır. Həmçinin onlayn sifarişlərimiz də çox olur. Mən hesab edirəm ki, bir müddət sonra gəlirin böyük hissəsini elə bölgələrdən kitab sifarişi təşkil edəcək. Çünki bölgələrdə kitab mağazaları yox səviyyəsindədir və mütaliə edənlərin sayı günü-gündən artır.

Qayıdaq sizin sualınıza. Çalışıram işin gedişinə qarışmayım. 200-ə yaxın işçimiz, əslində, işçi sözündən xoşum gəlmir, əməkdaşımız var. Onların arasında yalnız bir nəfər mənim qohumumdur. Burda qohumu işə götürmək-filan söhbətləri yoxdur (gülür). Buna görə də, mənim də, yoldaşımın da qohumları məndən inciyirlər. İşçilərin seçilməsinə, işə götürülməsinə və ya işdən çıxarılmasına qarışmıram. Bunun üçün kadrlar var, onlar özü işləyir məsələləri. Ümumiyyətlə, işləri bu cür böləndə daha asan olur. İndi bizdə treyninqlər, seminarlar keçirilir satıcılar üçün. Çalışırıq kitab oxuyanları, kitabdan xəbəri olanları işə götürək. Müştəri ilə mehriban, nəzakətli davranmaları, zalda özlərini aparmaqları, hansı kitabların daha yaxşı satıldığını və ya kitablar haqqında məlumat verməyi nəzərə alınır. Bütün bu işlər ayrı-ayrı kadrlar tərəfindən aparılanda işləmək də, işçilərlə münasibət də öz axarında olur.

Böyük və aktiv kitab mağazaları niyə bölgələrdə də uğurlu olmur?

– Bu mənə görə də kədərli mövzudur. Bölgələrimizdə kitab oxuyanlar, sərgilərə gələnlər var. Amma ümumi mənzərə ürəkaçan deyil. Əslində, Bakıda da son illər mütaliəyə maraq yaranıb. Əvvəllər, ümumiyyətlə, vəziyyət acınacaqlı idi. Mən xarici ölkələrdə tez-tez oluram. Kitab yarmarkalarına qatılıram. Türkiyədəki, Gürcüstandakı industriyaya baxanda bizdə vəziyyətin yaxşı olmadığını aydın görmək olar. Məsələn, Gürcüstanda 200-dən çox kitab dükanı var və bunlardan yalnız 50-si Tiflisdə yerləşir. Batumidə 10-a qədər kitab dükanı gördüm. Bizdə müqayisədə, məsələn, Lənkəranda bu qədər kitab dükanı varmı? Bizim əhalimiz də, ərazimiz də oradan böyükdür. Ümid edirəm, vəziyyət müsbətə doğru dəyişəcək.

– Azərbaycandakı ən böyük kitab mağazaları şəbəkəsinin rəhbəri kimi bu problemin həllini nədə görürsünüz?

– Bu barədə çox danışmaq olar və danışılıb da. Artıq konkret yollar göstərilib. Dövlət bu barədə xüsusi proqram qəbul etməlidir. Dəstək fondları yaradılmalıdır. Yazıçılar üçün, naşirlər üçün xüsusi dəstək proqramları vacibdir. Mən demirəm ki, ölkədə 600 kitab dükanının hamısı “Ali və Nino” olsun, yox, istəyirəm, sərbəst kitabçılar özlərinin mağazasını aça bilsin, işləyə bilsin. Belə olanda bölgələrdə də kitab sistemi inkişaf edəcək. Bu, məsələnin birinci tərəfi. İkinci tərəfi isə odur ki, biz özümüz də dəyişməliyik. İndi bir az düzəlmişik, kitab hədiyyə etmək mədəniyyəti yaranıb. Əvvəl mən kiməsə kitab hədiyyə edəndə gülürdülər. Kitab hədiyyə etmək mədəniyyəti formalaşmalıdır. Uşaqlara yatmazdan qabaq kitab oxumaq lazımdır. Bu həm də uşaq-valideyn arasında münasibətlərin də yaxşı irəliləməsinə təkan verir. Özümüzdən başlamalıyıq həm də.

– Kimlərsə nə vaxtsa kömək etməyə çalışıblarmı?

– Mənim heç vaxt partnyorum olmayıb. Heç kimlə işləməmişəm. Pul qıtlığı həmişə var bizdə. Amma sahibkarlıqdan çox, azadlığı sevirəm. Ona görə də, istəmədiyimiz bir kömək olanda, yəni kimsə bizə pul vermək istəyəndə müəyyən tələbləri olur və mən bunu istəmirəm. İndi kitab sənayesi kənardan gözəl göründüyü üçün hamı istəyir kitabla məşğul olsun. Azad sahibkar olmaq üçün belə təklifləri qəbul etməmişəm. Bəzən də kimlərsə xoş sözlər deyib, dəstəklədiklərini deyib və ya hardasa balaca bir yer verib ki, gəl kitab sat. Bu şeylər məni daha çox motivasiya edir. Adamların adicə xoş sözü məni sevindirir. Mən bu işə başlayanda mənim daydayım olmayıb, köməyim olmayıb. Həmişə azad olmağı seçmişəm.

– Bəs necə risk elədiniz?

– Mən Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirmişəm. Çoxları elə bilir, mən humanitar sahəni oxumuşam. Riyaziyyatı çox sevirəm və o sahədə təhsil almışam. Bir qəpik rüşvət vermədən. Anama, nənəmə bağlı qız olmuşam. Xüsusən də, nənəmə. O, mənə deyirdi ki, qadın gərək özü işləyə, özü qazana. Bu fikir həmişə mənim beynimdə olub. Ziyalı ailədə anadan olmuşam. Kasıb idi ailəmiz, amma hamı kitabı sevirdi. Atam indi də kitab oxuyur. Universitetdə oxuyanda düşündüm ki, yaxşı pul qazanmaq üçün xarici dil bilib xarici şirkətlərdə işləməlisən. Cəmi dörd aya ingilis dilini öyrəndim. Bir xarici şirkətdə katibə işləyirdim. O vaxt aldığım maaş mənə çox gəlirdi. Ümumiyyətlə, qazancım həmişə mənə yüksək görünüb. Çünki çox istəyim olmayıb. İşlədiyim müddətdə kitablar alırdım. Həmişə kitaba pul xərcləyən olmuşam. Bir gün rəfiqəm dedi ki, bu qədər kitabın var, niyə kitab dükanı açmırsan? Bax elə o gün qarşıma məqsəd qoydum və ona doğru irəlilədim. Həmin dövrdə Amerikada oxumaq və işləmək şansı da yaranmışdı, amma mən kitab dükanı açmaq və işləmək istədim.

– Xaricdən kitab sifariş verəndə hansı kriteriyaları nəzərə alırsınız? Hardan bilirsiniz, məsələn, bu kitab çox satılacaq və ya, əksinə, oxunmayacaq?

– Kitab satmaq üçün Azərbaycan çox unikal ölkədir. Çünki burda dörd dildə kitab sata bilirsən. Azərbaycan, türk, rus və ingilis dilində. Yəni bu dörd dilin də alıcısı var. O ki qaldı sifarişlərə, bu işlərə mən baxmıram. Çünki mənim sifariş etdiyim kitablar hələ də anbarda qalıb (gülür). Ayrı-ayrı adamlar məşğuldur bu işlə. Yerli müəlliflər də uğurlu olur. Məsələn, İlkin Rüstəmzadənin kitabı çox yaxşı satıldı. Həmişə İlkin deyir ki, sizə görə o kitab uğurlu oldu. Mən də deyirəm ki, bu, sənin uğurundu, yaxşı yazmısan, yaxşı satıldı.

– Oxucuların kitab zövqünü necə qiymətləndirirsiniz?

– Əslində, bizdə oxucuların kitab zövqü türklərin kitab zövqündən daha yaxşıdır. Ən azından bizdə “Ponçik-monçik” kitablar yazılmır, satılmır. Düzdü, bir neçə ilə bizdə də olacaq elə kitablar. Həm də bu gün Elxan Elatlı, Aqata Kristi oxuyan adam sabah bir az da ciddi ədəbiyyat oxuyacaq. Bir dəfə mağazada bir nəfər yaxınlaşıb deyir ki, Elxan Elatlının kitabı var? Deyirəm, qalmayıb. Qayıdıb deyəsən ki, onda Sartrdan nəsə verin (gülür). Adam Elatlıdan necə Sartra qalxa bilər?! Başqa bir şeyi də deyim. Məsələn, Hararinin kitabları Rusiyada 20-30 dənə satılanda, bizdə 150-yə yaxın satılır. Bunun bir səbəbi də odur ki, Rusiyada belə kitablar çoxdur, çeşidlidir, bizdə isə bir dənə Hararidir. Amma hər halda oxucularımızın ondan xəbəri varsa, nə gözəl.

– Kitabların qiymətləri bahadır. Oxucular çox vaxt bundan şikayətlənir...

– Bəli, əhalinin aldığı maaşa və sosial vəziyyətin ağırlığına görə kitablar baha görünür. Mən adamları başa düşürəm. Bu gün azərbaycanlı yazıçı da, oxucu da, naşir də yaxşı yaşamır. Mən istəyərdim ki, yazıçılarımıza böyük qonorarlar verilsin, naşirlər daha yaxşı işləsin, oxucular kitab almaqda çətinlik çəkməsin. Amma reallıq başqa şeyləri deyir. Yol xərcləri, vergi xərcləri, digər rüsumlar bizə də imkan vermir ki, ucuz sataq. Çox adam bizə alverçi kimi baxır. Amma bu bir ticarətdir. İstəsək də, istəməsək də müəyyən problemlər olur. Ümid edirəm, bu vəziyyət dəyişəcək.

– ƏDV-nin ləğvi sizə necə təsir etdi?

– Qərar qüvvəyə minən kimi kitabların qiymətini aşağı saldıq. Bununla paralel dünya bazarında kağızın qiyməti qalxdı. Kağız da bizə ya Rusiyadan, ya da Çindən gəlir. Rusiyada məlum vəziyyət yaranandan sonra Çin nəqliyyat qiymətlərini qaldırdı. Yenə də bütün hallarda yaxşı addım idi və təsirlərini görəcəyik.

– Yerli müəlliflərin kitabları niyə yaxşı satılmır?

– Dünyanın hər yerində yerli müəlliflər az satılır. Biz də yerli müəlliflərdən ona görə az kitab götürürük ki, sata bilmirik. Məsələn, adamlar var, gəlib 500 kitabını qoyur gedir əsgərliyə. Gələndə 1 kitabı satılır. Mən onun kitablarını anbarda saxlamalıyam. Təsəvvür edin, bu yerin kirayəsini verməliyəm. Bura mənim obyektim deyil. Mən kirayə verməliyəm. Hansısa rayon şairi gəlib öz kəndini tərifləyən şeirlərini satmaq istəyir. Mən oxuyanda bilirəm ki, bu kitab çox satılmayacaq. Ona görə az götürürəm. Müəlliflərimiz məndən inciməsin. Amma onlar daha səmimi, daha azad yazsalar, daha çox da satılacaq. Ümidvaram, bizim müəlliflər də səmimi yaza biləcəklər və yaxşı satılacaq.

– Bəs o kitabların piarı?

– Bu işə mən qarışmıram. İşçilərimiz məşğuldur bununla. Hər halda biz özümüz də istəyirik ki, kitablarımız satılsın. Bizim adamlar bu piar işlərinə bir qədər başdansovdu və dırnaqarası yanaşırlar. Məsələn, Tiktok səhifəsini açanda çoxları deyirdi ki, ora səviyyəsiz yerdi. Halbuki dünyada buktok anlayışı var. Mən “Axillesin nəğməsi” kitabını oradan tanımışam. Gözəl kitabdır. Yunan mifologiyası ilə bağlı kitabdır. Baxır Tiktokdan necə istifadə edirsən. Açıq olmaq lazımdır yeniliklərə. Müəlliflərimizin kitabları satılmırsa, bu həm də onların günahıdır.

– Azərbaycan beynəlxalq kitab sərgilərində necə iştirak edir?

– Bu mövzu çox gülməlidir. Məsələn, Frankfurt kitab festivalında Azərbaycan stendinə baxanda adamın ürəyi ağrıyır. Görürsən ki, Milli Kitabxananın müdiri Kərim müəllim oturub, qabağında da ədəbiyyata dəxli olmayan kitablar. Camaat dünya naşirləri, yazıçıları ilə görüşür, bizimkilərin də vəziyyəti biabırçıdır. Biz hələ necə təmsil olunmağı öyrənməmişik.

– Qadın sahibkar olaraq cəmiyyətimizdə artan qadın zorakılıqlarının, qadına şiddətinin səbəbini nədə görürsünüz?

– Sosial həyatda qadınlarımız çox təmsil olunmur. Uşaqlıqdan onlara ancaq ya müəllim olmağı, ya da həkim olmağı məsləhət görürlər. Qızlarımız başqa sahələrdə də aktiv olmalıdır. Təhsil səviyyəsi artmalıdır. Cənub bölgəsində qızlarımız erkən yaşdan ərə verilir. Bu düşüncəni silib atmalıyıq. Qadınlarımız öz ayaqları üzərində durmağı bacarmalıdırlar. İşləməli, özlərini inkişaf etdirməlidirlər.

– Hansı kitabları oxuyursunuz? Ən sevdiyiniz romanlar hansıdır?

– Xalid Hüseyninin əsərlərini, “Şantaram”ı, Çexovun hekayələrini, Floberin romanlarını çox sevirəm. Hər gün kitab oxuyuram. Bəyəndiklərim də olur, bəyənmədiklərim də. Amma yarımçıq buraxmıram. Məsələn, Virciniya Vulfun romanını oxuyuram. O qədər də xoşlamadım.

– “Milli Kitab Mükafatı” yenidən keçirilə bilər?

– Mən o vaxt o mükafatı təşkil edəndə Rəşad Məcid demişdi ki, bir nəfər dost tapacaqsan, 99 nəfər düşmən. Həqiqətən, yazıçılarımızın rəqabət, yarışmaq mədəniyyətləri bəzən çox aşağı səviyyədə olur. Hələ də yadımdadır, Dayandur Sevgin deyirdi ki, yaxşı mükafatdır, bir az da çox pul versəydilər başqa problemlərimizi də həll edərdik. Görün adam özünə nə qədər güvənir. Əmin idi ki, o qazanacaq (gülür). Biz istəyərik ki, yenidən təşkil edə bilək, amma daha yüksək qonorarla. Bilmirəm, gələcək göstərəcək.

Foto: İlkin Nəbiyev

# 4028 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #